Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3035/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: xidmət haqqı, sənədlərin hazırlanmasına çəkilmiş xərclər, mənəvi zərər) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 (anası), Vəkil2 (vəkili) və cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 15 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Tərəflər xx.xx.2022-ci il tarixli 2556/22 nömrəli "Xidmət müqaviləsi" bağlamışlar. Həmin müqavilədə İddiaçı "sifarişçi", cavabdeh "xxxx" MMC isə "icraçı" qismində çıxış etmiş, "icraçı" müqavilənin ayrılmaz tərkib hissəsi olan "Əlavə"sində göstərilən "sifarişçi"nin sifariş etdiyi xidmətləri razılaşdırılmış qaydada və şərtlərlə yerinə yetirməyi, "sifarişçi" isə həmin xidmətlərin qarşılığında razılaşdırılmış xidmət haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən təqdim edilən 1 nömrəli "Əlavə"dən görünür ki, iddiaçı aşağıdakı universitetlərə cavabdehin müraciət etməsinə razılıq vermişdir: 1. Koreya Universiteti 2 ixtisas üzrə; 2. Sogang Universiteti 1 ixtisas üzrə; 3. Seul Universiteti 1 ixtisas üzrə; 4. Ulsan Universiteti 1 ixtisas üzrə; 5. Pyeongtaek Universiteti 1 ixtisas üzrə. Qeyd olunan sənəd iddiaçı tərəfindən imzalanmış, "xxxx" MMC tərəfindən isə imzalanmamışdır. Cavabdeh tərəfindən təqdim edilən müqaviləyə 1 nömrəli "Əlavə"dən görünür ki, iddiaçı aşağıdakı universitetlərə cavabdehdən müraciət etməsinə razılıq vermişdir: 1. Sogang Universiteti 1 ixtisas üzrə; 2. Ajou Universiteti 1 ixtisas üzrə. Qeyd olunan sənəd cavabdeh "xxxx" MMC-nin direktoru Aisa Aslanova tərəfindən imzalanmış və möhürlənmiş, iddiaçı tərəfindən isə imzalanmamışdır. xx.xx.2023-cü il tarixli GDĞ/1 seriyalı 351708 nömrəli kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən "xxxx" MMC-yə 1800 manat təhsil üzrə xidmət haqqı ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1800 manat məbləğində müqavilə üzrə ödənilmiş xidmət haqqının, 2200 manat məbləğində sənədlərin hazırlanmasına çəkilmiş xərclərin, 2000 manat məbləğində mənəvi ziyanın və 81 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 6081 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, Koreya Respublikasının müvafiq universitetlərində təhsil alması üçün rəsmi müraciətlərin edilməsi məqsədilə cavabdeh ilə xx.xx.2022-ci ildə xidmət müqaviləsi bağlamış və cavabdehə 1800 manat məbləğində pul ödəmişdir. Müqavilədə iddiaçı "sifarişçi", cavabdeh isə "icraçı" adlandırılmışdır. İddiaçı müqavilə ilə üzərinə düşən bütün öhdəlikləri (xidmətin dəyərinin, həmçinin xidmətin göstərilməsi ilə bağlı ortaya çıxan əlavə zəruri xərclərin - sənədlərin tərcümə-təsdiqi, apostille edilməsi və s. öz hesabına tam ödənilməsi, sifarişin yerinə yetirilməsi üçün "icraçı" tərəfindən tələb olunan məlumatların və sənədlərin vaxtında və tam şəkildə "icraçı"ya təqdim olunması) təxirəsalınmaz qaydada tam yerinə yetirmiş, cavabdeh isə öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, müqavilə bağlanarkən, təhsilini öz hesabına alacağına görə iddiaçıya müraciət ediləcək universitet sayında limit olmayacağı, lakin sonradan qərar dəyişdirilərək limit olacağının deyilməsi ilə əlaqədar, universitetlərin ardıcıllıqla ixtisas seçiminə görə prioritet olaraq sıralanması məqsədilə ilk mərhələdə müqaviləyə Əlavə1-də qeyd edilən universitetlər üzrə təklif edilən ixtisasların siyahısı iddiaçıya təqdim olunmalı idi. İddiaçının tələblərinə baxmayaraq, siyahı son günədək təqdim olunmamışdır. Ciddi olaraq narazılıq və narahatlıq Əlavə-1-də qeyd edilmiş universitetlərdən bir neçəsinə müraciətin son tarixlərinin artıq bitdiyi və bitmək üzrə olduğu halda, sənədlərin nəinki hazırlanmağa belə başlanılmaması, hətta hazırlanmalı olan sənəd siyahısının belə cavabdeh tərəfindən iddiaçıya təqdim olunmaması idi (bu barədə həm emaillər, həm də Aisa xanım şəxsən ona ünvanlanmış mesajlarla dəfələrlə məlumatlandırılmışdır). Ardıcıl müraciətlərdən sonra nəhayət xx.xx.2023-cü ilə təyin olunmuş, sonradan ləğv olunaraq xx.xx.2023-cü ildə Aisa Aslanovanın kabinetində keçirilmiş görüşdə "müraciət (deadline) tarixlərinin bitməsinə görə narahat olmayın, çünki biz partnyorlarla işləyirik, rəsmi saytlarda qeyd olunan tarixlərin bizim üçün əhəmiyyəti yoxdur", "hər şey nəzarətimizdədir", "səfirlikdən cavab gözləyirik" və sair şablon cavablar verildi və səhəri gün (xx.xx.2023-cü ildə) ixtisas siyahısının iddiaçıya təqdim olunacağı bildirildi (yuxarıda qeyd edildiyi kimi, son günədək təqdim olunmadı). Universitetlərə müraciət üçün tələb olunan sənədlərin siyahısı iddiaçıya yalnız 13-14 aprel tarixlərində təqdim olundu və elə həmin gün dərhal sənədlər tərcümə-təsdiq və apostille olunması üçün ASAN-5 Xidmətinə təhvil verildi. Eyni sənədlər daha öncə də cavabdeh tərəfindən səhv (istifadəyə yararsız) formada hazırlatdırıİmışdı. Belə ki, Koreya universitetlərinə göndərilən sənədlərin tərcümətəsdiq olunmuş nüsxələri apostille edilməli olduğu halda, cavabdeh sənədlərin orijinallarını apostille elətdirmişdi. "Pilgrim"də məlumatsızlıqdan iddiaçı məcbur qalıb ən bahalı və dərin müayinə sayılan "Quantiferon (Gold)" testini verməli oldu. "Pilgrim"də xx.xx.2022-ci ildə ilk görüş zamanı İELTS üzrə yaxşı nəticələr əldə edə bilinməsi üçün hələ zaman olduğu bildirilsə də, Aisa Aslanova bu nəticələrin qısa zamanda sənədlərdə göstərilməsinin vacibliyini vurğulayaraq, iddiaçının İELTS imtahanına erkən qatılmağına səbəb oldu (o halda ki, sonrakı aylarda heç bir iş görülmədiyi üçün bu göstərici istifadə olunmadı belə). Bu da öz növbəsində nəticəninaz (6.5) olmasına və bununla, cavabdeh işini görmüş olsaydı belə, iddiaçının istədiyi universitetlərə girmə şansının öncədən azalmasına səbəb olan faktor idi. Müqavilə bağlandığı gündən ən böyük narazılığa səbəb olan, müqavilənin pulu tam ödənildikdən sonra "Pilgrim"dən heç kimin, həmçinin "təhkim olunmuş" koordinator Leyla xanımın iddiaçı ilə əlaqəyə girməməsi, müxtəlif bəhanələr gətirilərək ona olunan telefon zənglərinin cavablandırılmaması idi. Yazılmış maillərə də cavab verilmir və ya gec və əlaqəsiz cavablar verilirdi. Halbuki müraciəti əsasında işinin gedişatı haqqında iddiaçını məlumatlandırmaq cavabdehin birbaşa vəzifəsi idi. xx.xx.2023-cü ildə Universitetə müraciət üçün son tarixin bitməsinə bıriki gün qalmış iddiaçının hesabında 20000 USD olmasının tələb edildiyi bildirildi. Belə böyük miqdarda məbləğin qısa müddətdə həll olunması çətin olsa da, tələbin yerinə yetirilməməsi özünə qarşı istifadə edilməsin deyə iddiaçı bunu da çox böyük çətinliklərlə təxirəsalınmaz qaydada həll etdi. Əlavə-1 üzrə siyahıda qeyd olunmuş universitetlərdən yalnız birindən - Sogang Universitetindən sənədlərin artıq bir həftə öncə sistemə yüklənmiş olmalı olduğu halda, hələ də yüklənmədiyi və bunun üçün Universitet tərəfindən güzəşt edilərək xx.xx.2023-cü il saat 10.00-dək son vaxt verildiyi barədə xx.xx.2023-cü ildə iddiaçıya xəbərdarlıq e-maili gəldi. Təcili surətdə həm "Pilgrim"in (e-mail vasitəsilə), həm də şəxsən Aisa xanımın bu barədə məlumatlandırıldığına baxmayaraq, yenə heç bir tədbir görülmədi. Zənglərə cavab olaraq reseptiondakı qızlardan və şəxsən Aisa xanımdan "o avtomatik mesajdır, fikir verməyin" cavabı alındı. Nəticə olaraq, sənədlərin vaxtında təqdim edilməməsi səbəbindən müraciətin qəbul olunmadığı və müsabiqədə iştirak edə bilməyəcəyi barədə Sogang Universitetindən iddiaçının şəxsi e-mailinə xx.xx.2023-cü ildə bildiriş gəldi. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya siyahıda olmayan yeni Ajou Universitetinə müraciət olunması təklif edildi və iddiaçı artıq istədiyi universitetlərə müraciətlərin qaçırıldığını bildiyi üçün (çünki "Pilgrim" tərəfindən etiraf edilməsə də, artıq bir neçəsi qaçırılmışdı), təklifi qəbul edərək müraciət olunmasına razılıq verdi. Buna baxmayaraq, xx.xx.2023-cü ildə adı çəkilən Universitetdənmüraciətin qəbul edilmədiyi və təkrar göndərilməli olduğu haqqında e-mail gəldi. Bu barədə cavabdehin məlumatlandırıldığına baxmayaraq, yenə də heç bir tədbir görülmədi (tələb etdiyinə baxmayaraq, bu barədə iddiaçıya rəsmi məlumat təqdim edilmədi). Bundan sonra iddiaçı həqiqəti qəbul etdi ki, cavabdehin işə qeyri-ciddi, məsuliyyətsiz, etinasız yanaşması nəticəsində bütün müraciətlərin son tarixləri qaçırılıb və o vaxt itkisi ilə yanaşı, payız semestrinə daxil olmaq şansını da itirib.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-928/2024 saylı, 16 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Qasımov) iddia qismən təmin olunmuş,cavabdeh "xxxx" MMC-dən 1800 manat məbləğində müqavilə üzrə ödənilmiş xidmət haqqı və 24,30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia 2200 manat məbləğində sənədlərin hazırlanmasına çəkilmiş xərclər və 2000 manat məbləğində mənəvi ziyana aid hissədə təmin edilməmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər bağladıqları xidmət müqaviləsində müqavilənin predmetini göstərməmiş, iddiaçının sifariş etdiyi xidmətləri müqavilənin ayrılmaz tərkib hissəsi elan etdikləri "Əlavə"də göstərməyi razılaşsalar da, belə bir sənəd tərtib etməmişlər. Bu isə Mülki Məcəllənin 405.1-ci maddəsinə ziddir və belə olan halda, müqavilə bağlanmış sayıla bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh bağlanmamış müqaviləyə əsaslanaraq iddiaçıdan 1800 manat xidmət haqqı almaqda haqlı olmamışdır. Bu səbəbdən cavabdeh həmin məbləği iddiaçıya qaytarmalıdır. İddiaçının tələb etdiyi 2200 manat məbləğində sənədlərin hazırlanmasına çəkilmiş xərclərin ödənilməsi tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, xx.xx.2022- ci il tarixli "Xidmət müqaviləsi" yuxarıda göstərilən əsaslara görə bağlanmış sayılmadığına görə iddiaçı həmin müqavilə üzrə xərc çəkməyə başlamamalı idi, bu səbəbdən də iddiaçı hər hansı xərc çəkməsini cavabdehin həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsi ilə əsaslandırmaqda haqlı deyil.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 389.1, 390.1, 404.1, 405.1, 406.1-406.3, 425.1, 442, 445.1-ci maddələri, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı və cavabdeh qətnamədən apellyasiya şikayəti vermişlər.
8. İddiaçı qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış "Xidmət müqaviləsi"nə əsasən İddiaçı universitetə qəbul ilə bağlı əlavə xərcləri öz hesabına qarşılamalı idi, lakin iddiaçı Sogang Universitetinə qeydiyyat haqqının naməlum səbəbdən icra etməmişdir. "xxxx" MMC tərəfindən Ajou Universitetinə müvafiq sənədlər təqdim edilsə də, vaxt məhdudiyyətini olmasını əsas gətirərək həmin universitetdən qəbulun növbəti semestr mümkün olduğu bildirilmişdir. Tərəflər arasında imzalanmış "Xidmət müqaviləsi"nə əsasən "xxxx"MMC tələbənin qəbulu ilə bağlı nəticəyə cavabdeh deyil və tələbə universitetə qəbul olunmadığı tədqirdə xidmət haqqının 20%-inin geri qaytarılmasını təmin edir. Cavabdeh "xxxx" MMC birinci instansiya məhkəməsinə İddiaçı Korea universitetlərinə qəbulu ilə bağlı bütün sübutları (işgüzar yazışmaları və s.) təqdim edib. Nəticə etibarı ilə cavabdeh müqavilə şərtlərinə uyğun olaraq götürdüyü öhdəliyin icra edilməsi tam sübut olunur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndələri məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Onlar eyni zamanda cavabdehin apellyasiya şikayətinin rədd olunmasını xahiş etdilər.
12. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında təmsil etdiyi müəssisənin apellyasiya şikayətinin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 406.2. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Maddə 406.3. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
14. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı
"mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı işdə qətnaməni hər iki tərəf mübahisələndirdiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.
18. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər müqavilənin predmeti kimi həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əlavə”də göstərilən xidmətləri müəyyən etmişlər. Lakin buna baxmayaraq, həm "icraçı", həm də "sifarişçi" tərəfindən imzalanmış vahid bir "Əlavə" mövcud deyil. Məhkəməyə iddiaçının təqdim etdiyi "Əlavə № 1" adlanan sənəd yalnız İddiaçı tərəfindən, cavabdehin təqdim etdiyi digər oxşar bir sənəd isə yalnız cavabdeh "xxxx" MMC-nin direktoru Aisa Aslanova tərəfindən imzalanmışdır. Hər iki sənəddə İddiaçı və cavabdeh "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən iddiaçının adından cavabdehin Əlavədə adları qeyd olunan universitetlərə müraciət etməsinə razılıq verdiyi və bunun üçün hər proqrama uyğun olaraq qarşısında qeyd olunan cavabdehin xidmət haqqının iddiaçı tərəfindən cavabdehə nəqd və ya bank yolu ilə ödəniləcəyi göstərilmişdir. Hər iki sənəddə "Universitetin adı" və "İxtisas" adlanan iki sütundan ibarət cədvəl əks olunmuşdur. Lakin iddiaçının təqdim etdiyi sənəddə 06 universitetin və 06 ixtisasın, cavabdehin təqdim etdiyi sənəddə isə 02 universitetin və 02 ixtisasın adları yazılmışdır.
19. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmış vahid "Əlavə" mövcud olmasa da, eyni universitetin eyni ixtisası yuxarıda şərh edilən hər iki sənəddə göstərilmiş olsaydı, həmin universitetin həmin ixtisasını müqavilənin predmeti kimi qəbul etmək olardı. Lakin müəyyən olundu ki, Sogang Universitetinin adı hər iki sənəddə göstərilsə də, universitetin qarşısında "İxtisas" sütununda birinci sənəddə "English education", ikincidə isə bundan fərqli olaraq "English language and literature field" adlanan başqa bir ixtisas göstərilmişdir. Beləliklə, məhkəməyə təqdim olunmuş iki ayrı-ayrı "Əlavə"də üst-üstə düşən ixtisas yoxdur. Belə olan halda, tərəflərin müqavilə bağlayarkən hansı universitetin hansı ixtisası ilə bağlı razılığa gəldiklərini müəyyən etmək mümkün deyil.
20. Həmçinin, müqavilədə və təqdim olunmuş "Əlavə"lərdə iddiaçının sifarişi əsasında cavabdehin universitetlərə qəbul üçün müraciətlər göndərməsi öhdəliyi ümumi şəkildə nəzərdə tutulsa da, bu müraciətlərin hansı vaxt ərzində, hansı qaydada edilməli olduğunu, ən əsası isə müraciət göndərməklə hansı nəticənin əldə edilməli olmasını və sair bu kimi detalları müəyyən etmək mümkün deyil. Hər iki tərəf cavabdehin bəzi universitetlərlə yazışdığını bildirsə də, tərəflərin əvvəlcədən məhz bu yazışmalarla bağlı razılaşıb-razılaşmadıqları aydın olmur. Məhz bu səbəbdən, yəni müqavilə öhdəlikləri əvvəlcədən dəqiq təyin edilmədiyinə görə hazırda cavabdeh universitetlərlə apardığı yazışmaları öhdəliyinin tam icrası kimi təqdim edir, iddiaçı isə bunları yetərli hesab etmir.
21. Göründüyü kimi, tərəflər bağladıqları xidmət müqaviləsində müqavilənin predmetini göstərməmiş, iddiaçının sifariş etdiyi xidmətləri müqavilənin ayrılmaz tərkib hissəsi elan etdikləri "Əlavə"də göstərməyi razılaşsalar da, belə bir sənəd tərtib etməmişlər. Bu isə Mülki Məcəllənin 405.1-ci maddəsinə ziddir və belə olan halda, müqavilə bağlanmış sayıla bilməz.
22. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür (maddə 777.1). Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (maddə 777.2). Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır (maddə 779.1).
24. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən icraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var.
25. Həmin Qanunun 12-ci maddəsinin tələbinə görə istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.
26. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qanunvericiliyin normaları və iş materiallarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
27. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: İddiaçı və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 16 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.