Məhkəmə qərarları › İş №2(103)-3059/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3059/2025

18.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3059/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər:maddi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 18 iyun 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 2015-ci il buraxılışlı, "Cadillac CTS" markalı **-ZU-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur, həmin avtomobili xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə edərkən idarəetməni itirmiş, nəticədə qəza baş vermis, maşının aşması nəticəsində Cavabdeh və avtomaşında sərnişin olan X2 xəsarət almış, həmçinin qəza nəticəsində avtomobilə zərər dəymişdir, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 83211 manat maddi zərərin əvəzinin, ödənilmiş 339 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh şəkil çəkdirmək adı altında sükan arxasına əyləşərək qəfildən nəqliyyat vasitəsini idarə etməyə başlamışdır. Dərhal iddiaçı və avtomobildə əyləşən digər sərnişin olan X2 ondan nəqliyyat vasitəsini saxlamağı tələb etsələr də o, yoluna davam edərək qəfildən sürəti artırmışdır. Nəqliyyat vasitəsi yolda olan dairənin sağ kənarına, sonra isə yolun sol kənarında olan səkiyə çırpılmış və nəticədə aşmışdır. Cavbdehin təqsiri üzündən iddiaçıya məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri arasında bağlılıqın mövcudluğu Səbail RPİ-nin DYPŞ xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla, cavabdehin özünün verdiyi izahatla və eyni zamanda şahid ifadələri ilə təsdiq olunur. Qüsur Aktına əsasən iddiaçıya 83211 manat zərər dəymişdir, maşını həmin vaxt 7900 manata sata bilib. Çünki onun təmir edilməsi sərfəli olmayıb, bu ekspert rəyində də göstərilmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-48/2025 nömrəli, 28 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh avtomobilə vurulmuş maddi zərərə görə 26950 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 170,85 manatın alınaraq iddiaçıya ödənilməsi, ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 110 manatın Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur.

5. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, vurulmuş maddi ziyanın məbləği ekspertin Rəy üzrə gəldiyi nəticə əsas götürülməklə hesablanmalıdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, avtomobilə dəymiş zərər 26950,0 manat həddində müəyyən edilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həqiqətən də o, 16 aprel 2023-cü il tarixində saat təxminən 19:00 radələrində rəfiqəsi X2 və onun dostu İddiaçı ilə birlikdə gəzməyə çıxıb. İddiaçı maşını özu idarə edirdi. O, iddiaçının icazəi ilə onun avtomobilini 10-15 dəqiqəlik idarə edib. Maşını idarə edən vaxt, avtomobilin sahibi və rəfiqəsi də maşında olublar. İddiaçı ona dedi ki, “sən yalandan izahat yaz, şəkil çəkdirmək üçün sükan arxasına əyləşdiyini və maşını icazəsiz idarə etdiyini qeyd et, sonra onlar aralarında bu məsələni həll edərlər”. O, tamamilə halsız olduğu və ilk dəfə belə hadisə ilə rastlaşdığı, qanunları bilmədiyi üçün iddiaçı nə deyib onu da yazıb. Bir il ərzində iddiaçı ona vatsapla yazdığı sms-lərdə və zənglərdə cürbəcür fikirlər bildirib. Bir gün maşını satmağını deyir, bir gün ona pul verməyini deyir. Bir gün ona 20000 azn civarında maşın almağını tələb edir. Hesab edir ki, burada onun hüquqları kobud şəkildə pozulmuşdur. Əgər onun əməlində inzibati xəta varsa, iddiaçının da əməlində inzibati xəta tərkibi mövcuddur. Belə ki, o, özbaşına avtomobili idarə etməyib. Avtomobili mülkiyyətçi özü təqdim edib. Şəkli normal qaydada maşın sönülü olduqda belə çəkdirmək mümkündür. Onun təqsiri olduğu kimi iddiaçının da təqsiri mövcuddur və zərər birgə qarşılanmalı idi. Hesab edir ki, qətnamə dəyişdirilməli və iddianın qismən təmin edilməsi və ona aid hissədə 13475 manat qət edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Cavabdeh və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.

11. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan zərərin məbləği hissəsində dəyişdirilməlidir.

16. Hazırkı iş üzrə cavabdeh iddia edir ki, yol nəqliyyat hadisəsinin baş verməsində iddiaçının da təqsiri olmuş, sonuncu ona sürücülük hüququnun olmadığını bilə-bilə işlək vəziyyətdə avtomobili təqdim etmişdir.

17. İddiaçı isə iddia edir ki, cavabdeh şəkil çəkdirmək adı altında sükan arxasına əyləşərək qəfildən nəqliyyat vasitəsini idarə etməyə başlamış, dərhal iddiaçı və avtomobildə əyləşən digər sərnişin olan X2 ondan nəqliyyat vasitəsini saxlamağı tələb etsələr də cavabdeh yoluna davam edərək qəfildən sürəti artırmış və yol-nəqliyyat hadisəsi baş vermişdir.

18. Bu dəlilə münasibətdə Kollegiya qeyd edir ki, cavabdehin sürücülük hüququnun olmamasının iddiaçıya məlum olması, lakin cavabdehə sükan arxasına keçməyə icazə verməsi işin mübahisəsiz halıdır.

19. Lakin iddiaçının cavabdehə şəkil çəkdirmək üçün sükan arxasına keçməyinə icazə verdiyini bildirməsi onun davranışının qanuni olduğunu anlamına gəlmir. Belə ki, məqsədindən asılı olmayaraq sürücülük hüququ olmayan şəxsin yüksək təhlükə mənbəyi hesab edilən avtomobilin sükanı arxasına keçməsi və onu idarə etməsi, iddiaçının isə onun qarşısını istənilən vasitə ilə almaması qanunaziddir. Bu davranış özlüyündə yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaradır.

20. Konstitusiya ilə təsbit edilmiş hər kəsin təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüquqlarının təmin edilməsi, mülkiyyət hüququnun qorunması məqsədi ilə qanunverici yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitələrinin istismarının, yol hərəkətinin xüsusi qaydalarını təsbit etmişdir.

21. Qanunvericilikdə nəzərdə tutulmuş digər təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir.

22. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

23. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

24. İddiaçı cavabdeh tərəfindən qəza nəticəsində avtomobilə 83211 manat məbləğində ziyan dəydiyini bildirərək öz tələbinin əsası kimi qüsur aktındakı məlumatlara istinad etmişdir.

25. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/10085 saylı və xx.xx.2024-cü il tarixli 9/4550 saylı rəylərlə avtomobilin təmir-bərpa xərcinin 26950 manat olduğu müəyyən edilmişdir.

26. Cavabdeh həmin məbləğlə razılaşmır, avtomobilə dəyən zərərin müəyyənləşdirilməsində iddiaçının da təqsirinin nəzərə alınmasını tələb edir.

27. Mülki Məcəlləyə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır (maddə 21.3).

28. Kollegiya nəzərə alır ki, avtomobilə dəymiş zərərin yaranmasına və artmasına zərərçəkənin, yəni iddiaçının passiv davranışı da səbəb olmuşdur. Belə olan halda zərərin məbləği müəyyənləşdirilərkən bu hal nəzərə alınmalı, avtomobilə dəymiş zərərə görə cavabdehdən tutulan məbləğ azaldılaraq 22450 manat müəyyən edilməlidir.

29. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli qətnaməsi avtomobilə dəymiş ziyana görə Cavabdeh İddiaçının xeyrinə tutulan zərərin məbləği hissəsində dəyişdirilsin və həmin məbləğ 22450 (iyirmi iki min dörd yüz əlli) manat müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar