Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3020/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli qətnaməsindən iddiaçı QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, 25.06.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc kimi 1.584,88 manat, faiz borc kimi 933,72 manat, cərimə borcu kimi 1.048,68 manat, kredit müddəti bitdikdən sonra 5 faizlə hesablanmış faiz borcu kimi 238,26 manat, ümumilikdə 3.805,54 manat cavabdehlərdən – borc alan Cavabdeh1 və zamin Cavabdeh2 alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 1.584,88 manat, faiz borcu kimi 933,72 manat, cərimə borcu kimi 105 manat, gecikdirilmiş vaxta görə faiz borcu kimi 238,26 manat cavabdehlərin birindən – borc alan Cavabdeh1 alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi rədd edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın rədd edilməsinə aid hissədə ləğv edilsin və iddia tam təmin olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Qətnamənin iddianın rədd edilməsinə aid hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılmışdır. Rədd edilən hissə cəriməyə və zaminə aid hissədir. Cəriməyə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı cərimə kimi 1.048,68 manat tələb edib, lakin birinci instansiya məhkəməsi 105 manat tutulmasını qət edib. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçının tələb etdiyi cərimə tənasübsüz surətdə yüksən olduğuna görə birinci instansiya məhkəməsi cərimənin məbləğini azaltmışdır. Həmin maddədə daha sonra qeyd olunub ki, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimənin məbləğinin 105 manat müəyyən edilməsi qeyd olunan maddənin göstərişə uyğundur. Zaminə aid hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, zaminlik müqaviləsi 25.06.2014-cü ildə bağlanıb, onun müddəti göstərilməyib. Kredit öhdəliyi eyni tarixli kredit müqaviləsindən əmələ gəlib, müddəti 36 aydır, həmin müddət 25.06.2017-cı il tarixdə başa çatıb. İddia ərizəsi isə 3 il 2 ay sonra – 28.08.2020-ci il tarixdə verilib. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Zaminliyə xitam verildiyinə görə zamin Cavabdeh2 iddiaçının qarşısında məsuliyyət daşımır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3020/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3020/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver