Məhkəmə qərarları › İş №2(103)-3093/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3093/2025

19.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3093/2025 19.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «maneələrin aradan qaldırılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-6/2025 saylı, 18 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilib ki: xx.xx.2019 tarixdə ölmüş X5 vərəsəsi oğlu-İddiaçıdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 37 kv/m olan üç otaqlı mənzildən ibarətdir.

2. X2 məxsus Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi, 40-cı məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin yenidən həmin əraziyə baxış keçirməsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiada göstərilib ki, atasının vəfatından sonra 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ondan miras qalmış əmlaka dair vərəsəlik işi açılmışdır. Atasının vərəsəsi kimi tanınmış və mirası faktiki olaraq qəbul etmişdir. X3, X7 və Cavabdeh notariat təsdiqli ərizəsində paydan onun xeyirinə imtina etdiyini və gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəyini bildirmişdir. Bundan sonra, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsinə dair ərizə ilə müraciət etmişdir. Lakin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri qeyd olunan fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı həmin ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün gəlsələr də, qardaşı Cavabdeh DƏDRX-ın 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssilərinin həmin əraziyə baxış keçirməsinə maneə yaratmışlar. Cavabdehin bu maneələri yaratmaqda əsas məqsədi onun miras payını özəlləşdirməyinin qarşısını almaq olmuşdur. Bakı şəhəri “ASAN xidmət” mərkəzinin Notariat Ofisinin DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış məktubundan da göründüyü kimi o, sözügedən əmlakla bağlı vərəsəlik işi üzrə vərəsə kimi tanınmışdır. Bununla da, sözügedən miras əmlaka dair vərəsəlik hüququ yaranmışdır. Lakin bu hüququnun həyata keçirilməsi cavabdehin DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərini həmin əmlaka baxış keçirməsinə maneə yaratması nəticəsində mümkün olmamışdır.

5. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-6/2025 saylı, 18 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Faiq Qasımov) iddia tələbinin təmin edilməməsi və ekspertiza tədqiqatının dəyəri olaraq ümumilikdə 100 manatın İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, müəyyən edilmiş mübahisəsiz hallar оndan ibarətdir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi X6 məхsus оlmuş оnun ölümündən sоnra miras qalmışdır. İddiaçı tələbini cavabdеhin оnun vərəsəlik hüququnun həyata kеçirməsi üçün zəruri olan qeyri-yaşayış obyektinin müayinə olunması və yerquruluşu planının hazırlanması işlərinə manеə törətməsi ilə əsaslandırsa da, müayinə və yerquruluşu planının hazırlanması işlərinin icra еdilməsi nəzərdə tutulan və cavabdеhin işlərinə manеə törətdiyi sahənin mərhum atasından miras qalmış sahəyə aid оlması barədə sübut təqdim еtməmişdir. Yanaşı yохlanılmış xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2649 ekspert rəyi ilə miras obyektin cavabdеhin istifadəsində olan sahə ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Yanaşı yохlanılmış mütəxəssis rəyi ilə də texniki pasportda göstərilən tikilinin ölçüləri ilə faktiki tikilinin perimetrik ölçülərinin fərqli оlduğu müəyyən еdilmişdir. Yanaşı yохlanılmış xx.xx.2024-cü il tarixli, 10/7775 ekspert rəyi ilə X8 məхsus оlmuş və оnun ölümündən sоnra miras qalmış ticarət və ictimai iaşə obyektinin texniki pasportunda göstərilmiş Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsi ünvanında yerləşən torpaq sahəsi ilə, həmin küçədə yerləşən və cavabdеhin istifadəsində olan qeyriyaşayış sahəsinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Bеləliklə iş üzrə оlan sübutlarla mərhum X6 məхsus оlmuş və оnun ölümündən sоnra miras qalmış ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yеrləşdiyi tоrpaq sahəsinin, cavabdеhin istifadəsində оlan tоrpaq sahəsi ilə еyni sahə оlması, bununla da cavabdеhin ölçmə işlərinə törətdiyi manеçiliyin iddiaçının dövlətin təminat vеrdiyi vərəsəlik hüququnu pоzması halı təsdiq еdilməmişdir. Məhkəmə iddia tələbi üzrə bеlə nəticəyə gəlir ki, cavabdеhin mərhum X6 məхsus оlmuş və оnun ölümündən sоnra miras qalmış ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid ərazidə ölçmə işlərinə maneələr törətməsi təsdiq еdilmədiyindən iddia tələbi təmin еdilə bilməz.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş edib göstərir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla çıxarıldığından qanunsuz və əsassızdır, ləğv edilməlidir. İlk növbədə, birinci instansiya məhkəməsi iddia tələbinə baxarkən iş materiallarını düzgün qiymətləndirməmişdir. Belə ki, xx.xx.1999-cu il tarixli texniki pasportuna əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev küçəsində yerləşən lisenziya haqqının hesablanmasına dair ticarət və ictimai iaşə obyektinin texniki pasportu, xx.xx.2016-cı il tarixli, S220036-01 nömrəli müqaviləyə əsasən "xxxx" ASC-nin Pirallahı rayon Sukanal İdarəsi ilə X10 arasında bir ədəd öncədən ödənişli smart-kart tipli “Abşeron” CSS-20K su sayğacının texniki şərtə uyğun olaraq Pirallahı qəsəbəsi 40 məhəllə ünvanında quraşdırılmış su sayğacı X5 adına qeydiyyata alınmışdır. 006766 saylı yanğından sığorta şəhadətnaməsindən görünür ki, Pirallahı rayonu 40-cı məhəllədə yerləşən “Hədiyyələr və ərzaq malları” mağazası 25000 manat dəyərində sığortalanmışdır. Qeyd edilənlərin hər biri mərhum X1 baş vermişdir. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi ilə əlaqədar cavab məktubunda texniki pasportda göstərilən tikilinin perimetrik ölçüləri faktiki göstərilən mövcud tikilinin perimetrik ölçülərindən fərqli olması qeyd edilmişdir. Bunun səbəbi isə həmin qeyri-yaşayış sahəsinin mərhum X10 tərəfindən genişləndirilməsi olmuşdur. Belə olan halda məhkəmə müəyyən etməli idi ki, əgər bu sözügedən obyekt deyilsə, bəs digər obyekt hansıdır? Ümumiyyətlə, iddiaçı və cavabdeh miras əmlakının tam payının İddiaçı məxsus olmasını etiraf edir. Bu səbəbdən də məhkəmə araşdırmasının predmeti kimi ölçülərin üst-üstə düşməməsi məsələsi olmamalı idi. Məhkəmə araşdırmasının predmeti qismində qeyriyaşayış binasının müayinə olunmasına baxışa maneələr törədilib-törədilməməsi olmalı idi. Digər tərəfdən, cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, «iddiaçı iddia etdiyi qeyriyaşayış sahəsinin dəqiq harada yerləşdiyini göstərməmişdir və həmin obyektin ona məxsus olduğunu sübut edən hər hansı sənəd təqdim etməmişdir. Pirallahı rayonu Pirallahı qəsəbəsi K.Rzayev küçəsi məhəllə 40-da bir sıra obyektlər yerləşir və onun sözlərinə görə ona məxsus obyektin konkret olaraq harda yerləşməyini müəyyən etmək mümkün deyil». İddiaçı və cavabdeh doğma qardaşdır və mübahisəli qeyri-yaşayış sahəsi tərəflərin atası X1 sonuncunun istifadəsində olmuş, yəni X10 qeyri-yaşayış sahəsindən ticarət obyekti kimi istifadə etmişdir. Belə olan halda, cavabdehin həmin qeyri-yaşayış sahəsinin harada yerləşməsini bilməməsi inandırıcı və ağlabatan deyildir. Mülki işin materiallarında olan, X4 (İddiaçı məhkəmədən kənar sənədləşmə işlərinin aparılması üzrə nümayəndəsinə) ünvanlanmış AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023 cü il tarixli cavab məktubunda qeyd olunur ki, “qeyri-yaşayış obyektinin müayinə olunması və yerquruluşu planının hazırlanması barədə Bakı şəhəri, Pirallahı rayonu 40-cı məhəllə 1V və 13 saylı binanın qarşısında yerləşən qeyri-yaşayış obyektinin müayinə edilməsinə dair xx.xx.2023cü il tarixli müraciətinizlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2181 nömrəli xx.xx.2023-cü il tarixli Fərmanına əsasən qeyri-yaşayış obyektinin müayinə olunması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən daxil olmuş elektron müraciətinizə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Qeyri-yaşayış binasının müayinə olunmasına baxışa şərait yaradılmaması səbəbindən (mübahisə olduğundan) müraciətinizin icrası tərəfimizdən mümkün olmamışdır”. Bundan əlavə, sözügedən, mübahisə predmeti olmaqla iş üzrə tərəflərin mərhum atası X8 məxsus olmuş Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, K.Rzayev 40-cı məhəllə ünvanında yerləşən qeyriyaşayış sahəsinin üstündən keçən yerüstü qaz xətti, miras qoyanın ölümündən sonra mirası qəbul etmiş İddiaçı tərəfindən, “Azəriqaz” İstehsalat Birliyinin Bakı X15 Departamentinə rəsmi qaydada müraciət edilməklə, İddiaçı şəxsi vəsaiti hesabına həmin qeyri-yaşayış sahəsinin üstündən çıxarılaraq yeri dəyişdirilmişdir. Bundan başqa, hazırkı iddianın mahiyyəti mübahisəli qeyri-yaşayış sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması ilə bağlı DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən baxış keçirilməsinə caavabdeh tərəfindən maneələrin törədilməsinin cavabdehə qadağan edilməsindən ibarətdir ki, həmin maneənin də real olaraq törədilməsi iş materialları ilə sübuta yetirilir. Cavabdeh mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin harada yerləşməsinin dəqiq göstərilməməsini bildirməklə, dolayısı ilə maneə törətdiyini etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Yuxarıda qeyd edildiyi kimi cavabdeh miras əmlakın bir hissəsindən iddiaçının xeyrinə imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.3-cü maddəsinin mənasına görə cavabdeh bu hərəkəti ilə digər miras əmlaklardan, o cümlədən, hazırkı qeyri-yaşayış sahəsinə dair ona düşən miras payından imtina etmişdir. Belə olan halda, cavabdehin heç bir hüququ olmayan həmin qeyri-yaşayış sahəsində ölçmə işlərinin aparılmasına maneçilik törətməsi qanunsuz və əsassızdır. Lakin məhkəmə iş üçün əhəmiyyət kəsb edən bu xüsusatı nəzərə almamışdır. Digər tərəfdən, məhkəmənin hazırkı iddianın mahiyyəti ilə heç bir əlaqəsi olmayan və iş üzrə obyektiv qərar qəbul edilməsinə təsir göstərməyəcək ekspert rəyinə istinad etməklə iddianı rədd etməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, iddiaçının tələbi qeyri-yaşayış sahəsində ölçmə işlərinin aparılmasına maneələrin aradan qaldırılmasının qadağan edilməsindən ibarətdir. Belə olan halda, maneə törədilən qeyri-yaşayış sahəsinin faktiki ölçülərinin sənəddə göstərilən ölçülərlə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin hazırkı iş üzrə heç bir sübut əhəmiyyəti yoxdur. Bu, gələcəkdə iddiaçının inzibati orqana qarşı qaldıracağı iddia zamanı araşdırılmalı xüsusatdır. İşə baxan birinci instansiya məhkəməsi işin qeyd olunan hallarını və iş materiallarında olan sübutları diqqətə almayaraq, iddia tələbi üzrə cavabdеhin mərhum X6 məхsus оlmuş və оnun ölümündən sоnra miras qalmış ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid ərazidə ölçmə işlərinə maneələr törətməsinin təsdiq еdilmədiyi və iddia tələbinin təmin еdilə bilməyəcəyinə dair qənaətə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdilər.

9. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın yenidən başqa əsasla rədd edilməsi üçün əsasdır.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, olmasa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da, uzlaşmasa da, birinci instansiya məhkəməsi yalnız maneənin aradan qalxması ilə kifayətlənib iddianı rədd etmək əvəzinə, iddianın əsassız olduğu qənaətinə gəlib rədd etməklə ziddiyyətli nəticəyə gəlmişdir.

18. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşsa da, uzlaşmasa da, maneə aradan qalxdığı üçün iddia haqlı sayılmır.

19. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

20. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

21. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından iddianı rədd etsə də, rədd etmənin əsası barədə düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq edilməli olan digər maddi hüquq normalarını tətbiq etməmiş, həm də tətbiq etdiyi normanı səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.

22. Əvvəla, birinci instansiya məhkəməsi də iş üzrə yekun nəticəyə gələrkən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin X6 məхsus оlduğunu və оnun ölümündən sоnra miras qaldığını işin mübahisəsiz halı kimi qəbul etmişdir. Həqiqətən də bununla bağlı tərəflər arasında mübahisə yoxdur. Cavabdeh də atasından qeyri-yaşayış sahəsinin miras qaldığını təkzib yaxud inkar etmir.

23. Bununla yanaşı, birinci instansiya məhkəməsi göstərib ki, iddiaçı tələbini cavabdеhin оnun vərəsəlik hüququnun həyata kеçirməsi üçün zəruri olan qeyri-yaşayış obyektinin müayinə olunması və yerquruluşu planının hazırlanması işlərinə manеə törətməsi ilə əsaslandırsa da, müayinə və yerquruluşu planının hazırlanması işlərinin icra еdilməsi nəzərdə tutulan və cavabdеhin işlərinə manеə törətdiyi sahənin mərhum atasından miras qalmış sahəyə aid оlması barədə sübut təqdim еtməmişdir. Göründüyü kimi, məhkəmə cavabdehin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndislərinə qeyri-yaşayış sahəsinə texniki baxış keçirməsinə maneə yaratdığını müəyyən etsə də, maneə törədilən sahənin atasından miras qalmış sahəyə aid olmasına dair iddiaçının sübut təqdim etmədiyini göstərib. Bu yanaşma, açıq-aşkar əsassız görünməyə bilər. Lakin qeyd olunan İdarənin mühəndisləri qeyri-yaşayış sahəsinə və onun yerləşdiyi yaxud yerləşməli olan torpaq sahəsinə həm də ona görə texniki baxış keçirməli idi ki, həqiqət müəyyən edilsin, yəni qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazisi müəyyən edilməklə ilkin mərhələdə qeyri-müəyyənlik aradan qalxsın və yaranmış və yarana biləcək mübahisələrin həllinə aydınlıq gəlmiş olsun. Burada məhz iddiaçının özündən xüsusi bilik tələb edən məsələlərə dair sübut təqdim edilməsinin tələb edilməsi də mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur. Çünki iddianın mahiyyəti sırf cavabdehin həmin texniki baxışa törətdiyi maneənin ona qadağan edilməsi ilə bağlı olmuşdur. Cavabdeh də iddiaya o zaman etiraz edə bilərdi ki, qeyd olunan İdarənin mühəndislərinə hər hansı bir maneə yaratmamış olsun. Ancaq qeyriyaşayış binasının yerləşdiyi ərazinin kordinatlarının müəyyən edilməsi üçün yuxarıda göstərilən İdarənin mühəndislərinə öz vəzifələrindən irəli gələn işlərin yerinə yetirilməsinə maneə yaratmamalı idi. Çünki onlar texniki baxış zamanı həm də qeyri-yaşayış sahəsinin harada yerləşdiyini yaxud yerləşməli olduğunu müəyyən edə və digər məsələləri həll edə bilirlər.

24. Bundan əlavə, birinci instansiya məhkəməsinin hazırkı iddianın predmeti baxımından iş üzrə məhkəmə mühəndis texniki ekspertizalar keçirməsinə də zərurət və əsas olmamışdır. Çünki hazırkı iddianın predmeti iddiaçının göstərdiyi qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsi ilə, cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsi və yerləşdiyi torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsini tələb etmirdi. Başqa sözlə, tərəflər arasındakı hazırkı mübahisənin predmeti fərqli olmuşdur. Məhkəmə də iddianın predmetinə və mahiyyətinə uyğun işin tam, hərtərəfli və obyektiv araşdırılmasına şərait yaratmalı idi, ancaq yaratmayıb. Tərəflər arasında yaranmış yaxud yarana biləcək başqa mübahisəyə uyğun, hazırkı iddianın məzmununa zidd olan hüquqi dəyərləndirmə aparmaqla cavabdеhin mərhum X6 məхsus оlmuş və оnun ölümündən sоnra miras qalmış ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə aid ərazidə ölçmə işlərinə maneələr törətməsi və cavabdеhin ölçmə işlərinə törətdiyi manеçiliyin iddiaçının dövlətin təminat vеrdiyi vərəsəlik hüququnu pоzması halı təsdiq еdilmədiyi əsası ilə iddianı rədd etmişdir.

25. Göstərilənlərə baxmayaraq, iddia tələbinə birinci instansiya məhkəməsində baxılarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mühəndisləri tərəfindən mübahisəli daşınmaz əmlaka tərəflərin iştirakı ilə baxış keçirilib və xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli mütəxəssis rəyləri(i.v.159-160;194-195) verilmişdir. Demək ki, iddianın predmetini təşkil edən mübahisə məhkəmə tədqiqi gedən dövrdə öz həllini tapdığından iddianın rədd edilməsi bu əsasla olmalı idi. Ancaq qeyd olunduğu kimi birinci instansiya məhkəməsi iddianın predmetinə və məzmununa uyğun olmayan əsasla iddianı rəd etməklə maddi və prosessual hüquq nomalarını pozmuşdur. Bu hal isə şikayətin dəlillərindən asılı olmayaraq qətnamənin ləğv edilməsi və iddianın yuxarıda qeyd olunan hüquq dəyərləndirmələr əsasında başqa əsasla yenidən rədd edilməsi üçün əsas hesab edilir.

26. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-6/2025 saylı, 18 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılmasına dair iddiası qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərə əsasən təmin edilməməlidir.

27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qətetdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-6/2025 saylı, 18 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılmasına dair iddiası qətnamənin əsaslandırıcı hissəsində göstərilənlərə əsasən təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar