Məhkəmə qərarları › İş №2(103)-3016/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3016/2024

07.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3016/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “aliment miqdarının artırılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-1805/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tarixli 2(016)-2009/2016 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq övladı 25 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 60 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə 22 iyul 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Rəsmi nikahdan 25 iyul 2012-ci ildə Əkbər adlı bir övladları anadan olmuşdur. Belə ki, cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün Ağsu Rayon Məhkəməsinin 16 dekabr 2016-ci il tarixli 2(016)-2009/2016 saylı qətnaməsi ilə nikah pozulmuş, azyaşlı uşaq iddiaçının himayəsində qalmaqla hər ay 100 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı övladını bu məbləğlə saxlaya bilmir. Cavabdeh isə əlavə xərclərə görə ona heç bir maddi köməklik göstərmir. İddiaçı iş üzrə 8 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Nəticədə məcburiyyət qarşısında qalaraq iddiaçı məhkəməyə müraciət etmişdir.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-1805/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Aygün Həsənova) ilə iddia tələbinin təmin olunması, Ağsu Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tarixli 2(016)-2009/2016 saylı qətnaməsi əsasında 25 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 25 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin tutulması və Cavabdeh 60 (altmış) manat mediasiya xərcinin tutularaq İddiaçı, 30 (otuz) manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayəti və onun dəliləri:

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qanuna görə valideynlər uşağın saxlanması üçün zəruri xərcləri bərabər olaraq ödəməlidirlər, lakin hazır ki, işdə məhkəmə uşağın saxlanması üçün zəruri xərclərin çox hissəsinin ondan alınaraq iddiaçıya ödənilməsini qət etmişdir. Bundan başqa bildirir ki, iddiaçı ilə ayrıldıqdan sonra 2016-cı ildə ikinci dəfə rəsmi nikaha girmiş və bu nikahdan üç övladı doğulmuşdur. xx.xx.2023-cü il tarixindən “X4” MMC-də fəhlə vəzifəsində işləyir, aylıq əmək haqqı isə 460 (dörd yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Övladının yaxşı yaşaması üçün əlindən gələni etmək istəsə də bu onun istəyi xaricində bir haldır. Birinci instansiya məhkəməsi tərəfindən isə onun yaşadığı şərait araşdırılmadan, yəni onun şəxsi evinin olmaması səbəbindən kirayə evdə qalması, qida, kommunal, eyni zamanda digər üç övladının taleyi və digər xərclər nəzərə alınmadan hər ay bir uşaq üçün ödəyəcəyi aliment məbəği 235 (iki yüz otuz beş) məbləğində qət edilmişdir. Müəyyən edilmiş alimentin məbləği onun aylıq əmək haqqı qazancının yarısını təşkil edir. Əlavə gəlirləri də yoxdur. Əgər qətnaməyə əsasən tutulan məbləğin miqdarı olduğu kimi qalsa o və ailəsinin digər dörd üzvü (arvadı və üç övladı) yerdə qalan məbləğlə yaşamalı olacaqlar ki, bu da nə real olan hal deyil, nə də bir nəfər üçün nəzərdə tutulmuş yaşama minimumunu belə təşkil etmir. Göründüyü kimi məhkəmə iş üçün əhəmiyyətli olan halları nəzərə almadan qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin aliment məbləğinin 235 (iki yüz otuz beş) manat tutulması hissəsində dəyişiklik edilərək aliment məbləğinin hər ay əmək haqqı qazancının dörddə bir hissəsi miqdarında tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, iddiaçı ilə ayrıldıqdan sonra yenidən nikaha daxil olmuş və həmin nikahdan 3 övladı var. Əmək haqqı isə cəmi 460 manat təşkil edir, hazırda müəyyən edilmiş alimentin məbləği isə əmək haqqının yarısını təşkil edir və yerdə qalan vəsaitlər özünün və ailəsinin yaşaması üçün kifayət etmir. Bundan başqa hazırda uşağı görə bilmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, hazırda aldığı alimentin məbləği uşağın tələbatlarını qarşılamağa imkan vermir. Cavabdehlə ayrılandan sonra o da ailə həyatı qurmuş və həmin nikahdan 1 övladı da olmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi alimentin məbləği uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumuna uyğundur, bununla belə rayon məhkəməsinin müəyyən etdiyi 235 manatın azaldılaraq 200 manat müəyyən edilməsinə etiraz etmir. Sübutların tədqiqi:

7. İş materialları ilə müəyyən edilir ki, tərəflərin birgə nikahından 25 iyul 2012-ci il təvəllüdlü X3 anadan olmuşdur. Ağsu Rayon Məhkəməsinin 16 dekabr 2016-cı il tarixli 2(016)-2009/2016 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş 25 iyul 2012-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

8. “X4” MMC-dən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, Cavabdeh 01 mart 2021-ci il tarixindən fəhlə vəzifəsində çalışır və əmək haqqı 511.87 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası

9. Maddə 17.İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi

10. 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir.

11. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

12. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

13. 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur.

14. 78.1. Valideynlər arasında yetkinlik yaşınaçatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76- cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

15. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

16. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

17. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir.

18. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.

19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir.

20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

26. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

27. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

28. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

31. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

34. Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər.

35. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir.

37. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır.

39. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

40. Alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi hallara münasibətdə isə nəzərə alınmalıdır ki, bu hallar onu iddiaçı ilə nikahından olan uşağın saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar.

41. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

42. Hazırda baxılan iş üzrə isə iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir.

43. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

44. Mülki işin faktiki hallarından isə müəyyən edilir ki, tərəflər arasında olan nikah pozulandan sonra cavabdeh yenidən nikaha daxil olmuş və həmin nikahdan 08 avqust 2017-ci il təvəllüdlü, 09 dekabr 2018-ci il təvəllüdlü və 04 fevral 2021-ci təvəllüdlü uşaqları dünyaya gəlmişdir.

45. Bundan başqa, mülki iş materiallarından görünür ki, Cavabdeh “X4” MMC-də 01 mart 2021-ci il tarixindən fəhlə vəzifəsində çalışır və əmək haqqı 511.87 manat təşkil edir.

46. Məhkəmə kollegiyası hazırki vəziyyətdə uşağın ananın yanında qalması və uşağın günü gündən artan maddi tələbatının qarşılanmasının məhz ananın – iddiaçının üzərində olmasını, eləcə də, cavabdehə münasibətdə iş üzrə diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən etdiyi alimentin məbləği cavabdehin maddi vəziyyəti eləcə də müəyyən olunmuş diqqətəlayiq hallar baxımından ədalətli olmamışdır.

47. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə həmçinin qeyd edir ki, aliment məbləğinin hər ay əmək haqqı qazancının 1/4 (dörddə bir) hissəsi miqdarında tutulması “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipinə uyğun deyildir.

48. Beləliklə, hazırkı vəziyyətdə cavabdehin yenidən ailə qurması, həmin nikahdan 3 övladının olması eləcə də 511.87 manat əmək haqqı alması, eləcə də ididiaçının da ailə qurması və alimentin məbləğinin 200 manat müəyyən edilməsinə razı olması nəzərə alınaraq Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləğinə aid hissəsində dəyişdirilərək 25 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə iddia ərizəsinin verildiyi xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması hazırki işin halları baxımından ədalətli və ağlabatandır. Nəticə:

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 25 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə iddia ərizəsinin verildiyi xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

51. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

52. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-1805/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilsin. 25 iyul 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sabit tutulan alimentin məbləği iddia ərizəsinin verildiyi xx.xx.2023-cü il tarixdən hesablanmaqla 200 (iki yüz) manat müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar