Məhkəmə qərarları › İş №2(103)-3021/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3021/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3021/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 101/2023 nömrəli 15 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********25514 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 300 ay müddətinə, illik 10 % olmaqla 56000 manat məbləğində kredit vermişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6101/2019 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-794/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və Cavabdeh xx.xx.2014-cü il tarixli **********25514 nömrəli kredit müqaviləsi üzrə 53584.18 manat əsas, 3241.31 manat faiz və 0.55 manat cərimə borcu, ödənilmiş 60 manat dövlət rüsumu, 22 manat xidmət haqqı olmaqla cəmi 56908.04 manat məbləğində borcun ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 16.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 47 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 77500 manat müəyyən edilməklə həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına Cavabdeh 56908.04 manat borcun ASC "xxxx" Bankına ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, 2 saylı evin 47 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay müddətində Cavabdeh, X3 və X2 həmin mənzildən çıxarılmaları, ASC "xxxx" Bankına borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

3. Qətnamədən müəyyən edilir ki, həmin iddia üzrə xx.xx.2018-ci il tarixə olan borc məbləği tələb edilmişdir.

4. Hesabdan çıxarışa görə xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən 60000 manat ödəniş edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2014-cü il tarixli **********25514 nömrəli Kredit müqaviləsi üzrə ASC qarşısında hesablanmış və ödənilməmiş 13569.12 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 227.26 manat məbləğində penya, cəmi 13796.39 manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsinə görə 131.39 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********25514 nömrəli Kredit müqaviləsinə əsasən borc alana 300 ay müddətinə, illik 10 % ödənilmək şərti ilə 56.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə Bank ilə cavabdeh arasında sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 16.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 47 saylı mənzilin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********25514/1 nömrəli Alqı-satqı və İpoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə Bank Kredit müqaviləsi üzrə tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli 2(009)-794/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və Cavabdeh xx.xx.2014-cü il tarixli **********25514 nömrəli kredit müqaviləsi üzrə 53584.18 manat əsas, 3241.31 manat faiz və 0.55 manat cərimə borcu, ödənilmiş 60 manat dövlət rüsumu, 22 manat xidmət haqqı olmaqla cəmi 56908.04 manat məbləğində borcun ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 16.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 47 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 77500 manat müəyyən edilməklə həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına Cavabdeh 56908.04 manat borcun ASC "xxxx" Bankına ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, 2 saylı evin 47 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay müddətində Cavabdeh, X3 və X2 həmin mənzildən çıxarılmaları, ASC "xxxx" Bankına borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(103)-6101/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2020-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qəbul edildikdən sonra cavabdeh tərəfindən qətnamə üzrə Bankın xeyrinə tutulması qət edilmiş borc məbləği tam şəkildə ödənilmişdir. Buna baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə borcu qalmışdır. Belə ki, cavabdehin Kredit müqaviləsi üzrə 13.569.12 manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2021-ci il tarixinə bu məbləğ 227.26 manat təşkil etmişdir.

7. Hesabdan çıxarışa görə Cavabdeh hesablanmış adi faiz borcu qalığı 13569.12 manat, cərimə borcu 227.26 manatdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh faiz borcu 14879.53 manat müəyyən edilir. xx.xx.2014-cü il tarixli **********25514 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cərimə borcu hesablanmamışdır.

9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 noyabr 2023-cü il tarixli 2(007)-101/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2014-cü il tarixli **********25514 saylı kredit müqaviləsi üzrə 13569.12 manat məbləğində faiz borcunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 131.39 manat dövlət rüsumunun 129.22 manatının Cavabdeh, 2.17 manatının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 98.35 manatının Cavabdeh və 1.65 manatının iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

10. Məhkəmə iddia tələbinin faiz borcu ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 13569.12 manat kimi göstərilmişdir. Məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14 sentyabr 2023-cü il tarixli rəyindən isə görünür ki, cavabdehin faiz borcu üzrə 14879.53 manat təşkil edir. İddiaçı tərəfindən tutulmalı olan faiz borcu məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlmişdir ki, tutulmalı faiz borcunun məbləği iddia ərizəsində göstərilmiş 13569.12 manat faiz müəyyən edilməli, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, cavabdehə xx.xx.2014-cü il tarixli **********25514 kredit müqaviləsi üzrə 40121.87 manat faiz borcu hesablanmışdır. Həmin faiz borcundan cavabdeh 26552.75 manat ödəniş etmişdir. Qalan faiz borcu isə ödənilməmiş qalmışdır. Bu səbəbdən həmin faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

11. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, 14 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli **********25514 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cərimə borcu hesablanmamışdır. Məhkəmə cavabdehin mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

12. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442, 443.1, 448.1, 739.1, 739.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətində göstərilmişdir ki, 5 il vaxt keçdikdən sonra iddiaçı yenidən olaraq, uydurma əsaslar gətirərək mövcud olmayan faiz pulu hesablayaraq ödənilməsini tələb edir. Faktiki olaraq eyni predmet və eyni əsaslar və tələblər əsasında irəli sürülmüş iddia tələblərinə Nizami Rayon Məhkəməsində baxılmış və hətta onların qismən də olsa təmin olunması haqqında qətnamə çıxarılmışdır. Halbuki, bu iddiaya baxılmalı deyildir və icraata xitam da verilə bilərdi. Digər tərəfdən isə iddiaçı qarşısında öhdəlikləri tam həcmdə icra olunmuş və heç bir faiz borcu da qalmamışdır. Bundan başqa məhkəmənin qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cüil tarixli Qərarına istinad etməsi də qanunaziddir. Çünki, bu qərar çıxarılarkən artıq onların arasında olan mübahisəyə son qoyulmuş və tərəfin vəziyyətini pisləşdirən hüquq normasının (qanunun) geriyə qüvvəsi də yoxdur. Digər tərəfdən o və ailəsi (azyaşlı uşağı ilə birgə) mənzilləri satıldıqdan sonra başqa mənzil ala bilməmiş, onlar bu günə qədər çox ağır maddi vəziyyətdə yaşayırlar. Bu günə qədər kirayəyə götürdükləri yaşayış sahəsində qalırlar. İddiaçı mülki hüquqlardan sui – istifadə edərək, artıq mövcud olmayan və heç bir mübahisəsi qalmayan kredit müqaviləsinə süni şəkildə əsaslanaraq hansısa faiz pulun ödənilməsini tələb edir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

17. Cavabdehin nümayəndəsi-vəkili ərizə ünvanlayaraq, vəkillik fəaliyyəti ilə əlaqədar üzrlü səbəb olaraq hazırki iclasda iştirak edə bilməyəcəyindən, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.

21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməklə, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilməlidir.

30. Kollegiyanın xx.xx.2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2021-ci il tarixə (sual üzrə tarixə) "xxxx" Bank ASC olan borcu 4765,39 manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 0,00 manat, faiz borcu üzrə -4765,39 manat.

31. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 300 ay müddətinə, illik 10 % olmaqla 56000 manat məbləğində kredit vermişdir.

32. Həmin kredit müqaviləsi üzrə yaranmış borc tələbinə dair bank məhkəməyə müraciət etmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)- 794/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və Cavabdeh xx.xx.2014-cü il tarixli **********25514 nömrəli kredit müqaviləsi üzrə 53584.18 manat əsas, 3241.31 manat faiz və 0.55 manat cərimə borcu, ödənilmiş 60 manat dövlət rüsumu, 22 manat xidmət haqqı olmaqla cəmi 56908.04 manat məbləğində borcun ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 16.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 47 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 77500 manat müəyyən edilməklə həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına Cavabdeh 56908.04 manat borcun ASC "xxxx" Bankına ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, 2 saylı evin 47 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay müddətində Cavabdeh, X3 və X2 həmin mənzildən çıxarılmaları, ASC "xxxx" Bankına borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.

33. Qətnamədən müəyyən edilir ki, həmin iddia üzrə xx.xx.2018-ci il tarixə olan borc məbləği tələb edilmişdir.

34. Hesabdan çıxarışa görə cavabdeh tərəfindən xx.xx.2021-ci tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə 159 manat və xx.xx.2021-ci il tarixdə 60000 manat ödəniş edilmişdir. Yəni, qətnamə ilə cavabdehdən tutulmuş cəmi 56908.04 manat borcun əvəzində ümumilikdə 61159 manat ödəniş edilmişdir.

35. Hazırda bank həmin kredit müqaviləsi üzrə öhdəlik icra olunduğu vaxtadək, yəni xx.xx.2021-ci il tarixədək hesablanmış və ödənilməmiş 13569.12 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 227.26 manat məbləğində penya tələb etmişdir.

36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti düzgün olmamışdır.

37. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən “müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir.

38. Həmçinin, müqavilədən imtina yalnız öhdəliyin pozulması nəticəsində mümkün olduğu halda, müqavilənin ləğv edilməsi üçün öhdəliyin pozulması heç də həmişə şərt kimi çıxış etmir.

39. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır.

40. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır.

41. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

42. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.”

43. Göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borc bank tərəfindən əvvəlki iddia üzrə tələb edilmiş və bununla da bank aralarında bağlanmış müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bildirmişdir. Nəticədə tərəflər arasında bağlanmış müqavilə artıq həmin vaxtdan ləğv edilmiş hesab edilmişdir.

44. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyinə uyğun olaraq da Bank hesablanmış normal faiz borcunu həmin vaxtadək (xx.xx.2018-ci ilədək) tələb edə bilər. Ona görə də iddiaçının hazırda müqavilə üzrə faiz borcu tələb etməsi yolverilməzdir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-101/2023 nömrəli iş üzrə 15 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilməklə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması tələbinə dair” iddiası rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (100+100) manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar