Məhkəmə qərarları › İş №2(103)-3096/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3096/2021

18.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3096/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxx” MMC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “xxxx” MMC (bundan sonra MMC adlandırılacaqdır) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixdə Suraxanı rayonu ərazisində, Koroğlu metrosu- Mərdəkan körpüsü istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respıblikası Qanununun 50-ci maddəsinin İ hissəsinin tələbini pozaraq idarə etdiyi “Mersedes” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətdiyini və yolun kənarındakı təhlükəsizlik səddinin 48 (qırx səkkiz) p/m hissəsini yararsız vəziyyətə saldığını, Bakı şəhər Nizami rayon DYPŞ tərəfindən tərtib edilən inzibati xəta haqqında xx.xx.2019-cu il tarixli protokola görə hadisənin baş verməsində cavabdehin təqsirli olduğunun müəyyənləşdirildiyini, hadisə nəticəsində MMC-yə 4531,20 (dörd min beş yüz otuz bir) manat ziyan dəydiyini, ziyanin 2195 (iki min yüz doxsan beş) manat hissəsinin “xxxx” ASC tərəfindən MMC-yə ödənildiyini, qalan 2336,20 (iki min üç yüz otuz altı) manat hissəsinin isə ödənilməmiş qaldığını bildirmiş, buna görə də həmin ziyan məbləğinin cavabdehdən MMC-nin xeyrinə tutulması, məhkəmə xərclərinin cavabdehə aid olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadığı, MMC-nə dəydiyi bildirilən ziyan məbləği 5000 manatdan artıq olmadığı üçün bütün ziyan məbləğinin sığorta şirkəti tərəfindən ödənilməli olduğunu nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən MMC-nin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixdə idarə etdiyi “Mersedes” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinin Suraxanı rayonu ərazisində, Koroğlu metrosu-Mərdəkan körpüsü istiqamətində yol-nəqliyyat hadisəsi törədərək yolun kənarındakı təhlükəsizlik səddinin 48 (qırx səkkiz) p/m hissəsini yararsız vəziyyətə salmış, buna görə də İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə barəsində 40 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İddiaçı MMC-nin iddiasına görə hadisə nəticəsində ona 4531,20 (dörd min beş yüz otuz bir) manat ziyan dəymiş, ziyanin 2195 (iki min yüz doxsan beş) manat hissəsi “xxxx” ASC tərəfindən ödənilsə də, qalan 2336,20 (iki min üç yüz otuz altı) manat hissəsi ödənilməmiş qalmışdır və bu məbləğ məhz cavabdeh tərəfindən ödənilməlidir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu kontekstdə nəzərə alınmalıdır ki, “İcbari sığortalar haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən, bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 56.1-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.1. fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat; 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. Həmin Qanunun 20.5-ci maddəsinə görə, üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. Həmin Qanunun 58.3-cü maddəsinə görə isə, bir sığorta hadisəsi nəticəsində bir neçə üçüncü şəxsə dəyən zərərə görə sığortaçının bu Qanunun müvafiq olaraq 14.2-ci və (və ya) 15.3-cü maddələrində nəzərdə tutulmuş qaydada zərərçəkənlərin hər birinə münasibətdə ayrı-ayrılıqda hesablanan öhdəliyinin ümumi həcmi bu Qanunun müvafiq olaraq 56.1.1-ci və (və ya) 56.1.2-ci maddələrində müəyyən edilmiş sığorta məbləğlərini aşarsa, hər bir zərərçəkənə verilən sığorta ödənişi bir sığorta hadisəsi üzrə müəyyən edilmiş ümumi sığorta məbləğinin ona dəymiş zərərə mütənasib hissəsində həyata keçirilir. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdehin idarə etmiş olduğu “Mersedes” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC-də PAA seriyalı ********** nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” əsasında sığortalanmış, hazırkı mübahisəyə səbəb olan sığorta hadisəsi nəticəsində “xxxx” MMC-nin balansında olan təhlükəsizlik səddindən başqa 2 ədəd digər avtomobilə də zərər dəymiş, xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən MMCnin təhlükəsizlik səddinə dəyən zərərin məbləğinin 4531,20 manat təşkil etdiyi təsbit olunmuş, əmlaklara dəymiş zərərin ümumi məbləği 5000 manatdan çox olduğundan zərərlər mütənasib hesablanaraq təhlükəsizlik səddinə dəymiş ziyan üzrə MMC-nə 2195 manat sığorta ödənişi həyata keçirilmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1745/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətini verərkən Cavabdeh ödəmiş olduğu dövlət rüsumunun məbləği onun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar