Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3025/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2553/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları xx.xx.2023-cü il tarixdə saat 16:30-da “Ford Fusion” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh Bakı şəhəri Nərimanov rayonu F.Yusifov küçəsi ərazisində əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək qəza törətmiş, nəticədə İddiaçı idarə etdiyi “BMW 320İ” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmasına səbəb olmuşdur. Qeyd olunan inzibati xəta hadisəsi nəticəsində Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 469.3-cü maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda iddiaçı dəymiş zərərin əvəzi olan pulu tələb edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş 1890 (min səkkiz yüz doxsan) manat maddi ziyanın, 1000 (min) manat mənəvi ziyanın və ölkədəki avtomobil satışı praktikasını nəzərə alaraq qəzanın baş verməsi və sonradan təmir edilməsi nəticəsində avtomobilin satış dəyərini itirməsinə görə 1000 (min) manatın, 60 manat dövlət rüsumunun, cəmi 3950 (üç min doqquz yüz əlli) manat pulun birdəfəlik alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, idarə etdiyi “BMW 320” markalı **-EZ-*** dövlət nömrə nişanlı avtomaşın 24 yanvar 2023-cü il tarixdə saat 16:30 radələrinə Faiq Yusifov küçəsi ilə F.Xoyski prospektinə tərəf hərəkət edərkən cavabdeh olan Cavabdeh idarə etdiyi “Ford Fusion” markalı **-CM-*** dövlət nömrə nişanlı avtomaşınla toqquşmuşdur. Bakı şəhəri Nərimanov RPİ DYPŞ-nin əməkdaşları tərəfindən araşdırma aparılmış və nəticədə Cavabdeh yol-hərəkət qaydalarını pozduğu müəyyən edilərək onun barəsində inzibati xəta haqqında protokol (İXP 5189486) tərtib edilərək inzibati qaydada cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun idarə etdiyi avtomaşına 1865 (min səkkiz yüz almış beş) manat ehtiyat hissələri, təmir xərcləri və 25 (iyirmi beş) manat avtomaşının servizə gətirilməsi üçün daşıyıcıya (evakuator) ödənilən, cəmi 1890 (min səkkiz yüz doxsan) manat ziyan dəymişdir. Aparılan araşdırma nəticəsində Cavabdeh idarə etdiyi “Ford Fusion” markalı **-CM-*** dövlət nömrə nişanlı avtomaşının sığortalanmadığı müəyyən edilmişdir. Bu səbəbdən də ona dəyən ziyan ödənilməmişdir. Baş vermiş qəza və avtomobilin təmiri maddi ziyanla bərabər həm də mənəvi ziyana, xeyli vaxt itkisinə səbəb olmuşdur. Həmçinin, ölkədəki avtomobil satışı praktikası nəzərə alınsa aydın olar ki, qəzanın baş verməsi və sonradan təmir edilməsi avtomobilin satış dəyərinin itirilməsinə səbəb olur. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə ekspertiza rəyində fərq olduğu üçün iddia ərizəsini dəyişməyi xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2553/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə 1865 manat və dövlət rüsumuna görə 38.65 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh tutulması və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğı maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli zərər aktına əsasən “BMW 320İ” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1865 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, verilmiş ekspert rəyi ilə 2002-ci il buraxılışlı “BMW 320İ” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2115,00 manat müəyyən edilmişdir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutlarını təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, cavabdehdən avtomobilə vurulmuş maddi ziyana görə 1865 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, iddia tələbini əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi hissəsində əsassız hesab etmişdir. Hazırkı mübahisədə əldən çıxmış faydanı və mənəvi zərəri sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı qeyd olunan hissədə tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan zərərin və əldən çıxmış faydanın nədən ibarət olmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi hissəsində iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1, 1115, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam olaraq təmin edilməməsi barədə yeni qətnamə qəbul edilmisini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən avtomobilin real bazar dəyəri, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin nəqliyyat vasitəsinə baxış keçirmədən necə rəy verə bilməsi, “BMW 320” markalı, **-EZ-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisini aydınlaşdırılmamışdır. Həmçinin məhkəmə nəqliyyat vasitəsinin dəyişməli və təmir edilməli olan detallarının Avtoservis “Forsaj” tərəfindən tərtib edilmiş aktda göstərilənlərdən ibarət olması nəticəsinə gəlsə də, lakin bu hal sübut edilməmişdir. Avtoservis “Forsaj” tərəfindən aktda qeyd edilən ehtiyyat hissələrinin həqiqətən də dəyişdirilib dəyişdirilmədiyi, təmir edilib-edilmədiyi öz təsdiqini tapmır. Dəymiş ziyan məbləğinin 1890 manat ola bilməməsi xüsusilə vurğulanmış və bu həmin avtomobilin istehsal ilinin 2002-ci il olmaqla Azərbaycanda real bazar dəyəri 9000-10000 manatdan çox olmaması ilə əsaslandırılmışdır. Apellyasiya icraatı zamanı “BMW 320” markalı, **-EZ-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X5 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə iddia tələbinin təmin edilən – yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə 1865 manat və dövlət rüsumuna görə 38.65 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, apellyasiya şikayətində apelyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmaqla iddianın tam rədd olunmasını xahiş etsə də, şikayətin məzmunu dəymiş zərərin məbləğinin çox olması ilə bağlı olmaqla qəza nəticəsində avtomobilin zədələnməsi səbəbindən avtomobilə dəymiş ziyan məbləğinin 1890 manat ola bilməməsi xüsusilə vurğulanmış və bu həmin avtomobilin istehsal ilinin 2002-ci il olmaqla Azərbaycanda real bazar dəyəri 9000-10000 manatdan çox olmaması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hesab edir ki, xx.xx.2023-cü il tarixdə saat 16:30-da “Ford Fusion” markalı 77 CM-564 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilməsi işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan İXP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:30-da “Ford Fusion” markalı 77 CM-564 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Həmçinin iş materiallarında olan TP ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:30-da Cavabdeh “Ford Fusion” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bakı şəhəri Nərimanov RPİ DYPŞ-nin baş inspektoru Z.Nəbiyev tərəfindən tərtib edilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:30-da F.Yusifov küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Fusion” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq sol farası, qabaq bamperin sol hissəsi əzilib. “BMW 320” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön hissəsi, bamper, kopot, setka, dövlət qeydiyyat nişanı və daxili əzilməsi var. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Ford Fusion” markalı 77 CM-564 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixinədək "xxxx" ASC-də 5000 manat məbləğində sığorta olunmuşdur. İş materiallarında olan Avtoservis “Forsaj” tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli zərər aktından görünür ki, “BMW 320” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər usta xərci ilə birlikdə 1865 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4634 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Forsaj” avto servis (vöen:**********) tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2002-ci il buraxılışlı “BMW 320İ” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2115,00 manat müəyyən edilir. Beləliklə işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflərin idarə etdikləri müvafiq olaraq “Ford Fusion” markalı **-CM-*** və “BMW 320İ” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermiş, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər dəymiş, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilmiş və cavabdeh tərəfindən həmin qərar mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən “BMW 320” markalı, **-EZ-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi aydınlaşdırılmamasına dair dəlili ilə bağlı qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, “BMW 320” markalı, **-EZ-*** dövlət nömrə nişanlı avtomobil iddiaçının sahibliyində olmuşdur. Belə ki, yol nəqliyyat hadisəsi baş verən zaman həm iddiaçı, həm də cavabdeh avtomobilləri etibarnamə ilə idarə etmişlər. İddiaçı etibarnamə ilə idarə etdiyi avtomaşına dəymiş zərəri tələb etmək hüququna malik olmuşdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən apellyasiya instansiyası məhkəməsinin iclasında “BMW 320” markalı, **-EZ-*** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X6 izahatını diqqətə almışdır. Belə ki, o qeyd edilən avtomaşının mülkiyyət hüquqları onun adında olsa da, faktiki olaraq etibarnamə yolu ilə iddiaçıya satdığını və hazırda avtomaşınla bağlı onun qaldırdığı iddianı dəstəklədiyini (bəyəndiyini) göstərmişdir. Bundan başqa cavabdehin apellyasiya şikayətində dəymiş maddi ziyanın həcmini mübahisələndirməsi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Avtoservis “Forsaj” tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli zərər aktından görünür ki, “BMW 320” markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər usta xərci ilə birlikdə 1865 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4634 nömrəli xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Avtoservis “Forsaj” (vöen:**********) tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2002-ci il buraxılışlı “BMW 320İ” markalı **- EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2115,00 manat müəyyən edilir. Göründüyü kimi cavabdeh apellyasiya şikayətində dəymiş zərərin məbləğini mübahisələndirsə də həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Apellyatorun ekspertin nəqliyyat vasitəsinə baxış keçirmədən rəy verməsinə dair apellyasiya şikayətinin dəlili də məhkəmə kollegiyası əsassız sayaraq qeyd edir ki, rəydən göründüyü kimi, ekspertiza tədqiqatı iş materiallarında olan qüsur aktı əsasında aparılmışdır. Belə olan halda isə avtomaşına baxış keçirilməsinə zərurət qalmır. Apellyator isə Avtoservis “Forsaj” tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli zərər aktının məzmununda göstərilənləri təkzib edə biləcək sübut və arqumentlərini təqdim etməmişdir. Belə olan halda qüsur aktında göstərilənlərin şübhə altına almasına əsas olmadığı üçün birinci instansiya məhkəməsinin həmin akta istinad etməsi düzgün olmuşdur. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmçinin, işin materiallarından görünür ki, iddia tələbi 1890 manat həcmində olduğundan eləcə də Avtoservis “Forsaj” tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli zərər aktında dəymiş zərərin 1865 manat müəyyən edilməsi nəzərə alınmaqla birinci instansiya məhkəməsi düzgün olaraq maddi ziyanın həcmini 1865 manat müəyyən etmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2553/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Azad İmanov