Məhkəmə qərarları › İş №2(103)-3322/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3322/2022

20.04.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3322/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh2 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC və Cavabdeh2 ASC-yə ("xxxx" İKB ASC) qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “hərrac nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(005)-2662/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC və Cavabdeh2 ASC-yə ("xxxx" İKB ASC) qarşı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlaklarının satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən keçirilmiş, Bakı şəhəri Yasamal rayonu Zərgərpalan küçəsi dalan 9-da yerləşən 2 saylı fərdi yaşayış evinin satılmasına dair hərracın və onun nəticələrinə dair tərtib edilmiş yekun protokolunun və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(005)- 2662/2021 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə2 tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apelyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) əməl edilmədən verilməsi əsası ilə geri qaytarılmışdır. Daha sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 07.01.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyrimümkün hesab edilmiş və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.02.2022ci il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28.02.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, iddiaçının nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilmiş, prosessual baxımdan müddət ötürülməmiş hesab edilmiş və apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi apelyasiya şikayətini imzalayan şəxsin səlahiyyətinin olmaması barədə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. MPM-in 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. MPM-in 74.2.-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Baxılan işdən isə görünür ki, apelyasiya şikayəti iddiaçının nümayəndəsi Nümayəndə2 tərəfindən imzalanmış, lakin iddiaçı tərəfindən ona verilmiş etibarnamədə qanunvericiliyin tələbinə uyğun olaraq məhkəmə aktından apelyasiya şikayəti vermək səlahiyyəti göstərilməmişdir. Belə olan halda, Nümayəndə2 iddiaçının nümayəndəsi kimi apelyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. MPM-in 363.1 və 363.1.1-ci maddələrinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(005)-2662/2021 saylı qətnaməsindən iddiaçının nümayəndəsi qismində Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv olunaraq, şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(005)- 2662/2021 saylı qətnaməsindən iddiaçının nümayəndəsi qismində Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul olunması barədə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30.03.2022-ci il tarixli 2(103)-3322/2022 saylı qərardadı ləğv olunsun, şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və mülki iş apelyasiya baxışından çıxarılaraq, apelyasiya şikayəti onun mümkünlüyünü yenidən yoxlamaq üçün mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar