Məhkəmə qərarları › İş №2(103)-3090/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3090/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3090/2025 14.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3090/2025 (Açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6068/2024 saylı, 29 oktyabr 2024cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14 may 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən dəyəri 1650,6 manat olan Led TV üçün 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay müddətinə aylıq 91,7 manat ödəmək şərti ilə kreditlə almışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “nisyə alğı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 783,6 manat əsas, 78,4 manat cərimə olmaqla, ümumilikdə 862 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən dəyəri 1650,6 manat olan Led TV üçün 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay müddətinə aylıq 91,7 manat ödəmək şərti ilə kreditlə almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən xx.xx.2023-cü il tarixdə əşyadan imtina etdiyindən 580 manat borcundan silinmişdir. Cavabdeh müqavilə üzrə borcundan 287 manat ödəniş etmiş, 580 manat isə borcundan silinmiş, nəticədə 867 manat ödəniş edilmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qərarına gəlmişdir. İddiaçı 783,6 manat əsas, 78,4 manat cərimə olmaqla, ümumilikdə 862 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6068/2024 saylı 29 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Elnarə Vəliyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh 783,6 manat əsas, 10 manat cərimə olmaqla, ümumilikdə 793.6 manat məbləğində pul vəsaitinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 399.1, 442, 600.1, 600.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 107, 119.1, 284-1, 284-5.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, onunla iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən dəyəri 1650,6 manat olan Led TV üçün 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay müddətinə aylıq 91,7 manat ödəmək şərti ilə kreditlə almışdır. LED Tv ona təhvil verildikdən sonra əşyada nasazlıq yaranmış, o, iddiaçıya müraciət etmiş və TV-ni servisə təqdim etmişdir. Əşyanı ondan rəsmi olaraq təhvil almışlar. Buna baxmayaraq, o, öhdəliklərini icra etmişdir. Lakin qarşı tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək, yaranan problemi aradan qaldırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 394-1.3 və 394- 1.4-cü maddələrinin tələblərinə əsasən işə iddia icraatı qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

17. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində iddianın tam rədd edilməsi xahiş edildiyindən qətnamə həmin hissədə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Kollegiya hesab edir ki, Cavabdeh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

27. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən dəyəri 1650,6 manat olan Led TV üçün 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay müddətinə aylıq 91,7 manat ödəmək şərti ilə kreditlə almışdır.

28. Müqaviləyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə Led Tv tam qüsursuz halda təhvil almışdır.

29. Müqavilənin 2-ci bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir.

30. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin iddiaçının xx.xx.2024-cü il tarixli xəbərdarlığına əsasən cavabdeh tərəfindən öhdəliklərin icrasının gecikdirildiyini, odur ki, borcun icra edilməsini tələb etmiş, əks təqdirdə 3 gün müddətində məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

31. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnun həmin tarixə 783,6 manat əsas, 78,4 manat cərimə olmaqla, ümumilikdə 862 manat məbləğində borcu vardır.

32. "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, cavabdehin müqavilə üzrə yaranmış borcu 3 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

33. xx.xx.2023-cü il tarixli təmir aktından görünür ki, TV təmir üçün servisə qəbul edilmişdir.

34. xx.xx.2023-cü il tarixli Qiymətləndirmə aktından görünür ki, TV hazırki qiymətləndirilən dəyəri 580 manat təşkil edir. TV ləkələr və cızıqlar mövcud olmuşdur.

35. Kollegiya cavabdehin apellyasiya şikayətinin “təmirlə əlaqədar televizorun onda olmamasına əsasən ödənişlərin verilməməsi” ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli texniki rəydə göstərilmişdir ki, cihaz diaqnostika olunmaq üçün qəbul edilmiş və ümumi olaraq, TV-də ləkələr və cızıqların olması müşahidə olunmuşdur.

36. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə məhsul satılmış, məhsul müvafiq qaydada cavabdeh tərəfindən təhvil alınmış, yalnız müəyyən müddət keçdikdən (təxmini 5 ay) sonra məhsulda ehtimal olunan qüsurla bağlı müraciət olunmuşdur. Və qüsurun istehsal qüsuru olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

37. Kollegiya apelyatorun məhkəmə iclasında iştirakının təmin olunmamasına dair dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarından göründüyü kimi iş üzrə icraat sadələşdirilmiş formada aparılmış və bu barədə proses iştirakçılarına bildiriş göndərilmiş, lakin bu barədə cavabdeh tərəfindən hər hansı etiraz və ya mülahizə daxil olmamışdır. Buna görə də kollegiya bu dəlili də əsassız hesab edir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

40. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

42. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

43. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

45. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

46. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

47. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6068/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar