Məhkəmə qərarları › İş №2(103)-3065/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3065/2024

05.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3065/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 05 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2022/00226-01 nömrəli, xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya istehlak məqsədilə 36 ay müddətinə, illik 30.78 faiz hesablanmaqla 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 73.20 kv.m ümumi sahədən ibarət 47 nömrəli mənzilini İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyətinin qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin likvid dəyəri 111 000 (bir yüz on bir min) manat qiymətləndirilmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh kreditin əsas borcu üzrə 39123,55 manat məbləğində qalıq, ona hesablanmış 2629,69 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 42753,24 manat məbləğində borcu vardır.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Bank Olmayan Kredit X2 Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00226-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh 39123,55 manat əsas, 2629,69 manat faiz, 1000 manat məbləğində dəbbə pulu borcun və dövlət rüsumu kimi ödənilmiş 220 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, məhəllə 6017, ev 7B, 47 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 111.000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 39123,55 manat əsas, 2629,69 manat faiz, 1000 manat məbləğində dəbbə pulu borcun və dövlət rüsumu kimi ödənilmiş 220 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova, iş № 2(009)-157/2024) iddia təmin edilmişdir.

4. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almış, tərəflər arasında borc-kredit münasibətləri və öhdəlikləri yaranmış, lakin cavabdeh kredit üzrə əsas borcu və ona hesablanmış faizləri ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı əsas, faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə əsas və faiz borcunun tutulması ilə bağlı hissədə iddiaçının özü tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışını əsas götürərək hesab edir ki, 39123,55 manat əsas, 2629,69 manat faiz borcu Cavabdeh tutulmalıdır.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2, 448.1, 449.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.

7. Apellyasiya şikayətinin dəlillərinə görə cavabdeh qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasından imtina etməmişdir. Hesab edir ki, müqavilə üzrə əsas və faiz borcu düzgün hesablanmamışdır. Qeyd olunan məsələ məhkəmə baxışı zamanı düzgün araşdırılaraq, hüquqi qiymət verilməmişdir. İş materiallarından göründüyü kimi, məhkəmə müvafiq əmtəəşünaslıq və mühasibatlıq ekspertizası təyin etməmiş, kredit müqaviləsi üzrə əsas borcun həqiqətən də iddia ərizəsində qeyd olunduğu kimi olmasını araşdırmamışdır. Məhkəmə yalnız iddiaçının verdiyi məlumatlara əsaslanmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

10. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

12. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 27.3. İpoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər. Maddə 34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı:

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Hazırkı apellyasiya şikayətində cavabdeh qətnamənin ləğv olunmasını xahiş etsə də, o, apellyasiya şikayətinin məzmununda faktiki olaraq qətnaməni yalnız əsas və faiz borcunun məbləği hissəsində mübahisələndirmişdir. Apellyasiya baxışı zamanı apelyatorun nümayəndəsindən soruşulmaqla bu məsələ dəqiqləşdirildi və müəyyən edildi ki, cavabdeh qətnaməni bütövlükdə mübahisələndirir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını onun bütün hissələri üzrə tamamilə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və aşağıdakıları qeyd edir.

18. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən əsas və faiz borcunun məbləğini maliyyə arayışına əsasən müəyyən etmişdir.

19. Məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu, müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

21. xx.xx.2023-cü il tarixli bildirişdən (pretenziya məktubundan) görünür ki, cavabdehə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə yaranmış 44946,84 manat ümumi borcu barədə məlumat verilmiş və ödənilmədiyi təqdirdə müqavilənin ləğv ediləcəyi və tələbin ipoteka predmetinə yönəldiləcəyi bildirilmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi faiz borcunu nəyə görə müqavilənin ləğvi barədə bildirişin (pretenziya) göndərildiyi tarixə deyil, məhz iddia tələbi həddində müəyyən etdiyini qətnamədə əsaslandıra bilməmişdir.

23. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyul 2024-cü il tarixli, 9/4248 saylı rəyi ilə pretenziyanın göndərildiyi xx.xx.2023-cü il tarixə - cavabdehin Banka 41.410,20 manat əsas, 448,61 manat faiz borcu müəyyən edilmişdir.

24. Məhkəmə kollegiyası faiz borcu ilə bağlı ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 2629,69 manat faiz borcunun tutulması hissəsində dəyişdirilməli və faiz borcunun məbləği müqavilənin ləğvi barədə bildirişin (pretenziya) göndərildiyi tarixə uyğun gələn 448,61 manat həddində müəyyən edilməlidir. Nəticədə, cavabdehdən kredit müqaviləsi üzrə əsas borca görə 39123,55 manat, faiz borcuna görə 448,61 manat, dəbbə borcuna görə 1000 manat pul tutulmalıdır.

25. Apellyasiya şikayətinin əsas borcun düzgün hesablanmaması barədəki dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, cavabdeh etdiyi ödənişlər nəticəsində əsas borcunun daha az məbləğdə qalmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyul 2024-cü il tarixli, 9/4248 saylı rəyi ilə pretenziyanın göndərildiyi xx.xx.2023-cü il tarixə - cavabdehin Banka 41.410,20 manat əsas borcunun olduğu müəyyən edilmiş, iddia tələbi isə 39123,55 manat həddində olmuşdur.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas borcun məbləğinə münasibətdə iş üzrə düzgün nəticəyə gəlmişdir.

28. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün də ekspertiza təyin etmiş, lakin ekspert rəy verməkdən imtina etmişdir.

29. Məhkəmə kollegiyası bundan sonra xx.xx.2024-cü il tarixli qərardadla məhkəməqiymətləndirmə ekspertizası təyin etmişdir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin verdiyi xx.xx.2024-cü il tarixli 9 saylı hesabat-rəydə ipoteka predmeti olan mənzilin likvid dəyərinin 135 000 manat olduğu qeyd edilmişdir.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən göstərildiyindən və cavabdeh bu qiyməti mübahisələndirdiyindən, mənzilin likvid dəyəri adı çəkilən hesabatrəydə göstərilən qiymət əsas götürülməklə müəyyən olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ipoteka müqaviləsinin bağlanmasından sonra 2 ildən artıq müddət keçdiyini və bu müddət ərzində daşınmaz əmlak bazarında müəyyən qədər bahalaşma olduğunu da nəzərə alır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ipoteka predmeti olan mənzilin dəyərinin adı çəkilən hesabat-rəydə göstəriləndən daha yüksək olmasına dair işə baxan məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qiymətləndirmə rəyi hər hansı şübhə doğurmadığından və ipoteka predmetinin likvid dəyərinin daha yüksək olmasına dair hər hansı sübut təqdim olunmadığından məhkəmə kollegiyası təkrar ekspertiza təyin olunmasına ehtiyac duymadı.

32. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsi Cavabdeh 2629,69 manat faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin 111 000 manat müəyyən olunması hissələrində dəyişdirilsin. Kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 448,61 manat (dörd yüz qırx səkkiz manat, altmış bir qəpik), ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, məhəllə 6017, ev 7B, mənzil 47-nin ilkin satış qiyməti isə onun likvid dəyərinə uyğun olaraq 135 000 (bir yüz otuz beş min) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar