Məhkəmə qərarları › İş №2(103)-3082/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3082/2024

03.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3082/2024 03.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, iddiaçı X1 Cavabdeh qarşı “alimentin miqdarının artırılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-2670/2024 nömrəli qərardadından iddiaçı Şahanə Əhmədovanın şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, alimentin miqdarı artırılsın. Qərardadla qərara alınıb ki, iddia ərizəsi geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, iddia ərizəsi verilərkən ərazi aidiyyəti qaydası pozulub, tərəflərin hər ikisi Ağcabədi rayonunda qeydiyyatdadır, iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət onunla əsaslandırılıb ki, iddiaçı faktiki olaraq Xətai rayonunda yaşayır, iddia alimentin miqdarının artırılması barədə oldğuna görə iddiaçı iddia ərizəsini özünün yaşadığı yerin məhkəməsinə verə bilər. Şikayət təmin olunmalı, qərardad ləğv edilməli və iş Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə görə, aliment alınması haqqında iddia iddiaçı tərəfindən özünün yaşadığı yerin məhkəməsinə verilə bilər. İddiaçı Ağcabədi rayonunda yaşayış yeri üzrə qeydiyyatdadır. Lakin o, bildirir ki, Bakı şəhərinin Xətai rayonunda yaşayır. Bu, 101 saylı MKİS-nin arayışı ilə təsdiq olunur. O cümlədən iddiaçının 12 yaşlı uşağı Abbas Abbaslı Bakı şəhərində təhsil alır. Bu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi T.Hacıyev adına 252 nömrəli məktəb-liseyinin arayışı ilə təsdiq olunur. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlər onun faktiki olaraq Bakı şəhərində yaşadığını təsdiq edir. MPM-in 36.3-cü maddəsində “iddiaçının yaşadığı yer” deyiləndə faktiki yaşayış yeri nəzərdə tutulur, bu maddədə “qeydiyyat” ifadəsi yoxdur. Maddənin məqsədi alimentə ehtiyacı olan şəxslər üçün məhkəmənin əlçatanlığının təmin edilməsidir. Belə ki, aliment – aralarında olan nikah və ya qohumluq əlaqələrinə görə bir şəxsin digər şəxsə verməli olduğu dolanacaq xərcidir. Dolanacaq xərcinə ehtiyacı olan şəxsin bu xərci almaq üçün yaşamadığı yerin məhkəməsinə getməsi onun əlavə xərclər (nəqliyyat xərci və s.) çəkməsinə səbəb olur. Eyni məntiqlə qanunverci belə şəxsləri iddianın verilməsinə görə dövlət rüsumu ödəməkdən də azad edib. Odur ki, aliment tələb edən şəxs iddianı özünün faktiki yaşadığı yerin məhkəməsinə verə bilər. Həmin şəxsin iddia ərizəsində göstərdiyi ünvanda faktiki yaşayıb-yaşamadığı iddia ərizəsinin mümkünlüyü yoxlanlarkən onun təqdim etdiyi məlumatlar əsasında məhkəmə tərəfindən müəyyənləşdirilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-2670/2024 nömrəli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar