Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3022/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit borcunun qaytarılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-7172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "xx.xx.2019-cu il tarixli 172NFPK nömrəli kredit müqaviləsi üzrə 2189,91 manat əsas, 79,97 manat faiz, 0,03 manat cərimə olmaqla, cəmi 2269,91 manat borcun tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir.
2. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli 172NFPK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 2189 manat məbləğində kredit verilmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam icra etməmiş və nəticədə borcu yaranmışdır.
3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-7172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Vidadi Qasımov) ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 2189,91 manat əsas borc, 79,97 manat faiz borcu, 0,03 manat cərimə, 43 manat dövlət rüsumu, cəmi 2312,91 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir.
4. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Hazırkı apellyasiya şikayətinə MPM-in 394-1-ci maddəsinə əsasən, yazılı icraat qaydasında baxılır. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş və şikayətin dəlili kimi qeyd etmişdir ki, borcu etiraf etməsinə dair göstərən bir hərəkət etməmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və onun həmin məhkəmədə 13 iyul 2023-cü il tarixinə kredit üzrə cəmi borcu 2269,91(iki min iki yüz altmış doqquz manat doxsan bir qəpik) AZN nağd şəklində iddiaçıya verilməsinə dair izahatına istinad edərək iddia müddətinin kəsilməsi nəticəsinə gəlməsi ilə bağlı birinci instansiya məhkəməsi heç bir araşdırma aparmayıb, baxmayaraq ki, iddia müddətinin keçməsi onun xeyrinə olduğu üçün həmin müddətin tətbiq edilməsi barədə ərizəni adətən yalnız özü verməli idi. ,”Atabank”ASC ilə mənim aramda bağlanmış 16 may 2014-cü il tarixli 1561XZE nömrəli kredit müqaviləsi üzrə 3(üç) il müddətinə 7000(yeddi min) manat məbləğində mənə kredit verilmişdir. Kreditin icrasın başlanğıcı 16 may 2014-cü il, icra müddətin bitməsi isə 16 may 2017-ci il təşkil edir. ”Atabank”ASC ilə mənim aramızda bağlanmış 14,11.2019-cu il tarixli 172 NFPK nömrəli kredit müqaviləsinə əsasən mənə 16 may 2014-cü il tarixli, 1561XZE nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukurizasiyası məqsədi ilə 5(beş) il müddətinə 1(bir) il güzəşt olmaqla, illik 1(bir) faiz dərəcəsi ilə 2189(iki min bir yüz səksən doqquz)manat kredit verilmişdi. Kreditin icrasının başlandığı xx.xx.2019-cu il, icra müddətin bitməsi isə xx.xx.2022-ci il təşkil edir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi ”Atabank”ASC ilə mənim aramızda bağlanmış 14,11.2019-cu il tarixli 172 NFPK nömrəli kredit müqaviləsinə əsasən kreditin icra müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. İddiaçı ləğvedici prosesində olan İddiaçıASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 11 oktyabr 2023-cü il tarixdə verərkən AR Mülki Məcəlləsinin 373-cü maddəsində qanunu müəyyən edilən müqavilə tələbi üzrə təyin edilmiş 3(üç) illik iddia müddətini 11(on bir) ay keçirmişdir. Birinci instansiya məhkəməsi isə bu faktı müəyyən etmədən iddia tələbin təmin edilməsinə dair qətnamə qəbul edərkən qanunla qorunan hüquq və maraqlarını pozmuşdur. Birinci instansiya Məhkəməsi məhkəmədə işrirakım olmadan məhkəmə hüquqlarının protokolunu tərəfimdən imzalamadan mənim Ata Bank" AR-yə 2269,91 manat borcum olmak faktı kimi məhkəmə iclasının protokolunda qeyd edilmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi iddianın tələbinin təmin edilməməsinə və işə xitam verilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sübutların tədqiqi:
7. İddiaçı "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 172NFPK nömrəli "Kredit müqaviləsi"ndən görünür ki, cavabdehə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla illik 1 % dərəcəsi ilə 2189,91 manat kredit verilmişdir.
8. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli 172NFPK nömrəli "Kredit müqaviləsi" üzrə 2189,91 manat əsas, 79,97 manat faiz, 0,03 manat cərimə olmaqla cəmi 2269,91 manat borcu vardır.
9. İşdə olan xx.xx.2023-cü il tarixli "Bildiriş"dən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Hüquqi dəyərləndirmə:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
11. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
12. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.
13. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
14. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, mülki iş materialları ilə müəyyən edilir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış müqavilə əsasında bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin iddiaçı "xxxx" ASC-yə xx.xx.2019-cu il tarixli 172NFPK nömrəli "Kredit müqaviləsi" üzrə 2189,91 manat əsas, 79,97 manat faiz, 0,03 manat cərimə olmaqla cəmi 2269,91 manat borcu vardır. Cavabdeh borc barədə də xəbərdar edilmişdir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Həmin Məcəllənin 442-ci və 448.1-ci maddələrinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Apellyasiya şikayətinin dəlillərində cavabdeh tərəf borcun məbləğini eləcə də üzərinə düşən öhdəliyin yerinə yetirilmədiyini təkzib etməmiş, lakin iddia müddətinin ötürülməsinə istinad etmişdir.
20. İş materiallarında olan tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 172NFPK nömrəli "Kredit müqaviləsi"nin 4.1-ci bəndindən görünür ki, bu müqavilə üzrə güzəştli kredit 5 il müddətinə verilir və hazırda müqavilənin icra müddəti bitməmişdir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; hazırda isə müqavilənin icra müddəti bitmədiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman iddia müddəti ötürülməmişdir. Nəticə:
22. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. MPM-in 394-1.3-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
25. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdeh özünə aid edilməlidir.
26. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 oktyabr 2021-ci il tarixindən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə edilmiş dəyişikliyə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər (maddə 402.1).
27. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
28. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 394-1.3 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-7172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.