Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3077/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: mülkiyyətə müdaxilənin aradan qaldırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), İx oğlu və Sx oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X4, cavbadehlər Cavabdeh1 və Cavabdeh2, onların nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətə müdaxilənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-537/2022 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2021-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, ev 15 ünvanında yerləşən 3 otaqlı mənzil xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
3. xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzilin 1 otağı X3, 1 otağı isə X1 adlarına özgəninkiləşdirilmişdir.
4. Cavabdeh1 adına qalan 1 otaq isə xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına özgəninkiləşdirilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh1 qarşı «mülkiyyətə müdaxilənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus fərdi evin divarından dayaq kimi istifadə edilməklə cavabdeh tərəfindən apartdırılmış tikinti işlərinin cavabdehin hesabına sökülməsi və cavabdehin hesabına evinin divarının əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onunla qonşudur. Lakin istər onun özü, istərsə də onun ailə üzvləri, o və onun ailə üzvləri ilə düzgün qonşuluq münasibəti aparmır. Ailələri münaqişəli ailə olaraq qeydiyyata alınmışdır. Dəfələrlə polis idarələrinə birinin digərinə qarşı şikayətləri olmuşdur. Hazırki iddianı irəli sürməsinə də əsas odur ki, cavabdeh onun mülkiyyəti olan fərdi evinin divarına müdaxilə edərək özünün qanunsuz tikilisinə dayaq kimi istifadə etmişdir. Qonşuluq münasibətində olduğu cavabdehin apardığı tikinti işləri onun iradə və istəyinə, hüquq və mənafelərinə zidd olmaqla yanaşı, qanunilik baxımından da düzgün deyil və evinin divarından dayaq kimi istifadə olunmaqla aparılmış həmin tikinti işləri cavabdehin hesabına sökülməlidir və evinin divarı əvvəlki vəziyyətinə bərpa edilməlidir.
7. Daha sonra Cavabdeh2 da iddiaçı tərəfindən cavabdeh qismində, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021 tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2219 nömrəli ekspert rəyində göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin divarından dayaq kimi istifadə edilməklə cavabdeh tərəfindən anbar kimi istifadə olunan tikilinin inşa edildiyi müəyyən edilir. ünvan 2 ünvanında cavabdeh tərəfindən inşa olunmuş tikili (anbar 11,4m2 (2,75x4,15) ölçüdə) iddiaçıya məxsus fərdi yaşayış evi ilə ara məsafəsi baxımından, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1. bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən edilir. ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evinin divarından dayaq kimi istifadə edilməklə cavabdeh tərəfindən inşa olunmuş anbar tikilisinin iddiaçıya məxsus yaşayış evinə giriş-çıxışına maneə törətmədiyi müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən inşa olunmuş anbar tikilisinin iddiaçıya məxsus yaşayış evinin mətbəx tikilisinin pəncərəsinin böyründə inşa olunduğundan, yaşayış evinin mətbəx tikilisinin təbii işıqlandırılmasının və havalandırılmasının qarşısını qismən alındığı müəyyən edilir.
10. Məhkəmə tərəfindən keçirilmiş sübutun yerində müayinəsi zamanı məhəlləyə daxil olarkən ümumi girişdə sağ tərəfdə iddiaçının iki mərtəbəli evi, iddiaçının evinə bitişik ikimərtəbəli mübahisəli tikili, həmin mübahisəli tikilinin birinci mərtəbəsində sanitar qovşağı və sanitar qovşağının qapısının ağzından ikinci mərtəbəyə pilləkən, ikinci mərtəbənin üstübağlı vəziyyətdə iddiaçının divarına bərkidilmiş yarıtikili olması və məhəllədə səkkiz mənzil müəyyən edilmişdir.
11. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 537/2022 nömrəli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) iddia tələbinin qismən təmin edilməsi, ünvan 3 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin divarından dayaq kimi istifadə edilməklə Cavabdeh1 tərəfindən inşa edilmiş yarıtikilinin (sanitar qovşağın üzərindəki 2-ci mərtəbə) onun hesabına sökülməsi və Cavabdeh1 hesabına evin divarının əvvəlki vəziyyətinə qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləğinin İddiaçı, qalan 50 manat məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli tikilinin birinci mərtəbəsində sanitar qovşağı yerləşməklə mənzilin texniki pasportunda nəzərdə tutulmuşdur. İkinci mərtəbəsində isə üstübağlı vəziyyətdə iddiaçının evinin divarına bərkidilmiş yarıtikilidir ki, həmin tikilinin qanuni əsaslarla tikilməsi barədə sübutlar yoxdur.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 140, 180.1, 180.4cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin təmin olunmayan hissəsində ləğv edilməsi, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
15. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabdehin inşa etdirdiyi sanitar qovşağının özü də sökülməlidir. Belə ki, həmin sanitar qovşağının özünün də yerləşdiyi yer onun hüquq və mənafelərimə ağır təsir edir. Onun özünün və ailəsinin normal yaşayışlarını məhdudlaşdırır. Ona görə də, onun mülkiyyətinə müdaxilə tam aradan qaldırılmalıdr. Cavabdehə məxsus tikili isə bütünlüklə onun mülkiyyət hüquqlarına ziddir və həmin tikili bütünlüklə cavabdehin hesabına sökülməlidir. Birinci instansiya məhkəməsi iddianı tam təmin etməməklə işin həqiqi hallarını, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərini tam əhatələyən hüquqi qiymətini verə bilməyib. Belə ki, birinci instansiya məhkəməsi cavabdehə aid tikilinin (hansı ki, bir hissəsinin sökülməsinə qət edib) ümumiyyətlə özbaşına tikili olmasına əhəmiyyət verməyib. Tikilinin yerləşdiyi torpaq cavabdehin mülkiyyətində deyil və mənim mülkiyyət hüquqlarıma zərər vuran tikilidir.
16. Qətnamədən narazı qalan Cavabdeh1 da apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iddiaçı tərəfindən qonşu torpaq sahəsinə müdaxilə olunduğu hec araşdırmamışdır. Halbuki, həmin xüsusatla bağlı tərəfindən hələ 2000-ci ilə aid bir neçə qonşunun müxtəlif instansiyalara müraciəti və həmin müraciətlərə cavablar iş materiallarına əlavə edilmişdir. Məhkəmə işi obyektiv, tam araşdırmayaraq heç bir əsas olmadan iddia tələbini təmin etmiş, qanunsuzluğa yol vermişdir. Məhkəmə mübahisəsinin predmeti olan tikilinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olması nə məhkəmə baxışı zamanı, nə də ekspertiza tədqiqatı zamanı araşdırılmamışdır. Elə bir araşdırma aparıldığı təqdirdə mübahisə predmeti olan tikilinin X5 məxsus olduğu müəyyən edilərdi. Mübahisə predmeti olan tikilinin Elmira Zeynalovaya məxsus olması ilə bağlı xx.xx.2014-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli Çıxarış mövcuddur. Öz növbəsində isə Elmira Zeynalovanın ekspertizanın keçirilməsində iştirakı ümumən təmin edilməmiş, məhkəmədə iddia tələbinin olması, ekspetizanın təyin edilməsi və onun iştirakı faktiki olaraq təmin edilməmişdir. Belə olan halda Elmira Zeynalovanın hüquqları pozulmuşdur. İddiaçı tərəf cavabdehlər tərəfindən hər hansı bir ərazinin qanunsuz zəbt edilməsini sübuta yetirə bilməmişdir. Bundan əlavə, məhkəmə təkrar tikinti-texniki ekspertizasının təyin edilməsi barədə vəsatəti təmin etməmişdir. Bununla yanaşı məhkəmə mübahisəsinin predmeti olan tikilinin hansı tarixdə inşa edilməsi, iddiaçıya məxsus fərdi yaşayış evinin daha əvvəl və ya sonra inşa edilib-edilməməsi, inşa edildiyi ərazinin iddiaçıya məxsus olub-olmaması, tikinti qaydalarına riayət edib etməməsi də araşdırılmamışdır. Belə ki, iddiaçıya məxsus yaşayış evinin qanunsuz tikintisi ilə bağlı sakinlərin çoxsaylı müraciəti əsasında Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin Nəsimi rayon İcra hakimiyyətinə və Polis İdarəsnə ünvanladığı xx.xx.2000-ci il tarixli məktubundan görünür ki, N.Yusifbəyli küçəsi 15 ünvanda yaşayan M.Naibov tərəfindən ümumi həyətdəki 70 kv.m. boş sahədə iki mərtəbəli fərdi yaşayış evinin qanunsuz tikilməsi qeyd olunur və bu qanunsuzluğun ləğv edilməsi üçün ciddi tədbirlərin görülməsi xahiş edilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi öz apellyasiya şikayətini müdafiə etdi və ona verilmiş suallara cavab olaraq bildirdi ki, məhkəmədən sonra mübahisəli tikilinin X3 adına olduğu ona məlum olmuşdur.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər öz apellyasiya şikayətini müdafiə etdilər və onlara verilmiş suallara cavab olaraq bildirdilər ki, mübahisəli tikili X3 mülkiyyətindədir. Onun üzərindəki tikili də Elmira tərəfindən icra edilmişdir.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin vəkili və nümayəndəsi əlavə olaraq bildirdi ki, mübahisəli tikilinin X3 mülkiyyətində olması ilə bağlı birinci instansiya məhkəməsində məlumat versə də, məhkəmə bunun nəzərə almamışdır.
22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.İ. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə 29.İ-İV. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz;
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 54.1 İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Hazırkı işdə iddia qismən təmin olunduğundan və iddiaçının apellyasiya şikayətində qətnamə iddianın təmin olunmayan hissəsində, cavabdehlərin apellyasiya şikayətində isə qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir.
29. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən mübahisəli tikilinin kimə məxsus olduğunu araşdırmamış, nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir.
30. Apellyasiya baxışı zamanı tərəflər özləri də təsdiq etmişlər ki, iddiaçı tərəfindən sökülməsi tələb edilən tikili X3 adına tərtib edilmiş texniki pasportda əks olunan 3.7 kv.m sahəsi olan sanitar qovşağı və onun üzərində iddiaçının divarından dayaq kimi istifadə edilməklə inşa edilmiş yarıtikilidir.
31. Cavabdehlər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə dair vəsatətdə mübahisəli tikilinin X3 mülkiyyətində olması bildirilsə də, məhkəmə bu halı araşdırmamış, iddiaçıya cavabdehlərin əsl cavabdehlə əvəz edilməsini təklif etməmişdir.
32. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi ona cavab verməli olmayan şəxslərə qarşı yönəldiyindən qismən təmin edilə bilməzdi.
33. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi bu nəticəyə gələrkən prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, məhkəmə həmçinin işdə olan sübutları Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmişdir.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının apellyasiya şikayəti təmin edilməsin, cavabdehlərin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-537/2022 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti cəlb edilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətə müdaxilənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının xərci 100 manat məbləğində vəsait İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM: VÖEN: **********, X2, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.