Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3044/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “müqavilənin ləğv edilməsi və borcun silinməsi” tələbinə mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata xitam verilmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “müqavilənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. 17 mart 2015-ci il tarixli, CD/28725/50/31 saylı kredit sazişindən görünür ki, Cavabdeh ASC-nin Yeni Günəşli filialı tərəfindən İddiaçı1 illik 28% dərəcəsi ilə 21 ay müddətinə 5255 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. 23 noyabr 2015-ci il tarixli, RF/90537/54/18 saylı kredit sazişindən görünür ki, Cavabdeh ASC-nin Əhmədli filialı tərəfindən İddiaçı1 illik 28,55% dərəcəsi ilə 48 ay müddətinə 4709 ABŞ dolları məbləğində kredit verilmişdir.
3. 30 dekabr 2019-cu il tarixli, BF/21220/73/22 saylı əsas kredit borcunun restrukturizasiyası üzrə “Güzəştli kredit müqaviləsi”indən görünür ki, Cavabdeh ASC-nin Mərdəkan filialı tərəfindən İddiaçı1 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 7591,15 manat məbləğində kredit verilmişdir.
4. 30 dekabr 2019-cu il tarixli, Z-BF/21220/73/22 saylı “Zaminlik müqaviləsi”indən görünür ki, İddiaçı2 30 dekabr 2019-cu il tarixli, BF/21220/73/22 saylı “Güzəştli kredit müqaviləsi” üzrə öhdəliyin tamamilə icra edilməsinə görə İddiaçı1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.
5. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçılar tərəfindən güzəştli kredit və zaminlik müqavilələrinin ləğv edilməsi və hesablanmış 7591,15 manat borcun silinməsi Cavabdeh ASC-dən tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “müqavilənin ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dollar hesabı ilə olan borcunu beş il ərzində ödədiyi pullara nisbətdə düzgün çıxılmadan əlavə faiz və dəbbə pulu hesablayıb onu borclandırmaqla yenidən, yəni İddiaçı1 ilə Cavabdeh ASC-nin Mərdəkan filialı arasında 30 dekabr 2019-cu il tarixdə bağlanmış əsas kredit borcunun restrukturizasiyası üzrə BF/21220/73/22 saylı “Güzəştli kredit müqaviləsi”nin ləğv edilməsi və İddiaçı2 ilə Cavabdeh ASC-nin Mərdəkan filialı arasında 30 dekabr 2019-cu il tarixli restrukturizasiya olunmuş əsas öhdəliyin təminatı üzrə ZBF/21220/73/20 saylı “Zaminlik Müqaviləsi”nin ləğv edilməsi, bank tərəfindən ödədiyi pullar düzgün çıxılmadan yenidən şişirdilərək faiz və dəbbə pulu hesablamaqla ümumilikdə adına yazılmış 7591,15 manat borc məbləğinin tam silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, İddiaçı1 23 aprel 2014-cü ildən dolların manata məzənnəsi ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 7000 ABŞ dolları götürərək özünü tora salmışdır. Belə ki, iddia üzrə cavabdeh olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 23 aprel 2014-cü ildən ona ABŞ dolları ilə verdiyi kreditə görə ödədiyi pulları hər il azaltmaqla yeni müqavilələrə imza atdırmaqla və ödəniş cədvəlində dəyişikliklər etməklə əslində ödədiyi pulları əsas məbləğdən düzgün çıxmadan hər dəfə adında əlavə faiz və dəbbə pulu saxlamışdır. Həmçinin,Respublikada baş vermiş devalvasiyadan sui-istifadə edən Cavabdeh ASC restrukturizasiya etmək adı ilə ona 30 dekabr 2019-cu il tarixdə kredit borcunun restrukturizasiyası üzrə BF/21220/73/22 saylı kredit müqaviləsinə və eyni ildə, ayda digər İddiaçı2 restrukturizasiya olunmuş öhdəliyin təminatı üzrə Z-BF/21220/73/22 saylı zaminlik müqaviləsinə imzala çəkdirməklə əsas məbləğ, əlavə faiz və dəbbə pulu hesablayıb adına 7591,15 manat borc pul yazmışdır. Cavabdeh ASC 7000 ABŞ dollarına görə bəlkə də üç dəfə artıq ödədiyi pulları faiz və dəbbə pulu adı ilə silsə də rəqəmlər cavabdeh ASC tərəfindən o qədər şişirdilib ki, o, cavabdeh banka nə qədər pullar ödəsə də borcu azalmır, əksinə onun Cavabdeh ASC-yə olan borcu ancaq artır. Bir neçə aydır ki, Cavabdeh ASC ona 30 dekabr 2019-cu il tarixdə BF/21220/73/22 saylı kredit müqaviləsi üzrə ona imzalatdırdığı, dollar hesabından hesablayıb manata keçirtmək adı ilə yenidən şişirdib artırıb yazdıqları əsas məbləğ, faiz və dəbbə pulu olan 7591,15 manat adına yazılmış borcu həmin müqavilənin qüvvədə olmasından sui-istifadə edərək tələb edirlər. O, belə başa düşür ki, bankın fürsət bildiyi və Cavabdeh ASC-nin işçilərinin “sonra gec olar, vaxtı keçər Sizə şamil olmaz” kimi deyib müqaviləyə 30 dekabr 2019-cu ildə imzalatdırmaqla onun vəziyyətini yüngülləşdirmək adı ilə həm aldatmışlar, həm də imzalatdırdıqları müqavilələr ilə vəziyyətini daha da ağırlaşdırmışlar. Ona görə də məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edir. Cavabdeh ASC-nin Mərdəkan filialı ilə aralarında 30 dekabr 2019-cu il tarixdə bağlanmış əsas kredit borcunun restrukturizasiyası üzrə BF/21220/73/22 saylı “Güzəştli kredit müqaviləsi” və İddiaçı2 ilə Cavabdeh ASC-nin Mərdəkan filialı arasında 30 dekabr 2019-cu il tarixli restrukturizasiya olunmuş əsas öhdəliyin təminatı üzrə Z- BF/21220/73/22 saylı zaminlik müqaviləsi yalnız Bank of Baku” ASC rəhbərliyinin maraqlarına xidmət edir. Borcunun 7591,15 manata yüksəlməsi buna əyani sübutdur. Onun beş il ərzində ödədiyi pullar Cavabdeh ASC tərəfindən ümumiyyətlə nəzərə alınıb əsas məbləğdən deyil, yalnız faiz və dəbbə puluna çıxılmışdır.
8. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-nə qarşı “müqavilənin ləğv edilməsi, borcun silinməsi” tələbinə dair iddiasının təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməsi, məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) hesabına keçirilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçılar və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçıların hazırkı iş üzrə tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Hazırkı işdə tərəflər bağladıqları müqavilələrin şərtlərini azad şəkildə özləri razılaşdırmış və üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, məhkəmə araşdırması zamanı həmin müqavilələrin ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının da rəyindən görünür ki, İddiaçı1 xx.xx.2015-ci il tarixli, CD/28725/50/31 saylı kredit sazişi üzrə xx.xx.2019-cu il tarixə banka 4040,47 ABŞ dolları əsas, 1335,60 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 851,87 ABŞ dolları faiz borcu, xx.xx.2015-ci il tarixli, RF/90537/54/18 saylı kredit müqaviləsi üzrə isə xx.xx.2019-cu il tarixə 4680,49 ABŞ dolları əsas, 4997,02 ABŞ dolları faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 24,05 ABŞ dolları faiz borcu vardır. Məhkəmə, həmçinin mülki iş üzrə ödənilmiş dövlət rüsumunun müvafiq olaraq iddiaçıların özlərinə aid edilməsini məqsədəmüvafiq hesab etmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 14.2.1, 385.1, 386.1, 387.2, 389.1, 390.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 81, 217.4, 216- 220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
11. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, bu mülki iş üzrə ona borc olaraq yazılmış 4680,49 ABŞ dolları əsas, 4997,02 ABŞ dolları faiz və 24,05 ABŞ dolları gecikdirilmiş faiz hakim tərəfindən tədqiq edilmədən yaranmış fərq ilə bağlı ekspertiza keçirilmədən, onun və digər iddiaçının ekspert qarşısında sualların qoyulmasına şərait yaradılmaması və yazılmış şişirdilmiş borc üzrə rəqəmlərin müəyyən edilməməsi nəticəsində təkrar ekspertiza keçirməməklə bu maddənin tələbləri pozulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi iddia tələbi üzrə mühasibatlıq ekspertizası təyin edərkən ekspert qarşısında qoyulan sualların verilməsində onun da iştirakı təmin edilməli, istər əsas məbləğin 4680,49 ABŞ dollarının olması, istərsə də ondan iki dəfə artıq faiz məbləğinin 4997,02 ABŞ dolları olması hakim tərəfindən tənqidi yanaşmadan, hakimin cavabdeh bankın mühasibatçısı rolunda çıxış etməsi azmış kimi, onun da prosessual hüquqlarını pozmaqla hətta məhkəmə günü barədə xəbərdarlıq göndərmədən iddiaçı olaraq onun və digər İddiaçı2 prosessual hüquqlarını pozmaqla öz istədiyi tərzdə iddia tələbinə nəticə verməklə bu maddənin bütün tələblərini pozmuşdur. Cavabdeh "xxxx" ASC-nin özbaşınalıqları nəticəsində onun ödədiyi pullar faiz və dəbbə pullarına çıxılmaqla hakimin öz təxəyyülü əsasında təyin etdiyi rəyə əsasən hesablanıb ona borc olaraq yazılmış 4680,49 ABŞ dolları əsas, 4997,02 ABŞ dolları faiz və 24, 05 ABŞ dolları gecikdirilmiş faiz hakim tərəfindən tədqiq edilmədən, cavabdehin mənafeyinə qərar verməklə iddianı onu çağırmadan yekunlaşdırmaq nəticəsini verməklə bütün prosessual hüquqlarını pozmaqla yanaşı bu maddənin tələblərini də pozmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsini 31 yanvar 2023-ıü il tarixli 2(005)-106/2023 saylı qətnaməsi onun və digər iddiaçının bütün prosessual hüquqlarını pozduğundan, bütün təqdim etdikləri sənədlər birmənalı olaraq məhkəmə tərəfindən cavabdehin mənafeyinə yozulduğundan qətnamənin ləğv edilməsi üçün bu normaya əsasən kifayət qədər əsaslar vardır. Məhkəmə iddiaçı olaraq onu və digər İddiaçı2 məhkəməyə dəvət etmədən, çəkişmə prinsipini pozmaqla, bütün prosessual hüquqlarını kobud surətdə pozmaqla bu normanın tələblərini pozmuşdur.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
13. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, iddiaçı ilə güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi bağlanmışdır. Hesabdan çıxarışlar da mövcüddur, iddiaçı ödənişlər də etmişdir. 26 aprel 2022-ci il tarixində ödənişlər tam dayanmışdır. İddiaçı bildirir ki, müqaviləni bağlamalı deyildi. 2015ci il müqaviləsin üzrə iddiaçı guya ki, borclu olmamışdır. Həmin müqavilədə dollar krediti olmuşdur. Bank məbləği nə dəyişdirə bilər, nə də azalda bilər, belə səlahiyyəti yoxdur. 7591 manat dollar ekvivalentində əsas borcun manata konvertasiyası üzrədir. İşə baxan rayon məhkəməsi də bu məsələni aydınlaşdırmaq üçün ekspertiza keçirilməsini qərara almışdır. Ekspert də qanuni rəy vermişdir. Faizlə cərimə güzəşt edilmişdir. Əsas borc restrukturizasiya edilmişdir.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, Rayon məhkəməsi işə birtərəfli baxmışdır. Onun iştirakı olmadan iclaslar keçirilmişdir. Onun iclaslardan xəbəri olmayıb. O iddiaçıdır, iştirakı təmin edilməli idi. Cavabdeh bank ilə 2014-cü ildə kredit müqavilə bağlamışdır. Onunla 3 dəfə müqavilə bağlayıblar. Birinci dəfə pul götürüb müqavilə bağlamışdır. İkinci dəfə müddəti uzatmaq üçün müqavilə bağladılar. Onun borcunun üzərinə faiz, cərimə gəldilər. Hazırda ona qarşı pul tələbi qaldırararaq cavabdeh məhkəməyə müraciət etmişdir. Faiz və cərimələrin üzərindən götürülməsini xahiş edir. Ona hədə-qorxu gəldikləri üçün imzalamağa razılıq verib. Ödənişləri 2-3 ay edib. Daha sonra maddi imkanı olmayıb. Onu məhkəməyə verməkləri ilə hədə gəldiklərinə görə o müqavilələri imzalayıb. O da müqaviləni bağlamağa məcbur olub. 7 min pul götürmüşdü, 5 min də ödəyib. Amma 7500 borcun necə yaranmasını bilmir. Banka borcu 3000-ə yaxın idi. Cərimələr üstünə gəldiyinə görə restrukturizasiyaya düşmədi. Onunla yenidən müqavilə bağlansın ki, cərimələr, borclar silinsin. Hazırda kirayədə qalır, vəziyyəti pisdir. Borcların silinməsin xahiş edir. Əgər silinsə idi, restrukturizasiya düşə bilərdi.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Mülki Prosessual Məcəllə
16. Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir.
18. Belə ki, iddiaçılar hazırkı iddiasında İddiaçı1 ilə bank arasında imzalanmış “Əsas kredit borcunun restrukturizasiyası üzrə” 30 dekabr 2019-cu il tarixli BF/21220/73/22 saylı “Güzəştli kredit müqaviləsi”nin ləğv edilməsi, həmçinin İddiaçı2 ilə “Restrukturizasiya olunmuş əsas öhdəliyin təminatı üzrə” ZBF/21220/73/20 saylı, 30 dekabr 2019-cu il tarixli “Zaminlik Müqaviləsi”nin ləğv edilməsini və 7591,15 manat borc məbləğinin silinməsini xahiş edir.
19. İş materiallarında ilə müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı 30 dekabr 2019-cu il tarixli BF/21220/73/22 saylı “Güzəştli kredit müqaviləsi”nin ləğv edilməsi və cavabdehlərdən bankın xeyrinə 7235,92 manat pulun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-201/2022 saylı, 28 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı Cavabdeh ASC ilə cavabdeh İddiaçı1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli BF/21220/73/22 saylı Güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada 7086,32 manat əsas borc manat pulun tutularaq Cavabdeh ASC-yə ödənilməsi, cavabdehlər İddiaçı1 və İddiaçı2 birgə qaydada ödənilmiş dövlət rüsumu üzrə 30,0 manat tutularaq Cavabdeh ASC-yə ödənilməsi, ekspertiza xərci kimi 50 manat pulun cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ013601**********3944 SWİFTBİKCTREAZ 22) hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
20. Göründüyü kimi, İddiaçı1 ilə bank arasında imzalanmış 30 dekabr 2019-cu il tarixli BF/21220/73/22 saylı “Güzəştli kredit müqaviləsi”nin ləğv edilməsi ilə bağlı məsələ daha əvvəl məhkəmə araşdırmasının predmeti olmuş, mübahisəyə hüquqi qiymət verilərək müqavilənin ləğv edilməsi, müqavilə üzrə ödənilməli olan pulun İddiaçı1 və İddiaçı2 tutulması qət edilmişdir.
21. İddiaçıların digər tələbi - İddiaçı2 ilə “Restrukturizasiya olunmuş əsas öhdəliyin təminatı üzrə” ZBF/21220/73/20 saylı, 30 dekabr 2019-cu il tarixli “Zaminlik Müqaviləsi”nin ləğv edilməsi ilə bağlı məhkəməyə kollegiyası qeyd edir ki, zaminlik müqaviləsi borc – kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq bağlanmışdır. Əsas kredit müqaviləsi ləğv edildiyindən onun təminatı olaraq imzalanmış zaminlik müqaviləsi öz hüquqi əhəmiyyətini itirmişdir.
22. Mülki Məcəllənin 477.0.1-ci maddəsində qeyd edilir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə zaminliyə xitam verilir.
23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, 30 dekabr 2019-cu il tarixli BF/21220/73/22 saylı “Güzəştli kredit müqaviləsi”nin ləğv edilməsi, kredit müqaviləsi üzrə borc məbləğinin İddiaçı1 və İddiaçı2 tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır, müqavilə artıq ləğv olunduğundan hazırkı iddia tələbinə məhkəmədə baxıla bilməz.
24. Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
25. MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-106/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı dollar hesabı ilə olan borcunu beş il ərzində ödədiyi pullara nisbətdə düzgün çıxılmadan əlavə faiz və dəbbə pulu hesablayıb onu borclandırmaqla yenidən, yəni İddiaçı1 ilə Cavabdeh ASC-nin Mərdəkan filialı arasında 30 dekabr 2019-cu il tarixdə bağlanmış əsas kredit borcunun restrukturizasiyası üzrə BF/21220/73/22 saylı “Güzəştli kredit müqaviləsi”nin ləğv edilməsi və İddiaçı2 ilə Cavabdeh ASC-nin Mərdəkan filialı arasında 30 dekabr 2019-cu il tarixli restrukturizasiya olunmuş əsas öhdəliyin təminatı üzrə ZBF/21220/73/20 saylı “Zaminlik Müqaviləsi”nin ləğv edilməsi, bank tərəfindən ödədiyi pullar düzgün çıxılmadan yenidən şişirdilərək faiz və dəbbə pulu hesablamaqla ümumilikdə adına yazılmış 7591,15 manat borc məbləğinin tam silinməsi barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev