Məhkəmə qərarları › İş №2(103)-309/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-309/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-309/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “X1 Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənzilə görə ödənilmiş və mənzilin təmirinə sərf edilmiş pulun, habelə vurulmuş mənəvi zərərin əvəzinin tutulması tələbi barədə” ilk iddiasına, cavabdeh ASC-nin iddiaçıya qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2018-ci il tarixli qətnamədən iş üzrə tərəflərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə, cavabdeh ASC-nin nümayəndəsi X2 və iddiaçının iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllədə cavabdeh ASC tərəfindən inşa edilmiş 7 saylı binada yerləşən 80 saylı 2 otaqlı mənzilə görə ASC-yə ödədiyi cəmi 51.418 manat, mənzilin təmirinə çəkilmiş xərcin əvəzinin ödənilməsi məqsədi ilə 30.000 manat, ASC-nin qanunsuz hərəkəti nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında Rayon Məhkəməsində mülki iş başlanmışdır. İddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən mənzilin alğı-satqısı ilə bağlı alıcı olan iddiaçı ilə satıcı olan cavabdeh ASC arasında xx.xx.2012-ci il tarixdə müqavilə bağlanmışdır. Bundan bir müddət sonra ASC hazırki iş üzrə iddiaçıya qarşı “müqavilənin ləğv edilməsi və mənzilin qaytarılması barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ASC-nin iddiasının təmin olunması, müqavilənin ləğv edilməsi və mənzilin hazırki iş üzrə iddiaçıdan alınaraq ASC-yə təhvil verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə minmişdir. Bununla da iddiaçı, faktiki sahibi olduğu, uzun müddət ailəsi ilə yaşadığı mənzilindən mərhum olmuş, həmin mənzildə əsaslı təmir-tikinti işləri aparmaqla həmin mənzildə ailəsi ilə birlikdə gələcəkdə yaşamaqda davam etmək arzusunun olmasına, mənzilin dəyərini, adına kredit almaqla birlikdə artıqlaması ilə ödəməyinə baxmayaraq evi əlindən alınmış və ona, ailəsinə çox ciddi maddi və mənəvi ziyan vurulmuşdur. Odur ki, mübahisəli mənzil üçün iddiaçı tərəfindən cavabdeh ASC-yə nağd şəkildə ödənilmiş 27.759 manat, “xxxx” ASC ilə xx.xx.2012-ci il tarixdə bağladığı İ- 12/360 saylı “Kredit müqaviləsi” əsasında iddiaçının adına rəsmiləşdirilmiş və evin dəyəri kimi cavabdeh ASC-nin hesabına köçürülmüş 23.659 manat, cəmi isə 51.418 manat məbləğində pul ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, mübahisəli mənzil ASC tərəfindən iddiaçıya təhvil verildikdən sonra, iddiaçı həmin mənzili əsaslı təmir etdirmiş və təmirə 30.000 manat xərc çəkmişdir. Hazırda mənzil ASC-yə qaytarıldığından həmin məbləğ ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Daha sonra nəzərə alınmalıdır ki, cavabdeh ASC mənzillə bağlı problemləri süni şəkildə yaratmış və mənzili iddiaçıdan almağa iddialı olduqları vaxtdan, eləcə də iddiaçını uzun müddət məhkəmələrə cəlb etdiyindən, iddiaçı və onun ailə üzvləri yeganə yaşayış yerlərindən çıxdığından iddiaçı çox ciddi mənəvi-psixoloji sarsıntı keçirmiş, hətta bir neçə dəfə buna görə intihar etmək istəmişdir. Ona görə də ASC iddiaçıya vurduğu mənəvi zərəri ödəməlidir. İddiaçı ona vurulmuş mənəvi zərəri 10.000 manat məbləğində qiymətləndirir. Cavabdeh ASC də iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ilk iddia üzrə iddiaçının ona vurduğu maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 18.000 manat, qarşılıqlı iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun ilk iddia üzrə iddiaçıdan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək ilk iddia ilə birlikdə baxılmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ASC-yə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 2595 saylı məhəllədə yerləşən bina 7, blok 1, 2 otaqdan ibarət, ümumi sahəsi 92,06 kv.metr olan 80 saylı mənzilin alınmasına dair qarşılıqlı iddia üzrə iddiaçı ASC ilə xx.xx.2012-ci il tarixli, 16174 nömrəli alğı-satqı müqaviləsi bağlamışdır. İddiaçı müqavilə öhdəliklərini pozduğuna görə qarşılıqlı iddia üzrə iddiaçı ASC-nin iddiası əsasında müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması tələbinə dair mülki işə Sabunçu Rayon Məhkəməsində baxılmış və xx.xx.2015-ci il tarixli qətnamə ilə iddia təmin edilmişdir. Yuxarı instansiya məhkəmələrinin müvafiq qərarları ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı uzun müddət mənzilə görə qarşılıqlı iddia üzrə iddiaçı ASC-yə məxsus mənzildə yaşasa da mənzilə görə pul ödəməmişdir. İddiaçı 2012-ci ildən halhazıradək yuxarıda qeyd olunan mənzilin pulunu ödəməyərək, orada yaşamış, mənzili iddiaçıya geri qaytarmamış və nəticədə iddiaçıya maddi ziyan dəymişdir. İddiaçı vaxtında həmin mənzili başqasına satsaydı həmin mənzilin pulunu dövriyyəyə buraxar və gəlir əldə edə bilərdi. Belə olan halda iddiaçıdan cavabdeh ASC-nin xeyrinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439-cu maddəsinə əsasən illik 5 % hesabı ilə 18.000 manat pul tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə ilə (“qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” xx.xx.2018-ci il tarixli qərardad nəzərə alınmaqla) ilk iddianın qismən təmin edilməsini, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən mənzilə görə ödənilmiş pulun əvəzi olaraq 28.581,55 manat, mənzildə aparılmış təmir xərcinin əvəzi olaraq 20.054 manat, ilk iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ASC-dən tutularaq iddiaçıya ödənilməsini, ilk iddianın qalan hissədə təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini ASC-yə vurulmuş maddi zərərin əvəzi olaraq 18.000 manat, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun iddiaçıdan cavabdeh ASC-nin xeyrinə tutulmasını qət etmişdir. İş üzrə tərəflər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Əsasları ilk iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış iddiaçının apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi ilk iddianın bir hissəsini təmin etməməklə, qarşılılıq iddianı isə təmin etməklə maddi və prosessual hüquq normalarının tələbləri pozmuş, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bu səbəbdən də Rayon Məhkəməsinin qətnaməsi ilk iddianın bir hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi hissəsində ləğv edilməli və ilk iddia tam həcmdə təmin, qarşılıqlı iddia isə tam həcmdə rədd edilməlidir. Cavabdeh ASC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddianı haqlı olaraq təmin etmiş Rayon Məhkəməsi, ilk iddianın bir qismini təmin etməkdə səhv nəticəyə gəlmişdir. Bu səbəbdən də Rayon Məhkəməsinin qətnaməsi ilk iddianın bir qisminin təmin edilməsi hissəsində ləğv edilməli və ilk iddia tam həcmdə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 424.4-cü maddəsinə görə, müqavilə ləğv edilən anadək tərəflər ödədiklərinin geri qaytarılmasını tələb edə bilməzlər. Bundan başqa nəzərə alınmalıdır ki, ASC ilə iddiaçı arasında mənzilə dair bağlanmış müqavilənin şərtlərinə görə, müqavilə alıcının (iddiaçının) təşəbbüsü ilə ləğv olunduğu halda satıcının (cavabdeh ASC-nin), ödənilmiş məbləğin 30 faizinə bərabər olan hissəsini və ilkin ödənişi qaytarmamaq, qalıq məbləği isə mənzil başqa şəxsə satıldıqdan sonra alıcıya qaytarmaq hüququ var. Həmçinin, mənzilin təmiri ilə bağlı iddiaçı ilə ASC arasında heç bir razılaşma olmamışdır, iddiaçı öz riski ilə mənzili təmir etmişdir. Mənzilin təmirinə çəkilən xərci ASC ödəməyə məcbur deyil. Həmçinin təmirə çəkilən xərclərin dəyəri ilə bağlı da Məhkəmə yanlış nəticəyə gəlmişdir. Çünki ekspert rəy verərkən hazırki qiymətlərə uyğun hesablama aparmışdır. Halbuki mənzil uzun müddət əvvəl təmir olunmuşdur. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və özü tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu şikayətin və ilk iddianın məzmununa uyğun izahat verdi. O, əlavə olaraq qeyd etdi ki, ailəsi ilə birlikdə hazırda da mənzildə hazırda yaşayır, mənzili ASC-yə təhvil verməmişdir, çünki ASC onun pulunu qaytarmamışdır. Buna görə də o, ASC-nin ondan tutulmasını tələb etdiyi 18.000 manat məbləğində pulu ASC-yə ödəməli deyil. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və ASC-nin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bu apellyasiya şikayətinin, habelə qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq qeyd etdi ki, iddiaçının mənzilin alğı-satqısı ilə bağlı ASC-yə ödədiyi pulu tələb etməsi, Mülki Məcəllənin normalarına, habelə aralarında bağlanmış müqavilə şərtlərinə uyğun deyil. Bundan başqa, işə baxan Rayon Məhkəməsi təmirə görə pul tələbi ilə bağlı aşınmanı və əvvəlki qiymətlərin daha ucuz olmasını nəzərə almalı idi. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdeh ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi mənzilin təmirinə görə cavabdeh ASC-dən tutulmalı olan xərcin əvəzinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, cavabdeh ASC ilə İddiaçı arasında mübahisəli mənzilə dair bağlanmış xx.xx.2012-ci il tarixli, 16174 saylı müqavilədən görünür ki, satıcı olan ASC mənzili alıcı olan iddiaçıya satmağı, sonuncu isə müqavilədə nəzərdə tutulmuş qaydada, yəni hissəhissə, ayda 845,29 manat olmaqla, 36 ay müddətində mənzilin dəyəri olan 50.430,44 manatı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli “Kredit müqaviləsindən” görünür ki, iddiaçı bu müqaviləyə əsasən Bankdan illik 12 faiz dərəcəsi ilə 33 ay müddətinə 23.659,13 manat məbləğində kredit götürmüşdür. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsindən (İş № 2(008)-359/2015) görünür ki, hazırki iş üzrə cavabdeh ASC-nin hazırki iş üzrə İddiaçı qarşı irəli sürdüyü iddiaya baxmış Sabunçu Rayon Məhkəməsi, ASC ilə M.Məmədovun arasında mənzilə dair bağlanmış xx.xx.2012-ci il tarixli, 16174 saylı müqavilənin ləğv edilməsini, mənzil boşaldılaraq ASC-yə təhvil verilməsini qət etmişdir. Həmin qətnamənin qəbul edilməsinə əsas olmuş mülki iş apellyasiya və kassasiya instansiya məhkəmələrinin baxışı predmeti olmuş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. “xxxx” ASC tərəfindən verilmiş arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixinə olan 22.705,74 manat məbləğində borcu cavabdeh ASC tərəfindən Banka tam olaraq ödənilmişdir. Beləliklə, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri izahatlardan müəyyən edilir ki, cavabdeh ASC mübahisəli mənzili xx.xx.2012-ci il tarixli, 16174 saylı alğı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdır. Mənzilin dəyəri tərəflərin razılığı ilə 50.430,44 manat məbləğində müəyyən olunmuş və alıcı (iddiaçı) mənzilin qiymətini hər ay 845,29 manat məbləğində ödəniş etməklə 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilmədiyinə görə cavabdeh ASC alqı-satqı müqaviləsinin ləğvi tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsinə əsasən onların arasında bağlanmış müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq ASC-nə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı mənzili ASC-yə təhvil verməmiş və hazırda da həmin mənzildə yaşamaqda davam edir. Apellyasiya şikayətində iddiaçı, mənzildə yaşamadığını qeyd etsə də, apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edərkən həmin mənzildə yaşadığını etiraf etmiş və bildirmişdir ki, cavabdeh ASC mənzilin alğı-satqısına görə ödədiyi və təmirə görə çəkdiyi xərcləri geri qaytarmadığı üçün mənzildən çıxmayıb. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş məxaric qəbzlərindən görünür və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, iddiaçı cavabdeh ASC-yə cəmi 27.628,29 manat məbləğində ödəniş etmişdir. Bundan başqa, iddiaçı ilə “xxxx” ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli “xxxx” əsasən mənzilə görə ASC-yə olan borcun ödənilməsi məqsədi ilə Bank tərəfindən iddiaçıya 33 ay müddətinə, illik 12% dərəcəsi ilə 23.659,13 manat məbləğində kredit verilmiş, həmin məbləğ də iddiaçı tərəfindən ASC-yə ödənilmiş, lakin sonradan iddiaçı həmin kredit borcunu ödəməkdən imtina etdiyi üçün 22.705,74 manat məbləğində borcu məhz cavabdeh ASC Banka ödəmişdir. Məhkəmə qeyd edir ki, 27.628,29 manat məbləğində pulun mənzilin alğı-satqısına görə iddiaçı tərəfindən müxtəlif vaxtlarda hissə-hissə cavabdeh ASC-yə ödənilməsi işin mübahisəsiz halıdır. İddiaçı tərəfindən ödədiyi həmin məbləği tələb edir. Cavabdeh ASCnin isə həmin tələbə etirazı ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 424.4-cü maddəsinin tələblərinə görə, müqavilənin ləğvinə qədər öhdəlik üzrə icra olunan geri tələb oluna bilməz. Məhkəmə qeyd edir ki, xx.xx.2012-ci il tarixli, 16174 saylı müqavilənin ləğv edilməsi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunmuşdur. MPM-nin 82.3-cü maddəsinə görə isə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iş üzrə tərəflər arasında mövcud olan mübahisənin həlli və apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Tərəflər arasında mənzilə dair bağlanmış müqavilənin 3.1.8-ci maddəsinə görə, müqavilə alıcının təşəbbüsü ilə ləğv edildiyi hallarda, alıcı tərəfindən ödənilmiş məbləğin 30 faizinə bərabər olan hissəsini və ilkin ödənişi alıcıya qaytarmamaq, alıcı tərəfindən ödənilmiş məbləğin qalıq hissəsini isə mənzili başqa şəxsə satdıqdan sonra hissə-hissə alıcıya qaytarmaq satıcının hüququdur. Mülki Məcəllənin 404-cü maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.). Müqavilənin həmin bəndinə əsasən müəyyən edilir ki, cavabdeh ASC-nin ödənilmiş məbləğin 30 faizinə bərabər olan hissəsini və ilkin ödənişi alıcıya qaytarmamaq hüququ o zaman yaranır ki, müqavilə alıcının təşəbbüsü ilə ləğv edilsin. Deməli, bütün digər hallarda (müqavilə satıcının təşəbbüsü ilə ləğv olunduğu halda da) alıcının hüququ var ki, müqavilə ləğv olunan vaxta kimi ödədiyi məbləğləri tələb etsin. Hazırki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından görünür ki, xx.xx.2012-ci il tarixli, 16174 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsinin təşəbbüskarı cavabdeh ASC olmuşdur. Bundan başqa, həmin bənddən o da məlum olur ki, müqavilə alıcının təşəbbüsü ilə ləğv olunduğu hallarda cavabdeh ASC-nin yalnız ödənilmiş məbləğin 30 faizinə bərabər olan hissəsini və ilkin ödənişi alıcıya qaytarmamaq hüququ yaranır. Qalıq məbləği isə geri qaytarmalıdır. Mülki Məcəllənin 424.4. maddəsinə görə, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Lakin hazırkı halda tərəflər müqavilə ləğv edildikdən sonra öhdəliklər üzrə icra etdiklərini geri qaytarmaq öhdəliyi götürmüşlər. Mülki Məcəllənin 405.1. maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 425.1. maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2. maddəsinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçı tərəfindən mənzilə görə ödənilmiş məhkəmə araşdırması zamanı məbləği 27.628,29 manat müəyyən edilmiş ödənişlərin cavabdeh ASC-dən tutularaq iddiaçıya qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Tərəflər arasında mübahisə doğuran digər məsələ ilk iddianın cavabdeh ASC-nin Banka ödədiyi 23.659 manat məbləğində pul tələbi ilə bağlı hissəsidir. İddiaçı bildirir ki, 23.659 manat məbləğində pulu xx.xx.2012-ci il tarixli “xxxx” əsasən Bankdan götürmüş və cavabdeh ASC-yə ödəmişdir. Bununla bağlı Məhkəmə bildirir ki, yuxarıda artıq qeyd edildiyi kimi, “xxxx” ASC-nin cavabdeh ASC-nin məktubundan görünür ki, İddiaçı Banka xx.xx.2014-cü il tarixə olan 22.705,74 manat məbləğində borcu məhz cavabdeh ASC tərəfindən Banka ödənilmişdir. İddiaçı banka borcun olması və ya həmin borcun tərəfindən ödənilməsinə dair hər hansı bir arayış, hesabdan çıxarış təqdim etmir. Belə olan halda hesab edilməlidir ki, iddiaçının bu dəlili əsassızıdır; işə baxmış Rayon Məhkəməsi haqlı olaraq həmin hissədə iddia tələbini qismən təmin etmiş və əsaslı olaraq yalnız (23.659-22.705,74=) 953,26 manat məbləğində pulu cavabdeh ASC-dən iddiaçının xeyrinə tutmuşdur. Tərəflər arasında mübahisəli digər bir məsələ iddiaçı tərəfindən mənzilin təmirinə görə çəkilmiş xərclərlə bağlıdır. Cavabdeh ASC təmirə görə çəkilmiş xərcin ondan tutulması ilə razı deyil. Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi təmirə görə iddiaçı tərəfindən çəkilmiş xərclərin cavabdeh ASC-dən tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 157.6-cı maddəsinə görə, istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı təmirə görə çəkilmiş xərclərin ona ödənilməsini tələb etməkdə haqlıdır. İşə baxmış Rayon Məhkəməsi mənzilin təmirinə görə çəkilmiş xərclərin əvəzinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyini alaraq tədqiq etmişdir. Qeyd edilən Mərkəzin xx.xx.2018-ci il tarixli, 30184 saylı rəyindən görünür ki, İddiaçı ilə cavabdeh ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 16174 saylı müqaviləsi üzrə İddiaçı təhvil verilməsi nəzərdə tutulmuş 3 otaqdan ibarət, ümumi sahəsi 80 kv.metr olan mənzilin təmirinə sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 20.054,0 manat olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzilin konstruktiv elementləri üzərində aparılmış təmir işlərinin yeni təmir olduğunu, həmin konstruktiv elementlər üzərində köhnəlmə, deformasiya uğrama, rəngdəyişmə kimi qüsurların olmadığını nəzərə alaraq, həmin mənzilin təmirinə sərf olunan vəsaitin hesablanması zamanı aşınma dərəcəsi tətbiq edilmir. Ekspertiza tədqiqatının nəticəsi olaraq verilmiş həmin rəydən görünür ki, mübahisəli mənzilin təmirinə sərf edilmiş pul vəsaitinin 20.054 manat olduğu müəyyən edilmiş, bu zaman ekspert təmir işlərinin hazırda mövcud olan bazar qiymətlərini əsas götürmüşdür. Göründüyü kimi, mənzilin təmirinə çəkilmiş vəsaitin məbləğini müəyyən edərkən mövcud, yəni hazırki dövrə aid qiymətləri əsas götürmüşdür. Məhkəmə qeyd edilənləri nəzərə alaraq iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin rəyini almışdır. Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 10/10 nömrəli rəydən görünür ki, həmin mənzilin təmir edildiyi dövrdə 2012-ci ildə tikinti materiallarının və haqqının dəyəri əsas götürülməklə mənzilin təmirinə sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 20.054 manatdır. Mənzilin təmirinə 10% aşınma dərəcəsi tətbiq edilərək təmirə sərf olunmuş vəsaitin dəyəri 18.048,6 manat təşkil etdiyi müəyyən edilir. Beləliklə, Məhkəmə hesab edir ki, təmir xərclərinə görə iddiaçı tərəfindən çəkilmiş məbləğ sonuncu rəydə göstərilən məbləğdə müəyyən edilməlidir. Belə ki, həmin rəyin əsassız olmasına əsas verən halların mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmiş, iş üzrə tərəflər həmin rəyi şübhə altına ala biləcək sübutları Məhkəməyə təqdim edə bilməmişlər. İddiaçı apellyasiya şikayətində cavabdeh ASC-yə vurulmuş ziyana görə 18.000 manat məbləğində pulun tutulması ilə bağlı işə baxan Rayon Məhkəməsinin gəldiyi nəticəni əsassız olduğunu bildirir. Məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir və qeyd edir ki, cavabdeh ASC müqavilə ləğv olunduqdan sonra iddiaçının mənzili boşaltmamasına görə ona vurulmuş maddi ziyanı tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli mənzildə yaşadığı müddət nəticəsində cavabdeh ASC-yə vurulmuş ziyan ödənilməlidir. Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi zərər məbləğinin müəyyən edilməsi meyarı kimi, belə bir mənzilin kirayə haqqı məbləğini əsas götürmüş, həmin mənzilin göstəricilərinə uyğun mənzillərin kirayə haqqının 300-400 manat məbləğində olduğunu müəyyən etmiş (internet saytlardan əldə edilmiş məlumatlar) və son nəticədə aylıq zərər məbləği qismində 400 manat məbləği müəyyən etmişdir. İddiaçının mübahisəli mənzildə ümumilikdə 55 ay (müqavilə müddəti ərzində 24 ay + bundan sonra 2018-ci ilin may ayı da daxil olmaqla təxminən 2 il 7 ay, yəni 31 ay = cəmi 55 ay) yaşadığı müəyyən olunur. Həmin müddətə görə vurulmuş ziyan 22.000 manat təşkil edir. Cavabdeh ASC-nin tələb etdiyi məbləğin 18.000 manat məbləğində olduğunu nəzərə alaraq həmin məbləğdə pul da iddiaçıdan cavabdeh ASC-nin xeyrinə tutulmuşdur. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, həmin hissədə də işə baxan Rayon Məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçının həmin tələbə etirazları əsaslı deyil, vurulmuş maddi ziyanı tələb etmək cavabdeh ASC-nin hüququdur. Məhkəmə iddiaçının mənəvi ziyan tələbi bağlı qeyd edir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsiilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya mənəvi ziyan dəyməsi təsdiq olunmur. Belə ki, iddiaçının mənzildən məhrum olması onun özünün təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Beləliklə də yuxarıda göstərilənləri və MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdeh ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi cavabdeh ASC-dən mənzilin təmirinə çəkilmiş xərclərə görə iddiaçının xeyrinə tutulmalı olan pulun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və təmir xərci olaraq ASC-dən iddiaçının xeyrinə tutulmalı olan məbləğ 18.048,06 manat müəyyən edilməli, bununla əlaqədar olaraq ASC-dən iddiaçının xeyrinə tutulmalı olan ümumi məbləğ də dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı Məhiyyədin oğlunun apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh “X1 Korporasiyası” ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2018-ci il tarixli qətnamə cavabdeh “X1 Korporasiyası” ASC-dən İddiaçı Məhiyyədin oğlunun xeyrinə tutulmalı olan təmirə görə pulun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh “X1 Korporasiyası” ASC-dən İddiaçı Məhiyyədin oğlunun xeyrinə təmirə görə 18.048 (on səkkiz min sıfır qırx səkkiz) manat 06 (sıfır altı) qəpik tutulsun. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxx 2018-ci il tarixli qətnamə (“qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” xx.xx.2018-ci il tarixli qərardad nəzərə alınmaqla) qalan hissədə, yəni cavabdeh “X1 Korporasiyası” ASC-dən mənzilə görə ödənilmiş 28.581 (iyirmi səkkiz min beş yüz səksən bir) manat 55 (əlli beş) qəpik, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq, İddiaçı Mahiyəddin oğluna verilməsi, İddiaçı Mahiyəddin oğlundan 18.000 (on səkkiz min) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh ASC-nin xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Müəyyən edilsin ki, cavabdeh “X1 Korporasiyası” ASC-dən İddiaçı Mahiyəddin oğlunun xeyrinə ümumilikdə (dövlət rüsumunun əvəzi də nəzərə alınmaqla) 46.659 (qırx altı min altı yüz əlli doqquz) manat 55 (əlli beş) qəpik məbləğində pul tutulmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş şəxslərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar