Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3054/2024 29.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-194/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 9/7866 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, 2012-ci il buraxılışlı «Volkswagen Polo» markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən dövrdə 7215 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir.
2. İş materiallarına əsasən müəyyən olunur ki, “Paşa Sığorta “ ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 2012-ci il buraxılışlı «Volkswagen Polo» markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin yekun qiymətləndirilmə məbləği 7215 manat təşkil edir. Dəymiş ziyanın yalnız 2099 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmişdir.
3. İş materiallarında olan X2 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023cü il tarixli ərizəyə əsasən müəyyən olunur ki, sərəncamında olan 2012-ci il buraxılışlı «Volkswagen Polo» markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə xx.xx.2023cü il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı Paşa Sığorta” ASC tərəfindən müəyyən olunmuş zərər məbləği ilə razıdır.
4. İş materiallarına əsasən müəyyən olunur ki, 1846 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə üzrə İddiaçı göstərilmiş hüquqi yardıma görə nümayəndəsi və vəkili Vəkil 400 manat ödəniş etmişdir.
5. İş materiallarına araşdırma zamanı alınmış izahatlar, arayışlar, zərərçəkən qismində müəyyən edilən digər şəxslər barəsində məlumatlar və digər materiallar əlavə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 14.43 radələrində qeydiyyat şəhadətnaməsi ilə ona məxsus olan və etibarnamə əsasında X2 tərəfindən idarə olunan «Volkswagen Polo» markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində ondan əvvəl dayanmış olan “Haval Dargo” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində dayanmışdır. Bu zaman onun arxasınca gələn sonradan markasını və dövlət qeydiyyat nişanını bildiyi BMW markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa hissəsindən vurmuşdur. Nəticədə həmin avtomobil dönərək qarşıdakı “Haval Dargo” markalı ** ZA *** qeydiyyat nişanlı avtomobilin arxa sol və arxa nahiyyəsinə çırpılmışdır. Hadisəni törədən avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh olmuşdur. xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin əməlində inzibati xətanın tərkibi olduğundan, cavabdehin Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Paşa Sığorta ASC tərəfindən dəymiş zərərin məbləği 7215 (yeddi min iki yüz on beş) manat müəyyən edilmişdir. Cavabdeh təqsirli hərəkəti nəticəsində vurulmuş 5115 manat maddi zərər, hüququ xidmətə görə 400 manat və dövlət rüsumu olaraq 76 manat olmaqla ümumilikdə 5591 (beş min beş yüz doxsan bir) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-194/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərərə görə 5115 manat, hüquqi xidmətə ödənilmiş 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 76 (yetmiş altı) manat olmaqla ümumilikdə 5591 (beş min beş yüz doxsan bir) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iş üzrə aparılmış ekspertiza üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcinin Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1108.1-1108.3-cü maddələrinə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 115.0.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı "xxxx" ASC tərəfindən dəymiş ziyanın cəmi 2099 manat məbləğində ödənilməsi ilə razılaşmışdır. Baxmayaraq ki, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən 2012-ci il buraxılışlı “Volkswagen Polo” markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobilin yekun qiymətləndirilmə məbləği 7215 manat təşkil edir. Dəymiş ziyanın yalnız 2099 manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmişdir və İddiaçı bununla tam razılaşmışdır. Bundan başqa bildirmək istəyirəm ki, 2012-ci il buraxılışlı “Volkswagen Polo” markalı avtomobilin bu günə olan bazar dəyəri 10-12 min manat təşkil edir. Belə olan halda avtomobilin təmiri üçün 7215 manat çox böyük məbləğdir. İddiaçı öz avtomobilin təmir işlərinə xərclədiyi vəsait barəsində məhkəməyə heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, "xxxx" ASC tərəfindən ödənilmiş məbləğ avtomobilin təmirinə kifayət etdiyi üçün iddiaçı həmin məbləğ ilə razılaşmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat üzrə qiymətlər yeni avtomobil üçün nəzərdə tutulmuşdur. Yəni 2012-ci il buraxılışlı avtomobilin 12 ilərzində istismar olunması nəzərə alınmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
15. 14.2.6-cı maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır.
16. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür.
18. 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
19. 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
20. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
21. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
22. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
23. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
24. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
25. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
26. 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
27. 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 82.3. bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
31. Maddə 82.4. məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
32. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.4 məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. Hazırki halda, Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası tərəfin izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-194/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Belə ki, işin müəyyən edilmiş mübahisəsiz halları odur ki, xx.xx.2023-cü il tarixdə saat 14.43 radələrində qeydiyyat şəhadətnaməsi ilə ona məxsus olan və etibarnamə əsasında X2 tərəfindən idarə olunan «Volkswagen Polo» markalı ** OU *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində ondan əvvəl dayanmış olan “Haval Dargo” markalı ** ZA *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsində dayanmışdır. Bu zaman onun arxasınca gələn sonradan markasını və dövlət qeydiyyat nişanını bildiyi BMW markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin arxa hissəsindən vurmuşdur. Nəticədə həmin avtomobil dönərək qarşıdakı “Haval Dargo” markalı ** ZA *** qeydiyyat nişanlı avtomobilin arxa sol və arxa nahiyəsinə çırpılmışdır. Hadisəni törədən avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh olmuşdur. xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehin əməlində inzibati xətanın tərkibi olduğundan, cavabdehin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-nə göndərilmişdir. Paşa Sığorta ASC tərəfindən dəymiş zərərin məbləği 7215 (yeddi min iki yüz on beş) manat müəyyən edilmişdir. Sözügedən məbləğ aparılmış məhkəmə ekspertizasının nəticəsində də öz təsdiqini tapır. "xxxx" ASC tərəfindən İddiaçı ödənilmiş məbləğ 2099 manat təşkil edir. Nəticə etibarilə, qalıq zərər məbləği 5115 manat təşkil edir. Göstərilən hallar mülki işin mübahisəsiz hallarıdır.
42. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
43. Kollegiya apellyasiya şikayətinin dəlili olan iddiaçının onun avtomobilinə dəymiş zərərin yalnız 2099 manat hissəsinin sığorta şirkəti tərəfindən ödənilməsinə razılığını bildirməsinə münasibətdə qeyd edir ki, iddiaçının razılığı iddiaçı ilə sığorta şirkəti arasında bağlanmış icbari sığorta müqaviləsinin şərtlərindən irəli gəlir və bu razılaşma cavabdehi öhdəliklərinin icrasından azad etmir.
44. Kollegiya apellyasiya şikayətinin dəlili olan avtonəqliyyat vasitəsinin istismar müddətinin nəzərə alınmaması, qiymətləndirmənin mübahisə predmeti olan avtomobilə münasibətdə deyil, buraxılış ili yeni olan avtomobilə uyğun aparılması dəlilinə münasibətdə bildirir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 9/7866 nömrəli ekspert rəyinə əsasən müəyyən olunur ki, Ekspertiza Mərkəzi tərəfindən işlənib hazırlanmış metodikaya əsasən, illik 3% aşınma nəzərə alınmaqla, 11 il (2012-2023) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 3637,0 manat müəyyən edilmişdir.
45. Kollegiya bildirir ki, qeyd olunan avtomobilin təmir-bərpa xərcinin avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 5767 (dəyişilməli hissələrin qiyməti 3637 manat manat + təmir-bərpa işlərinin qiyməti 2130 manat) müəyyən edilməsi ilə bağlı mötəbər sübut hesab edilən ekspert rəyini təkzib edən heç bir sübut apellyator tərəfindən təqdim edilməmişdir.
46. Kollegiya onu da qeyd edir ki, ekspert rəyi ilə avtomobilə dəymiş zərər 5767 manat müəyyən edilsə də, məhkəmə düzgün olaraq iddia tələbindən kənara çıxmamış, vurulmuş maddi zərəri 5115 manat həcmində qəbul etmişdir.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
49. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-194/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.