Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3055/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), İ oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-154/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə 70007768 nömrəli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 28% olmaq şərtilə, 9.000 ABŞ dolları məbləğində kredit verilmiş və xx.xx.2014-cü il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh1 tərəfindən qəbul edilmişdir.
2. xx.xx.2015-ci il tarixdə kredit müqaviləsinə 1 saylı Əlavə saziş imzalanmış, sazişə əsasən Cavabdeh1nin qalıq borcu 7.316,42 ABŞ dolları, kreditin müddəti isə 52 ay (xx.xx.2019-cu il tarixədək), aylıq ödəniş 244,37 ABŞ dolları müəyyən edilmişdir.
3. xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi üzrə 2 saylı Əlavə saziş imzalanmış, bu Sazişə əsasən cavabdehin qalıq kredit borcu konvertasiya (1 USD = 1,4 AZN) edilərək 11.702,39 manat (sazişə görə kredit qalığı – 8.321,29 manat əsas, 3.058,64 manat faiz borcu, 322,46 manat cərimə olmaqla), ödəniş müddəti 48 ay (xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək), faiz dərəcəsi 20%, aylıq ödəniş isə 253,22 manat müəyyən edilmişdir. İkinci Əlavə sazişə görə kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır.
4. İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə 70007768/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 xx.xx.2014-cü-ci il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşlər. Daha sonra, Bankla Cavabdeh2 arasında zaminlik müqaviləsinə dair iki Əlavə saziş bağlanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 3.861,31 manat əsas, 4.547,53 manat faiz, 4.939,60 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 563,22 manat faiz borcu və iş üzrə ödənilmiş 131,74 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, ləğv prosesində olan "Dəmir Bank” ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı işin yuxarıda istinad olunan hallarını qeyd etməklə iddia tələbini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********740 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü, kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
7. Cavabdehlərin vəkili və nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, bank ilə cavabdehlər arasında 36 ay müddətinə 9.000 ABŞ dolları məbləğində xx.xx.2014-cü il tarixli, 70007766 nömrəli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən, 7.316 ABŞ dolları qalıq borc hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişə əsasən, kredit restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalıq məbləği konvertasiya edilmiş 11.702,39 manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır və illik 20% ödənilir. Əlavə Sazişə əsasən, Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli, 70007768 nömrəli Zaminlik müqaviləsinin 5.1.4-cü maddəsinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində Kreditorun Zaminə və ya Zaminlərə qarşı iddia irəli sürülmədiyi halda xitam verilir. Odur ki, xx.xx.2022-ci il tarixindən etibarən zaminliyə xitam verilmişdir.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 4012/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/6561 nömrəli ekspert rəyinə əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-cü il tarixə cavabdehin iddiaçıya 3.731,11 manat məbləğində əsas borcu, 3.938,04 manat məbləğində faiz borcu və 532,20 manat məbləğində beş faiz borcu vardır.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 154/2025 nömrəli qətnaməsi ilə (hakim P.M.Zamanlı) iddia qismən təmin edilmiş, 3.731,11 manat məbləğində əsas borc, 3.938,04 manat məbləğində faiz borcu, 300 manat məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 532,20 manat faiz borcunun və ödənilmiş 77,73 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 54,01 manat hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə, habelə Cavabdeh2 aid hissədə təmin edilməməsi, ekspertiza xərcinin 59 manat hissəsinin ləğv prosesində olan Cavabdeh1, 41 manat hissəsinin isə İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh bankdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.
12. Lakin məhkəmə məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edərək qeyd etmişdir ki, iddia tələbi əsas borcun, kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış pulun və faiz borcunun həcminə münasibətdə qismən əsaslıdır.
13. Məhkəmə hesab etmişdir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin 4.939,60 manat həcmində hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Həmçinin, iddia tələbindən də açıq şəkildə görünür ki, hesablanmış cərimənin məbləği əsas borcdan da artıqdır və şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 300 manat məbləğində tutulmasını daha ağlabatan hesab etmişdir.
14. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddia tələbi zaminə münasibətdə də təmin edilə bilməz. Bankla zamin Cavabdeh2 ilə arasında bağlanmış zaminlik müqaviləsinin qüvvədə olduğu müddət göstərilmişdir. Belə ki, zaminlik müqaviləsinin 5.1.4cü bəndində göstərilir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir.
15. Bankla Cavabdeh2la arasında bağlanmış kredit müqaviləsinə sonuncu dəfə imzalanmış xx.xx.2017-ci il tarixli 02 nömrəli sazişə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdək uzadılmışdır. Başqa sözlə, borclu Cavabdeh2 Bank qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin icra müddəti xx.xx.2021-ci il tarixdə başa çatmışdır. Göründüyü kimi, qeyd edilən qanunverilik normasına əsasən əsas öhdəliyin icra müddəti müəyyənləşdirilmiş müqavilələr üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmək hüququ vardır. İddiaçı isə hazırki mübahisə üzrə zamin Cavabdeh2 qarşı iddianı xx.xx.2022-ci ilə qədər irəli sürə biləcəyi halda, xx.xx.2024-cü il tarixdə həm əsas borcluya, həm də zaminə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da zaminə qarşı iddia irəli sürmək hüququndan qanunda göstərilən müddət ərzində istifadə etməmişdir. Buna görə də, məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbi zamin Cavabdeh2 aid hissədə təmin edilə bilməz.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 443.1, 445.7, 462.1, 470.1, 477.0.4, 739.1, 739.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi üzrə narazı olduğu hissələr: 1. Əsas borculuya münasibətdə iddia müddətinin tətbiq edilməməsi; 2. Faiz məbləğinin ləğv olunması; 3. Cərimə məbləğinin yüksək olması; 4. Plenum qərarına əsasən hesablanmış 532,20 manat faiz borcunun yüksək olmasıdır. Əsas borculuya münasibətdə iddia müddətinin tətbiq edilməməsi hissəsində qeyd edilməlidir ki, Mülki Məcəllənin 745.4-cü maddəsinə əsasən Borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. Məhkəməyə bu barədə ərizə ilə müraciət etməyinə baxmayaraq, məhkəmə bu qanunverici normasını tətbiq etməmişdir. Faiz məbləğinin ləğv olunması hissəsi ilə qeyd edir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bank ona kreditin restrukturizasiyasını təklif etməli, etmədikdə isə məhkəməyə müraciət edərkən yalnız əsas məbləği nəzərdə tutan iddia tələbi ilə çıxış etməli idi. Cərimə məbləğinin yüksək olması hissəsində qeyd olunmalıdır ki, məhkəmə faiz məbləğinin ümumiyyətlə həddən artıq yüksək olmasını nəzərə alıb, cərimə məbləğini daha da azalda bilərdi. Lakin məhkəmə bu hala qiymət verməmişdir. Plenum qərarına əsasən hesablanmış 532,20 manat faiz borcunun yüksək olması hissəsində qeyd olunmalıdır ki, Mülki Məcəllənin 445.7-ci maddəsi yalnız o halda tətbiq edilə bilər ki, kreditor digər əsaslardan çıxış edərək daha böyük pul məbləğini tələb edə bilməsin və ya tərəflərin razılığı ilə ayrı qayda nəzərdə tutulmasın. Hazırkı halda isə iddiaçı tərəflər arasında bağlanmış müqaviləyə istinad etməklə daha böyük pul məbləğini tələb etmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarı). Həmçinin bu halda da, iddiaçının məhkəməyə üç ilin az qala tamamında müraciət etməsi, bu məbləğin də həddindən artıq şirirdilməsinə səbəb olmuşdur. Odur ki, yuxarıdakılara əsaslanaraq hesab edir, məhkəmə qanuna zidd və ədalətsiz qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi.
21. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi Rəşad Tağızadə məhkəməyə ərizə ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-154/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
23. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı: Bənd 5. Mərkəzi Banka tövsiyyə edilsin ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000,0 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000,0 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Bənd 6. Banklara tövsiyə edilsin ki, həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək barədə banklara imperativ tələblər müəyyən edilsin. Bənd 8.9 Faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətinin məzmununa görə qətnamə Cavabdeh1 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – faiz borcu, cərimə məbləği və illik 5% tələbinə münasibətdə iddianın təmin olunan hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir.
28. Belə ki, işdə olan sənədlərlə müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.
29. İddiaçı cavabdehdən kredit müqaviləsi üzrə əsas, faiz, cərimə və gecikdirilmiş faiz borcunun tutulmasını tələb etmişdir.
30. Kollegiya qeyd edir ki, kredit müqaviləsinin tarixindən və məbləğindən görünür ki, həmin müqavilə «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşür.
31. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankın internet səhifəsindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 3.861,31 manat təşkil edir. Ona hesablanmış 3.752,08 manat kompensasiya isə borcun ödənilməsinə yönəlmişdir.
32. Lakin iddiaçı tərəfindən bununla bağlı müvafiq tədbirlərin görüldüyü, cavabdehə yeni müqavilənin bağlanması üçün təklifin göndərilməsi iş materialları ilə təsdiq olunmur.
33. Məhkəmə kollegiyası, qeyd olunan Fərmanın qəbul edilməsinin məqsədinin fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılanması, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyinin təmin edilməsi olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehin kredit borcu restrukturizasiya edilməli olduğundan ondan əsas borca görə hesablanmış faiz, cərimə borcları, o cümlədən əldən çıxmış faydaya görə hesablanmış məbləğ tələb edilə bilməz.
34. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən əsas borc olaraq cavabdehdən iddiaçının xeyrinə tələb olunan 3.861,31 manat deyil, 3.731,11 manat məbləğində vəsait tutulsa da, iddiaçı qətnaməni bu hissədə mübahisələndirməmişdir.
35. Kollegiya iddia müddətinin tətbiqinə dair cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, bank ilə Cavabdeh1 arasında ikinci Əlavə sazişə görə kredit müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixədək uzadıldığından iddia müddətinin axımı həmin vaxt başlamış və iddiaçı tərəfindən həmin vaxt qüvvədə olan mülki qanunvericiliyin tələblərinə görə 3 illik iddia müddəti ötürülməmişdir.
36. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-154/2025 nömrəli qətnaməsi faiz borcu, cərimə məbləği və illik 5% tələbinə münasibətdə iddianın təmin olunan hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: