Məhkəmə qərarları › İş №2(103)-3031/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3031/2024

03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3031/2024 03.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC (ləğv prosesindədir) Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə yaranmış 7987.85 manat məbləğində borcun və ödənilmiş 99.88 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci ildə bağlanmış ********* nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 2000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2016-cı il tarixli 01 saylı əlavə sazişə əsasən cavabdehin kredit öhdəliyinin qalığı 1313,03 ABŞ dolları məbləğində hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək təyin olunmuşdur. Kredit müqaviləsi üzrə bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən, cavabdehin kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 4564,06 manat məbləğində hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinədək təyin olunmuşdur. Kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən, kredit restrukturizasiya edilmiş, kreditin qalıq məbləği 5096,03 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək təyin olunmuşdur. Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2023-cü il tarixə cavabdehin kredit müqaviləsi üzrə 3806.23 manat əsas, 1684.74 manat faiz, 1936.14 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən, hesablanmış 560.74 manat faiz borcu olmaqla, ümumilikdə 7987.85 manat təşkil edir. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və borcunun qaytarılmasını təmin etməmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli (e-2(008)-314/2024 nömrəli mülki iş üzrə, hakim A.Paşayeva) qərardad qəbul edərək, iddia ərizəsini baxılmamış saxlamışdır. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli "Bildiriş"dən (pretenziya məktubundan) görünür ki, cavabdehə iddiaçı ilə aralarında bağlanmış xx.xx.2017-ci il tarxli, KM006T02170011S01 nömrəli müqavilə üzrə borcun ödənilməsi təklif edilmişdir. xx.xx.2017-ci il tarixində tərəflər arasında kredit müqaviləsi deyil, xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə 002 nömrəli əlavə saziş bağlanmışdır. Həmin əlavə sazişlə xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə dəyişikliklər edilmişdir. Hazırkı iddia üzrə mülki işin materiallarına xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi əlavə edilməmiş, iddia ərizəsində isə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə istinad edilmişdir. Bundan başqa, iddia ərizəsini imzalayan şəxs kimi Nümayəndə qeyd olunmuşdur. Nümayəndə iddiaçını təmsil etmək səlahiyyəti Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamə əsasında həvalə edilmişdir. X3 ləğv prosesində olan banklar tərəfindən iddia ərizəni məhkəmələrə göndərilməsi ilə bağlı etibarnamələrin verilməsi səlahiyyəti Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra mətndə - ƏSF) xx.xx.2021-ci il tarixli əmri ilə verilmişdir. İş materiallarına əlavə edilmiş həmin əmrin surətindən görünür ki, əmr möhürlə təsdiq olunmamışdır. İddiaçının məhkəmə iclaslarında iştirakının olmaması isə bu anlaşılmazlıqlara aydınlığın gətirilməsini və aradan qaldırılmasını mümkünsüz etmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv olunmasını və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mülki prosessual qanunvercilik normasında nəzərdə tutulan işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həlli proseduruna tam olaraq riayət edilməklə məhkəməyə müraciət edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən (pretenziya məktubundan) görünür ki, iddiaçı tərəfindən cavabdehin qeydiyyatda olduğu ünvanına bildiriş məktubu göndərilərək, xx.xx.2017-ci il tarixli, KM006T02170011S01 nömrəli müqavilə üzrə borcun ödənilməsi təklif edilmişdir. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC vasitəsi ilə göndərilən bildiriş məktubu xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən şəxsən xəbərnaməyə imza etməklə qəbul edilmişdir. Lakin cavabdehə təklif edilmiş müddət ərzində bildiriş məktubunda qeyd edilənlər onun tərəfindən mübahisələndirilməmiş, bu barədə şifahi və ya yazılı hər hansı etirazını, iradını iddiaçıya bildirməmişdir. Bildiriş məktubuna diqqətlə nəzər saldıqda görərik ki, iddiaçı cavabdehə xx.xx.2017-ci il tarixli, KM006T02170011S01 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsini təklif etmişdir. Belə ki, cavabdeh ilə iddiaçı arasında ilkin olaraq xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi imzalanmış və həmin müqavilə əsasında ona 3800 USD məbləğində kredit verilmişdir. Daha sonra xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və cavabdehə 2000 USD məbləğində kredit verilmişdir. Cavabdehin özünün müraciəti və öz iradəsi əsasında xx.xx.2017-ci il tarixdə hər iki kredit müqaviləsi üzrə borc öhdəliyi birləşdirilərək yeni KM006T02170011S01 nömrəli əlavə saziş imzalanmışdır. Hazırda iddiaçının məhkəməyə müraciət etdiyi iddia tələbi xx.xx.2017-ci il tarixli, KM006T02170011S01 nömrəli əlavə saziş üzrə öhdəlikdən yaranmış borc məbləğidir. Tərəflər arasında xx.xx.2017-ci il tarixdə yeni əqd bağlanılaraq yeni şərtlər müəyyənləşdirildiyindən, əvvəlki əqdlər qüvvədən düşmüş hesab edildiyindən məhkəməyə müraciət edərkən qüvvədən düşmüş müqavilələr iddia ərizəsinə tam olaraq əlavə edilməmişdir. Bundan başqa, hazırkı kredit mübahisəsi üzrə iddiaçı tərəfindən iddia ərizəsi ilə birnci instansiya məhkəməsinə “Elekton məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə müraciət edilərkən, iddia ərizəsinə qoşma edilmiş sənədlər sırasında ƏSF-nin xx.xx.2021-ci il tarixli, 01/039U nömrəli əmrinin əsli elektron kabinetə yüklənilmişdir. Məhkəmə isə qərardadında həmin əmrin əslinin deyil, surətinin əlavə edildiyini və həmin əmrin möhürlə təsdiqlənmədiyini bildirmişdir. İddiaçı tərəfindən əlavə edilmiş əmr ƏSF-nin rəsmi blankında tərtib edildiyindən ona möhür vurulmasına ehtiyyac yoxdur. Birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərardad qəbul edərək, səlahiyyətli şəxs tərəfindən imzalanmadığına görə şikayəti geri qaytarmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərardad qəbul edərək, xx.xx.2024-cü il tarixli qərardadı ləğv etmiş, bununla yanaşı xx.xx.2024-cü il tarixli qərardadı əsaslı hesab edərək, həmin qərardaddan verilmiş şikayətə baxılması üçün mülki işi Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi şikayəti mümkün hesab edərək, icraata qəbul etmişdir. Bundan sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” İnformasiya Sistemi vasitəsilə məhkəməyə xx.xx.2024-cü il tarixli eitraz göndərərək, şikayətin rədd edilməsini, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının qüvvədə saxlanılmasını, xx.xx.2024-cü il tarixli qərardadının isə ləğv olunmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mübahisələrin məhkəmədənkənar (pretenziya qaydasında) həll edilməsi məqsədilə cavabdehə göndərilən xx.xx.2023-cü il tarixli bildiriş məktubunun cavabdehlə iddaçı arasında olan kredit mübahisəsinə ümumiyyətlə aidiyyəti olmayıb. Belə ki, tərəflər arasında hazırkı mübahisəsinin predmetini xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi təşkil edir. Lakin iddiaçının göndərdiyi bildirişdə tamamilə fərqli, tərəflər arasında bağlanmayan və dolayısı ilə cavabdeh üçün heç bir hüquqi əsası olmayan kredit müqaviləsinə və kredit şərtlərinə istinad edilib. Həmçinin iddia ərizəsinin imzalanaraq, məhkəməyə təqdim edilməsi üçün iddiaçının nümayəndəsinə verdiyi etibarnamənin əsasını təşkil edən əmrdə möhür əksi olmamış, etibarnamə verildiyi vaxt isə həmin əmr ümumiyyətlə qüvvədə olmamışdır. Qeyd olunanlarla yanaşı, iddia ərizəsini imzalayan şəxsin bunu etməyə səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, iş materiallarını və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılmasına iki hal əsas olmuşdur. Onlardan biri iş materiallarında cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin olmaması, digəri isə iddia ərizəsinin imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmasıdır. Məhkəmə kollegiyası ilkin əsasla bağlı qeyd edir ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli əlavə sazişdən müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə dəyişikliklər edilmiş, cavabdehin iddiaçı qarşısında kredit öhdəliyi üzrə yaranmış qalıq borc konvertasiya olunmaqla 4564.06 manat məbləğində müəyyən edilmiş, kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, illik faiz dərəcəsi isə 25 faiz həddində müəyyən edilmişdir. Həmin sazişə əlavə edilmiş ödəniş cədvəlindən isə müəyyən edilir ki, verilmiş kreditin nömrəsi 006T02170011S01, məbləği 4565 manat, müddəti 36 ay, faizi isə 25-dir. Qeyd olunan saziş və onun əlavəsi iddiaçının səlahiyyətli nümayəndəsi, habelə cavabdeh tərəfindən imzalanmışdır. Bundan başqa, xx.xx.2017-ci il tairxli əlavə sazişdən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixli, KM “006T02170011S01” nömrəli kredit müqaviləsində dəyişikliklər olunaraq restrukturizasiya edilmişdir. Həmin sazişdən və ona edilmiş əlavədən müəyyən olunur ki, verilmiş kreditin nömrəsi 006T02170011S01, məbləği 4564.06 manat, müddəti 36 ay, faizi isə 15-dir. Qeyd olunan saziş və onun əlavəsi iddiaçının səlahiyyətli nümayəndəsi, habelə cavabdeh tərəfindən imzalanmışdır. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə yeni şərtlərlə saziş imzalanaraq, əvvəlki kredit müqaviləsinin şərtləri dəyişdirilmiş və tərəflər bu barədə qarşılıqlı razılığa gəlmişlər. xx.xx.2017-ci il tarixdən isə həmin kredit müqaviləsi yenidən restrukturizasiya olunmuş və tərəflər aralarında yeni şərtlər müəyyən etmişlər. Hər iki sazişə əlavə olunmuş ödəniş cədvəllərində sənədin nömrəsi “006T02170011S01” olaraq göstərilmişdir. İddiaçı isə cavabdehə xx.xx.2023-cü il tarixli bildiriş göndərərək, aralarında xx.xx.2017-ci il tarixli, KM “006T02170011S01” nömrəli müqavilə bağlandığını və həmin müqavilə əsasında cavabdehə 4565 manat məbləğində kredit verildiyini bildirmişdir. Yuxarıda qeyd olunan sazişlərlə həmin bildirişi birlikdə təhlil etdikdə aydın olur ki, iddiaçı xx.xx.2017 il tarixində xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə dəyişikliklər edildiyini, həmin tarixdən cavabdehlə yeni məbləğin, faiz və müddətin razılaşdırılıdığını nəzərə alaraq, bildirişdə müqavilənin tarixini xx.xx.2017-ci il, nömrəsini KM006T02170011S01 kimi qeyd etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasında yeni müqavilə bağlanılaraq yeni şərtlərin müəyyənləşdirilib-müəyyənləşdirilmədiyi, hazırda cavabdehin iddiaçı qarşısında yaranmış borcunun hansı müqavilədən (sazişdən) asılı olaraq yaranması, habelə iddiaçının cavabdehə göndərdiyi xx.xx.2023-cü il tarixli bildirişdəki məlumatlarla qüvvədə olan müqavilə (saziş) üzrə məlumatların (müqavilənin tarixi, nömrəsi və s.) eynilik təşkil edib-etməməsi araşdırılmamışdır. Odur ki, qeyd olunan halların araşdırılması məqsədilə qərardad ləğv edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas olmuş ikinci hal ilə bağlı qeyd edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixində müraciət etmiş, iddia ərizəsi Nümayəndə tərəfindən imzalanmışdır. Ona isə bu səlahiyyət iş materiallarının 5-ci səhifəsində yer alan xx.xx.2022-ci il tarixli etibarnamə əsasında ƏSF-nin Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi E.Quliyev tərəfindən verilmişdir. E.Quliyevin etibarnamə verməsinə əsas kimi ƏSF-nin İcraçı direktoru T.Piriyevin xx.xx.2021-ci il tarixli əmri (iş materiallarının 11-ci səhifəsində yer alan) iddia ərizəsinə əlavə edilmişdir. Birnci instansiya məhkəməsi qeyd olunan sənədlərlə iddia ərizəsini icraata götürmüş, lakin yekunda baxılmamış saxlamışdır. Qeyd edilən qərarın qəbul edilməsinə əsaslardan biri də T.Piriyevin xx.xx.2021-ci il tarixli əmrində möhrün olmamasıdır. Bununla bağlı qeyd edilməlidir ki, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 24-cü bəndində qeyd edilir ki, sənəd, ona rəsmi xarakter və hüquqi qüvvə verilməsi məqsədilə rəsmiləşdirilməlidir. Rəsmiləşdirmə sənədin imzalanması, təsdiq edilməsi, qeydə alınması və ona möhür vurulması vasitəsilə həyata keçirilir. Həmin Təlimatın 32-ci bəndində isə qeyd edilir ki, əgər sənəd təşkilatın blankında tərtib edilməmişdirsə, ona möhür vurulmalıdır. Həmin Təlimatın 7 və 9-cü maddələrindən sənəd dedikdə qərarlar, sərəncamlar və əmrlərin nəzərdə tutulduğu müəyyən edilir. Göründüyü kimi, sənədin, yəni əmrin möhürlənməsinin məcburiliyi onun təşkilatın blankında tərtib edilməməsi nəticəsində yaranır. Hazırda iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas olmuş T.Piriyevin xx.xx.2021-ci il tarixli əmri isə təşkilatın, yəni ƏSFnin blankında tərtib olunmuşdur. Odur ki, qeyd olunan əmrdə möhrün olmaması əsası ilə iddia ərizəsinin baxılmamış saxlanılması əsassız olmuşdur. Lakin nəzərə alınmalıdır ki, ididaçı şikayət ilə birinci instansiya məhkəməsinə müraciət edərkən, onun qoşma hissəsinə ƏSF-nin İcraçı direktoru T.Piriyevin xx.xx.2023cü il tarixli əmrini (iş materiallarının 144-cü səhifəsində yer alan) əlavə etmişdir. Əmrin mətnindən isə müəyyən olunur ki, həmin əmrin imzalanması nəticəsində Fondun xx.xx.2021-ci il tarixli əmri də qüvvədən düşmüşdür. Göründüyü kimi, iddiaçı ƏSF-nin xx.xx.2021-ci il tarixli əmri əsasında verilmiş etibarnamə ilə xx.xx.2023-cü il tarixində birinci instansiya məhkəməsinə müraciət edərkən xx.xx.2023-cü il tarixli əmr artıq imzalanmış, nəticədə Fondun xx.xx.2021-ci il tarixli əmri qüvvədən düşmüşdür. Bununla yanaşı, iddiaçı şikayət verərkən dəlillərini həmin qüvvədən düşmüş əmrlə əsaslandırmışdır. Belə olan halda isə həmin əmrlə yanaşı iddia ərizəsinə əlavə edilmiş, Nümayəndə iddia ərizəsini imzalamaq səlahiyyətinin verildiyi xx.xx.2022-ci il tarixli etibarnamənin də qüvvədə olub-olmaması şübhə doğurur. Birinci instansiya məhkəməsi isə iddiaçının şikayətinə əlavə etdiyi həmin əmrə diqqət etməmiş və həmin şikayətlə bağlı qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadında bu barədə hüquqi mövqeyini bildirməmişdir. Odur ki, qeyd olunan halların, yəni qüvvədən düşmüş əmrin iddia ərizəsinə texniki səhv nəticəsində, yoxsa başqa səbəblərə görə əlavə edilməsinin, habelə iddiaçı məhkəməyə müraciət edərkən iş materiallarına əlavə etdiyi xx.xx.2022-ci il tarixli etibarnamənin qüvvədə olub-olmaması da birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və MPM-in 10.8-1, 263, 264, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərar verdi: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Apellyasiya instansiyası məhkəməsinin qərardadında göstərilən halların araşdırılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar