Məhkəmə qərarları › İş №2(103)-3070/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3070/2024

07.05.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3070/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, X1rşı “hərracın yekunları barədə protokolun, dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Nərimanaov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-14/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxılaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, X1rşı “hərracın yekunları barədə protokolun, dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə qətnamədən apelyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apelyasiya şikayəti qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən qaytarılmışdır. Bundan sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil3 qeyd edlilən qərardadından şikayət vermiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim Solmaz Ədilova) şikayət qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən qaytarılmışdır. İddiaçının həmin qərardaddan verdiyi şikayət birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamış, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 10-1.3-cü maddəsinə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Birinci instansiya məhkəməsi şikayəti qaytararkən haqlı olaraq göstərmişdir ki, İddiaçı nümayəndəsi (vəkili) Vəkil3 tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-14/2023 saylı qərardadından verilmiş şikayət qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl etmədən vermişdir. Şikayət verilərkən, MPM-in 10-1.3-cü maddəsinin tələblərinə əsasən elektron qaydada imzalanmadan, sadəcə skanetmə yolu ilə EMİS-də yerləşdirmişdir. Digər bir nöqsan isə, şikayətin verildiyi məhkəmənin adının düzgün göstərilməməsi olmuşdur (şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanmışdır). MPM-in 361.1, 361.1.1 və 361.1.3-cü maddələrinin tələbinə görə, apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı göstərilməlidir. Göründüyü kimi, şikayət qanunvericiliyin tələblərinə riayət olunmadan verilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin şikayətin qaytarılması barədə gəldiyi qənaət qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvinə əsas ola bilməz. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 398.0.2, 395, 397-400cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, X1rşı “hərracın yekunları barədə protokolun, dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Nərimanaov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-14/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə Bakı şəhəri Nərimanaov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-14/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar