Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3086/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Açar sözlər:(Borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(008)-2095/2022 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ASC ilə Cavabdeh arasında (**********031 №-li abonent kodu) xx.xx.2015-ci il tarixdə “su və çirkab” üzrə xidmət müqaviləsi bağlanmışdır. 2.İddiaçı müqavilə üzrə göstərilən xidmətlər müqabilində cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyinə görə borcu yarandığını iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 672,80 (altı yüz yetmiş iki manat səksən qəpik) manat borcun **********031 №-li abonent koduna və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu üzrə xərclərin “Azərsu» ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 02 mart 2023-cü il tarixli, 2(008)-2095/2022 saylı qətnaməsi ilə(sədrlik edən-Nilufər Cəfərli) iddia tələbi qismən təmin edilərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 510,18 (beş yüz on manat on səkkiz qəpik) manat pulun tutularaq **********031 saylı abonent koduna və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun isə İddiaçı ASC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. 5.İş materiallarında olan abonent kartından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında (**********031 №-li abonent kodu) xx.xx.2015-ci il tarixdə “su və çirkab” üzrə xidmət müqaviləsi bağlanmışdır. Həmin abonent kartından cavabdehin yaranmış yekun borcunun 672,80 (altı yüz yetmiş iki manat səksən qəpik) manat olduğu görünür. 6.İş materiallarında olanİddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 7.İş materiallarına əlavə edilmiş mədaxil qəbzin surətindən görünür ki, 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. 8.Məhkəmə hesab etmişdir ki, Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə ödənişləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, bunun nəticəsində **********031 nömrəli abonent Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərindən istifadə etməsinə görə İddiaçı ASC-yə borcu yaranmışdır. 9.Məhkəmə daha sonra qeyd etmişdir ki, Cavabdeh öhdəliklərin icrası üçün İddiaçı ASC qarşısında məsuliyyət daşısa da, İddiaçı ASC Mülki Məcəllənin 551.2.1-ci maddəsində irəli gələn öhdəliyin icrasına xitam vermə üçün nəzərdə tutulmuş 5 illik müddət qaydalarını pozaraq məhkəməyə borcun ödənilməsinə dair iddia ərizəsi ilə yalnız xx.xx.2023-ci il tarixində müraciət etmişdir. 10.Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh yalnız su təchizatı sistemindən su buraxılması və 2018-ci il yanvar ayından sonra yaranmış borc məbləği yəni 510,18 (beş yüz on manat on səkkiz qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 11.Məhkəmə, həmçinin qeyd etmişdir ki, müddətin keçməsinə görə öhdəliyə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. 12.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 551.2.1-ci; “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1, 4.3, 5.2, 30,59.3; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” qaydalarının 2.1.5, 7.2, 5.1.5, 3.5, 4.1.3; Azərbaycan Respublikasının Tarif(qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına; “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61 və 62-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5. 284-5.3, 284-284-6.1, 107, 119.1, 14, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri 13.İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin iddianın rədd edilmiş hissədə ləğv edilməsini, iddianın təmin edilməsinə və apellyasiya şikayətinin verilməsinə ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.Apellyasiya şikayəti onunla əsaslandırılır ki,məhkəmə hazırkı mülki iş üzrə qətnamə qəbul edərkən Mülki Məcəllənin 551-ci maddəsini düzgün tətbiq etməmişdir. Məhkəmə iş üzrə 553.1.1-ci maddəsini tətbiq etməli idi. Cavabdeh 2017-ci ildə 25 manat, 2018-ci ildə 50 manat, 2019-cu ildə 100 manat, 2020-ci il də 60 manat, 2021-ci ildə 20 manat, 2022-ci ildə 60 manat ödəmələr etmişdir. Qeyd olunan faktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəlində də öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh tərəf ödəmələr etməklə müddət axımını kəsmişdir. Lakin məhkəmə isə qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 15.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 16.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 17.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 18.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu: 19.Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində əsasən “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. 20.Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. 21.Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. 22.Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. 23.Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 24.Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna əsasən hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 25.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 27.Maddələr 385.1.1,385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 28.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 29.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya baxışının hədləri 30.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 31.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini tələb bölünməz olduğundan, tam olaraq yoxlanması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 32.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(008)-2095/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməlidir. 33.Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, məhkəmə, Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərinə görə ödənişləri vaxtında və lazımi qaydada yerinə yetirməməsi və bunun nəticəsində **********031 nömrəli abonent Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətlərindən istifadə etməsinə görə İddiaçı ASC-ə borcunun yaranması ilə bağlı gəldiyi nəticə düzgün olsa da, Mülki Məcəllənin 551.2.1-ci maddəsinə istinad edərək, iddia tələbini yalnız 2018-ci il yanvar ayından sonra yaranmış borc məbləği yəni 510,18 manat həcmində təmin etməklə, düzgün olmayan nəticəyə gəlmişdir. 34.Kollegiya hesab edir ki, məhkəmə tərəfindən maddi hüquq norması düzgün təbiq olunmamışdır. 35.Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixlə Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. 36.Həmin qərarla qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin. 37.Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən Mülki Məcəllənin 551-ci maddəsində qeyd olunmuş müddətlər iddia müddəti hesab edildiyindən, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməməsinə baxmayaraq, 2018-ci ildən əvvəl əmələ gəlmiş borclara münasibətdə iddianı təmin etməməklə maddi hüquq normasının tələblərini pozmuşdur. 38.Buna görə də, kollegiya hesab edir ki, cavabdehin öz öhdəliklərini lazimi qaydada və vaxtında icra etməməsi səbəbindən yaranmış 672,80 manat məbləğində borc cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. 39.Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq apellyasiya şikayəti təmin edilərək iddia tələbi təmin olunduğundan apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 40.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(008)-2095/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 672,80 (altı yüz yetmiş iki manat, səksən qəpik) manat borc, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat və apellyasiya şikayətinin verilməsinə görə 15 (on beş) manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 717,80 (yeddi yüz on yeddi manat, səksən qəpik) manat pul tutulmalıdır. 41.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 394-1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(008)-2095/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 672,80 (altı yüz yetmiş iki manat, səksən qəpik) manat borc, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 717,80 (yeddi yüz on yeddi manat, səksən qəpik) manat pul tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdiyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3086/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3086/2023
03.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver