Məhkəmə qərarları › İş №2(103)-3028/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3028/2022

11.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3028/2022 11.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, cavabdeh 196 saylı MTK-nın nümayəndəsi X10, 3-cü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh 196 saylı Mənzil Kooperativinə qarşı (üçüncü şəxslər: Bakı şəhəri İcra Hakimiyyətinin MKTİ, X15 və 200 saylı MTK) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.05.2015-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində Dadaş Bünyadzadə 39 ünvanında inşa olunan yaşayış binasında yerləşən 2 otaqlı, yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə 103 kv.m sahədən ibarət 65 saylı mənzilə onun sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov, iş № 2(004)-20/22) iddia rədd olunmuşdur. Hazırda iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK ilə aralarında 22.05.2015-ci il tarixdə bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən payçı kimi ona Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Dadaş Bünyadzadə 39 ünvanında inşa olunan yaşayış binasında 2 otaqlı, yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə 103 kv.m olan 65 saylı mənzil sahəsinin təqdim edilməsi nəzərdə tutulur. Eyni tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri olan 40000 manat tərəfindən cavabdehin xəzinəsinə ödənilmiş, müqavilə üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilmişdir. Lakin mənzil ona təhvil verilməmişdir. "xxxx" MTK ilə "xxxx" MTK arasında 16.02.2013-cü il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən Y/Yasamal massivi, Dadaş Bünyadzadə küçəsi 39 saylı yaşayış evinin 1 ədəd yük liftinin, bina daxili və xarici qaz və su xətlərinin çəkilişini, bina daxili dəhlizin suvanmasını "xxxx" MTK öz üzərinə öhdəlik götürmüş, əvəzinə "xxxx" MTK "xxxx" MTK-ya sözügedən yaşayış binasından ümumi sahəsi 530 kv.m olan 43, 49, 62 və 65 saylı 4 ədəd 3 otaqlı mənzilin verilməsini öz üzərinə öhdəlik götürmüşdür. Göründüyü kimi, 65 saylı mənzil "xxxx" MTK-nın balansındadır. Bina hal-hazırda "xxxx" MTK tərəfindən idarə olunur. Mənzil onun tərəfindən artıq təmir olunmuş və təmir yekunlaşmaq üzrədir. Mübahisəli mənzillə bağlı ona qarşı heç bir iddia olmasa da, tərəfindən dəfələrlə mübahisənin həll edilməsi xahiş edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bu istiqamətdə heç bir addım atılmamışdır. Cavabdeh 196 saylı Mənzil Kooperativinin sədri E.Rüstəmov iddiaya etiraz edərək göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02.03.2020-ci il tarixli hökmü ilə 200 saylı MTK-nın rəhbəri X1 Dəyanət Ehtibar oğlunun adına "xxxx" MTK-nın adından verilmiş 65 saylı mənzillə bağlı 22.05.2015-ci il tarixli saxta müqavilə və maliyyə arayışı tərtib etmişdir. Yasamal Rayon Məhkəməsi sözügedən hökmə istinad etmişdir. Habelə, E.Fərzəliyev cinayət əlaqəsində olduğu X12 X16 qarşısında olan öhdəliyin icra olunması görüntüsü yaratmaq üçün, "xxxx" MTK tərəfindən inşa olunan həmin binada sahəsi 103 kv.m olan 2 otaqlı 65 №-li mənzilin guya sonuncunun qohumu İddiaçı satılması barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək rəhbərlik etdiyi "xxxx" MTK-nın ünvan 3 ünvanında yerləşən ofisində hazırladığı saxta rəsmi sənədləri - 22.05.2015-ci il tarixli alqı-satqı müqaviləsini, eyni tarixli maliyyə arayışını imzası və rəhbərlik etdiyi "xxxx" MTKnın möhrü ilə təsdiq edilərək, həmin saxta rəsmi sənədləri Yaqub Əliyevə verməklə tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bu sözlər qeyd olunan sözügedən hökmdə yazılmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, iddiaçının və onun vəkilinin izahatı qətnamədə tam göstərilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin 26.01.2022-ci il tarixli iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 nümayəndəsi Nümayəndə1 iddiaçının vəkili Vəkil suallarına cavab verərək bildirmişdirki, həmin mənzili 110.000 manata almışdır. Təmir işləriin aparilmasına görə binanın komendantı hesab etdiyi Elbrus adlı şəxsə iki dəfəyə 15.000 (on beş min manat 10000+5000) pul vermişdir, həmin pulu nə vaxt verdiyini xatırlamır, mənzildə hansı təmir işlərinin aparlmasını bilmir, iddiaçı qapını sındraraq qanunsuz olaraq onların mənzilini ələ keçirmişdir, 2015-ci ilin avqust ayında həmin mənzilin zəbt edildiyini bilmişdir, lakin bu günə qədər heç bir orqana şikayət etməmişdir. Birinci instansiya məhkəməsində iddiaçının vəkili Vəkil vəsatət verərək Nümayəndə1 təmir işlərinə pul verdiyini iddia etdiyi Elbrus adlı şəxsin, həmçnin mənzildə təmir işlərini aparmış fəhlələrin şahid qismində, eyni zamanda hazırda iddiaçının faktiki sahiblik və istifadəsinə olan mübahisəli mənzilin 200 saylı NTK tərəfindən iddiaçıya satılmasının qanuni və əsaslı olmasını müəyyən etmək məqsədilə üçünçü şəxs 200 saylı MTK-nın rəhbəri X2 məhkəmə iclasına dəvət edilərək dindirilməsini xahiş etmiş,lakin məhkəmə qərəzli olaraq həmin vəsatəti təmin etməmişdir. Cavabdeh 196 saylı Mənzil Kooperativinin sədri X10 və üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 izahatında olmayan hallar da izahata əlavə edilmişdir. Bununla da, daha dolğun izahatlar formalaşdırılmış, nəticədə isə qanuni qətnamə qəbul edilməsi üçün formal zəmin yaradılmışdır. Həmin mənzil iddiaçıya satıldıqdan sonra həmin mənzil iddiaçı tərəfindən tam təmir olunmuş, təmirə 29.500 pul xərcləmiş, həmin vəsaitin əksər hissəsi təmiri aparmış binanın komendantı X4 (təmir işlərinə rəhbərlik etmiş şəxsə) bank vasitəsilə Moskva şəhərindən göndərilmiş, təmir dövründə ona heç kim , o cümlədən 196 saylı MTK və üçüncü şəxs X15, həmçinin onun nümayəndəsi Nümayəndə1 tərəfindən bu günə qədər heç bir irad bildirilməmiş, bu gün də həmin mənzildə iddiaçı və onun ailə üzvləri yaşayır. Həm 200 saylı MTK, həm də 196 saylı MTK-nın vəzifəli şəxsləri ilə bağlı çoxsaylı istintaq və məhkəmə araşdırmaları zamanı X15 həmin mənzilə münasibətdə hətta şahid qismində belə ifadə verməmiş və həmin mənzilə münasibətdə zərərçəkmiş şəxs qismində tanınmamışdır. Elbrus adlı şəxsin, həmçinin mənzildə təmir işlərini aparmış fəhlələrin, eləcə də 200 saylı MTK-nın nümayəndəsinin, xüsusən də rəhbərliyinin məhkəmə iclasına şahid qismində dəvət edilərək dindirilməsi təmin edilməlidir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından göründüyü kimi, İddiaçı ilə "xxxx" MTK arasında 22.05.2015-ci il tarixdə 65 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin məzmununa görə MTK Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Bakı şəhəri X25 icraiyyə Komitəsinin kooperativ yaşayış binalarının tikintisi ilə bağlı müvafiq qərarlarının icrası barədə 10.01.2007-ci il tarixli 02 saylı sərəncamına əsasən binanın bütün normativlərə və qaydalara ciddi surətdə riayət etməklə yüksək keyfiyyətlə tikilməsini təşkil edir və payçını mənzil ilə təmin edir (1.2.1 -ci bənd). Payçıya təqdim edilən 2 otaqlı mənzilin sahəsi yaşayış və qeyri-yaşayış sahələr ilə birlikdə 103 kv.m təşkil edir (2.2-ci bənd). Payçı bu müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş müddətdə pay haqqın MTK-nın hesabına ödəməyi öhdəsinə götürür (1.2.2-ci bənd). MTK binanın tikintisi üçün qanunvericiliklə tələb olunan bütün sənədlər müvafiq dövlət orqanlarından alındıqdan və ya həmin orqanlarla razılaşdırıldıqdan sonra təsdiq olunmuş layihə üzrə ən geci 18 təqvim ayı müddətində binanın tikintisini son təmirtamamlama işlər aparılmadan başa çatdırılmasını öhdəsinə götürür (3.5-ci bənd). "xxxx" MTK-nın 22.05.2015-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı sahəsi 103 kv.m olan mənzil üçün 40.000 manat məbləğində ödəniş etmişdir. İşdən həmçinin görünür ki, eyni mənzilə dair 196 saylı Mənzil Kooperativi ilə X15 arasında 15.03.2009-cu il tarixli 65 saylı müqavilə bağlanmışdır. Bu müqavilənin şərtlərinə görə MTK mübahisəli mənzili payçıya satmağı, payçı isə 30% ilkin ödəniş etməklə mənzilin tam dəyərini 12 ay müddətində bərabər hissələrlə MTK-nın xəzinəsinə ödəməyi öhdəsinə götürmüşdür. 15.03.2019-cu il tarixli maliyyə arayışına əsasən X15 tərəfindən mənzilin dəyəri olaraq 51000 manat tam ödənilmişdir və borcu yoxdur. "xxxx" MTK ilə "xxxx" MTK arasında 16.02.2013-cü il tarixdə bağlanmış 01 saylı podrat müqaviləsindən görünür ki, Y/Yasamal massivi, Dadaş Bünyadzadə küçəsi 39 saylı yaşayış evinin 1 ədəd yük liftinin, binadaxili və xarici qaz və su xətlərinin çəkilişini, bina daxili dəhlizin suvanmasını "xxxx" MTK öz üzərinə öhdəlik götürmüş, əvəzinə "xxxx" MTK "xxxx" MTK-ya sözügedən yaşayış binasından 43, 49, 62 və 65 saylı 4 ədəd 3 otaqlı mənzillərin ümumi sahəsi 530 kv.m verilməsini öz üzərinə öhdəlik götürmüşdür. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.11.2016-cı il tarixli 2(004)-10972/2016 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin istifadəyə verilməsi tələbinə dair” iddiası təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində inşa olunan yaşayış binasında 2 otaqlı, yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə 103 kv.m mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. 200 saylı MTK-nın sədri vəzifəsində işləmiş X5 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2-ci və s. maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 02.iyul 2019-cu il tarixli hökmündən və həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02.03.2020-ci il tarixli qərarından görünür ki, X13 öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxsin köməkliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, qabaqcadan əlbir olduğu bir qrup şəxsin köməkliyi ilə tamah niyyəti ilə rəsmi sənədlərə bilə- bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 25.02.2006-cı ildən "xxxx" Mənzil Tikinti Kooperativinin sədri vəzifəsində işləyərkən Kooperativin 25.02.2006-cı il tarixli nizamnaməsinə əsasən, həmin Kooperativin təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Kooperativin fəaliyyətinə rəhbərlik edilməsi, kooperativin adından müqavilələrin bağlanması, rəsmi sənədlərin imzalanması və sair səlahiyyətlərindən yararlanaraq özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə niyyəti ilə rəhbərlik etdiyi Kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa olunan çoxmərtəbəli yaşayış binasında 1 otaqlı mənzili bina tikilib qurtardıqdan sonra Həsənov ilqar Nadir oğluna satacağını vəd verib onun adına binanın faktiki mövcud olmayan 8-ci mərtəbəsində, sahəsi 60 kv.metr olan 1 otaqlı, 1/28 saylı mənzilin satılması barədə vəzifəli şəxs kimi məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxtarəsmi sənədi - 02.02.2007-ci il tarixli alqı-satqı müqaviləsini, Kooperativin ünvan 3 ünvanında yerləşən alqı-satqısı ofisində Günel Əliyevaya məxsus 30500 manat pulu Ramil Şükürov vasitəsilə alıb özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmiş, eləcə də cinayət əlaqəsində olduğu X12 X6 qarşısında olan öhdəliyin icra olunması görüntüsü yaratmaq üçün, "xxxx" MTK tərəfindən ünvan 4 ünvanda inşa olunan 12 mərtəbəli yaşayış binasında 85 kv/m olan 2 otaqlı 70a №-li mənzilin güya sonuncuya satılması barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək rəhbərlik etdiyi "xxxx" MTK-nın ünvan 3 ünvanında yerləşən ofisində hazırladığı saxta rəsmi sənədlər -03.03.2015-ci iltarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını imzası və rəhbərlik etdiyi "xxxx" MTK-nın möhrü ilə təsdiq edilərək, həmin saxta rəsmi sənədləri Ramil Şükürovun vasitəsilə Rasim Əhmədova verməklə, habelə cinayət əlaqəsində olduğu X12 X16 qarşısında olan öhdəliyin icra olunması görüntüsü yaratmaq üçün, "196 saylı” MTK tərəfindən inşa olunan həmin binada sahəsi 103 kv.m olan 2 otaqlı 65 №-li mənzilin güya sonuncunun qohumu İddiaçı satılması barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək rəhbərlik etdiyi "xxxx" MTK-nın ünvan 3 ünvanında yerləşən ofisində hazırladığı saxta rəsmi sənədlər - 22.05.2015-ci il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını imzası və rəhbərlik etdiyi "xxxx" MTK-nın möhrü ilə təsdiq edilərək, həmin saxta rəsmi sənədləri Yaqub Əliyevə verməklə tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmiş, bundan əlavə, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz olaraq üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində X8, X17, X14, X22, X19, X23 və X9 mənzil və digər əmlak hüquqlarını mütləq şəkildə pozaraq ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmşdir. İddiaçı mübahisəli mənzilin 196 saylı MTK-nın balansında olduğuna istinad edərək hazırkı iş üzrə tələblə məhkəməyə müraciət etmişdir. Onun tələbi mənzilə istifadə hüququnun tanınması və istifadəsinə verilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və bu zaman gəldiyi nəticəni hüquqi cəhətdən Mülki Məcəllənin 324, 337-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarına istinad edərək bu qənaətə gəlmişdir ki, iddiaçının istinad etdiyi "xxxx" MTK ilə aralarında bağlanmış müqavilənin saxtalaşdırılması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyindən, həmin müqavilə özlüyündə etibarsız olmaqla heç bir hüquqi nəticə yaratmadığından, bununla da, iddiaçı həmin müqaviləyə əsaslanmaqla hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığından iddia əsassız sayılmalı və rədd edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Kollegiya həmçinin nəzərə alır ki, MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşdən mübahisəsiz qaydada müəyyən edilir ki, "xxxx" MTK ilə bağlanmış 22.05.2015ci il tarixdə 65 saylı müqavilənin saxtalaşdırılması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmişdir, bu səbəbdən həmin müqavilə özlüyündə etibarsızdır və heç bir hüquqi nəticə yaratmır. İddiaçının həmin müqaviləyə istinad edərək hazırkı iddianı irəli sürməsinin heç bir hüquqi əsası yoxdur. Bundan əlavə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.11.2016-cı il tarixli qətnaməsi iddiaçının cavabdeh kimi "xxxx" MTK-ya deyil, "xxxx" MTK-ya qarşı iddiası əsasında qəbul edilmiş və qətnamə ilə "xxxx" MTK-nın üzərinə öhdəlik qoyulmuşdur. Apellyasiya şikayətinin dəlillərindən biri də apellyasiya baxışı zamanı sübutların təqdim olunması, o cümlədən şahidlərin dindirilməsinin təmin edilməsi barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı birinci instansiya məhkəməsində işin baxılmasında, sübutların araşdırılmasında şəxsən iştirak etmiş, onun hüquqları peşəkar vəkil tərəfindən müdafiə olunmuş və o, sübutların təqdim olunması ilə bağlı qanunla nəzərdə tutulmuş bütün imkanlara malik olmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakteri daşımaqla məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 26 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar