Məhkəmə qərarları › İş №2(103)-3034/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3034/2024

13.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3034/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X2 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi ismayılova Ayşən Səaddin qızının, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5392/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Tərəflər arasında bağlanmış BBUM0000166B299 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən əsasən, İddiaçı ASC borcalana “Birbank Umico” ödəniş kartı verməyi, müraciəti əsasında, müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırmağı, həmin kartdan və kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açmağı, Cavabdeh isə kartdan və kredit xəttindən istifadə etməyi, yaranmış borclarını, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür.

2. X4 Vərəqəsindən görünür ki, Cavabdeh kredit, qeyri taksit və güzəşt müddəti olmayan əməliyyatlar üzrə illik 27% dərəcəsi ilə verilmişdir.

3. Kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək müxtəlif əməliyyatlar edilmişdir.

4. İddiaçı ASC-nin 2023/104/12217 saylı xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, müştəri Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli BBUM0000166B299 saylı kredit müqaviləsi üzrə 1.488,19 manat əsas, 271,64 manat faiz, cəmi 1.759,83 manat məbləğində borcu vardır.

5. AR DİN Bakı şəhər Baş Polis İdarəsinin Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, şikayəti əsasında Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 177.2.3-1-ci (oğurluq, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq hazırda istintaq aparılır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1.488,19 manat əsas, 271,64 manat faiz, cəmi 1.759,83 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 37,6 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BBUM0000166B299 saylı kredit müqaviləsinə əsasən onun kartına 59 ay müdətinə, illik 27 faiz dərəcəsi ilə 1.500 manat məbləğində pul mədaxil edilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən, borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 1.488,19 manat əsas, 271,64 manat faiz, cəmi 1.759,83 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, borcun qaytarılması təmin edilməmişdir.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5392/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh BBUM0000166B299 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı ASC-yə ödənilməli olan əsas borcu, əsas borca görə hesablanmış faizləri və komisyon haqqını ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 425.1, 425.2, 439.3, 442, 443.1, 443.7, 448.1, 739.1, 739.2, 741 və 742.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5392/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göründüyü kimi onun iddiaçı qarşısında öhdəliyi o zaman yaranmış olur ki, iddiaçı öz öhdəliyini yerinə yetirmiş olsun. İddiaçının əsas öhdəliyi isə ona 1.500 manat məbləğində pul vəsaitini kredit verməkdən ibarət olmuşdur. Yəni iddiaçı onun qarşısında onun hesabında heç bir məbləğdə pul olmayan kredit kartı deyil, hesabında 1.500 manat məbləğində pul vəsaiti olan kredit kartı vermək öhdəliyi olmuş, iddiaçı isə 13 mart 2023-cü il tarixdə hesabında heç bir məbləğdə pul vəsaiti olmayan kredit kartı verməklə müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirməmiş, buna baxmayaraq ondan öz öhdəliyini həyata keçirməyi tələb etmişdir. Bu hal isə ona öz öhdəliyinin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini iddiaçıdan tələb emtək hüququ vermişdir. İş materiallarında olan BBUM0000166B299 saylı xx.xx.2023-cü il tarixli kredit müqavilənin 2-ci bəndindən görünür ki, İddiaçı ASC – “Bank”, Cavabdeh – “Müştəri” olmaqla bağlanmış həmin müqaviləyə əsasən, Bank müqaviləyə görə Müştəriyə “Birbank Umico” ödəniş kartı verir, Müştərinin müraciəti əsasında, bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırır, həmin kartdan və kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə kartdan və kredit xəttindən istifadə edir, yaranmış borclarını, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Aralarında bağlanmış bu müqaviləyə əsasən Bank ona “Birbank Umico” ödəniş kartı verməli və o, həmin kredit kartından kredit məbləğini çıxardıb istifadə etdikdən sonra razılaşdırılmış müddətdə həmin məbləği ona qaytarmalı idi. Bank həmin məbləği ona kredit kartının içində təhvil verməli idi. Bank isə həmin kredit kartını ona verəndə artıq həmin pul məbləği kartdan silinmişdirsə, bu o deməkdir ki, Bank həmin pulu ona təhvil verməmiş, həmin məbləğ onun mülkiyyətinə keçməmiş və həmin pulun oğurlamasında onun məsuliyyəti olmamışdır. Yəni onun mülkiyyətinə keçməmiş bir məbləği qaytarmaq öhdəliyi yaranmamışdır.

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o, onlayn kart sifariş vermişdi, kart onun əlinə çatmadan karta pin kod qoyulmuş və kartdan pul çıxarılmışdır. O, bunu telefonuna gələn sms-də bilmiş və bununla bağlı 196 nömrəli çağrı mərkəzinə zəng vuraraq həmin anda kartı dondurulmuşdur. 10 gün ərzində geri cavab gəlməli idi, lakin cavab gəlmədi. Onlar 102 xidmətinə müraciət etdilər, onları “Kapital Banka” dəvət etdilər, karta müdaxilə edildiyi müəyyən olunub. Kartı o, bloklanmış vəziyyətdə aldı və polisə müraciət etdi. Kartdan pul çıxandan sonra banka müraciət edərək kartı əldə etmişdir. Mart ayının 12-i kartdan pul çıxmışdır, 13 martda isə kartı əldə etmişdir. Pul Ukraynadan çıxmışdır. Bununla bağlı cinayət işi başlanmışdır. O, telefonda pul çıxarılan zaman heç nəyi təsdiqləməmişdir. Pul çıxarılandan sonra gələn sms vasitəsilə pulun çıxmasından məlumatı olmuşdur. Telefonuna gələn kodları heç kimlə paylaşmamışdır. Kartın fərdi məlumatlarının başqa kimin bildiyini bilmir. 055 ***** 78 ona məxsus nömrədir. Onlar banka yaxınlaşan zaman bildirdilər ki, onun telefonuna 4 telefon vasitəsilə daxil olublar. Onun telefonuna çoxsaylı kodlar daxil olmuşdur. 15.Məhkəmə kollegiyasınn iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı ASC ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixində bir bank umico kartı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən 055 ***** 78 nömrəsi ilə İddiaçı ASC-yə 1500 manat limitin ayrılması ilə bağlı müraciət olunmuş və həmin kartın rəsmiləşdirilməsi üçün tərəfə link göndərilmişdir. Müştəri Cavabdeh şəxsi məlumatlarını üçüncü şəxslərə təqdim etmişdir. 12 mart 2023-cü il tarixdə Cavabdeh “Birbank” mobil tətbiqində qeydiyyat nömrəsinə göndərilən OTP kodu istifadə edilməklə “Birbank” mobil tətbiqində cihaz dəyişikliyi icra edilmiş və Cavabdeh aid 416973******8471 nömrəli plastik kart “Google Pay” əlavə olunmuşdur. Eyni tarixdə Cavabdeh aid 416973******8471 nömrəli plastik kartdan 30000 UAH (ekvivalenti olaraq 1435,09 manat) məbləğində və 1000,08 UAH (ekvivalenti olaraq 47,85 manat) məbləğində əməliyyatlar icra edilmişdir. Müraciət nəzərə alınaraq icra edilmiş əməliyyatlarla bağlı müvafiq qaydada sorğu verilmişdir, lakin vəsaitlərin bərpası ilə bağlı imtina edilmişdir. Bank məsuliyyət daşımır. Cavadeh şikayətində qeyd etmişdir ki, kart ona xx.xx.2023-cü il tarixində təqdim edilmiş, lakin əməliyyat xx.xx.2023-cü il tarixdə aparılmışdır. Əməliyyatın icra edilməsi üçün kartın fiziki olaraq müştəridə olmasına ehtiyac yoxdur. Əməliyyat mobil tətbiqi vasitəsi ilə də həyata keçirilə bilər. Plastik kart məlumatlarının məxfiliyinin qorunması birbaşa olaraq kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. Hər hansı bir müştərinin şəxsi məlumatların 3-cü şəxslərə ötürülməsinin bankın məsuliyyəti yoxdur və hazırkı iddianın predmetinə aidiyyəti yoxdur. OTP nömrəyə link gedir və link məlumatları yalnız müştərinin özündə olur. Cavabdeh bildirir ki, həmin linki onun özü açmışdır, belə olan halda onun özü məlumatı ötürmüşdür, onun məxfiliyi yalnız müştəridə olur. Nömrəyə kod gedir, kod təsdiq olunmasa kart aktiv olmur.

Apellyasiya baxışının hədləri

16.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 17.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 18.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 19.Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq

20.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

21.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

22.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya buMəcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 24.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 25.390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 26.425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 27.432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. 28.441.1-ci maddəsinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. 29.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

31. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 32.560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 33.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

34.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 35.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 38.Hazırda cavabdeh apellyasiya şikayətində iddiaçının müqavilə ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyinə, kredit kartı ona təhvil verilərkən hesabında pul olmadığına istinad edərək şərtləşdirilmiş qaydada pulun qaytarılmasına dair qarşılıqlı icra öhdəliyindən imtina etməkdə haqlı olduğunu göstərir. Göründüyü kimi baxılan işdə fikir ayrılığı iddiaçı tərəfindən kredit xəttini ayırmaq, hesabına 1.500 manat məbləğində pul köçürmək üzrə öhdəliyin icra edilib-edilmədiyi ilə bağlıdır. Belə ki, cavabdehin qənaətinə görə, onun kredit məbləğinin qayatrılmasına dair öhdəliyin icrasından imtinası qanunidir. 39.Məlum olduğu kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 40.Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. 41.Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BBUM0000166B299 saylı “Birbank Umico kredit müqaviləsi”nə əsasən bank borcluya 59 ay müddətinə, illik 27% hesablanmaqla 1.500 manat məbləğində “Birbank Umico” ödəniş kartı verməyi, müraciəti əsasında, müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırmağı, həmin kartdan və kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açmağı, Cavabdeh isə kartdan və kredit xəttindən istifadə etməyi, yaranmış borcu, habelə ona göstərilmiş bank xidmətlərinin haqqını müqavilə ilə müəyyən edilmiş qaydada və bankın qüvvədə olan tarif dərəcələrinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit xətti ayırsa da, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2023-cü il tarixli BBUM0000166B299 saylı kredit müqaviləsi üzrə 1.488,19 manat əsas, 271,64 manat faiz, cəmi 1.759,83 manat məbləğində borcu yaranmışdır. 42.Beləliklə, iddiaçının şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət edərək, öhdəliyi vaxtında icra etdiyi müəyyən edilmişdir. Cavabdeh isə məxfiliyini qorumalı olduğu məlumatlara lazımi diqqət və ehtiyatlılıq göstərməyərək ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını qabaqcadan görməli olduğu halda bunu etmədiyindən maddi zərər uğramışdır. Cavabdehin ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməməklə şəxsi məlumatlarını üçüncü şəxslərə ötürməsi, bununla da maddi zərərə uğraması da iddiaçının müqavilə şərtlərinə uyğun şəkildə davranmasının şübhə altına alınması ilə nəticələnə bilməz. Əks yanaşma kreditoru müdafiəsiz qoyan belə hüquqi qeyri-müəyyənlik ümumi mülki dövriyyənin davamlılığına, kredit münasibətlərinin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı. 43.Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətindəki dəlillərə istinadən cavabdehin müqavilənin icrasından birtərəfli qaydada imtinası qanuni hesab edilə bilməz. Belə ki, mülki qanunvericilik fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək hüququnu vermişdir. Hazırda tərəflərin birgə iradəsinə əsaslan müqvilədəki bütün şərtlər qüvvədədir və müqavilə öhdəliyin icrasının qurtarması anına qədər qüvvədə qalacaq. Cavabdehin də istinad etdiyi əsasla müqavilədən birtərəfli qaydada imtina etməsi yol verilməzdir. Belə ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün özü cavabdehdir. 44.Belə olan halda kollegiya hesab edir ki, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). 45.İddiaçı da cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 46.Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. 47.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 48.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5392/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar