Məhkəmə qərarları › İş №2(103)-3020/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3020/2025

10.06.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3020/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MTK və Cavabdeh2, habelə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı “mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzilə sahiblik və istifadə hüququnun tanınması” ) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin nümayəndəsi X4, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 iştirakları ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi və Cavabdeh2 qarşı ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzilin ona məxsus olması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı ev, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı mənzilin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddia tələbi dəyişdirilmiş, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı ev, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş olunmuşdur.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının evi Cavabdeh2 tərəfindən zəbt edilmişdir. İş materiallarına əlavə edilmiş 25 sentyabr 2013-cü il tarixli maliyyə arayışına əsasən, həmin mənzilin tam dəyəri iddiaçı tərəfindən "xxxx" MTKya ödənilmişdir. 22 mart 2009-cu il tarixli müqavilə təsdiq edir ki, həmin mənzilin tikintisi cavabdeh şirkətlə iddiaçı arasında razılaşdırılmışdır. O, həmin mənzildə 11 ildir ki, təmir işləri edib yaşayır. Cavabdeh2 iddiaçının mənzilinə köçürülməsinə dair məhkəmə qərarının əsasını təşkil edən müqavilə saxta olduğu üçün onun həmin müqavilənin etibarsızlığı faktını yeni açılmış hal üzrə qaldırmaq hüququ vardır. Hazırda isə həmin hüquqi proseduranın tərkib elementi olaraq, onun həmin mənzilə mülkiyyət hüququnun tanınmasına zərurət yaranmışdır.

4. Suraxanı Rayon Məhkəməsinin 2(010)-716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Fəridə Rzayeva) ilə iddia təmin edilməmişdir. Birinci apellyasiya instansiyası baxışı:

5. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2(105)-5444/2024 nömrəli qətnaməsi ilə (hakim X.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Abdıyev və F.Qasımov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişidirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsi:

7. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-343/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 oktyabr 2024-cü il tarixli, 2(103)-5444/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İkinci apellyasiya instansiyası baxışı: Tərəflərin izahatı:

9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, o mənzili 2009-cu ildə alıb, 2010-cu ildən orada yaşayır. Müxtəlif vaxtlarda mənzili 2013-cü ildə əldə etməsi barədə bildirdikləri savadsızlığından olub, həm də ki, 2009-cu il müqaviləsini sonradan sənədlərin içərisindən tapmışdır. Mənzilini 2013-cü ildə tam təmir etdirib, 20.000 manatdan artıq təmirə pul xərcləmişdir, həmin vaxtdan da fasiləsiz olaraq mənzilində yaşayır, yalnız 2023-cü ildə icraçılar gələndə ona məlum olub ki, Nazimin də bu mənzilə müqaviləsi var, hesab edir ki, Nazimin müqaviləsi saxtadır, çünki 2012-ci ildən mənzil alan şəxs on ildən artıq bir müddətdə mənzilinə gəlməmiş, maraqlanmamış, bu ola bilməz, demək ki, onun müqaviləsi sonradan düzəldilmişdir, odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Bununla belə, iddiaçı mənzilin 2009-cu ildə alınması halında, ödəmələrin 2013-cü ildə həyata keçirilməsi, mənzilə dair hər hansı ödəmənin olmadığı halda hansı əsasla 2010-cü ildə mənzilin ona təhvil verilməsi və mənzilində təmir işlərinin aparılmasına dair verilən sualları ağlabatan və inandırıcı şəkildə izah edə bilmədi.

10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirdi ki, mənzil MTK tərəfindən iddiaçıya təhvil verilib, iddiaçı mənzilə qanuni əsaslarla yiyələnib, mənzilini tam təmir edərək 15 ildir həmin mənzildə fasiləsiz və mübahisəsiz olaraq yaşayır, Cavabdeh2la MTK arasında mübahisəyə dair qətnamənin hazırkı iş üzrə preyudisial olmadığını Ali Məhkəmə öz qərarında qeyd etmişdir, Cavabdeh2 MTK-dan zərər tələb edə bilər, odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında cavabdeh MTK-nın nümayəndəsi Ə.Qənbərov bildirdi ki, iddiaçı mənzili 2009-cu ildə alıb, həmin müqavilədəki imza ona məxsusdur, iddiaçı 2010-cu ildən orada yaşayır, iddiaçı ilə 2013-cü il tarixli müqaviləni binanın hazırkı sahibi olan “A.R ? KO” MMC-nin rəhbərliyi təşkil edib. Bununla belə, Ə.Qənbərov mənzilin dəyərinin yalnız 2013-cü ildə ödənildiyi halda, iddiaçının 2010-cu ildə hansı əsasla mənzilə buraxılması, onun mənzildə təmir aparması ilə bağlı suallara ağlabatan və məntiqli bir izah verə bilmədi.

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildirdilər ki, iddiaçının 2009-cu il tarixli müqqaviləsi MTK-nın sədri olan Ə.Qənbərov tərəfindən arxa tarixə tərtib olunmuşdur, bu həm də onunla sübut olunur ki, MTK-nın Cavabdeh2 arasında müqavilənin etibarsızlığına dair uzun müddət davam edən məhkəmə mübahisəsində Ə.Qənbərov belə bir müqavilənin olmasını bildirməmişdir, halbuki 2009-cu il tarixli həmin müqavilə həqiqətən də olmuş olsaydı, onda MTK asanlıqla Cavabdeh2 müqaviləsinin etibarsızlığına nail ola bilərdi. Həmin prossesi uduzan MTK bunun müqabilində Cavabdeh2 müqaviləsindən qabaq tarixə müqavilə “təşkil etmək”lə ona mənzil verməkdən yayınmaq istəyir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qüvvədə olan qətnaməsi ilə də Cavabdeh2 həmin mənzilə dair MTK ilə bağlanmış müqaviləsi etibarlı əqd kimi tanınmışdır. Demək ki, həmin mənzil iddiaçıya deyil, Cavabdeh2 məxsusdur.

14. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs "xxxx" MMC-nin direktoru R.Əsədullazadə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi və bildirdi ki, onun rəhbəri olduğu MMC uzun uzadı məhkəmə çəkişmələrindən sonra nəhayət ki, 2023-cü ildə mübahisəli mənzilin də olduğu binaya sahibliyini təmin etmişdir. Onlar binanı təhvil alarkən sənədlər içərisində iddiaçının həmin mənzilə dair xx.xx.2013-cü il tarixli müqavilə olmuşdur, iddiaçı ilə MTK arasında xx.xx.2009-cu il tarixli müqavilə mövcud olmamışdır, MTK-nın sədri Ə.Qənbərovla onların arasında uzun müddətdir ki, davam edən çoxsaylı mübahisələr var, onlar düşməndirlər, bu səbəbdən də Ə.Qənbərov hazırda da saxta sənədlərdən istifadə etməklə onlara mane olur, iddiaçıya aid olan 2009-cu il tarixli həmin müqaviləni də Ə.Qənbərov sonradan təşkil etmişdir, iddiaçının özü telekanallara verdiyi müsahibələrdə, eləcə də dövlət orqanlarına yazdığı rəsmi ərizələrdə mənzili məhz 2013-cü ildə aldığını bildirmişdir, bununla belə nümayəndə bildirdi ki, mənzil iddiaçıya həqiqətən də 2013-cü ildə təhvil verilmiş və iddiaçı həmin mənzili təmir edərək həmin vaxtdan fasiləsiz olaraq mənzildə yaşayır. Sübutların tədqiqi:

15. "xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) və İddiaçı (Payçı) arasında xx.xx.2009-cu il tarixdə bağlanmış 49 nömrəli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən olunur ki, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında 263 saylı mənzil təklif edilmiş, “İcraçı” yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi və bu binanın 4-cü giriş, 6-cı mərtəbə, 263 saylı mənzilini “Payçı”ya təhvil verməyi, “Payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

16. "xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) və X9 (Payçı) arasında xx.xx.2010-cu il tarixdə bağlanmış yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 138 nömrəli müqavilənin surətindən müəyyən olunur ki, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasından dəyəri X4 tərəfindən tam ödənilməklə alınmış 1 otaqlı, 51.4 m2 olan, 263 saylı mənzil X5 adına keçirilir.

17. X5 notarial qaydada təsdiq edilmiş xx.xx.2012-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, "xxxx" MTK tərəfindən inşa edilən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində yerləşən binanın 4-cü girişində, 6-cı mərtəbəsində, ümumi sahəsi 51.4 m2 olan, 1 otaqlı, 263 saylı mənzilin Cavabdeh2 adına keçirilməsinə və sənədləşdirilməsinə razıdır, bununla əlaqədar heç bir iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaq.

18. "xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) və Cavabdeh2 (Payçı) arasında xx.xx.2012-ci il tarixdə bağlanmış yaşayış binasından alınmış mənzilin başqa şəxsin adına keçirilməsi haqqında 130 nömrəli müqavilənin surətindən müəyyən olunur ki, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında X5 adına olan 1 otaqlı, 51.4 m2 olan, 263 saylı mənzil Cavabdeh2 adına keçirilir.

19. İddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə "xxxx" MTK-ya ünvanlanmış ərizənin surətindən müəyyən olunur ki, "xxxx" MTK-nın Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində inşa edilən yaşayış binasında 51.4 m2 olan, 1 otaqlı mənzilin “Payçı”sı olaraq Kooperativin üzvlüyünə qəbul edilməsini və onunla müvafiq müqavilə bağlanmasını xahiş etmişdir.

20. "xxxx" Mənzil Tikinti Kooperativi (İcraçı) və İddiaçı (Payçı) arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 27 nömrəli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən müəyyən olunur ki, “İcraçı”ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində, MTK-nın təsisçiləri və “Payçı”ların vəsaiti hesabına inşa edilən yaşayış binasında 263 saylı mənzil təklif edilmiş, “İcraçı” yuxarıda qeyd olunan ünvanda yaşayış binasını inşa etməyi və bu binanın 4-cü giriş, 6-cı mərtəbə, 263 saylı mənzilini “Payçı”ya təhvil verməyi, “Payçı” isə mənzili qəbul etməyi və mənzilin müəyyən olunmuş dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

21. xx.xx.2013-cü il tarixli müqaviləyə əlavə olan "xxxx" MTK ilə ödənişlərin ardıcıllığının razılaşdırılması protokolundan müəyyən olunur ki, bu protokol ilə "xxxx" MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində inşa edilən binada yerləşən İV giriş, 6-cı mərtəbə, 263 saylı mənzilin dəyərinin ödənilməsi “Payçı” ilə razılaşdırılmışdır (ilkin ödənişin məbləği - 18.144 manat, ödənilməli qalıq məbləği – 2416 manat).

22. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş, 27 nömrəli maliyyə arayışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13 M saylı yaşayış binası "xxxx" MTK-nın təsisçilərinin və “Payçı”ların vəsaiti hesabına inşa edilir. Bu binanın İV giriş, 6 mərtəbə, ümumi sahəsi 51.4 m2 olan, 1 otaqlı, 263 saylı mənzilin ümumi dəyərindən 18.144 manat “Payçı” İddiaçı tərəfindən ödənilmişdir.

23. Badu-Kubə” Mənzil Tikinti Kooperativi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş, 148 nömrəli maliyyə arayışının surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13 M saylı yaşayış binası "xxxx" MTK-nın təsisçilərinin və “Payçı”ların vəsaiti hesabına inşa edilir. Bu binanın İV giriş, 6 mərtəbə, ümumi sahəsi 51.4 m2 olan, 1 otaqlı, 263 saylı mənzilin ümumi dəyərindən 1.000 manat “Payçı” İddiaçı tərəfindən ödənilmişdir.

24. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş, 165 nömrəli maliyyə arayışının surətindən (imza Ədalət Qəmbərovun imzası deyil) müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" massivində yerləşən çoxmərtəbəli 13 M saylı yaşayış binası "xxxx" MTK-nın təsisçilərinin və “Payçı”ların vəsaiti hesabına inşa edilir. Bu binanın İV giriş, 6 mərtəbə, ümumi sahəsi 51.4 m2 olan, 1 otaqlı, 263 saylı mənzilin ümumi dəyərindən 1.416 manat “Payçı” İddiaçı tərəfindən ödənilmişdir.

25. "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş 50 nömrəli mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının surətindən müəyyən olunur ki, Kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı (51.4 m2 ) mənzilinin dəyəri X13 tərəfindən tam ödənilmişdir.

26. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)- 287/2015 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin cavabdehlər X2 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə mülki iş üzrə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin iddiadan imtina edilməsi qəbul edilmiş və mülki iş üzrə icraata həmin hissədə hissəvi xitam verilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbi təmin edilmiş, onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivi, 13 M saylı evin, İV giriş, Vİ mərtəbə, 263 saylı, 1 otaqlı, ümumi sahəsi 51.4 m2 olan mənzilə sahiblik və istifadə hüququnun tanınması, onun həmin mənzilə köçürülməklə, mənzildə yaşamasına və mənzildən istifadə etməsinə cavabdeh "xxxx" MTK tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(103)- 4524/2015 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-287/2015 saylı mülki iş üzrə qəbul etdiyi 18 mart 2015-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə, yəni iddiaçılar Cavabdeh2, X6, X10, X7, X15, X3, X8 iddia tələblərinin təmin olunduğu hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-773/16 saylı qərarının surətindən müəyyən olunur ki, iddiaçı "xxxx" MTK və 3-cü şəxs Müvəssəqi Şahin İsməli oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4524/2015 saylı iş üzrə 15 sentyabr 2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

29. xx.xx.2023-cü il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə tələbkar Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, ev 13 M, mənzil 263 saylı mənzilə köçürülmüşdür.

30. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Xidmət göstərən) və İddiaçı (Payçı) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış kommunal xidmətlərin göstərilməsinə dair müqavilədən müəyyən olunur ki, “Xidmət göstərən” “Payçı”ya kommunal xidmətlər göstərir, “Payçı”lar aldıqları mənzilin hər m2 -i üçün 0=30 qəpik xidmət haqqı ödəmək öhdəliyini üzərlərinə götürürlər.

31. Bir ədəd fləşkarta daxil edilmiş video yazıda İddiaçı tərəfindən aşağıdakı ifadələr səsləndirilmişdir: “Mən Cəbrayıllıyam, 1993-cü ildən Yeni Günəşlidə yaşayıram. 2013-cü ildən də mən “X20”nin yanında mübahisəli binadan evi Ədalət Qənbərovdan almışam. Dollarnan da pulunu vermişəm. 22.000 vermişəm, 20.800 yazıb. Mən o evi alanda, hansı evlərin satılıb-satılmaması ilə bağlı siyahıya baxmışam. Həmin siyahıda mənim aldığım ev satılmamışdı və boş idi. Dedim Ədalət müəllim, mənim ürəyimə bir dəfə ev dağı çəkilib, ən axırıncı Cəbrayıldan mən gəlmişəm. Bacı balasından balalıyam və mənə mübahisəli ev vermə. 1-ci gündən bacımın balasını saxlıyıram və indi 35 yaşı var. Onu evləndirmişəm və nəvəm var. 1 otaqlı evdi, həmin evi remont eləmişəm və içində yaşayırıq. Özüm də ailə qurmuşam, lakin nikah müəyyən səbəblərə görə pozulub. 2013-cü ildə mən ev almışam. Ədalət də mənim evimi ya 2014-cü ildə, ya da 2015-ci ildə satıb, lakin tarixini 2012-ci il qeyd edib. Ədalət evi Cavabdeh2 satıb. Nazim 1 dəfə evə gələndə ona dedim ki, mən evi alannan 8, 9 il keçib. Mən o evə xərc çəkmişəm, remont eləmişəm. O vaxt nə suyum nə də qazım yox idi. Ordan-burdan su dilənmişəm. İndi hər şeyi hazır eləmişəm, hazırına nazir gəlib? Mənim xəbərim olmadan, mən bilmədən 2016-cı ildə məhkəmə olub. Məhkəmə 2016-cı ildə qərar qəbul eliyib ki, Nazimi köçürsünlər evə və mənnən qalsın. Nazim mənnən harda qalacaqsan? Mən sənə ev vermişəm? İndi sən gəlmisən ki, evi mənim əlimnən alasan? İndi Ədalət də deyir ki, mən Nazimə ev satmamışam, başıma torba salıblar, o evi mənə məcburi yazdırıblar. Ədalət deyir ki, o evi mən sənə satmışam. İcraçılar da gəlib, evimin qapısının zamokunu da söküblər. Nazim bir neçə dəfə mənim evimə gələndə Ədalət müəllimnən də soruşmuşam ki, sənin mənə satdığın evdə Nazim nə gəzir? O da deyir ki, mən Nazimə ev satmamışam və Nazim mənə pul vermiyib. Mən evi 2013-cü ildə almışam. Sənəddə də 2013 qeyd olunub. Ədalət yalan danışır, mən ev alanda həmin ev satılmamışdı. Çünki mən siyahıya baxdım və həmin ev satılmamışdı. Pulu ödədiyim haqqında maliyyə arayışım da var. Mən pul verib ev almışam, müqavilədə 2012-ci il qeyd edilməklə deyil ki, mən ev alanda ev satılmamışdı. Mən ölərəm, amma evimdən çıxmaram. 17.000 Nazim verib, 22.000 dollar da mən vermişəm.

32. Məhkəmə xərcləri:

33. 01.12.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən maddi hüquq Azərbaycan Respublikası Konstitusiyasının:

34. Maddə 13. Mülkiyyət I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

35. Maddə 25.İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

36. Maddə 29. I. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

37. Maddə 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

38. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

39. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

40. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

41. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

42. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

43. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

45. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

46. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

47. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

48. 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

49. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

50. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

51. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

52. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

56. “Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair”

57. Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

59. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

60. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

61. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

62. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

63. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

64. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

65. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

66. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.

67. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

68. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

69. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

70. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

72. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlilləri ilə birlikdə araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

74. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

75. Apellyasiya instansiya məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-343/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı qərarında qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətini rədd edərkən, mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvədə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli qətnaməsi ilə mübahisəli mənzilə Cavabdeh2 sahiblik və istifadə hüququ tanındığı halda, İddiaçı iddiası təmin oluna bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə bilavasitə istinad etməsə də, faktiki olaraq hazırkı mübahisənin həlli üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2015ci il tarixli qətnaməsinin preyudisiallığını qəbul etmişdir. Həmin maddənin dispozisiya şərtlərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş hədlərə malikdir. Belə ki, məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusunun müəyyən edilməsi vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış və yeni baxılan işlərdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Preyudisiallığın obyektiv hədlərini isə qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilən hallar, hüquqi faktlar və hüquq münasibətləri təşkil edir. Hazırkı halda, apellyasiya instansiyası məhkəməsinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli qətnaməsinə istinadı əsassız olmuşdur. Belə ki, həmin qətnamənin qəbulu üçün əsas olmuş mülki iş üzrə tərəf kimi "xxxx" MTK və Cavabdeh2 iştirak etsələr də, İddiaçı işə cəlb olunmamış və mübahisəli predmet üzrə məsələ həll edilərkən iştirakı təmin edilməmişdir. Odur ki, həmin qətnamə preyudisiallığın subyektiv həddi üzrə hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir.

76. Məhkəmə kollegiyası qeyd edilən göstərişlərlə razılaşaraq hesab edir ki, İddiaçı həmin işə cəlb olunmadığından və mübahisəli predmet üzrə məsələ həll edilərkən iştirakı təmin edilmədiyindən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli qətnaməsi hazırkı iş üzrə preyudisial hesab edilmir.

77. Hazırkı mülki iş materiallarına əsasən iddiaçı ilə cavabdeh MTK arasında eyni mənzilə dair 2 müqavilə: 22 noyabr 2009-cu il və 24 iyun 2013-cü il tarixli müqavilələr bağlanmışdır. Bundan başqa, müəyyən olunur ki, iddiaçı faktiki olaraq mübahisəli mənzildə yaşamaqla, həmin mənzil sahibliyində və istifadəsindədir. İddiaçı mənzilin sahibliyinə 2009-cu ildə verilməsini, 2010-cu ildə isə mənzili təmir edərək, orada yaşamasını bildirir. Cavabdeh2 isə etirazında mənzili 2012-ci ildə almaqla, iddiaçı ilə MTK arasında müqavilənin 2013-cü ildə bağlanmasını göstərmişdir.

78. Ali Məhkəmə yuxarıda qeyd edilən qərarının 48-ci bəndində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin bu ziddiyyətli hallarını, o cümlədən iddiaçı ilə iki müqavilə bağlanmasının səbəbini araşdırmamış, mənzilin iddiaçının sahibliyinə nə vaxt təhvil verilməsini müəyyən etməmişdir.

79. Mülki iş materiallarında olan xx.xx.2013-cü il tarixli mənzilin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı ilə iddiaçı tərəfindən tam olaraq pay haqqının xx.xx.2013-cü il tarixində ödənilməsi sübuta yetirilir.

80. Həmçinin iddiaçının özünü təqdim etdiyi Baş Prokurorluğa ünvanlanmış xx.xx.2023-cü il tarixli şikayət ərizəsinin surətində də iddiaçı mənzili 2013-cü ildə aldığını qeyd etmişdir.

81. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin direktoru R.Əsədullazadə də iddiaçının 2013-cü ildən həmin mənzili təmir etməklə orada yaşadığını bildirmişdir. Cavabdeh2 da bu faktı mübahisələndirmir.

82. Məhkəmə onu da nəzərə alır ki, oturuşmuş təcrübəyə əsasən MTK-dan mənzil alanlara məhz mənzilin dəyərini tam ödədikdən sonra onlara təmir üçün icazə verilir. İddiaçı hər nə qədər 2010-cu ildən mənzilə köçdüyünü qeyd etsə də, o, mənzilin tam olaraq pay haqqını maliyyə arayışına əsasən xx.xx.2013-cü il tarixdə ödədiyindən, bu, elə həmin tarixdən də onun mənzili təmir edərək köçməsi qənaətinə gəlməyə əsas verir.

83. Bu baxımdan işə təkrar apellyasiya qaydasında baxılarkən aparılmış araşdırmalarla iddiaçı ilə cavabdeh MTK arasında həmin mənzilə dair həqiqi və etibarlı müqavilənin məhz 24 iyun 2013-cü il tarixdə bağlanması qənaətinə gəlinir.

84. Bununla da müəyyən olunur ki, həmin mənzilə dair İddiaçı ilə MTK arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilə görünüş üçün bağlanmış uydurma əqd olmaqla əhəmiyyətsizdir.

85. Beləliklə də müəyyən olunur ki, həmin mənzilə dair iki etibarlı müqavilə mövcuddur: iddiaçı ilə MTK arasında bağlanmış 24 iyun 2013-cü il tarixli müqavilə və MTK və X9 arasında xx.xx.2010-cu il tarixdə bağlanmış müqavilə (MTK ilə Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixdə bağlanmış müqavilə ilə pay haqqı Cavabdeh2 keçmişdir).

86. Ali Məhkəmə qeyd edilən qərarında göstərmişdir ki, həm iddiaçı, həm də cavabdehlə bağlanmış müqavilələrin məzmununa görə MTK təsisçilərinin və payçıların vəsaiti hesabına çoxmənzilli yaşayış binası inşa etməyi və həmin binada olan mübahisəli mənzili payçı kimi qeyd olunmuş tərəflərə təhvil verilməsini öhdəsinə götürmüşdür. Hazırkı halda iddiaçı və cavabdehin kooperativ üzvü kimi qəbul edilməsinin əsasları (onların üzvlük haqqı ödəmələri, buna münasibətdə kooperativin fəaliyyətindən dividend almaları, kooperativin üzvü kimi nizamnamədə göstərilmələri) müəyyən olunmur. Əksinə, tərəflərlə bağlanmış müqavilələr yalnız binanın inşası və konkret mənzilin təhvil verilməsi ilə məhdudlaşır. Belə olduğu halda, məhkəmə kollegiyasının qənaətinə əsasən Mülki Məcəllənin 404-cü maddəsinə əsasən hazırkı mübahisənin həlli üçün podrat münasibətlərini tənzimləyən maddi hüquq normalarının tətbiqi nəzərdən keçirilə bilər (bənd 50, 52-54).

87. Demək ki, tərəflər arasında binanın inşası və konkret mənzilin təhvil verilməsi barədə podrat müqaviləsi və müvafiq olaraq da podrat münasibətləri mövcud olmuşdur.

88. MM-in 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

89. Kollegiya belə qənaətə gəlir ki, iddiaçı ilə mənzilə dair müqavilə Cavabdeh2la bağlanılan müqavilədən sonrakı tarixdə olsa da, həmin mənzil 2013-cü ildən iddiaçının sahiblik və istifadəsində olduğundan, o, mənzili həmin vaxtdan təmir edərək uzun müddət və fasiləsiz və mübahisəsiz orada yaşadığından, MM-in 452.1-ci maddəsinin tələbləri baxımından həmin mənzilə onun sahiblik və istifadə hüququnun tanınması barədə iddiası əsaslıdır və təmin edilməlidir.

90. Bununla yanaşı məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, Cavabdeh2 da həmin mənzilə dair etibarlı müqaviləsi mövcud olduğundan, ona, MTK-ya qarşı həmin binada, yaxud MTK-nın inşa etdiyi başqa binada eyni ölçüdə olan başqa mənzilin verilməsi və ya müqavilədə göstərilən mənzilin hazırkı dəyərinin ödənilməsini tələb etmək hüququna malik olması izah edilməlidir.

91. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

92. Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı ev, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı mənzilə sahiblik və istifadə hüququ tanınmalıdır. Cavabdeh2 MTK-ya qarşı həmin binada, yaxud MTK-nın inşa etdiyi başqa binada eyni ölçüdə olan başqa mənzilin verilməsi və ya müqavilədə göstərilən mənzilin hazırkı dəyərinin verilməsini tələb etmək hüququna malik olması izah edilməlidir.

93. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

94. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu (100+50=150) 150 (yüz əlli) manat iddiaçının xeyrinə cavabdeh MTK-dan tutularaq ödənilməlidir.

95. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-716/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul olunsun, iddia tələbləri təmin edilsin. İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı ev, giriş 4, mərtəbə 6, 263 saylı, 1 otaqlı mənzilə sahiblik və istifadə hüququ tanınsın. Cavabdeh2 Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qarşı həmin binada, yaxud MTKnın inşa etdiyi başqa binada eyni ölçüdə olan başqa mənzilin verilməsi və ya müqavilədə göstərilən mənzilin hazırkı dəyərinin ödənilməsini tələb etmək hüququna malik olması izah edilsin. İddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu (100+50=150) 150 (yüz əlli) manat dövlət rüsumu Cavabdeh1 Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar