Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3094/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3094/2024 (Açar sözlər: aliment miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1761/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflərin birgə nikahlarından bir övladları, xx.xx.2010-cu il təvəllüdlü X6 doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə həmin Məhkəmənin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat alimentin tutulması qət edilmişdir. Sonuncu dəfə Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)- 5439/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavbadehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
2. İddiaçı "xxxx" MMC-də işləyir və aylıq əmək haqqı 180 manat təşkil edir. Cavabdeh "xxxx" MMC-də işləyir, aylıq əmək haqqı 350 manat təşkil edir. Cavabdeh ikinci dəfə nikaha daxil olmuş və onun ikinci nikahından iki övladı – xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X5 doğulmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Xətai rayon Məhkəməsinin 2(011)-5439/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin, 50 manat mediasiya haqqının və 10 manat kargüzarlıq xərcinin cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə alimentin məbləği 160 manat müəyyən edilsə də, sonarkı illərdə alimentin artırılması barədə məhkəməyə müraciət edilməmişdir. Həmin qətnamə çıxarıldıqdan sonra uşaq təbii böyümüş, onun məktəbli forması. Dərs ləvazimatları, digər geyim və s. təmin oluması, ərzaq təminatı xərcləri və digər tələbatları artmışdır. Dünyada gedən proseslərlə bağlı məhsul və xidmətlərdə kəskin qiymət artımı olmuşdur. Bunlara müvafiq olaraq uşaqların yaşayış minimumu ilbəil arıtırılmışdır. Lakin cavabdeh bunu nəzərə almamış və öz təşəbbüsü ilə əlavə aliment və maddi yardım etməmişdir. O, 2019cu ildə təyin edilmiş 160 manat alimentlə uşağın tələbatlarını ödəməkdə çətinlik çəkir. 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1761/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın qismən təmin edilməsi, Xətai rayon Məhkəməsinin 2(011)-5439/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 210 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 112.1-ci maddələrinə, Mülki Məcəllənin 21.1 və 21.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3, 119.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək iddianın tam həcmdə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, qarşı tərəfin maaşı 350 manat qeyd edilsə də, gəliri çoxdur. Maşını, ferması, villası var. Ata olaraq övladının doğum tarixini belə bilmir. Tələbi 1 uşaq üçün 235 manat olsa da, bu məbləğ özü belə azdır. Sonuncu iş yerində ixtisar olub deyə işdən çıxıb. Qızı 7-ci sinifdə oxuyur, təbii ehtiyacları var. İndiyə kimi öz övladını özü saxlayıb. Övladının psixologiyası pozulub.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh 235 manat məbləğində alimentin ödənilməsinə razı olduğunu bildirdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
11. Maddə 17. 1-ci hissə. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir
12. Maddə 17. 2-ci hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
13. Maddə 34. 5-ci hissə. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi
14. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdir4ər.
15. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
16. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
19. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarı
20. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qərarda qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 21.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
25. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
26. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
29. İddiaçı qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək iddianın tam həcmdə təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdiyindən, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, o cümlədən tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulma məbləği hissəsində dəyişdirilməlidir.
31. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından bir övladları, xx.xx.2010-cu il təvəllüdlü X6 doğulmuşdur.
32. Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə həmin Məhkəmənin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat alimentin tutulması qət edilmişdir.
33. Sonuncu dəfə Xətai rayon Məhkəməsinin 2(011)-5439/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə alimentin məbləği dəyişdirilərək X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavbadehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
34. “AZEMİS” elektron məhkəmə informasiya sistemində İddiaçı gəlir məlumatlarından onun "xxxx" MMC-də işlədiyi və aylıq əmək haqqının 180 manat olduğu, cavabdeh tərəfindən təqdim edilən iş yerinə dair arayışdan isə "xxxx" MMC-də işlədiyi və aylıq əmək haqqının 350 manat müəyyən olunur.
35. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində cavabdeh iddia tələbini qismən qəbul edərək, ikinci dəfə ailə qurduğunu, sonuncu nikahından da iki övladının olması səbəbindən hər ay 180 manat məbləğində aliment ödəməyə maddi imkanı çatdığını bildirsə də, yuxarıda da qeyd edildiyi kimi hazırki apellyasiya baxışında iddianı etiraf edərək xx.xx.2010-cu il təvəllüdlü X1 üçün hər ay 235 manat məbləğində alimentin tutulmasına razı olduğunu bildirmişdir.
36. Məhkəmə Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinin də tələblərini nəzərə alaraq həmin məbləğin iddiaçının, daha dəqiq desək, tərəflərin birgə nikahlarından doğulan övladlarının qanunla qorunan mənafelərinə uyğun olub-olmaması barədə isə aşağıdakıları qeyd edir.
37. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur.
38. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
39. Həmin qanuna əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.
40. Beləliklə, işin bütün faktiki hallarına məcmu halında qiymət verən kollegiya qeyd edir ki, həm iddiaçının hazırki iş üzrə tələbi, həm də cavabdehin ödənilməsini qəbul etdiyi 235 manat məbləğində aliment qanunvericiliyin yuxarıda qeyd edilən normalarına və minimum yaşayış standartlarına uyğun olduğundan, alimentin məbləğinin qeyd edilən 235 manat məbləğində müəyyən edilməli olduğu qənaətinə gəlir.
41. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
42. Beləliklə, kollegiya yuxarıda qeyd edilən halları və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulma məbləği hissəsində dəyişdirilərək 235 manat məbləğində müəyyən edilməlidir.
43. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1761/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən alimentin tutulma məbləği hissəsində dəyişdirilsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-5439/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova