Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-306/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 oğluna və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(007)-56/2021 saylı qətnaməsindən "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İKB ASC (indiki adı "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiа ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 30 yanvar 2008-ci il tarixli kredit müqaviləsi üzrə 46806,86 ABŞ dolları məbləğində əsas borc, 40028,73 ABŞ dolları məbləğində faiz borcu, 5145,71 ABŞ dolları məbləğində cərimə borcu olmaqla ümumilikdə 91981,3 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən 3 otaqlı, 111.6 kv.m ümumi, 63.3 kv.m yaşayış sahəsindən ibarət 54a nömrəli evin 27 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi; 30 yanvar 2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci il 30 yanvar tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “Nikoyl" İKB ASC-dən illik 16.5% dərəcəsi ilə 240 ay müddətinə 54000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən 3 otaqlı, 111.6 kv.m ümumi, 63.3 kv.m yaşayış sahəsindən ibarət 54a nömrəli evin 27 nömrəli mənzili 2008-ci il 31 yanvar tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Həmin kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-cı il aprelin 16-dək Cavabdeh1 2008-ci il 30 yanvar tarixli kredit müqaviləsi üzrə banka 46806,86 ABŞ dolları məbləğində əsas, 25740,67 ABŞ dolları faiz, 3702,34 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 76249,87 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(007)-56/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 iddiaçı bankın xeyrinə tutulmalı olan əsas borcun məbləği 46806,86 ABŞ dolları, faiz borcunun məbləği 25740,67 ABŞ dolları, cərimə məbləği 500 ABŞ dolları məbləğində müəyyən edilmiş, qalan tələblər tam təmin edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız ekspertiza rəyinə və ilkin iddia tələbinə əsaslanaraq cavabdehin kredit borcunu faiz və cərimə hissəsində azaltmışdır, halbuki bank iddia tələblərinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(007)- 56/2021 saylı qətnaməsi faiz və cərimə borcu hissəsində dəyişdirilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 yanvar 2008-ci il tarixli kredit müqaviləsi ilə "Bank” tərəfindən borcalana 240 ay müddətinə, illik 16.5 faiz dərəcəsi ilə 54000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı İKB ASC ilə ipoteka qoyan borcalan Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan özünə məxsus olan Bakı şəhəri Nizami rayonu C.Naxçıvanski küçəsində yerləşən 54a sаylı еvin 27 sаylı mənzili (ipotka predmetinin bazar dəyəri 110000 manat məbləğində qiymətləndirilməklə) kredit müqaviləsi üzrə borcun qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilmişdir. "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, 02 iyun 2020-ci il tarixli rəylə müəyyən edilmişdir ki, həmin mənzilin hazırkı bazar qiyməti 110000 manat məbləğindədir. "xxxx" MMC tərəfindən ipoteka predmeti olan mənzilin qiymətləndirilməsi aparılmış, 26 yanvar 2021-ci il tarixli rəylə müəyyən edilmişdir ki, həmin mənzilin hazırkı bazar qiyməti 117180 manat, likvid qiyməti 105000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 29 noyabr 2019-cu il tarixli 27536 nömrəli rəyindən görünür ki, Cavabdeh1 30 yanvar 2008-ci il tarixli kredit müqaviləsi üzrə 16 aprel 2019-cu il tarixə 46806,86 ABŞ dolları məbləğində əsas borcu və 25740,67 ABŞ dolları məbləğində faiz borcu vardır. Apellyasiya şikayətinin dəlilləri araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı bank tərəfindən iddia tələbinin artırılması barədə ərizə verilmiş və Cavabdeh1 22 fevral 2021-ci il tarixə yaranmış borc tələb olunmuşdur. Buna görə də həmin tarixə olan borcun məbləğini müəyyən etmək üçün apellyasiya icraatı zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının 14 fevral 2022-ci il tarixli rəyinə əsasən, Cavabdeh1 22 fevral 2021-ci il tarixə "xxxx" ASC-yə olan əsas borcu 46806,86 ABŞ dolları, faiz borcu 40028,73 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Beləliklə, iddiaçı bank tərəfindən 23 fevral 2021-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verilsə də, birinci instansiya məhkəməsi həmin tarixə olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etməmiş, yalnız əvvəlki rəylə kifayətlənərək qətnamə çıxarmışdır. Halbuki, kredit müqaviləsi 240 ay müddətinə bağlanmaqla iddia tələbinin həcminin artırılması barədə ərizə verilən dövrdə müqavilə qüvvədə idi və kredit müqaviləsi üzrə faizlərin hesablanması davam edirdi. Ekspert rəyindən görünür ki, ötən dövrdə əsas borcun məbləği olduğu kimi qalmış, faiz borcunun məbləği artaraq 22 fevral 2021-ci il tarixinə 40028,73 ABŞ dolları təşkil etmişdir. Buna görə də qətnamə faiz borcunun məbləği hissəsində dəyişdirilməli, faiz borcunun məbləği 40028,73 ABŞ dolları məbləğində müəyyən edilməlidir. İddiaçı bank qətnamənin cərimə borcu hissəsini mübahisələndirmişdir. İş materiallarından görünür ki, iddiaçı 5145,71 ABŞ dolları məbləğində cərimənin tutulmasını xahiş etmiş, birinci instansiya məhkəməsi cəriməni 500 ABŞ dolları məbləğində müəyyən etmişdir. Məhkəmə kollegiyası isə hesab edir ki, əsas borcun məbləğinə münasibətdə birinci instansiya məhkəməsi cavabdehdən tələb edilən cəriməni ədalətli həddədək azaltmamışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə kolllegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cərimə məbləğini 500 ABŞ dolları məbləğində müəyyən edərkən kreditorun əmlak mənafelərini nəzərə almamışdır. Buna görə də kollegiya hesab edir ki, hər iki tərəfin əsaslı mənafeyini nəzərə alaraq cərimə borcunun məbləği əsas borcun 5 faizi məbləğində, yəni 2340 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(007)-56/2021 saylı qətnaməsi faiz və cərimə borcu hissələrində dəyişdirilsin. Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 40028,73 ABŞ dolları, cərimə borcunun məbləği isə 2340 ABŞ dolları məbləğində müəyyən edilsin. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci qismində 50 manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat pul Cavabdeh1 tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-306/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-306/2022
15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver