Məhkəmə qərarları › İş №2(103)-3098/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3098/2023

08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3098/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: «kredit müqaviləsinin ləğvi və borcun tutulması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-141/2023 saylı, 24 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 24-Y-2-0- 407-20 saylı kredit müqaviləsinə əsasən illik 19 faizlə, 36 ay müddətinə 16000,0 manat kredit verilmişdir.

2. xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubla borcverən tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməsi borcalandan tələb olunmuş, eyni zamanda bağlanmış müqavilənin vaxtından əvvəl xitam verilə biləcəyi barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 6346,42 manat əsas, 395,2 manat faiz borcu və 63,03 manat cərimə, cəmi 6804,65 manat borcun və 88,05 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiada göstərilir ki, xx.xx.2022-ci il tarixədək Cavabdeh banka 6346,42 manat əsas, 395,2 manat faiz borcu və 126,07 manat cərimə olmaqla 6867,69 manat borcu vardır. Hazırda cavabdehdən cərimənin 50%, yəni 63,03 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 5 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-141/2023 saylı, 24 fevral 2023-cü il tarixli qətnaməsi (hakim Emin Məmmədli) ilə iddia tələbinin qismən təmin edilərək İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 24-Y-2-0-407-20 saylı razılaşmanın (nağd kredit verilməsinə dair) ləğv edilməsi; Cavabdeh 6027,22 manat əsas borc, 308,56 manat faiz borcu və 63,03 manat cərimə borcu və dövlət rüsumuna görə ödənilmiş 82,0 manat olmaqla, cəmi 6480,81 (altı min dörd yüz səksən manat, səksən bir qəpik) manatın tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi; aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100,0 manat pulun cavabdeh X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** MüxbirhesabAZ 41 NABZ**********000003944 SWİFTBİKCTREAZ 22) hesabına keçirilməsi; iddia tələbi qalan hissədə təmin edilməməsi; İddiaçı ASC tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 88,05 manat məbləğində dövlət rüsumunun 6,05 manat hissəsinin özünə aid edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur ki, nəticədə cavabdehin banka borcu yaranmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Göstərilən xüsusatlara əsasən iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, faizin və cərimənin haqqının ödənilməsini tələb etməkdə haqlıdır. Lakin iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, məhkəmə-mühasibatlıq ekspertizasının 9/8009 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli 24-Y-2-0-407-20 saylı müqavilədə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" ASC-yə sualda qeyd edilnən tarixə, yəni xx.xx.2022-ci il tarixə olan borcu əsas borcu üzrə 6027,22 manat, faiz borcu üzrə 308,56 manat, cəmi 6335,78 manat məbləğində müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi 9/8009 saylı, xx.xx.2023-cü il tarixli rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Buna görə də, qeyd edilən hissədə iddia qismən təmin edilərək, cavabdehdən xx.xx.2020-ci il tarixli 24-Y-2-0-407-20 saylı kredit müqaviləsi üzrə 6027,22 manat əsas borc və 308,56 manat faiz borcu tutulmalıdır. Məhkəmə, həmçinin, xx.xx.2020-ci il tarixli 24-Y-2-0-407-20 saylı kredit müqaviləsi üzrə cavabdehdən tələb edilən 63,03 manat məbləğində cəriməni əsaslı hesab edir. Məhkəmə hesab edir ki, cərimənin tutulması hissədində iddia təmin edilərək cərimə borcuna görə 63,03 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təkrar ekspertiza təyin edilməli və ekspert dəbbə borcuna silinmələri də nəzərə alaraq təqdim etdikləri digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Həm də onların təqdim etdikləri sübutlar da ekspert rəyi ilə qarşılıqlı şəkildə analiz edildiyində yekun nəticəyə gəlmək mümkündür. Birinci instansiya məhkəməsi İddiaçı ASC ilə Cavabdeh arasında 03 mart 2020-ciil tarixdə bağlanmış kredit müqaviləsi üzrə təyin olunmuş ekspertizanın rəyinə istinad edərək əsassız və qanunsuz qətnamə qət etmişdir. Göründüyü kimi ekspert rəyi məhkəmə üçün məcburi olmamaqla birlikdə digər sübutlarla birlikdə qiymətləndirilməldir. Yəni ekspert rəyi sübutlardan sadəcə biridir və həmin rəyə əsasən qətnamə qəbul edilməsi əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi göstərilsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) mübahisələndirilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmuşdur.

19. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından həmin hissədə iddia haqlı sayılmırdı.

20. Belə ki, cavabdeh iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı iddiaçı da məhkəməyə müraciət etməzdi.

21. Buna baxmayaraq, iddiaçı şikayətində iş üzrə təkrar ekspertiza təyin edilməsini qeyd etsə də bunun üçün əsas və zərurət olmalıdır. Ancaq hazırda buna əsas və zərurət olması işdən görünmür. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertizanın rəyi işin hallarına uyğundur və onun mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas yoxdur.

22. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 141/2023 saylı, 24 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-141/2023 saylı, 24 fevral 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar