Məhkəmə qərarları › İş №2(103)-3092/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3092/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3092/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı “xxxx” KB ASC-nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-2516/20 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6470,46 manat məbləğində əsas borc, 902,52 manat məbləğində faiz borcu olmaqla, cəmi 7372,98 manat (yeddi min üç yüz yetmiş iki manat doxsan səkkiz qəpik) məbləğində borc pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 6470,46 manat əsas borc, 902,52 manat faiz borcu, cəmi 7372,98 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədilə 12 ay müddətinə illik 23% ödəmək şərti ilə 7000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə iddiaçı təşkilat arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq dövri olaraq ödənməli kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “xxxx” KB ASC-yə 6470,46 manat məbləğində əsas borc, 902,52 manat faiz borcu, ümumilikdə 7372,98 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlərdən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ona hesablanmış borcun dəqiqləşdirilməsi üçün iş üzrə ekspertizanın təyin etməklə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib Sədrlik edənin məruzəsini, şikayəti qəbul etməyərək, rədd olunmasını xahiş edən iddiaçının səlahiyətli nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyator Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsini ona aid hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və lizinq müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 65micNFT/20-EM nömrəli əsas kredit və bank hesabı müqaviləsidən, xx.xx.2020-ci il tarixli 65micNFT/20 nömrəli əlavə kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, “xxxx” X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış həmin müqavilə əsasında “xxxx” KB ASC Cavabdeh1 12 ay müddətinə illik 23% ödəmək şərti ilə 7000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 65micNFT/20 saylı zaminlik müqaviləsindən görünür ki, “xxxx” X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq “xxxx” X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli 65micNFT/20 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə borclu Cavabdeh1 banka 6470,46 manat məbləğində əsas borcu, 902,52 manat məbləğində faiz borcu olmaqla, cəmi 7372,98 manat məbləğində borcu vardır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh borclu iddiaçı təşkilatdan aldığı kredit üzrə əsas borcu və faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiyanın iclasında iddiaçının səlahiyətli nümayəndəsi İsrafil Şahverdiyev hesabdan çıxarış təqdm edərək, bildirmişdir ki, həmin hesabata əsasən cavabdeh xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək cəmi 2 dəfə ödəniş edib, ondan başqa ödənişlər olmayıb və cavabdehin iş üzrə mühasibatlıq ekspertizansının keçirilməsinə dair dəlillərin əsas olduğunu, işin uzadılmasına gətirib çıxarılacağından, apellyaisiya şikayətinin təmin olunmaması, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegıya hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirmədiyindən iddia tələbinı yuxarıda göstərilən qaydada təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən kollegiya Qaradağ rayon Məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Qaradağ rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar