Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3035/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Bəhrəm oğluna qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 noyabr 2020-ci il tarixli qətnamədən iddiaçı Birliyin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı Birlik, cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsinə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 2.298,70 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Təzə sahə”-də yerləşən 485 saylı yaşayış evi Birlik tərəfindən təbii qazla təchiz edilir. Həmin ünvanda mexaniki qaz sayğacına keçidlə əlaqədar Birlik ilə cavabdeh arasında 13.04.2020-ci il tarixidə, 03-1311 №-li “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” bağlanmış və ünvana, Birliyin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Birliyin əməkdaşları Zirə qəsəbəsində qaz xətlərinə və qaz sayğaclarına vaxtaşırı baxış keçirərkən müəyyən etmişlər ki, cavabdeh, yuxarıda qeyd edilən müqavilənin və “Qazdan istifadə qaydalarının” tələblərini pozaraq qaz xəttinə qanunsuz, yəni qaz sayğacından kənar qoşulmaqla təbii qazı talamışdır. Bu barədə müvafiq aktlar tərtib edilmiş, aşkar edilmiş faktlar ələ əlaqədar fotoşəkillər çəkilmişdir. Cavabdehin yuxarıda qeyd olunan qanunsuz hərəkətləri nəticəsində Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı 30.12.2019-cu il tarixli akt əsasında cavabdehə 885,60 manat, ******* saylı 30.01.2020-ci il tarixli akt əsasında 295,20 manat, ******* saylı 28.02.2020-ci il tarixli akt əsasında 295,20 manat, ******* saylı 30.03.2020-ci il tarixli akt əsasında 295,20 manat, ******* saylı 12.04.2020-ci il tarixli akt əsasında 118,10 manat, cəmi isə 1.889,30 manat məbləğində əlavə sərfiyat borcu hesablanmışdır. Qeyd edilən ziyanın əvəzinin ödənilməsi cavabdehdən tələb edilsə də, cavabdeh ziyanı ödəməmişdir. Bundan başqa, cavabdehin, 2019-cu ilin dekabr ayına sayğac üzrə 360,20 manat, 2020-ci ilin aprel-iyul aylarına görə isə sayğac üzrə 49,20 manat məbləğində borcu mövcuddur. Cavabdeh həmin (360,20 + 49,20 =) 409,40 manat məbləğində borcu da ödəmir. Göstərilənlərə əsasən iddiaçı Birlik hesab edir ki, cavabdehdən onun xeyrinə vurulmuş zərərin əvəzi olaraq (1.889,30 + 409,40 =) 2.298,70 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 30 manat məbləğində pul tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 20.11.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, sayğac üzrə hesablanmış borcun ödənilməsi məqsədi ilə 409,40 manat məbləğində pulun cavabdehdən iddiaçı Birliyin xeyrinə tutulmasını, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin cavabdehə aid edilməsini və həmin məbləğin cavabdehdən iddiaçı Birliyin xeyrinə tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi barədə hissəsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iddia tələbinin bir hissəsini təmin etməmklə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, işin hallarından müəyyən edilir ki, cavabdehin qaz xəttinə qanunsuz qoşulması faktı Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aktlar və çəkilmiş fotoşəkillər ilə təsdiq edilir. Lakin Rayon Məhkəməsini bunları nəzərə almamışdır. İddiaçı Birliyin nümayəndəsi və cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq apellyasiya baxışı iclasına gəlməmişlər və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Hazırki iş üzrə apellyasiya baxışının həddi ilə bağlı Məhkəmə qeyd edir ki, iddia tələbinin bir qismi təmin edilsə də, iş üzrə cavabdeh qətnamənin həmin hissəsindən apellyasiya şikayəti verməmişdir. İddiaçı Birlik tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamənin iddianın bir qisminin təmin edilməməsi barədə hissəsi mübahisələndirilir Odur ki, bunu və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə, qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.12.2019-cu il tarixli akta əsasən cavabdehə hesablanmış 885,60 manat məbləğində əlavə sərfiyatın tutulması barədə tələbin təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək qeyd edilən tələb təmin edilməli, apellyasiya baxışının predmeti olan qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanımalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, cavabdehə məxsus olan və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “Təzə sahə”-də yerləşən 485 saylı yaşayış evi Birlik tərəfindən təbii qazla təchiz edilir. Həmin ünvanda mexaniki qaz sayğacına keçidlə əlaqədar Birlik ilə cavabdeh arasında 13.04.2020-ci il tarixidə, 03-1311 №-li “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” bağlanmış və ünvana, Birliyin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. İşdə olan sənədlərdən daha sonra müəyyən edilir ki, Birliyin əməkdaşları Zirə qəsəbəsində qaz xətlərinə və qaz sayğaclarına vaxtaşırı baxış keçirərkən müəyyən etmişlər ki, cavabdeh, yuxarıda qeyd edilən müqavilənin və “Qazdan istifadə qaydalarının” tələblərini pozaraq qaz xəttinə qanunsuz, yəni qaz sayğacından kənar qoşulmaqla təbii qazı talamışdır. Bu barədə müvafiq aktlar tərtib edilmiş, aşkar edilmiş faktlar ələ əlaqədar fotoşəkillər çəkilmişdir. Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş ******* saylı 30.12.2019-cu il tarixli akta əsasən cavabdehə 885,60 manat, ******* saylı 30.01.2020-ci il tarixli akta əsasən 295,20 manat, ******* saylı 28.02.2020-ci il tarixli akt əsasən 295,20 manat, ******* saylı 30.03.2020-ci il tarixli akt əsasən 295,20 manat, ******* saylı 12.04.2020-ci il tarixli akta əsasən 118,10 manat, cəmi isə 1.889,30 manat məbləğində əlavə sərfiyat borcu hesablanmışdır. Qeyd edilən məbləğin ödənilməsi Birlik tərəfindən cavabdehdən tələb edilsə də, cavabdeh tələbə əməl etməmişdir. Məhkəmə bildirir ki, “Qazdan istifadə qaydalarının” tələblərinə görə, bu kimi fakt aşkar edildikdə “Qaz paylayıcısı” sayğacdan kənar qoşulma xəttini ləğv etməli və bu barədə müvafiq akt tərtib edilməlidir. Lakin iş materiallarından görünür ki, sayğacdan kənar qoşulma xətlərinin ləğv edilməsi ilə bağlı aktlar yoxdur. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı Birliyin iddia ərizəsində və apellyasiya şikayətində istinad etdiyi fotoşəkillərin yuxarıda qeyd edilən aktlardan hansına aid olmasını da müəyyən etmək mümkün deyil. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, həmin fotoşəkillər ilk dəfə tərtib edilmiş 30.12.2019-cu il tarixli akta aid edilməli və həmin akt əsasında hesablanmış 885,60 manat məbləğində əlavə sərfiyat, cavabdeh tərəfindən iddiaçı Birliyə vurulmuş zərərin əvəzi olaraq cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməli, digər aktlar isə əsassız hesab edilməlidir. Belə ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1097.1-ci maddəsinə görə isə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddiaçı Birliyin apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. İşə baxmış Rayon Məhkəməsi (apellyasiya baxışının predmeti olan hissədə) “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.12.2019-cu il tarixli akta əsasən cavabdehə hesablanmış 885,60 manat məbləğində əlavə sərfiyyatın tutulması barədə tələbi təmin etməməklə işin hallarına uyğun olmayan və səhv nəticəyə gəlmiş, digər aktlar əsasında cavabdehə hesablanmış əlavə sərfiyyatın tutulmaması barədə tələbi təmin etməməklə əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən 20 noyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.12.2019-cu il tarixli akta əsasən cavabdehə hesablanmış 885,60 manat məbləğində əlavə sərfiyatın tutulması barədə tələbin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək qeyd edilən tələb təmin edilsin. 0264186 saylı 30.12.2019-cu il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən təbii qazdan qanunsuz istifadəyə görə hesablanmış 885 (səkkiz yüz səksən beş) manat 60 (altmış) qəpik məbləğində borc Cavabdeh Bəhrəm oğlundan tutularaq İddiaçınə ödənilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən 100 (yüz manat) məbləğində pul Cavabdeh Bəhrəm oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-3035/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3035/2021
24.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver