Məhkəmə qərarları › İş №2(103)-3076/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3076/2025

02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3076/2025 02.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinə qarşı iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)- 49/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Xəzər RİHB-nın Şüvəlan qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2016-cı il tarixli, 1135 saylı arayışına əsasən, Əliyev X7 qəsəbəsi, bağ sahəsində qeydiyyatsız yaşayır.

2. İddiaçı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq, “qonşusu Arif adlı şəxsin ev tikmək nəticəsində ona maddi ziyan dəyməsi” barədə polis şöbəsinə müraciət etdiyi xx.xx.2023-cü il tarixli ərizə üzrə şikayəti olmadığını, qonşusu Arif tərəfindən ziyanın ödəniləcəyini bildirmişdir. Həmin ərizənin arxa hissəsində qeyd olunmuşdur ki, “Mən İddiaçı 1.500 (min beş yüz) manat verdim. Mən İddiaçı qonşum Cavabdeh1 1500 manat aldım”.

3. X3 RPİ-nin 1-ci PŞ-nə yenidən şikayət edərək qeyd etmişdir ki, Cavabdeh1 adlı şəxs ilk öncə ona ziyan vurmasını etiraf etməsə də, sonradan dəymiş ziyanı etiraf edərək bildirdi ki, bir hissəsini ödəyəcək, qalan hissəsini isə qısa zamanda tam ödəyəcək. Lakin növbəti dəfə aldatdı. Belə ki, Cavabdeh1 dəymiş ziyanın əvəzi kimi ilkin olaraq 1.500 manat ödəyərək bildirdi ki, şikayəti geri çəksin, bundan əlavə ona bir neçə kamaz qum, 40 ədəd sement və digər tikinti materialları verəcək. O, yalan vədlərə inandı. Lakin Cavabdeh1 məsuliyyətdən boyun qaçırmaq məqsədilə onu növbəti dəfə aldatdı.

4. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Xəzər RPİ-nin 1-ci PŞnin təhqiqatçısı Elgün Zülfüqarovun xx.xx.2023-cü il tarixli qərarına əsasən, araşdırma zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində torpaq sahəsi vardır. O, həmin torpaq sahəsində 2021-ci ildə özünə bağ evi tikdirməyə başlamış və 2022-ci ilin oktyabrında qonşuluqda yaşayan Elşan adlı şəxs onunla əlaqə saxlayaraq evinə ziyan dəyməsini bildirmişdir. Bundan sonra, Elşan adlı şəxs onu evlərinə dəvət edərək guya, onun evini tikən zaman evinin divarlarında çatlar əmələ gəldiyini bildirmişdir. O, Elşan adlı şəxsə bağ evində işləyən ustaları göndərərək həmin çatları təmir etməkdə köməklik edəcəyini bildirmişdir. Lakin Elşan onun insanı və qonşuluq naminə atdığı addımdan imtina edərək ou şantaj etməyə başlamışdır. Elşan adlı şəxs onun evinə 50.000 manat dəyərində maddi ziyan dəydiyini və həmin ziyanın ödənilməsini tələb etmiş, lakin o, növbəti dəfə qonşuluq naminə Elşana evində işləyən ustaları göndərərək evinin təmirində köməklik edəcəyini bildirmişdir. Lakin onun təkilifini növbəti dəfə rədd edən Elşan onu şantaj etmiş, o, Elşan adlı şəxsin təklifi ilə razılaşmadığını bildirən zaman, Elşan onun barəsində hüquq mühafizə oraqnlarına şikayət edəcəyi bildirmişdir.

5. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın və evin yenidən təmir-bərpası, tikintiquraşdırma işləmə çəkilən xərcin ümumi məbləği 14.320,02 manat müəyyən edilmişdir.

6. Azərbaycan Respublikası Bələdiyyə MMC-nin xx.xx.2010-cu il tarixli “fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair” hesabat cədvəlindən müəyyən olunur ki, iddiaçıya məxsus mübahisəli evin inventar dəyəri 21.870 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1 və Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən maddi zərərin əvəzi kimi 14.320 manatın və 133 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 14.453 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2020-ci ildən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi L.Tolstoy küçəsində yerləşən və ona məxsus olan fərdi yaşayış evinin qonşuluğunda cavabdeh tərəfindən evin inşasına başlanılmışdır. Bu zaman bir çox qanunsuzluqlara yol verilmişdir. Belə ki, aparılan qanunsuz tikinti zamanı onun evinin hasarının 1 metr yaxınlığında qazıntı işləri aparılarkən isitnad divarı dağıdılmış, fərdi yaşayış evinin bir istiqamətli çöküntüyə uğraması nəticəsində yük daşıyan kənar divarları, tavanı çatlamışdır, kanalizasiya və elektrik sistemi dağıdılmışdır. Cavabdehlə dəfələrlə ona dəymiş ziyanın aradan qaldırılması barədə söhbətlər aparsa da, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə ziyanı ödəməkdən boyun qaçırmışdır. Hətta ilk söhbəti olan zaman yanında tanımadığı vəzifəli şəxs onlar söhbət edən zaman belindəki silahı belə ona göstərməyə cənd etmişdir. Bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsiz Xidmətinə də şikayət etmişdir. Cavabdeh ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsini bildirsə də, onun tərəfindən həmin ziyanın ödənilməsi istiqamətində heç bir hərəkət edilməmişdir. Həmçinin, Xəzər RPİ-nin 1-ci PŞdə aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh1 onun yaşadığı fərdi yaşayış evinə maddi ziyan vurduğunu etiraf etmişdir. Belə ki, o, izahatında bildirmişdir ki, onun torpaq sahəsi vardır və o, həmin torpaq sahəsində 2021-ci ildə özünə bağ evi tikməyə başlamışdır. 2022-ci ilin oktyabr ayında Elşən adlı şəxş onu evinə dəvət edərək tikinti aparılan zaman evinə ziyan dəyməsini və evinin divarlarında çatlar əmələ gəlməsini bildirmişdir. Həmin çatların təmir edilməsi üçün bağ evində işləyən ustaları göndərəcəyini, evin təmirində köməklik edəcəyini bildirmiş, lakin bir şərtə ki, o, polisdə olan şikayət ərizəsini geri götürsün. Cavabdehə növbəti dəfə inandığı üçün ərizə ilə müraciət edib ona qarşı heç bir şikayət və tələbinin olmadığını təhqiqatçıya bildirmiş və bundan sonra cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Lakin, cavabdehin onu növbəti dəfə aldatdığını anlamış və ona görə də təkrar şikayət ərizəsi ilə polis orqanlarına müraciət etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Bağ massivi ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyanlıq və evin yenidən təmir-bərpası, tikintiquraşdırma işləmə çəkilən xərcin ümumi məbləği 14.320 manat müəyyən edilmişdir.

9. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)- 3572/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasə Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/798 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, bağ massivi, L.Tolstoy küçəsi yerləşən yaşayış evində yaranmış qüsurlar Cavabdeh1 tərəfindən yaxınlığında yaşayış evlərinin tikintisi ilə əlaqədar söküntü, qazıntı və tikinti-quraşdırma işləri aparıldığı müəyən olunmuşdur ki, bu da iddiaçıya məxsus mənzildə mövcud olan qüsurların, həmin işlərin aparılması zamanı yaranan silkələnmələr və divaraltı fomaş qatının boşalaraq sürüşməsi nəticəsində əmələ gəlməyə xarakterik olduğu müəyyən edir. Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, bağ massivi, L.Tolstoy küçəsində iddiaçıya məxsus yaşayış evinə dəymiş ziyanın müəyyən edilməsi ilə əlaqədar qeyd olunur ki, baxış zamanı həmin mənzilin bərpa olunması üçün ayrı-ayrı konstruktiv elementlər üzrə eləcə də, tikintialtı torpaq qatının müvafiq möhkəmləndirmə işləri aparmaqla bərkidilməsinin zəruri olduğu müəyyən edilmişdir ki, həmin işlərin dəyəri, Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin müvafik mütəxəssisləri tərəfindən mübahisəli yaşayış evinin və yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzrə müayinə tədqiqat işləri aparılaraq, gücləndirmə işlərinin həcmi müəyyənləşdirildikdən və yerinə yetirilmə işlərə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər. Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, bağ massivi, L.Tolstoy küçəsində iddiaçıya məxsus daş hasarını sökülməsi nəticəsində dəymiş zərərin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 250 manat məbləğində müəyyən olunur.

11. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)- 294/2024 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

12. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstutunun “ünvan 2 ünvanında yerləşən X8 məxsus fərdi yaşayış evinin texniki vəziyyəti barədə” xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi ərazinin relyefi düzəndir. Ferdi yaşayış evi 2006-cı ildə planda düzbucaqlı formada olmaqla, 1 mərtəbəli, zirzəmili inşa olunmuşdur. Tikilinin uzunluğu 9,0 metr, eni 7,55 metrdir. Fərdi yaşayış evinin mərtəbə hündürlükləri döşəmədən tavana qədər olan hündürlük zirzəmidə he1,8, 1.95 metr, mərtəbədə h=2,6 metrdir. Evin həyət tərəfindən uzununa istiqamətində olan divarı 200 mm qalınlıqda, digər divarları 400 mm qalınlıqda mişarlanmış əhəng daşlarından sement-qum məhlulu inşa olunmuşdur. Daxili divarlar 200 mm qalınlıqda mişarlanmış əhəng daşlarından hörülmüşdür. Evin döşəmə səviyyəsi yer səthindən 0,8 m hündürlükdə kürsülü inşa olunmuşdur. Mərtəbə örtükləri, zirzəmidə və otaqlarda ağac elementlərdən quraşdırılmışdır. Evin giriş qapısı metaldan, daxili qapılar və döşəmələr ağac materialından, pəncərələr PVC plastik elementlərdə quraşdırılmışdır. Dam konstruksiyası ağac elementlərdən çardaq tipli quraşdırılmış və üzəri siklənmiş dalğavari metal vərəqələrlə örtülmüşdür. Fərdi yaşayış evin fasadları sement-qum məhlulu ilə suvaqlanmışdır. Vizual texniki baxış zamanı fərdi yaşayış evinin bünövrəsi bir qat eninə istiqamətdə düzülmüş mişarlanmış əhəng daşları üzərində inşa olunmuşdur (bünövrə qazılaraq baxılmışdır). Qapı və pəncərə üzərində atmalar 2-4 ədəd armatur millərdən quraşdırılmışdır. Fərdi yaşayış evi antiseysmik kəmərsiz və sütunsuz inşa olunmuşdur. Zirzəmiyə baxış zamanı 50x150 (h) mm en kəsik ölçülü ağac tirlərin başlıqlarının üzərində yerləşmə sahələri məhlulla doldurulmamış və izolə edilməmişdir. Ağac tirlerin altında qoyulmuş dirəklər kifayət qedər azlıq təşkil edir ve orta mssədə 1 ədədin altlığı sürüşdürülərək asılı vəziyyətdə qalmış, 2 ədədi isə mailli vəziyyətdə olduğu müşahidə edildi. Bu səbəbdən döşəmədə silkələnmə hiss olunur. Evinin arxa divarı ilə qonşunun hasar divarı arasındakı sahədə bünövrə səviyyəsinə qədər qrunt çıxarılmış və yeri boş saxlanılmışdır. Həmin hissənin quruntla doldurulması sakinə bildirilmişdir. Zirzəmi mərtəbəsin döşəməsi hamarlanmamış və nəmlik müşahidə olunmadı. Zirzəminin giriş qapısı ilə üzbə-üz istiqamətdə və ara məsafəsi 1,55 m olmaqla 200 mm qalınlıda mişarlanmış əhəng daşlarından 1,10x1,60x3,0(h)m ölçüdə su anbarı inşa olunmuşdur. Həmin sahədə döşəmədə qismən nəmlik müşahidə olundu. Yaşayış evinin daxilində, orta hissədə, mərtəbə səviyyəsindən şaquli istiqamətdə divar döşəmə səviyyəsinə qədər azalaraq istiqamətlənmiş, eni 0,52,0 mm olan çat müşahidə olundu. Çatın mərtəbə səviyyəsində 1 metrə qədəri iki tərəfli, qalan hissəsi bir tərəflidir.Evin 200 mm qalınlıqlı orta divarında yerləşən qapı boşluğu ətrafında bir ədəd mailli istiqamətli, iki tərəfli çat müşahidə olundu. Çatın eni 1,0:2,0 mm-ə qədərdir. Diger divarda künc hissədə 20 sm uzunluqda bir tərəfli nazik suvaq çatı qeyd olundu. Həyətyanı sahədə inşa olunmuş hamamın divarları 200 mm qalınlıqda mişarlanmış əhəng daşlarından, mərtəbə örtüyü 100 mm qalınlıqlı monolit dəmir betondan, qapı və pəncərəsi plastikdən inşa olunmuşdur. Tikilinin döşəməsi və divarları üzlük daşları ilə üzlənmişdir. Vizual texniki baxış zamanı tavana yaxın sahə üfüqi istiqamətli 1,0 m-ə qədər uzunluqlu kafelin sındığı qeyd olunmuşdur. Hamam binasının divarlarında çat, dağılma və deformasiya müşahidə olunmadı. Həyətyanı sahədə və ərazidə sınma, deformasıya, dağılma və çökmə halları müşahidə olunmadı. Qeyd olunan qüsurların təbii fəlakətlərlə əlaqəsi yoxdur. Binanın texniki cəhətdən vəziyyəti məhdud işlək kimi qiymətləndirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərazidə daha dolğun mühəndisi-geololfi tədqiqat, instrumental müayinə işləri və araşdırma işləri aparıldıqdan sonra nəticələrdən asili olaraq müvafiq rəyin verilməsi məqsədəuyğun hesab olunur.

13. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)- 294/2024 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/7884 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, bağ massivi, L.Tolstoy küçəsində yerləşən fərdi yaşayış evi üzərində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün aparılmalı cari təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 8.157 manat məbləğində olduğu müəyyən olunmuşdur.

15. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)- 49/2025 nömrəli qətnaməsi ilə (hakim İ.N.Cəfərzadə) iddianın qismən təmin edilməsi, Cavabdeh1 6.907 manat məbləğində maddi ziyan və 89,07 manat dövlət rüsumu olmaqla, cəmi 6.996,07 manatın tutularaq İddiaçı ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi xx.xx.2025-ci il tarixli ekspert rəyinin əsaslandırıcı hissəsinə əsasən, tədqiq olunan yaşayış evi birmərtəbəlidir. Tədqiq olunan yaşayış evinin sahələri 15.2 kv.metr (3.8x4.0m), 9.0 kv.metr (3.0x3.0) və 12.6 kv.metr (3.7x3.4m) olan yaşayış otaqlarında divarlarda çatlar olduğu, sahəsi 12.4 kv.metr (5.0x1.4+1.8x3.0m) olan dəhlizində döşəmədə taxtanın aralanması müşahidə edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı yaşadığı ünvan 4 ünvanında yaşayış evinə Cavabdeh1 tərəfindən ziyan vurulması sübuta yetirilmişdir.

17. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1080İ, Yeni qaydalarla:AZ1150, ünvan 5 ünvanında 0,1141 ha torpaq sahəsində yerləşən bağ evi X1 adına qeydiyyata alınması ilə bağlı dəlillərinə münasibətdə qeyd etmişdir ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi). Hazırkı iş üzrə iddia tələbinə münasibətdə iddiaçının məhkəmə müdafiəsi hüququna malik olması mübahisəsizdir. Buna görə də məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iddiaya cavab verməli şəxs Cavabdeh1dur.

18. Məhkəmə qeyd etmişdir ki, məhkəmənin qərardadı ilə alınmış ekspert rəylərində ünvan 4 ünvanında yaşayış evinin daş hasarını sökülməsi nəticəsində dəymiş zərərin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 250 manat məbləğində və fərdi yaşayış evi üzərində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün aparılmalı cari təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 8.157 manat məbləğində müəyyən edilmişdir.

19. Məhkəmə onu da qeyd etmişdir ki, tərəflərin təqdim etdiyi rəylər arasında ziddiyyətlər mövcuddur. Lakin Məhkəmə hesab etmişdir ki, Ekspertizası Mərkəzinin təqdim etdiyi ekspert rəyləri işin faktiki hallarına uyğun olmaqla, daha ağlabatandır. Buna görə də, Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi rəylər bu hissədə sübut növü kimi qəbul edilməli və iddiaçıya dəymiş ziyan həmin rəylərə müvafiq olaraq hesablanmalıdır.

20. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 ekspertiza rəyləri həddində, yəni daş hasarını sökülməsi nəticəsində dəymiş zərərin dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 250 manat məbləğində və fərdi yaşayış evi üzərində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün aparılmalı cari təmir işlərinin orta bazar qiymətlərinə uyğun olaraq 8.157 manat məbləğində maddi ziyan iddiaçının xeyrinə ödənilməlidir. Lakin məhkəmə iddiaçıya dəymiş zərərinin məbləğinin 8.407 manat qiymətləndirilməsi nəticəsinə gəlsə də, iddiaçının məhkəməyə müraciət etməzdən öncə cavabdehlə aralarında olan sövdələşmə nəticəsində cavabdehdən qəbul etdiyi 1.500 manat pulun, ekspert rəyləri ilə hesablanmış 8.407 manat məbləğində maddi zərərdən çıxılmasını məqsədəmüvafiq hesab etmişdir. Ona görə ki, iş materialları ilə İddiaçı Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizənin arxa hissəsində “Mən İddiaçı 1.500 verdim. Mən İddiaçı qonşum Cavabdeh1 1.500 manat aldım” qeyd etmişdir. Bu işin mübahisəsiz halı olmaqla, məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə inkar olunmamış, iddiaçı həqiqətəndə cavabdehdən 1.500 manat maddi ziyanı almasını etiraf etmişdir.

21. Məhkəmə iddianın “cavabdeh Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinə və 5.913 manat maddi ziyan” hissəsini” araşdıraraq hesab etmişdir ki, iddia bu hissədə əsassızdır və təmin edilə bilməz. Ona görə ki, iddianın bu hissəsi işin faktiki halları və iddiaçının təqdim etdiyi sübutlarla sübuta yetirilməmişdir. İddiaçı iddiasının 5.913 manat maddi ziyan hissəsini və fərdi yaşayış evinə və hasarına dəymiş ziyanın cavabdeh Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbəsi üzrə nümayəndəliyinin təqsiri ucbatından yaranmasını sübut etməlidir. Halbuki, məhkəmə iclasında iş üzrə iddiaçıya bir daha iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı sübutların təqdim edilməsi təklif edilsə də, iddiaçı iş materiallarında olan sübutları iddianın tam təmin edilməsi üçün kifayət hesab edərək əlavə sübutların təqdim edilməsinə ehtiyac olmadığını bildirmişdir.

22. Məhkəmənin mövqeyinə görə, iddia qismən təmin edildiyindən, iddianın təmin olunan hissəsinə müvafiq olaraq, cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, cavabdehdən iddiaçının xeyrinə iddianın təmin olunan hissəsinə, yəni 6907 manat məbləğinə müvafiq olaraq 89,07 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, ekspertiza tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097, 1115-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 50, 77.1, 80, 88, 101.7, 103.1, 107, 115.0.1, 119.1, 217.4-cü maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. Qətnamədən narazı qalan Cavabdeh1 ondan apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış və Cavabdeh1 üçün əsasssız maddi məsuliyyət yaratmışdır. Cavabdeh iddiaçıya hər hansı maddi ziyan vurmamışdır ki, ona dəymiş ziyanı da tam həcmdə ödəsin. Məhkəmə iclasında iddiaçının evində yaranmış çatların Cavabdeh1 təqsirindən, hüquqa zidd hərəkətləri nəticəsində əmələ gəlməsi sübuta yeririlməmişdir. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi geri qaytarılır. İddiaçı ərizəsində hazırkı iş üzrə Xəzər rayon İcra Hakimiyyəti Başçısının X2 ikinci cavabdeh kimi qoysa da onun hansı “maddi zərərin vurması”nı təsdiq edən heç bir fakt göstərməmişdir. Lakin məhkəmə işin icraata qəbul edilməməsi üçün əsas olan bu hala münasibət bildirməmişdir. Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, Cavabdeh1 Şərur rayonunda rəsmi qeydiyyatdadır. İddiaçı maddi ziyana görə heç bir mülki məsuliyyət daşımalı olmayan Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şuvalan qəsəbə nümayəndəliyini iddia ərizəsində ona görə cavabdeh qismində qoymuşdur ki, işə iddiaçı üçün “rahat” olan Xəzər Rayon Məhkəməsində baxılsın. Məhkəmə qətnaməsində göstərmişdir ki, hər hansı iddia tələbi məhz ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə və təmin oluna bilər. Lakin birinci instansiya məhkəməsi işi icraatına qəbul edərkən qətnnamədə göstərdiyi mövqeyinə zidd olaraq nəzərə almamışdır ki, iddiaçı Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şuvalan qəsəbə nümayəndəliyini hansı qanunsuz hərəkəti ilə ona maddi ziyan vurmasına görə mülki cavabdeh qismində cəlb etmişdir. İddia ərizəsində də X2n ona qarşı hər hansı qanunsuz hərəkəti barəsində göstərilməmişdir. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi işi icraata qəbul edərkən X2 cavabdehlər sırasından çıxarılma məsələsini həll etməli və iddiaçıya ərazi aidiyyəti üzrə baxılması üçün müraciət etmək hüququnu izah etməli idi. Lakin məhkəmə əsassız olaraq işin ərazi aidiyyəti qaydalarını pozaraq yalnız qətnamədə bu məsələyə münasibət bildirərək iddia tələbini Xəzər rayon İcra Hakimiyyəti Başçısının Şüvəlan qəsəbə nümayəndəliyinə münasibətdə təmin etməmişdir. Məhkəmə araşdırmamışdır ki, iddiaçının evində yaranan çatlar əgər cavabdeh tərəfindən 2020-ci ildə inşa etdirilən evin bünövrəsi qazılarkən əmələ gəlmişdirsə, o nə üçün həmin vaxtı aidiyyəti olan məhkəməyə deyil, tikinti başa çatdıqdan 2 il sonra - 2023-cü ildə Polis Şöbəsinə şikayət etmişdir. Cavabdeh1 bildirmişdir ki, iddiaçı Polis Şöbəsinə əsassız şikayət etsə də, təqsiri olduğun görə deyil, qonşuluq münasibətlərini nəzərə alaraq evində işləyən ustalar tərəfindən onun da evinin təmin olunmasına köməklik etməsini bildirmiş, lakin sonradan İddiaçı müxtəlif orqanlara işdən ayrılmaqla getməməsi üçün şikayət etməməsinə və normal qonşuluq münasibəti yaratmaq məqsədi ilə ona 1.500 manat pul vermişdir. Bundan sui-istifadə edən Elşan əlavə pul istədiyindən, o, pul verməkdən imtina etdiyindən əsassız şikayətlərlə onu bu vaxtadək narahat edir. İddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, qonşusu Cavabdeh1 2023-cü ildə 1-ci Polis Şöbəsinə şikayət etdiyizaman ona 1.500 manat pul vermiş və əlavə olaraq qum və sement verəcəyinə söz verdiyindən onunla razılışaraq şikayətindən imtina etmişdir. Lakin sonradan qum və sementi vermədiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının bu mövqeyindən görünür ki, hətta belə Cavabdeh1 təqsiri üzündən onun evinə ziyan dəymiş olsa idi, həmin ziyanın məbləği 1.700-1.800 manatdan artıq olmamışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/F 10-1028/25 saylı mütəxəssis rəydən görünür ki, iddiaçıya məxsus ünvan 6 ünvanında yaşayış evində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti işlərinin (işçilik və material xərci daxil olmaqla) mövcud bazar qiymətlərinə uyğun olaraq dəyəri 1.813,3 manat təşkil edir. Bu məbləğdə ziyanın olması iddiaçının məhkəmədəki mövqeyi ilə üst-üstə düşür, yəni onun Cavabdeh1 tələbi 2023-cü ildə aldığı 1.500 manatdan əlavə, dəyəri 200-300 manatdan artıq olmayan qum və sementdən ibarət olmuşdur. Məhkəmə həmçinin araşdırmamışdır ki, iddiaçı ərizəsində göstərdiyi cavabdehi Cavabdeh1 evinin tikintisi zamanı onun evinin hasarının 1 metr yaxınlığında qazıntı işləri aparılarkən istinad divarı dağıdılmasına, fərdi yaşayış evinin bir istiqamətli çöküntüyə uğraması nəticəsində yük daşıyan kənar divarların çatlamasına, kanalizasiya və elektrik sisteminin dağıdılmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş materiallarında olan mütəxəsis və ekspert rəyindən göründüyü kimi, iddiaçının evinin nə istinad divarının, nə evin bir istiqamətli çöküntüyə uğraması nəticəsində yük daşıyan kənar divarlarının, nə kanalizasiya, nə də elektrik sisteminin dağıdılması hallarının olmaması müəyyən edilməmişdir. Bu isə iddia ərizəsinin əsassız olmasını göstərir. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilən halların işin nəticəsinə uyğun gəlməməsini onunla əsaslandırır ki, iddia ərizəsində göstərilən işin halları ilə ekspert və mütəxəssis rəyləri arasında fikir ayrılıqları olduğu halda bu rəylərini hansının daha obyektiv olması və işin faktiki hallarına uyğunluğunun müəyyən edilməsi üçün komissiyon ekspertiza təyin etməli və tərəflərin iştirakı ilə yerli baxış keçirilməli, qeyd edilən hallar qarşılıqlı araşdırıldıqdan sonra yekun qərar qəbul edilməli idi. Birinci instansiya məhkəməsinə təqdim edilməmiş İddiaçı şikayəti əsasında 1-ci Polis Şöbəsi tərəfindən cinayət işi başlanılmasının rədd edilməsi haqqında qərarı tələb edilməlidir. Guya Cavabdeh1 həmin vaxtı qonşuya vurduğu maddi ziyanı etiraf etmişdir. İş üzrə yerli baxış keçirilməklə komisyon tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin edilməli, rəylər arasındakı ziddiyətlər müəyyən edilməklə İddiaçı evində olan çatların əmələ gəlmə vaxtı və səbəbi araşdırılmalıdır. Qeyd etdiyi məsələlər apellyasiya məhkəməsində yenidən araşdırılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.

28. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 nümayəndəsi və vəkili ərizə ünvanlayaraq yaxın qohumunun yas mərasimi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmiş, lakin qeyd olunanları təsdiq edən sənədlərini ərizəyə əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırki işdə iddia qismən təmin edildiyindən və apellyasiya şikayətinin məzmununa əsasən qətnamə Cavabdeh1 tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərinə əsasən, iddiaçıya məxsus yaşayış evində və daş hasarda yaranmış qüsurlar Cavabdeh1 tərəfindən yaxınlığında yaşayış evlərinin tikintisi ilə əlaqədar söküntü, qazıntı və tikintiquraşdırma işləri aparıldığı nəticəsində əmələ gəlmişdir. İddiaçıya hasarın sökülməsi nəticəsində dəymiş zərərin məbləği 250 manat, fərdi yaşayış evində yaranmış qüsurlara görə dəymiş zərərin məbləği isə 8.157 manat təşkil edir.

35. Cavabdeh apellyasiya şikayətində iddiaçıya dəymiş ziyanın onun təqsirindən, hüquqa zidd hərəkətləri nəticəsində əmələ gəlməsinin sübuta yeririlmədiyinə istinad etsə də, polis orqanında verdiyi izahatında bildirdiklərindən də müəyyən edilir ki, iddiaçı onunla əlaqə saxlayaraq evinə ziyan dəyməsini bildirdiyində, o, bağ evində işləyən ustaları göndərib həmin çatları təmir etdirmək istəmiş, daha sonra isə iddiaçıya 1.500 manat pul ödəmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də zərərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutularkən həmin məbləğ nəzərə alınmışdır.

36. Bundan başqa, cavabdeh apellyasiya şikayətində onun təqsiri üzündən iddiaçının evinə ziyan dəymiş olsa belə, həmin ziyanın 1.700-1.800 manatdan artıq olmadığını bildirmiş və məhkəməyə təqdim etdiyi “yaşayış evində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti işlərinin (işçilik və material xərci daxil olmaqla) mövcud bazar qiymətlərinə uyğun olaraq dəyərinin 1.813,3 manat təşkil etməsinə dair” "xxxx" MMC-nin rəyinə istinad etmişdir.

37. Kollegiya bununla bağlı qeyd edir ki, "xxxx" MMC-nin tərtib etdiyi mütəxəssis rəyinə əlavə edilmiş qiymətləndiricinin ixtisas şəhadətnaməsindən görünür ki, qiymətləndirici daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi istiqamətində fəaliyyət göstərir. Hazırki mübahisə isə yaşayış evində və daş hasarda yaranmış qüsurların nəticəsində dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlıdır.

38. Odur ki, məhkəmə kollegiyası Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi rəyləri mötəbər sübut kimi qəbul edərək birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

39. Belə ki, Kollegiya sözügedən ekspert rəylərini digər iş materialları ilə birgə qiymətləndirməklə belə nəticəyə gəlir ki, həmin rəylərin əsassızlığı üçün hallar müəyyən edilmir. Kollegiya qeyd edir ki, ekspert rəylərində iddiaçıya məxsus daş hasarının sökülməsi nəticəsində dəymiş ziyanın həcmi, o cümlədən, fərdi yaşayış evi üzərində aşkar edilmiş qüsurların aradan qaldırılması üçün aparılmalı cari təmir işlərinin dəyəri göstərilmiş, rəylər kifayət qədər əsaslandırılmış və rəylərdə göstərilən məbləği şübhə altına ala biləcək əsaslar müəyyən edilməmişdir.

40. Bununla yanaşı, iş üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstutunun mütəxəssis rəyi də əldə olunmuşdur.

41. Bu səbəbdən də, məhkəmə kollegiyası tərəfindən iş üzrə yenidən ekspertizanın keçirilməsi məqsədəmüvafiq hesab edilməmişdir.

42. O da qeyd olunmalıdır ki, iddiaçıya məxsus özbaşına tikili fiziki obyekt olaraq müəyyən maddi dəyərə malikdir və belə tikintini aparan şəxsin həmin maddi dəyərlə bağlı maraqları mövcuddur.

43. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

44. Sözügedən fərdi yaşayış evi iddiaçının sahibliyində olduğundan və onun tələbi Cavabdeh1 söküntü-qazıntı və tikinti-quraşdırma işləri aparması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması ilə bağlı olduğundan iddiaçı haqlı olaraq iddia ərizəsini ona məxsus daşınmaz əmlakın olduğu yerə görə vermişdir.

45. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

46. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-49/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar