Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3022/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-76/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 11549.49 AZN - bundan 9797.26 AZN əsas,176.80 AZN faiz, 1292.55 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 282.88 AZN faiz borcu və iş üzrə ödənilmiş 125 manat dövlət rüsumunun tutulması – tutmanın ipoteka “Toyota Corolla” minik markalı (Tip:sedan, Buraxılış ili-2018,Ban-NMTBB4JE20R246709) ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nərimanov Rayon Məhkəməsinin 2(005)-76/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Mehriban Əfəndizadə) ilə iddia qismən təmin edilmiş, Cavabdeh 28 iyun 2018-ci il tarixli, 245 MFAK saylı kredit müqaviləsi üzrə 7538,60 manat əsas, 239,34 manat faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 282.88 AZN faiz borcu, 800 manat cərimə borcu olmaqla, cəmi 8860,82 (səkkiz min səkkiz yüz altmış manat səksən iki qəpik) manat və iş üzrə ödənilmiş 125 manat dövlət rüsumunun iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, 28 iyun 2018-ci il tarixli, 245 MFAK saylı kredit müqaviləsi üzrə borcun tutulmasının ipoteka ilə yüklü edilmiş “Toyota Corolla” minik markalı (Tip:sedan, Buraxılış ili-2018,BanNMTBB4JE20R246709) ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra artıq qalan məbləğin müvafiq olaraq ipoteka qoyan Cavabdeh qaytarılması, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaitin borcun ödənilməsi üçün kifayət etmədiyi halda ödənilməmiş qalan borcun ümumi qaydada Cavabdeh tutulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onların dəlilləri:
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş və şikayətinin dəlili ondan ibarət olmuşdur ki, 03 fevral 2022-ci il tarixli, **********240 nömrəli arayışdan görünür ki, cavabdehin əsas borcu 9797,26 (doqquz min yeddi yüz doxsan yeddi manat iyirmi altı qəpik) manat müəyyən olunur. Cavabdeh imzaladığı kredit müqaviləsinin şərtlərinə uyğun ödəniş aparsaydı ödəniş qrafikinin sonunda cəmi əsas borcdan 16150 (on altımin bir yüz əlli) manat, faiz borcundan isə 6659,98 (altı min altı yüz əlli doqquz manat doxsan səkkiz qəpik) manat pul ödəməli idi. Cavabdeh vaxtında və lazımınca ödəniş aparmadığına görə, onun ödənişində gecikmələr yarandığına görə Bank tərəfindən ona qarşı xx.xx.2018-ci il tarixli, 245MFAK nömrəli kredit müqaviləsinin 5.1, 5.2, 5.3, 5.4-cü bəndində nəzərdə tutulan maliyə sanksiyası – ikiqat faiz və ikiqat cərimə tətbiq olunub, cavabdehin ödədiyi pul müqavilə şərtlərinə uğun əsas və faiz borcundan savayı, ikiqat hesablanmış əlavə faiz və cərimə borcuna da silinmişdir. Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzi isə bu halları,yəni ikiqat faiz borcunu və ikiqat cərimə borcunu nəzərə almamışdır. Ona görə də Bankın verdiyi maliyə arayışında göstərilən əsas borc ilə Ekspert rəyində göstərilən əsas borc arasında 1858,66 (bir min səkkiz yüz əlli səkkiz manat altmış altı qəpik) manat fərq yaranmışdır. Bankın verdiyi maliyə arayışında cavabdehin əsas borcu 9797,26 (doqquz min yeddi yüz doxsan yeddi manat iyirmi altı qəpik) manat qeyd olunsa da Ekspertlərin rəylərində əsas borc 7938,60 (yeddi min doqquz yüz otuz səkkiz manat altmış qəpik) manat qeyd olunmuşdur. Cavabdeh Banka 9797,26 (doqquz min yeddi yüz doxsan yeddi manat iyirmi altı qəpik) manat əsas borcu qaytarmalı olduğu halda hazırki vaxta kimi həmin borcu ödəməmişdir.
5. Azərbaycan Respublikasında müqavilə azadlığına zəmanət verilir. Mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Kreditorla borclu arasında 28 iyun 2018-ci il tarixli, 245MFAK nömrəli kredit müqaviləsi bağlanmaqla hər iki tərəf razılaşmışdır ki, müqavilə üzrə öz vəzifəsini icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə məsuliyyət daşıyır (5.1-ci bənd),hər gecikdirilmiş günə görə əsas borca müqavilənin 3.4-cü bəndi ilə müəyyən olunan faizlər iki misli miqdarında hesablanacaqdır (5.2-ci bənd), ödənişlər gecikdirildiyi halda kredit alan kredit verənə faizlərin iki misli miqdarında cərimə ödəyir (5.3-cü bənd). Lakin həm Ekspertiza Mərkəzi, həm birinci isntansiya məhkəməsi qeyd olunanları nəzərə almamış və sonda düzgün olmayan nəticəyə gəlinmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə əsas sübutlardan biri olan kredit müqaviləsinin müddəalarını obyektiv və tam araşdırmamış, kredit müqaviləsinin 5.1, 5.2 və 5.3-cü bəndlərini nəzərə almamış, ikiqat faiz və ikiqat cərimə borcuna aid hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsi 1292,55 (bir min iki yüz doxsan iki manat əlli beş qəpik) manat cərimə məbləğini azaldaraq 800 (səkkiz yüz) manat müəyyən etməklə kreditorun həm əmlаk mənаfelərini, həm də bütün əsаslı mənаfelərini nəzərə almamışdır. Ekspert isə rəyində bütün ödənişləri təkcə əsas və faiz borca silmişdir. İkiqat faiz və ikiqat cərimə ekspert tərəfindən nəzərə alınmamışdır. Əsas borc öhdəliyinin 9797,26 (doqquz min yeddi yüz doxsan yeddi manat, iyirmi altı) manat, cərimə borcun 1292,55 (bir min iki yüz doxsan iki) manat olması hesabdan çıxarış, maliyə arayışı və kredit müqaviləsi ilə sübut olunsa da məhkəmə maliyə arayışına, kredit müqaviləsinə və hesabdan çıxarışlara düzgün qiymət verməmişdir, mütəxəssis Ramil Bağırovun izahatına ümumiyyətlə qiymət verməmişdir.
7. Bu səbəbdən, qətnamənin qismən - əsas və cərimə borcun təmin edilməyən hissəsində ləğv olunması, əsas borcun 9797,26 (doqquz min yeddi yüz doxsan yeddi manat iyirmi altı qəpik) manat, cərimə borcunun isə 1292,55 (bir min iki yüz doxsan iki manat əlli beş qəpik) manat müəyyən olunması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:
10. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Monolit” filialı ilə Cavabdeh arasında bağlanmış 28 iyun 2018-ci il tarixli 245MFAK nömrəli kredit müqaviləsinə əsasən “Toyota Corolla” minik markalı (Tip:sedan, Buraxılış ili-2018,BanNMTBB4JE20R246709) avtomobilinin alınması məqsədi ilə cavabdehə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 16150 manat məbləğində kredit verilmişdir.
11. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış 28 iyun 2018-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh mülkiyyətində olan “Toyota Corolla” minik markalı (Tip:sedan, Buraxılış ili-2018,BanNMTBB4JE20R246709) 99NS205 dövlət qeydiyyat nişanlı avtomobili kredit müqaviləsinin təminatı olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü etmişdir.
12. Cavabdeh ünvanlanmış ipoteka predmetinə tutma yönəldilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişdən və həmin bildirişin reyestrindən məlum olur ki, bank Cavabdeh banka olan borcunu 3 gün müddətində ödəməsini və ya ipoteka predmetini tutma yönəldilməsinin təmin edilməsini tələb etmişdir və bu barədə biliriş xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən qəbzə imza atılmaqla götürülmüşdür.
13. 03.02.2022-ci il tarixli bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka predmeti olan “Toyota Corolla” minik markalı, 99NS205 dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında bilrişin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən qeydiyyata alınması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə müraciət olunmuşdur.
14. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3001 nömrəli və xx.xx.2022-ci il tarixli, 9/6650 nömrəli ekspert rəylərindən görünür ki, 28 iyun 2018-ci il tarixli 245MFAK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 7938,60 manat, faiz borcu 239,34 manat təşkil edir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra ödənilmiş 400 manat pul rəyin verilməsi zamanı nəzərə alınmamışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
17. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
18. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
19. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
20. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
21. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
23. Maddə 743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
24. Maddə 269.1-ci və 269.7. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın.
25. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
26. Maddə 282.1. Girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
31. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
32. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
33. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
34. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
37. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
40. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
41. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddaçının şikayətinə əsasən iddia tələbinin əsas və cərimə borcunun təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
43. Kollegiya apellyasiya şikayətinin əsas borca münasibətdə təmin edilməyən hissəsinə dair dəlilləri üzrə qeyd edir ki, birinci instasniya məhkəməsinin keçirdiyi müvafiq mühasibatlıq ekspertizasına əsasən, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3001 nömrəli və xx.xx.2022-ci il tarixli, 9/6650 nömrəli ekspert rəylərindən görünür ki, 28 iyun 2018-ci il tarixli 245MFAK nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2022ci il tarixə İddiaçı ASC-yə olan əsas borcu 7938,60 manat, faiz borcu 239,34 manat təşkil edir.
44. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən xx.xx.2022ci il tarixdən sonra ödənilmiş 400 manat pul rəyin verilməsi zamanı nəzərə alınmaması əsası ilə həmin məbləği çıxmaqla iddia tələbini əsas borc hissədə ekspert rəyinə uyğun olaraq təmin etmişdir, bu səbəbdən apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
45. Kollegiya apellyasiya şikayətinin cərimə borcu hissədə apellyasiya şikayətinin dəlili üzrə qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə görə tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərə alaraq, hazırkı mübahisə üzrə əsas borca hesablanmış cərimə məbləğinin tənasübsüz çox olması və 800 manat məbləğində saxlanılması barədə iş üzrə düzgün qənaətə gəlmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Nəticə:
46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
48. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
49. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə idiaçının mübahisələndirdiyi əsas və cərimə borcu hissədə (əsas borc 9797,26-7538,60=2258,66; cərimə borcu: 1292,55-800=492,55; cəmi mübahisələndirilən hissə: 2258,66+492,55=2751,21) iddianın qiyməti 2751,21 manat təşkil etdiyindən hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-76/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov