Məhkəmə qərarları › İş №2(103)-3017/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3017/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3017/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Mirzəbalayev İbrahim Ramiz oğlunun vəkili Hüseynov Elşən Təbrizoviçin, cavabdeh Məmmədov Elvin Adıgözəl oğlunun nümayəndəsi və vəkili Mustafayev Namiq Cuma oğlunun iştirakları ilə, İddiaçı Mirzəbalayev İbrahim Ramiz oğlunun cavabdeh Məmmədov Elvin Adıgözəl oğluna qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1616/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Mirzəbalayev İbrahim Ramiz oğlu cavabdeh Məmmədov Elvin Adıgözəl oğluna qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məmmədov Elvin Adıgözəl oğlundan onun xeyrinə 45000 ABŞ dolları və 13600 manatın, eləcə də 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məmmədov Elvin Adıgözəl oğlu ilə münasibətləri yaxşı olmuşdur. Elvin Məmmədov Binə ticarət mərkəzinin sahibi Kəbirə xanımın Şıxov qəsəbəsində yerləşən evində təmir işləri aparmışdır. Elvinlə görüş zamanı söhbət əsnasında ona bildirmişdir ki, işlədiyi evə tikinti materialları, avadanlıqlar və s. alınmalıdır. Həmin əşyaların nağd qiyməti kreditə münasibətdə daha ucuz olur. Buna görə də, ona təklif etmişdir ki, həmin material və avadanlıqların nağd pula alınması üçün ona pul versin və o, həmin malları ucuz alacağı təqdirdə əldə edəcəyi gəlirin yarı hissəsini ona verəcəkdir. O, Elvinə inandığı üçün ilkin olaraq ona 2019-cu ilin aprel ayında 3000 manat borca pul vermişdir. Elvin həmin puldan 3000 manat əldə etdiyi gəlirdən ona 1500 manat pul verdi, lakin əsas borcdan ödəniş etməmişdir. Elvinin 3000 manat pula görə 1500 manat gəlir verdiyini görüb ona əlavə olaraq 10000 ABŞ dolları məbləğində borc pul vermişdir. Elvin həmin puldan əldə etdiyi gəlirdən ona ilkin olaraq 2000 manat pul vermiş və əlavə olaraq verəcəyini bildirmişdir. Lakin əsas borcdan ödəniş etməmişdir. Sonradan Elvin ondan hissə-hissə olmaqla borc almışdır. Elvin ümumilikdə ondan ilkin olaraq 3000 manat pul almış və onun əvəzində ona 3500 manat pul qaytarmışdır. Sonradan isə 45000 ABŞ dolları və 13600 manat (həmin dövrə manatın məzənnəsi ilə 8000 ABŞ dolları) borc pul almışdır. O, bir neçə dəfə Kəbirənin evinə getmiş və Elvin həyətdən çölə çıxaraq ondan pulları almışdır. Lakin Elvin sonradan ona nə əldə etdiyi gəlirdən verməmiş, nə də ki, borca aldığı 53000 ABŞ dolları məbləğində pulu qaytarmamışdır. Hər dəfə pulu tələb etdikdə pulu qaytaracağını demişdir. Sonuncu dəfə isə pulu qaytaracağını demiş, lakin bazar yandığına görə 1-2 ay vaxt istəmişdir. Buna baxmayaraq aldığı pulu bu günədək ona qaytarmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1616/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, o iddiaçıdan 45000 ABŞ dolları və 13600 manat faizlə borc pul almış, lakin iddiaçıya faizi ilə birlikdə 130000 ABŞ dolları ödəmiş və cavabdehdən ona olan borcunu çıxdıqdan sonra qalan pulu ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh aldığı pulu 15 fiaz dərəcəsi ilə geri qaytarmışdır və hazırda iddiaçıya borcu yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı nümayəndəsi və vəkili isə iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər RPİ-nin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Mirzəbalayev İbrahim Ramiz oğlunun şikayət ərizəsi əsasında toplanmış material üzrə cinyət işinin başlanılması rədd edilmişdir. Qərarın surətindən, həmçinin görünür ki, araşdırma zamanı izahatı alınmış Məmmədov Elvin Adıgözəl oğlu bildirmişdir ki, İbrahimlə dostluq münasibəti olmuş, təxnminən bir il yarım əvvəl ona 3000 manat pul lazım olduqda İbrahimdən 3000 manat pulu 15 faizlə borca almış, bir müddət sonra Elvin İbrahimə 3000 manat pulu və pulun faizini qaytarmışdır. Yəni, İbrahimdən müxtəlif vaxtlarda ümumilikdə 53000 ABŞ dollar pulu 15 faizlə birlikdə qaytarmış, İbrahimə ümumilikdə 120 000 ABŞ dolları pul qaytarmış və hal-hazırda İbrahimə borcu yoxdur. Mülki Məcəllənin 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas vəya müqaviləəsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, iddiaçının cavabdehlə qarşılıqlı razılığa əsasən cavabdehə ümumilikdə 45000 ABŞ dolları və 13600 manat borc pul verməsi işin tərəflərin bilavasitə öz bildirdikləri ilə müəyyən olunan mübahisəsiz hallarını təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Qeyd olunmalıdır ki, iddiaçıdan aldığını etiraf etdiyi borcdan hər hansı məbləğin geri qaytarılmasını sübut etmək yükü cavabdehin üzərinə düşür və qanunvericiliyin tələblərinə görə bu hal yalnız müəyyən sübutetmə vasitələri ilə (konkret halda pulun qaytarılmasına dair müvafiq qəbzlər, müqavilə və s.) sübut olunmalıdır; o isə aldığını etiraf etdiyi borcdan hər hansı məbləği geri qaytarmış olduğuna dair məhkəməyə heç bir sübut verməmişdir. Belə olan halda kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1616/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar