Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3032/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İB, Cavabdeh tərəfindən vurulmuş 3513,18 manat zərər və 30 manat dövlət rüsumu olmaqla, cəmi 3543,18 manatın cavabdehdən məcburi qaydada tutularaq onun hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh İddiaçı İB-nin xeyrinə 718,58 manat borc və 15 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv və iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, “İddiaçı “ İB-nin əməkdaşları tərəfindən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmiş, hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmiş və onlar əsasında itirilmiş qazın həcmi müəyyən olunaraq hesablanmış borc abonentdən tələb edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, qətnaməni iddiaçının mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən görünür ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2016-ci il tarixli, 096045 saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2018-ci il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar xətlə qeyri-qanuni istifadə olunduğu qeyd edilmişdir. Bununla əlaqədar İddiaçı İB tərəfindən cavabdehə dəymiş ziyana görə aktlar üzrə ümumilikdə 2794,6 manat borcu hesablanmışdır. Hazırda İddiaçı İB, iddiaçıya məxsus evdə sayğacdan kənar xətt aşkarlandığını bildirir, Xoşbəxt Əliyev isə bunu təkzib edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.5-ci maddəsinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Hazırkı işdə cavabdehin sayğacdan kənar qazdan istifadə etməsi sübut olunmadığı halda ona cərimə hesablanması qanunvericiliyin mənasına görə mümkün deyil. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İddiaçı təşkilatın tərəfsiz şəxslərin iştirakı olmadan tərtib etdiyi aktlar, habelə mənbəyi və işə aidiyyəti müəyyən olunmayan fotoşəkillər isə cavabdehin qazdan sayğacdan kənar istifadə etməsi nəticəsinə gəlmək üçün kifayətedici dəlil sayıla bilməz. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 282-ci madəsinə əsasən təbii qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması nəticəsində vurulmuş ziyana görə inzibati məsuliyyət nəzərdə tutulduğu halda qaz paylayıcısı təbii qazın talanması ilə bağlı istehlakçının təqsirini sübut edəcək inzibati xətanı rəsmiləşdirməmiş və istehlakçının iştirakı olmadan müxtəlif vaxtlarda yuxarıda qeyd edilən aktları tərtib etmişdir. Halbuki, qaz paylayıcısı istehlakçı tərəfindən şəbəkəyə qanunsuz qoşulma hallarını aşkar etdikdə, qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı, fakt üzrə inzibati və ya cinayət məsuliyyətinin olubolmamasını müəyyənləşdirməli və yalnız istehlakçının təqsiri sübut olunduqdan sonra şəbəkəyə qanunsuz qoşulma nəticəsində dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli idi. Kollegiyanın qənaətinə görə İddiaçı İB, cavabdehin təbii qazadan sayğacdan kənar istifadə etməsini təsdiqləyən və buna görə də, cərimənin hesablanmasına əsas verən məlumatların doğruluğuna dəlalət edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Beləliklə, Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən qətnamə qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvi üçün əsas təşkil etmir Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2227/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3032/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3032/2021
07.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver