Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3039/2020 05.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Balaban Nərgiz Cəlaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının özünün, cavabdehin (atası) nümayəndəsi X4 və cavabdehin vəkili X3 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsi və “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, onunla cavabdehin nikahından doğulmuş uşaqların – xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay, hər uşağa görə 200 (cəmi 400) manat sabit pul məbləğində alimentin, uşaqların xəstəli üçün əlavə xərc olaraq 300 manat, xx.xx.2018-ci il təvəllüdlü Reyhan 3 yaşına çatana kimi isə iddiaçının özü üçün 100 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2018-ci il tarixdə nikaha daxil olaraq, ailə qurmuşlar. Bu nikahdan onların 2 uşaqları var. Nikahdan uşaqların olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onlar ayrılmışlar. Uşaqlar analarının (hazırki iş üzrə iddiaçının) yanında qalmışlar. Uşaqların hər ikisinin səhhətində problemlər var; mütəmadi olaraq müalicəyə ehtiyacları var. Cavabdehlə ayrı yaşadıqları müddət ərzində iddiaçı, uşaqların səhhəti ilə bağlı zəruri xərcləri özü qarşılayır. Cavabdeh uşaqların saxlanılması və müalicəsi ilə əlaqədar iddiaçıya köməklik göstərmir. Uşaqlar körpə və xəstə olduqları üçün iddiaçı işləyə bilmir, sosial məzuniyyətdədir. Cavabdehin isə alimenti və qeyd edilən xərcləri ödəmək üçün maddi imkanı var. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay, hər uşağa gərə 160 (cəmi 320) manat sabit pul məbləğində alimentin, xx.xx.2018-ci il təvəllüdlü Reyhan 3 yaşına çatana kimi iddiaçının özü üçün 50 manat, uşaqların xəstəliklərinin müalicəsi üçün hər uşağa görə 50 (cəmi 100) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, işin hallarına uyğun gəlmədiyi üçün qətnamənin ləğv edilməsini və işin hallarına uyğun olan qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdehin gəliri heç də, iddiaçını bildirdiyi kimi yüksək deyil; cavabdeh polis nəfəri vəzifəsində işləyir və cəmi 670 manat məbləğində əmək haqqı alır. Digər tərəfdən nəzərə alınmalıdır ki, uşaqlar faktiki olaraq sağlamdırlar və bu tibb sənədləri ilə təsdiq edilir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehin özünə məxsus yaşayış yeri yoxdur, o, kirayədə qalır. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu hallarına nəzərə almamış, əmək haqqısı cəmi 670 manat olan cavabdehdən 470 manat məbləğində alimentin tutulmasını qət etmişdir ki, yerdə qalan 200 manat heç kirayə haqqı ödənilməsinə çatmır. Bununla yanaşı qeyd edilməlidir ki, cavabdeh işləyib əmək haqqı aldığı halda Rayon Məhkəməsi alimenti cavabdehin gəlirinin 2/3 hissəsi miqdarında müəyyən etmək əvəzində cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını qət etmişdir ki, bu da, Ailə Məcəlləsinin normalarına ziddir. Cavabdeh nümayəndəsi və vəkili apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni “iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş uşaqların müalicəsi üçün hər uşağa görə 50 (cəmi 100) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə” hissədə ləğv edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmışdır (“Nikah haqqında şəhadətnamənin” surəti, iş v. 12). Nikahdan iş üzrə tərəflərin 2 övladı var: xx.xx.2014-cü il təvəllüdlü İnci və xx.xx.2018ci il təvəllüdlü Reyhan (“Doğum haqqında şəhadətnamələrin” surəti, iş v. 13, 14). Reyhan xx.xx.2019-cu il tarixdən “Anemiya İ dərəcə” diaqnozu ilə dispanser qeydiyyatındadır (Sabunçu Rayon 22 №-li Uşaq poliklinikasının xx.xx.2019-cu il tarixli, 211 №-li arayışı; iş v. 15). İnci isə cərrahiyə əməliyyat olunmuş və xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi “OU – cərrahi əməliyyatdan sonrakı ortotropiya; mürəkkəb hipermetrik astiqmatizm; binokülyar görmənin zəyfliyi” diaqnozu ilə X7 adına Milli Oftalmologiya Mərkəzində müayinələrdən keçmişdir (həmin Mərkəzin xx.xx.2019-cu il tarixli, 1462 №-li və xx.xx.2019-cu il tarixli, 1761 №-li arayışları; iş v. 19 və 39). Nikahdan uşaqların olmasına baxmayaraq iddiaçı ilə cavabdehin münasibətləri pozulmuş və onlar ayrılmışlar. Uşaqlar analarının (hazırki iş üzrə iddiaçının) yanında qalmışlar. Cavabdehlə ayrı yaşadıqları müddət ərzində iddiaçı, uşaqların səhhəti ilə bağlı zəruri xərcləri özü qarşılayır. Cavabdeh uşaqların saxlanılması və müalicəsi ilə əlaqədar iddiaçıya köməklik göstərmir. İddiaçı xx.xx.2013-cü il tarixdən Respublika Gigiyena və X1-damcı infeksiyalar bölməsində həkimköməkçi vəzifəsində işləyir; xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinə qədər sosial məzuniyyətdədir (həmin Mərkəzin xx.xx.2019-cu il tarixli, xx-xx/2704 №-li arayışı; iş v. 40). Cavabdeh hazırda Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində işləyir; tutmalar aparıldıqdan sonra aylıq əmək haqqı 671,78 manat təşkil edir (həmin RPİ-nin xx.xx.2019-cu il tarixli, 048-770-1219 №-li arayışı). İşdə olan sənədləri və tərəflərin məhkəmələrə verdikləri məlumatları nəzərə alan Məhkəmə bildirir ki, iddiaçı tərəfindən cavabdehə qarşı irəli sürülmüş tələblərdən biri “uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay sabit pul məbləğində alimentin tutulması” barədədir. İşə baxmış Rayon Məhkəməsi cavabdeh uşaqların saxlanılması ilə əlaqədar iddiaçıya köməklik göstərmədiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə uşaqların saxlanılması üçün aliment tutulmalıdır. Qeyd edilən hal apellyasiya baxışı zamanı də, müəyyən edildiyindən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İddiaçı alimentin məbləğini hər uşağa görə 200 manat, cəmi 400 isə manat məbləğində müəyyən edilməsini xahiş etmiş, işə baxmış Rayon Məhkəməsi Rayon Məhkəməsi hesab etmişdir ki, uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı sabit pul məbləğində ifadə olunmalı və hər uşağa görə 160 manat məbləğində müəyyən edilməlidir. Qətnamədən verdiyi apellyasiya şikayətində cavabdeh bildirir ki, o, işləyib əmək haqqı aldığı halda Rayon Məhkəməsi alimenti onun gəlirinin 2/3 hissəsi miqdarında müəyyən etmək əvəzində ondan sabit pul məbləğində alimentin tutulmasını qət etmişdir ki, bu da, Ailə Məcəlləsinin normalarına ziddir. Bununla bağlı Məhkəmə qeyd edir ki, həqiqətən də, Ailə Məcəlləsinin 76.1-ci maddəsinin mənasına görə, valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda, məhkəmə tərəfindən aliment ödəməli olan valideyndən hər ay aliment tutulur. 2 uşağa görə aliment həmin valideynin qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında tutulur. Lakin qeyd edilməlidir ki, Artıq yuxarıda qeyd edildiyi kimi cavabdeh hazırda işləyir və onun aylıq əmək haqqısı 671,78 manat təşkil edir. Belə olan halda cavabdehdən iddiaçının xeyrinə 1/3 hissədə aliment tutularsa bu məbləğ cəmi 223,92 manat, hər uşağa görə isə 111,96 manat təşkil edəcəkdir ki, bu da, iddiaçının və uşaqların marağını əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Çünki, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunundan görünür ki, işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman 2019-ci il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunundan isə görünür ki, cari ildə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyasının” 3-cü maddəsinə görə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin mənasına görə isə, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimenti sabit pul məbləğində və 160 manat müəyyən etməkdə haqlı olmuşdur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə iddianın “xx.xx.2018ci il təvəllüdlü Reyhan 3 yaşına çatana kimi iddiaçının özü üçün 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə hissəsini qismən təmin edərək qət etmişdir ki, uşaq 3 yaşına çatana kimi cavabdehdən iddiaçının xeyrinə 50 manat məbləğində pul tutulsun. Cavabdeh qeyd edilən bu nəticəni əsassız hesab edir. Qətnamənin müzakirə edilən bu hissəsi ilə bağlı Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 85.1-ci maddəsinin mənasına görə, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı, azyaşlı uşağa qulluq etməsi səbəbindən sosial məzuniyyətdədir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslıdır. Rayon Məhkəməsi həmçinin iddianın “uşaqların xəstəliklərinin müalicəsi üçün cəmi 300 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə hissəsini qismən təmin edərək uşaqların müalicəsi üçün hər uşağa görə 50 (cəmi 100) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Cavabdeh bu nəticəni də, əsassız hesab edir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, qətnamənin müzakirə edilən hissəsi səhvdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən uşaqların səhhətlərində müəyyən problemlərin olması müəyyən edilsə də, bu hal, Ailə Məcəlləsinin 81.3-cü maddəsinə görə cavabdehin - atanın əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə əsas ola bilməz, çünki həmin maddənin tələbinə görə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Lakin iş üzrə iddiaçı bu kimi xərclərin onun tərəfindən artıq çəkilmiş olduğunu və ya bu kimi xərcləri qarşılamalı olmasını təsdiq edə biləcək sübutları (məsələn: xərclərin ödənilməsi ilə bağlı edilmiş ödənişləri təsdiq edən kassa çeklərini və ya müalicənin (əməliyyatın) həyata keçirilməsi üçün əvvəlcədən ödənilməsi zəruri olan xərclər barədə ödənişli tibb müəssisəsinin müvafiq arayışını) məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan Məhkəmə hesab edir ki, sübuta yetməyən tələb əsaslı hesab edilə və təmin oluna bilməz. Göründüyü kimi, müzakirə edilən hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun gəlmir, Rayon Məhkəməsi həmin hissədə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. MPM-nin 385.1-ci maddəsinə görə isə, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. Beləliklə də, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni “iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş uşaqların müalicəsi üçün hər uşağa görə 50 (cəmi 100) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə” hissədə ləğv edilməli, qeyd edilən tələb rədd edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhər Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə, “iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş uşaqların müalicəsi üçün hər uşağa görə 50 (cəmi 100) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə” hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək bu tələb təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamənin qalan hissəsi, yəni “iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh ilə cavabdehin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay, hər uşağa gərə 160 (cəmi 320) manat sabit pul məbləğində alimentin, xx.xx.2018-ci il təvəllüdlü Reyhan 3 yaşına çatana kimi iddiaçının özü üçün 50 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsi” hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Elşad Şamayev “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-3039/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3039/2020
05.03.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver