Məhkəmə qərarları › İş №2(103)-3032/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3032/2022

29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3032/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 cəlb edilməklə) qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-978/2021 saylı, 21.02.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "maddi ziyanın ödənilməsi və ya əşyanın əvəz edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən dəymiş 1500 manat maddi ziyanın, 60 manat hüquqi xidmətə görə ödənilmiş məbləğin və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi və yaxud “Samsung LED” TV-nin dəyişdirilərək yenisi ilə əvəz edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-978/2021 saylı, 21.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən maddi ziyanın əvəzi olan 600 (altı yüz) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pulun cavabdeh ABC Telecom” MMC-dən İddiaçı xeyrinə tutulması, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 200 (iki yüz) manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" Telecom MMC 11.11.2021-ci il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli, 2(004)-978/2021 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli, 2(004)-978/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" Telecom MMC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan narazı qalan cavabdeh "xxxx" Telecom MMC 08.02.2022-ci il tarixdə şikayət verərək, qərardaddan şikayətin verilməsi müddəti üzrlü səbəbdən buraxıldığından bərpa edilməsini, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli, 2(004)-978/2021 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.11.2021-ci il tarixli, 2(004)-978/2021 saylı qərardadından şikayət vermək üçün Cavabdeh MMC tərəfindən buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə təmin olunmayaraq şikayət və ona əlavə olunan sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan cavabdeh "xxxx" Telecom MMC 01.03.2022-ci il tarixdə şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli, 2(004)-978/2021 saylı qərardadının ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpa edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, həmin qərardaddan şikayət verilmə müddəti üzrlü səbəbdən buraxılmışdır. Belə ki, geri qaytarılma ilə bağlı sənədləri və qərardadı əldə edə bilmədiklərindən, yalnız icra şöbəsindən məlumat daxil olduqdan sonra işin apelyasiya instansiyası məhkəməsinə göndərilmədiyini bilmişlər. Həmin ana qədər işin apelyasiya instansiyası məhkəməsində təyin edilməsini gözləmişlər. Bu səbəbdən də mübahisələndirilən qərardaddan vaxtında şikayət edə bilməmişlər. Xüsusilə qeyd edilir ki, sözügedən mülki iş üzrə iddia ərizəsində göstərilən ünvan cavabdehin hüquqi ünvanıdır, iddiaçı haqlı olaraq ərizədə həmin ünvanı göstərmişdir. Məhkəməyə təqdim edilən etibarnamə və digər sənədlərdə isə ünvan olaraq cavabdehin faktiki fəaliyyət ünvanı Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova 107 qeyd olunmuşdur. Bütün bunlara baxmayaraq məhkəmə hazırda mübahisələndirilən 17.11.2021-ci il tarixli 2(004)-978/2021 saylı qərardadı tamam başqa ünvana göndərmişdir. Həmin ünvan hazırki mülki iş materiallarında olan heç bir sənəddə əksini tapmamış, fərqli ünvandır, nəticədə mübahisələndirilən qərardad barəsində vaxtında məlumat əldə edə bilməmişlər və şikayətin verilmə müddəti üzrlü səbəbdən ötürülmüşdür. Qərardaddan verilən şikayət üzrə işə baxılan zaman məhkəmə iclasında da yuxarıdakıları hakimin diqqətinə çatdırmışlar, yəni qərardadın tamam başqa ünvana göndərildiyi, bu səbəbdən müddətin ötürüldüyü və s. lakin məhkəmə qeyd olunanlara əhəmiyyət vermədən, buraxılmış müddəti bərpa etməmişdir. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında olmayan, tamamilə fərqli ünvana göndərilən qərardad cavabdehin əməkdaşı tərəfindən qəbul edilmişdir, bunu "xxxx" MMC-nin məktubu təsdiq etmişdir. Bu hissədə bildirilir ki, "xxxx" MMC ona məxsus “Kontakt Home” mağazalar şəbəkəsi vasitəsilə fəaliyyət göstərir, şirkətin Bakı şəhərində 20-dən artıq ünvanda ofis və mağazaları, anbarları mövcuddur. Eyni zamanda şirkətin 3000-dən artıq işçisi vardır, yəni cavabdehə aid hər hansı ünvana göndərilən sənəd əməkdaşları tərəfindən qəbul edilə bilər, lakin bu məhkəməyə iş materiallarında olmayan ünvana sənədləri göndərməyə haqq qazandırmır, cavabdehin faktiki fəaliyyət ünvanı (baş ofis) və hüquqi ünvanı iş materiallarında olmuşdur, digər ünvana sənədlərin göndərilməsi isə onların aidiyyəti şöbəyə daxil olmasına qədər müddətin keçməsinə səbəb olur. Hazırda mübahisələndirilən qərardadı rəsmi şəkildə (poçt vasitəsilə) əldə etməmişlər, elektron məhkəmə informasiya sistemində yerləşdirilən kimi şikayət etmişdirlər. Odur ki, müddət ötürülməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.03.2022-ci il tarixli, 2(004)-978/2021 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.02.2022-ci il tarixli, 2(004)-978/2021 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət 2(004)- 978/2021 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 21.09.2021-ci il tarixdə cavabdehə göndərilmiş və cavabdehin nümayəndəsi qətnaməni 07.10.2021-ci il tarixdə almışdır. Bundan sonra cavabdeh 11.11.2021-ci il tarixdə həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Şikayət elektron qaydada verilmədiyindən məhkəmə qərardadına əsasən qaytarılmışdır. Cavabdeh 08.02.2022-ci il tarixdə elektron qaydada ərizə verərək müddətin bərpa olunmasını xahiş etmiş, üzrlü səbəb kimi qərardadı ümumiyyətlə almadığını göstərmişdir. Lakin "xxxx" MMC-nin məktubuna əsasən cavabdeh qərardadı 24.11.2021-ci il tarixdə almışdır. Cavabdeh apelyasiya şikayətinin qaytarılması barədə qərardadı 24.11.2021-ci ildə almış və ondan şikayət verməmiş və yaxud yenidən elektron qaydada qətnamədən apelyasiya şikayəti verməmişdir. Bundan sonra qətnamə 17.12.2021-ci il tarixdə icraya yönəldilmişdir. Cavabdeh isə apelyasiya şikayətinin qaytarılması barədə qərardadı aldıqdan 3 aya yaxın müddət keçdikdən sonra qərardaddan şikayət vermişdir və müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddəti üzrlü hesab etməmişdir. Cavabdeh hazırki qərardaddan şikayətində, qərardadın başqa ünvana göndərildiyini qeyd etmişdir. Lakin, işdən görünür ki, məhkəmə aktlarını cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73A ünvanına göndərilmişdir. Cavabdeh məhkəmə aktlarını rəsmi qaydada almış və qətnamədən prosessual müddəti ötürmədən apellyasiya şikayəti vermişdir. Lakin, şikayət prosessual qanunvericiliyin tələblərinə uyğun olmadan verildiyinə görə geri qaytarılmışdır. Məhkəmə kollegiyası iş materiallarını və cavabdehin şikayətini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə təmin etməməklə şikayəti və ona əlavə olunan sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 360 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-978/2021 saylı, 21.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar