Məhkəmə qərarları › İş №2(103)-4505/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4505/2024

24.09.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4505/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilən apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, X1rşı “hərracın yekunları barədə protokolun və dövlət reyestrində qeydiyyatın və müvafiq çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və o bildirmişdir ki, hərracı keçirilən mənzil əvvəllər mərhum atasına məxsus olmuş, mənzilə dair keçirilən hərrac barədə məlumatları olmamış, özünün vərəsə olmasını qeyd etmişdir. Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs maraqlarına toxunan şəxs qismində tanınmış və onun şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Maraqlı şəxs tərəfindən verilən apellyasiya şikayəti ilkin olaraq mümkün hesab edilərək icraata götürülmüş və baxışa təyin edilmişdir. Məhkəmə iclasının yeri və baxtı barədə məlumatlandırılmalarına baxmayaraq, işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili Ə.Əmirəliyev və V.Oçerdekonun nümayəndəsi və vəkili Vəkil4 elekron qaydada ərizə verərək (başqa məhkəmə prosesində iştirakı ilə bağlı, digər isə səhhətində yaranmış problemlə əlaqədar) iclasın təxirə salınmasını xahiş etmişlər. Məhkəmə kollegiyası hər iki ərizəyə qeyd edilənlər barədə sübut əlavə edilmədiyi üçün vəsatətləri təmin etməmiş və Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən hazırkı məsələyə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, qətnamədən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunmalıdır ki, şəxsin qətnamə ilə maraqlarına toxunan şəxs kimi tanınması üçün ilk növbədə qəbul edilən qətnamənin onun hansı hüquq və vəzifələrinə, maraqlarına toxunması birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Mülki iş materiallarından göründüyü kimi rayon məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə İddiaçı “hərracın yekunlarına dair protokolun etibarsız hesab edilərək ləğv olunması və sair” barədə iddia tələbi rədd edilmişdir. Belə olan halda aydın olur ki, qətnamənin Maraqlı şəxs maraqlarına toxunulmasından söhbət gedə bilməz. Belə ki, MPM-in 357.2-ci maddəsinin tələbinə əsasən digər şəxslərin də birinci insatansiya məhkəmələrinin qətnaməsini mübahisələndirməsi üçün qəbul olunmuş qətnamənin işdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə toxunması şərti mövcud olmalıdır. Başqa sözlə desək, MPM-in 357.2-ci maddəsində göstərilən şəxslərin birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirməsi üçün iddia tələblərinin təmin (və ya qismən təmin) edilməsi lazımdır ki, bu da iddia verilənə qədər tərəflərin, eləcə də digər şəxslərin mövcud hüquq və vəzifələrində qətnamədən sonra fərqli vəziyyətin yaranmasını tələb edir. Hazırkı işdə isə belə bir hal baş verməmiş, rayon məhkəməsinin hazırkı qətnaməsi ilə İddiaçı iddia tələbləri rədd edilmişdir. Demək ki, həmin qətnamə ilə, nəinki işdə iştirak etməyə cəlb edilməyən Maraqlı şəxs, heç tərəflərin özlərinin də hüquq və vəzifələrinə toxunun hal mövcud deyildir. Məhkəmə kollegiya Maraqlı şəxs hərraca çıxarılmış mənzilin onun atasının olması, atasının 2010-cu ildə vəfat etməsi, özünün isə vərəsə olması ilə bağlı bildirdiklərinə münasibətdə qeyd edir ki, ərizəçinin atasının vərəsəsi olması və qanunla müəyyən olunmuş qaydada mirası qəbul etməsi kimi məsələ hazırkı mübahisənin həlli üçün hər hansı əhəmiyyət kəsb etmir, bu səbəbdən də hazırkı halda həmin məsələlərə münasibət bildirilməsinə zərurət yoxdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Maraqlı şəxs şikayətinin mümkün sayılması və onun şikayətinə əsasən iddianın təmin olunması barədə qətnamənin qəbul olunması ehtimal edilsə belə, yenə də həmin qətnamə onun istəyini təmin edə bilməz. Çünki İddiaçı hərracın nəticələrinin etibarsızlığı barədə tələbinin əsası ilə Maraqlı şəxs hərracın etibarsızlığına dair irəli sürdüyü əsaslar tamamilə fərqlidir. Belə olan halda aydın olur ki, Maraqlı şəxs hazırkı şikayətində istinad etdiyi əsaslarla yalnız ayrıca iddia tələbi irəli sürməklə öz istəyinə nail ola bilər. Odur ki, ona izah olunur ki, o, atasına məxsus olduğunu və vərəsəlik qaydasında qəbul etdiyini iddia etdiyi mənzilə dair keçirilmiş hərracın nəticələrini ayrıca iddia qaldırmaqla mübahisələndirə bilər. MPM-in tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. (Maddə 366.1, 366.2, 366.3.) İstinad olunan normanın mahiyyətindən da bəlli olur ki, hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipi də bunu tələb edir. Bununla da müəyyən edilir ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası rədd edildiyindən Maraqlı şəxs maraqlarına toxunmur və onun tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasından baxılması qeyri-mümkün hesab olunmalı və şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 397, 400, 402, 405, 406-cı maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Nərimanov Rayon Məhkəməsinin 2(005)-14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilən apellyasiya şikayəti apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar