Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-308/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-6292/2019 saylı 29 noyabr 2019-cu il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə 14 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ASC-nin xeyrinə 137169.84 ABŞ dolları məbləğində əsas, müqavilənin bitdiyi tarixə hesablanmış 4297,99 ABŞ dolları məbləğində faiz, 28714,22 ABŞ dolları məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 18 iyul 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 9110,68 ABŞ dolları borc olmaqla, cəmi 179292,73 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20 aprel 2017-ci il tarixli 006TO4170014 saylı kredit xətti müqaviləsinə əsasən cavabdehə ASC tərəfindən illik 8 faizlə 11 ay müddətinə 206400 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 18 iyul 2019cu il tarixinədək cavabdehin Banka 137169.84 ABŞ dolları məbləğində əsas, müqavilənin bitdiyi tarixə hesablanmış 4297,99 ABŞ dolları məbləğində faiz, 28714,22 ABŞ dolları məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 18 iyul 2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 faiz olmaqla 9110,68 ABŞ dolları borc olmaqla, cəmi 179292,73 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6292/2019 saylı 29 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 137.169,84 ABŞ dolları məbləğində əsas borcun, 4297,99 ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% dərəcəsi 19.06 ABŞ dollar olmaqla, cəmi 9110.68 ABŞ dolları məbləğində kredit borcunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilərək, iddianın qismən təmin olunması, ondan 121267 ABŞ dolları mabləğində əsas borcun, 3962,93 ABŞ dolları məbləğində faiz borcunun, ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, girov puldan borc məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Qətnamə əsaslandırılarkən maddi hüquq normaları pozulmuş, iş üçün zəruri olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə qeyri mötəbər, aidiyyatı olmayan sübutlarla qətnaməni əsaslandırmış və səhv nəticəyə gəlmişdir. O, 20 aprel 2017-ci il tarixli 006T04170014 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçıdan illik 8 faiz dərəcəsi ilə 11 ay müddətinə 206400 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bundan sonra vaxtı-vaxtında ödənişlər etmiş, lakin sonradan maliyyə çətinliyi ilə əlaqədar vaxtında ödənişlər edə bilməmişdir. İddia verilən günə onun hesablamasına əsasən banka 121267 ABŞ dolları məbləğində əsas borcu və 3962,95 ABŞ dolları məbləğində faiz borcu qalmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışına əsasən iddia olunur ki, onun iddia verilən günə 137169,84 ABŞ dolları məbləğində əsas borc olmaqla, cərimə və sair borclarla birlikdə ümumilikdə 179292,73 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə prosesual hüquq normalarını pozaraq onu məhkəməyə çağırmadan bir dəfə məhkəmə baxışından sonra işə baxaraq əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bu səbəbdən də o, məhkəməyə sübutlarını, vəsatətlərini və etirazını təqdim edə bilməmiş, məhkəmə yalnız iddiaçının təqdim etdiyi sübutlara əsaslanmaqla, mühasibatlıq ekspertizası keçirib real borcu müəyyənləşdirmədən, girov müqaviləsinə hüquqi qiymət vermədən qətnamə qəbul etmişdir. O, iddiaçı ilə 20 aprel 2017-ci il tarixli 006T04170014 saylı kredit xətti müqaviləsi bağlamış, kredit götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi onunla və üçüncü tərəf iddiaçının depozit hesabında 270000 ABŞ dolları məbləğində depoziti olan X3 arasında 20.04.2017-ci il tarixində pul vəsaitinin girovuna dair GMİ-006TO4170014 saylı Girav Müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndində qeyd olunur ki, Girov qoyan mülkiyyət hüququ ilə ona məxsus olan 270000 ABŞ dolları məbləğində pulu( əmlakı) 20 aprel 2017-ci il tarixli 006T04170014 saylı kredit xətti müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi Girov saxlayana girova verir. Göründüyü kimi, real borc girov əmlakdan tutulmalı olduğu halda məhkəmə əsassız olaraq borcun ondan tutulmasını qət etmişdir. Eyni zamanda məhkəmə qətnaməsində yanlışlığa yol verilmiş, qətnamənin nəticə hissəsində ümumi borc düzgün qeyd edilməmişdir. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq 14.07.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 17.06.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin qismən ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “faizin tutulması” hissəsində dəyişdirilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı ona qarşı iddianın təmin edildiyi (əsas borc və faizin tutulması) hissədə yoxlanılır. Çünki qətnamə iddianın təmin olunmayan hissəsində iddiaçı tərəfindən mübahisələndirməmişdir. İş materiallarına əlavə olunmuş 20 aprel 2017-ci il tarixli 006TO4170014 saylı kredit xətti müqaviləsinə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən illik 8 faizlə 11 ay müddətinə 206400 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş 19.07.2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya 18 iyul 2019-cu il tarixinə 137169.84 ABŞ dolları müqavilə üzrə əsas borc, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 4297,99 ABŞ dolları, 28714,22 ABŞ dolları müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 9110,68 ABŞ dolları, cəmi 179292,73 ABŞ dolları məbləğində borcu vardır. İddiaçı bankın cavabdehə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmiş, borc ödənilməsə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. Lakin Banka olan borc ödənilmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası qismən təmin olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin müvafiq normalarını işin müəyyən edilmiş hallarına tətbiq etməklə düzgün olaraq cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmiş və belə qənaətə gəlmişdir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün müqavilədən yaranan əsas və cərimə borcu cavabdehdən tutulmalıdır. Lakin məhkəmə kredit borcu üzrə yaranmış faiz borcunun məbləğinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında hazırda kredit müqaviləsi üzrə borcun məbləği ilə bağlı mübahisə yaranmış, cavabdehin məhz hansı məbləğdə borcunun yarandığı barədə birmənalı qənaətə gəlmək mümkün olmamışdır. Eyni zamanda iş üzrə borcun hansı məbləğdə olmasının müəyyən edilməsi ilə bağlı işə birinci instansiya qaydasında baxan məhkəmə tərəfindən ekspertiza təyin olunmamışdır. Bununla bağlı hazırki işə apellyasiya qaydasında baxılarkən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və verilmiş ekspert rəyi əsasında müəyyən edilmişdi ki, tərəflər arasında bağlanmış 006T04170014 saylı 20.04.2017-ci il tarixli kredit xətti müqaviləsi üzrə cavabdehin 20 mart 2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixdə) banka olan borcu ümumilikdə 141.347.25 manat məbləğində, o cümlədən əsas borcu 137.259,85 manat, faiz borcu 4.087.30 manat təşkil etmişdir. Qeyd olunmalıdır ki, ekspert tərəfindən aparılan hesablamalar müqavilə şərtinə uyğun olaraq ABŞ dolları ilə göstərilməli olduğu halda, texniki səhv olaraq manatla göstərilmişdir. Məhkəmə kollegiyası iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayətinin cavabdeh tərəfindən verilib əsas borc və faiz borcunun mübahisələndirildiyini, əsas borcun iddia tələbi həddində təmin edildiyini, ekspert rəyinə əsasən faiz borcunun 4087,30 ABŞ dolları təşkil etdiyini nəzərə alaraq hesab edir ki, qətnamə cavabdehdən tutulmalı olan faiz borcuna münasibətdə ekspert rəyinə əsasən dəyişdirilməli və faiz borcu 4087,30 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Beləliklə, cavabdeh Bankla bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə edilmiş ödənişlər nəticəsində əhəmiyyətli dərəcədə borcunun azaldığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki MPM-nin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi girov müqaviləsinin bağlanması onu hazırki iş üzrə tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmək vəzifəsindən azad etmir. Borcun girov predmetinə yönəldilməsi isə iddiaçının bu barədə tələbi olmadığı üçün hazırki icraatda mümkünsüzdür. Buna görə də həmin dəlillər qətnamənin ləğv edilməsi üçün əsas yaratmır. Bundan əlavə Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən tutulan pul məbləğləri ABŞ dolları ilə göstərilmiş, bu zaman borcun Azərbaycan manatına olan məzənnə ilə ödəniləcəyi əks olunmamışdır. Lakin bu hal kobud prosessual pozuntu hesab edilmədiyi üçün məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, 29.11.2019-cu il tarixli qətnamə iddia tələbinin təmin olunduğu, “4297.99 ABŞ dolları faiz borcunun tutulması” hissəsində dəyişdirilməli, faiz borcunun məbləği ekspert rəyinə uyğun olaraq 4087,30 ABŞ dolları məbləğində müəyyən edilməli, qətnamə 137169,84 ABŞ dolları məbləğində əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmalı, qətnamə ilə cavabdehdən tutulmalı olan pul məbləğləri ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə həyata keçirilməli, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apelyanta aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-6292/2019 saylı 29 noyabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin edildiyi (faizin tutulması) hissədə dəyişdirilərək, Cavabdeh tutulmalı olan faiz borcunun məbləği 4087,30 ABŞ dolları məbləğində müəyyən edilsin. Qətnamə Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 137169,84 ABŞ dolları məbləğində əsas borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə ilə cavabdehdən tutulmalı olan pul məbləğləri ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə həyata keçirilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri qismində 100 manat məbləğində pul vəsaitinin 80 manatı Cavabdeh, 20 manatı isə LPO İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Cavabdeh tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-308/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-308/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver