Məhkəmə qərarları › İş №2(103)-3026/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3026/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3026/2025 11.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" X5 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ilk, Cavabdeh "xxxx" KB ASC-nə qarşı qarşılıqlı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “kredit borcun tutulması, kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC-nin (hüquqi varisi Boa Agency ASC) ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “kredit borcun tutulması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçı "xxxx" KB ASC-nə (hüquqi varisi Boa Agency ASC) qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-461/2025 nömrəli 04 mart 2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 15112nklNSHb/23 nömrəli 26 sentyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" KB ASC tərəfindən Cavabdeh SMS vasitəsi ilə 60 ay müddətinə illik 27,50 faiz ödəmək şərti ilə 14950 manat məbləğində kredit verilmişdir.

2. 14 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə "xxxx" KB ASC-nə əsas borcu 14950 manat, faiz borcu 2443,2 manat, cərimə borcu 88,7 manat olmaqla, ümumilikdə 17481,90 manat məbləğində kredit borcu vardır.

3. DSMF-nin Sabirabad rayon şöbəsi tərəfindən verilmi. 022085 nömrəli vəsiqədən görünür ki, Cavabdeh 12 mart 2019-cu il tarixən müddətsiz olaraq, İİ-ci qrup əlildir.

4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X7in 04 fevral 2019-cu il tarixli, 403 nömrəli rəyindən görünür ki, Cavabdeh kəllə-beyin travması nəticəsində demensiya, anamnezində şizofreniyaya bənzər psixozlar müşahidə olunması diaqnozu qoyulmuşdur.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X7in 22 fevral 2019-cu il tarixli, 692 saylı rəyindən görünür ki, Cavabdeh KBT (Döyüşdə partlama zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya, amnezində davranış pozuntuları, şizofreniyayabənzər psixoz, davamlı təzahür edən paranoid pxisotik qüsur halı, emosional labillik müşahidə olunması diaqnozu qoyulmuşdur.

6. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh ikinci dərəcə əlillik müəyyən olunmuşdur. TSEK-in diaqnozuna əsasən, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, kəllə-beyin travması (döyüşdə mərmi partlayışı zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya. Bazu, təpə nahiyəsində, burun yuxan hissəsində çoxlu zəif dəri çapıqları. Şizofreniyaya bənzər psixozlar müəyyən olunub. Əlillik dərəcəsi ikinci dərəcəlidir. Əmək qabiliyyətsizdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X7in 24 yanvar 2024-cü il tarixli, 498 nömrəli rəyindən görünür ki, Cavabdeh KBT (Döyüşdə partlama zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya, amnezində davranış pozuntuları, şizofreniyaya bənzər psixoz, davamlı təzahür edən paranoid pxisotik qüsur halı, emosional labillik müşahidə olunması diaqnozu qoyulmuş və kənar şəxlsərin qulluğuna ehtiyacının olması qeyd edilmişdir.

8. Respublika Reabilitiasiya Mərkəzinin 456 №-li stasionar reabilitasiya kartasından çıxarışdan görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyi olan şəxs Cavabdeh verilir, ondan ötrü ki, o həqiqətən, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Respublika Reabilitasiya Mərkəzində stasionar qaydada reabilitasiya kursu keçmişdir. Reabilitasiya kursu müddətində Cavabdeh mövcud vəziyyəti qiymətləndirilmiş və aşağıdakı reabilitasiya tədbirləri həyata keçirilmişdir: Medikamentoz müalicə; Müalicəvi massaj; Psixoterapiya; Müalicəvi bədən tərbiyəsi.

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertizası və X2” X7 xx.xx.2024-cü il tarixli, 3332 saylı rəyinin nəticə hissəsindən görünür ki; 1-ci sual üzrə - Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" KB ASC tərəfindən ona təqdim edilmiş ərizəni-anketi imzalayıb, “Ümumi Oferta” ilə tanış olub və ona bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) edib, həmin şərtlərlə - “Ünibank" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Ümumi Oferta bağlanarkən Cavabdeh öz hərəkətlərinin mənasını başa düşmüşdür. 2-ci sual üzrə - Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" KB ASC tərəfindən ona təqdim edilmiş ərizəni-anketi imzalayıb, “Umumi Oferfa” ilə tanış olub və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) edib, həmin şərtlərlə "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Ümumi Oferta bağlanarkən öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında olubmuşdur. Rəydə qeyd edilmişdir ki, Cavabdeh göstərilən əməliyyatları icra etməsini xatırlamaması onda aşkar edilən psixi pozuntu ilə əlaqədar deyil. Belə ki, Cavabdeh aşkar edilən psixi pozuntu ilə əlaqələndirməsi və tibbi sənədlər təqdim etməsi özünü müdafiə kimi qiymətləndirilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

10. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 14950 manat əsas, 2443,2 manat faiz, 88,7 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 17481,90 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 142,45 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəni-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1 -ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 60 ay müddətinə, illik 27,50% olmaqla 14950 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 avqust 2024 il tarixinə "xxxx" KB ASC-yə 14950 AZN əsas, 2443,2 AZN faiz, 88,7 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 17481,90 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

12. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli ərizə-anketi və xx.xx.2021-ci il tarixli Ümumi Ofertanı anlaqlı vəziyyətdə bağlamadığını nəzərə alaraq, etibarsız hesab edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Kommersiya Bankı ASC ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddia tələbində göstərmişdir ki, guya xx.xx.2023-cü il tarixli ərizə-anketi imzalamaqla "Ümumi Oferta" ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq, SMS vasitəsilə ona 60 ay müddətinə, illik 27,50% olmaqla 14950 manat məbləğində kredit xətti açılmışdır. Lakin məhkəmənin nəzərinə çatdırır ki, o, ilkin iddia üzrə iddiaçının pretenziya və iddia tələbindən yenicə xəbərdar olmuşdur. Bildirir ki, bağlanmış əqddən o, həmin vaxt məlumatlı olmamışdır. Belə ki, 2018-ci ildən etibarən ikinci dərəcəli əlildir, onda hərbi əməliyyatlar vaxtı aldığı baş-beyin travmaları nəticəsində şizofreniyaya bənzər psixozlar müəyyən edilmiş, əlilliyin müəyyən olunması meyarında müəyyən edilmişdir ki, emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) var, əmək qabiliyyətsiz hesab olunmuşdur. Eyni zamanda, xəsətəliyi ilə əlaqədar hər ay həkim müşahidəsi altında 10 saylı şəhər poliklinikasında müayinə alır və bu müddət ərzində poliklnikadan kənara çıxa bilmir. İlkin iddia üzrə iddiaçı onun xəstəliyi dövründə, xatırlamadığı vaxtda hansısa üsulla onunla əqd bağladığını və həmin əqd üzrə ona qarşı borcunun yarandığını iddia edir. Lakin nəzərinizə çatdırır ki, bağlanmış əqd barədə məlumatı yoxdur və hər hansı məbləğ əldə etməmişdir. Əgər belə bir əqd bağlamışdırsa da, onun əqdi bağlamaq üçün fəaliyyət qabiliyyəti olmadığına görə yalnız qəyyumun vasitəsilə bağlanıla bilərdi. ƏƏSMN yanında Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli arayışına əsasən, ikinci dərəcə əlillik müəyyən olunmuşdur. TSEK-in diaqnozuna əsasən, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, kəllə-beyin travması (döyüşdə mərmi partlayışı zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya. Bazu, təpə nahiyəsində, burun yuxan hissəsində çoxlu zəif dəri çapıqları. Şizofreniyaya bənzər psixozlar müəyyən olunub. Əlillik dərəcəsi ikinci dərəcəlidir. Əmək qabiliyyətsizdir. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X7in 04 fevral 2019-cu il tarixli, 403 saylı rəyinə əsasən, diaqnoz: kəllə-beyin travması nəticəsində demensiya, anamnezində şizofreniyaya bənzər psixozlar müşahidə olunub. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X7in 22 fevral 2019-cu il tarixli, 692 saylı rəyinə əsasən, diaqnoz: KBT (Döyüşdə partlama zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya,amnezində davranış pozuntuları, şizofreniyayabənzər psixoz, davamlı təzahür edən paranoid pxisotik qüsur halı, emosional labillik müşahidə olunub. Səhiyyə Nazirliyinin “ Psixi Sağlamlıq Mərkəzi” X7in 24 yanvar 2024-cü il tarixli, 498 saylı rəyinə əsasən, diaqnoz: KBT (Döyüşdə partlama zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya, amnezində davranış pozuntuları, şizofreniyaya bənzər psixoz, davamlı təzahür edən paranoid pxisotik qüsur halı, emosional labillik müşahidə olunub. Kənar şəxlsərin qulluğuna ehtiyacı var. SN İnformatika və statistika İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, tam diaqnoz: şizofren paranoidin fasiləsiz gedişi. Respublika Reabilitiasiya Mərkəzinin 456 №-li stasionar reabilitasiya kartasından çıxarışa əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyi olan şəxs Cavabdeh verilir, ondan ötrü ki, o həqiqətən, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Respublika Reabilitasiya Mərkəzində stasionar qaydada reabilitasiya kursu keçmişdir. Reabilitasiya kursu müddətində Cavabdeh mövcud vəziyyəti qiymətləndirilmiş və aşağıdakı reabilitasiya tədbirləri həyata keçirilmişdir: Medikamentoz müalicə; Müalicəvi massaj; Psixoterapiya; Müalicəvi bədən tərbiyəsi. Bütün bu tibbi sənədlər və rəylər, eyni zamanada, məhkəməyə hazırda təqidm olunan çıxarışlar onu təsdiq edir ki, o, əmək qabiliyyətsizdir və şizofreniya paranoid xəstəliyindən əziyyət çəkdiyi üçün kənarşəxsin qulluğuna ehtiyacı var. Fəaliyyət qabiliyyətinin olmaması nəzərə alınmaqla, o, mülki münasibətlərdə iştirak etmək imkanından məhrumdur. Hazırda isə məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət etməyinə yaxın qohumları köməklik göstərmişdir. Həmçinin qeyd etmişdir ki, əqd bağlanan zaman o, anlaqlı vəziyyətdə olmamış, öz hərəkətlərinin mənasını başa düşməmiş, buna görə də hazırda belə bir əqdin bağlanmasını xatırlamır. Mülki münasibətlərdə iştirak etmək imkanından məhrum olduğu üçün həmin əqd üzrə hər hansı öhdəlik sahib deyildir. Bank fəaliyyət qabiliyyəti və anlaqlığı barədə məlumat əldə etmədən online qaydada onun adına bankdan pul götürülməsini təmin etmişdir. Ona görə də sözü geüdən müqavilə etibarsız hesab edilməlidir.

14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (001)-461/2025 nömrəli 04 mart 2025-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 14.950 manat əsas, 2.443,2 manat faiz, 88,7 manat cərimə borcu olmaqla, ümumilikdə 17.481,90 manat məbləğində pul vəsaiti tutularaq ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC-yə ödənilməsi, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 142,45 manat məbləğində pul vəsaiti tutularaq ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC-yə ödənilməsi, qarşılıqlı iddia təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 342.1, 342.2, 346.2, 346.3, 346.4, 427.3, 442, 442.1, 445.1, 445.2, 448.1-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlillərinə görə, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı xəstəliyi dövründə, xatırlamadığı vaxtda hansısa üsulla onunla əqd bağladığını və həmin əqd üzrə ona qarşı borcunun yarandığını iddia edir. Lakin bağlanmış əqd barədə onun məlumatı yoxdur və hər hansı məbləğ əldə etməyib. Əgər belə bir əqd bağlamışdırsa da, onun əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinin olmadığına görə yalnız qəyyumunun vasitəsilə bağlanıla bilərdi. Bütün təqdim olunmuş tibbi sənədlər və rəylər, eyni zamanada, məhkəməyə hazırda təqdim olunan çıxarışlar onu təsdiq edir ki, ilkin iddia üzrə cavabdeh əmək qabiliyyətsizdir və şizofreniya paranoid xəstəliyindən əziyyət çəkdiyi üçün kənar şəxsin qulluğuna ehtiyacı var. Fəaliyyət qabiliyyətinin olmaması nəzərə alınmaqla, o mülki münasibətlərdə iştirak etmək imkanından məhrumdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia tələbini təmin etməməkdə yalnız iş üzrə keçirilmiş ekpert rəyinə istinad edir. Halbuki, ekspert rəyi yeganə sübut kimi qəbul edilib digər təqdim edilən sübutlarla birlikdə qiymətləndirilmədən iş üzrə hüquqi qüvvəyə malik ola bilməz. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi ilkin iddia üzrə cavabdehdə olan psixi xəstəliklərin olması ilə bağlı əsaslı şübhələr müəyyən etdiyinə görə iş üzrə ekspertiza təyin etmişdir. Lakin ekspert tərəfindən tərtib olunmuş ekspert rəyində müəyyən edilmiş nəticələr həqiqəti əks etdirmir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh “X3” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətinə yazılı etirazını göndərərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

19. Etirazda qeyd edilmişdir ki, borclu apellaysiya şikayətində "xxxx" ASC ilə bağlanmış 15112nkİNSHb/23 nömrəli kredit müqaviləsi bağlanan zaman anlaqsız olduğunu və bu səbəbdən də müqavilənin etibarsız hesab olunmalı olduğunu bildirmişdir. Bununla bağlı qeyd etmişdirlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.2-ci maddəsinə əsasən, müqavilə bağlanarkən borclunun anlaqsız vəziyyətdə olması borclu tərərfindən sübuta yetirilməli idi. Lakin bu məsələ nə birinci instansiya, nə də apellyasiya şikayətində sübuta yetirilməmiş, məhz həmin andakı vəziyyəti ilə bağlı sübut təqdim edilməmişdir. Cavabdeh apellyasiya şikayətində müqavilə üzrə heç bir məbləğ əldə etmədiyini bildirmişdir. Qoşmada təqdim etdikləri hesabdan çıxarışda 15112nkİNSHb/23 nömrəli kredit müqaviləsi üzrə kreditin verilməsi, silinmələr, qaytarılmış məbləğlər öz əksini tapmışdır. Bu da onu göstərir ki, müqavilə üzrə vəsait istifadə edilmiş, geri qaytarılmışdır, yəni qarşılıqlı öhdəliklər üzrə bank öz öhdəliyini tam şəkildə, borclu isə bir hissəsini yerinə yetirmişdir. Beləliklə qeyd edilənlərə əsasən, borclunun kredit müqaviləsinin etibarsızlığı ilə bağlı dəlillərinin "xxxx" ASC-nin məhkəməyə iddia ərizəsi ilə müraciət etməsindən sonra, sırf borcdan yayınmaq məqsədi daşıdığı ehtimal olunur. ç) Proses iştirakçılarının izahatı

20. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, Kollegiya işə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 342.1-ci maddəsinə əsasən Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər. 346-cı Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

e) Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının izahatının dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

28. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasındakı münasibəti öhdəlik hüququndan irəli gələn münasibətlər çərçivəsində qiymətləndirmişdir. Belə ki, birinci instansiya məhkəməsinin də işin hallarına münasibətdə qeyd etdiyi kimi, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəni-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmiş və SMS vasitəsi ilə cavabdehə 60 ay müddətinə, illik 27,50% olmaqla 14950 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləğdə kreditləşməni aparmış, lakin cavabdeh Müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 avqust 2024 il tarixinə "xxxx" KB ASC-yə 14.950 manat əsas, 2.443,2 manat faiz, 88,7 manat cərimə borcu olmaqla, ümumilikdə 17.481,90 manat məbləğində borcu yaranmışdır.

29. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya hesab edir ki, həmin dəlillər əsaslı sayıla və təmin edilə bilməz. Belə ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı xəstəliyi dövründə, xatırlamadığı vaxtda hansısa üsulla onunla əqd bağladığını və həmin əqd üzrə ona qarşı borcunun yarandığını iddia edir. Lakin bağlanmış əqd barədə onun məlumatı yoxdur və hər hansı məbləğ əldə etməyib. Əgər belə bir əqd bağlamışdırsa da, onun əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinin olmadığına görə yalnız qəyyumunun vasitəsilə bağlanıla bilərdi. Bütün təqdim olunmuş tibbi sənədlər və rəylər, eyni zamanada, məhkəməyə hazırda təqdim olunan çıxarışlar onu təsdiq edir ki, ilkin iddia üzrə cavabdeh əmək qabiliyyətsizdir və şizofreniya paranoid xəstəliyindən əziyyət çəkdiyi üçün kənar şəxsin qulluğuna ehtiyacı var. Fəaliyyət qabiliyyətinin olmaması nəzərə alınmaqla, o mülki münasibətlərdə iştirak etmək imkanından məhrumdur. Birinci instansiya məhkəməsi ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəliləri ilə eynilik təşkil edən qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh ikinci dərəcəli əlil olması, onun əmək qabiliyyətsiz olması və onun orta dərəcəli demensiya, amnezində davranış pozuntuları, şizofreniyaya bənzər psixoz, davamlı təzahür edən paranoid pxisotik qüsur halı, emosional labillikdən əziyyət çəkməsi iş üzə müəyyən edilsə də, bu halların xx.xx.2021-ci il tarixli “Ümumi Oferta” əqdi bağlanan zaman onun anlaqlı olmaması və ya anlaqlılığını müvəqqəti itirməsini sübuta yetirmək üçün kifayət deyil. Məsələnin aydınlaşdırılması ilə bağlı məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertizası və X2” X7 rəyi əldə olunub və xx.xx.2024-cü il tarixli, 3332 saylı rəyinin nəticə hissəsinə əsasən- “1-ci sual üzrə - Cavabdeh xx.xx.2029cü il tarixdə "xxxx" KB ASC tərəfindən ona təqdim edilmiş ərizəni-anketi imzalayıb, “Ümumi Oferta” ilə tanış olub və ona bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) edib, həmin şərtlərlə - “Unibank" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Ümumi Oferta bağlanarkən Cavabdeh öz hərəkətlərinin mənasını başa düşmüşdür. 2-ci sual üzrə - Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" KB ASC tərəfindən ona təqdim edilmiş ərizənianketi imzalayıb, “Umumi Oferfa” ilə tanış olub və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) edib, həmin şərtlərlə "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Ümumi Oferta bağlanarkən öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur.”. Həmçinin sözü gedən rəydə qeyd edilmişdir ki, Cavabdeh göstərilən əməliyyatları icra etməsini xatırlamaması onda aşkar edilən psixi pozuntu ilə əlaqədar deyil. Belə ki, Cavabdeh aşkar edilən psixi pozuntu ilə əlaqələndirməsi və tibbi sənədlər təqdim etməsi özünü müdafiə kimi qiymətləndirilir.

30. Həmçinin birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsi Plenumunun T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.

31. Eyni zamanda apellyasiya icraatı zamanı, mülki iş üzrə mübahisənin düzgün və obyektiv məqsədi ilə Cavabdeh gündüz stasionar müalicənin hansı saatları əhatə etməsi, səhhətinə dair və onun yuxarıda qeyd olunan tarixdən hansı vaxtadək gündüz stasionar müalicədə olması barədə məlumat verilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X6 sorğu göndərilmiş və sözügedən qurumun 4424 nömrəli xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə mərkəzə müayinə və müalicə üçün müraciət etməsi, xx.xx.2025-ci il tarixdən gündüz stasionarına qəbul edilməsi, ambulator müalicəsi 09:00-dan 15:00-dək davam etməsi, orta dərəcəli demensiya, amnezində davranış pozuntuları, şizofreniyaya bənzər psixoz, davamlı təzahür edən paranoid pxisotik qüsur halı, emosional labillikdən əziyyət çəkməsi diaqnozunun qoyulması qeyd edilmişdir. Sözügedən pozuntuların olmasının apellyator kredit müqaviləsini imzalayarkən icra etdiyi hərəkətlərin nəticəsinin anlamaq qabiliyyətinə malik olmasını Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertizası və X2” X7 3332 nömrəli xx.xx.2024-cü il tarixli, rəyində göstərilmişdir. Həmçinin rəydə göstərilmişdir ki, apellyator özünü psixipozuntulara malik olması kimi göstərməsi özünü müdafiə üsulu kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan hüquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər.”. Yuxarıda qeyd olunduğu kimi etibarlı əqdin bağlanması üçün sağlam iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə olmalıdır. Təsadüfi deyil ki, qanunverici əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsız sayılmasını nəzərdə tutmuşdur. Fəaliyyət qabiliyyətli şəxsin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi halında əqdin etibarsızlığı bilavasitə sübutetmə ilə bağlıdır. Yəni əqdin bağlanması zaman anlaqlılığın olmaması sübuta yetirilməlidir və bu vəzifə əqdi mübahisələndirən tərəfin üzərinə düşür.

32. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh aid edilməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-461/2025 nömrəli 04 mart 2025ci il tarixli qətnaməsindən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar