Məhkəmə qərarları › İş №2(103)-3099/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3099/2025

27.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3099/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-851/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə xx.xx.2022-ci il tarixli 003R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 25351.65 manat məbləğində krеdit bоrcu, 4237.63 manat məbləğində faiz bоrcu və 2356.78 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 31946,06 (otuz bir min doqquz yüz qırx altı manat altı qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 185.84 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Rüstəmov Vidadi Novruzəli oğluna zamin Cavabdeh1 ilə birlikdə "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 003L**********44 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Rüstəmov Vidadi Novruzəli oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 003R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. Rüstəmov Vidadi Novruzəli oğlu uzun müddətli kredit və təminat müqaviləsinin 1.12-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Rüstəmov Vidadi Novruzəli oğlu götürdüyü krеdit bоrcundan 4648.35 manat ödəmiş, onun 25351.65 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Rüstəmov Vidadi Novruzəli oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 375 gün üçün hesablanmış faiz borcu 4237.63 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.2% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 375 gün üçün hеsablanmış cərimə 2356.78 manat təşkiledir. Uzunmüddətli krеdit və təminat müqaviləsinin 12.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Rüstəmov Vidadi Novruzəli oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. O, həmin müqaviləninin 11.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında məsuliyyət daşıyır və uzunmüddətli kredit və təminat müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Rüstəmov Vidadi Novruzəli oğlu vəfat etmiş, onun vərəsələrinin müəyyən edilməsi üçün dövlət orqanlarına sorğular verilmişdir. Sorğulara cavab olaraq mərhum Rüstəmov Vidadi Novruzəli oğlunun mülkiyyətində daşınar və daşınmaz əmlak müəyyən edilməmiş, həmçinin vərəsəlik işi açılmamışdır. Bundan başqa Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə verilmiş sorğuya cavab olaraq Sumqayıt şəhər 1 saylı Notariat Ofisinin 24 yanvar 2024-cü il tarixli 142 nömrəli məktubunda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş Rüstəmov Vidadi Novruzəli oğlunun vəfatından sonra qızı Cavabdeh2 mirasın qəbuluna dair ərizə ilə müraciətinə əsasən xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Həmçinin arvadı X2 və oğlu X3 miras əmlakından imtina barədə Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə müraciət etmişdir. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Göründüyü kimi, Rüstəmov Vidadi Novruzəli oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə və zaminlərə qarşı tələb hüququ yaranması üçün əsasdır.

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-851/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 25351.65 manat əsas, 4237.63 manat faiz və 2356.78 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 31946,06 (otuz bir min doqquz yüz qırx altı manat altı qəpik) manat pul və ödənilmiş 185.84 (yüz səksən beş manat səksən dörd qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qərara alınmışdır.

4. Yalnız Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini qeyd etmiş, Qanunun tələbinə görə, miras ancaq vərəsəlik şəhadətnaməsi əsasında qəbul edilmiş sayılır. Notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış arayışla da təsdiq edilir ki, atasının adına əmlak olmadığı üçün ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Lakin məhkəmə qanunun bu tələblərini əsas götürmədən vərəsəlik şəhadətnaməsi olmadığı halda belə onu (vərəsə olmadığı halda) iş üzrə cavabdeh kimi cəlb edərək ona qarşı iddia tələbini təmin etmişdir. Vərəsələr öz payına mütənasib sürətdə kreditora olan borcunu ödəməlidir. O, vərəsə olmadığı və ona miras əmlak qalmadığı halda belə məhkəmə onun banka olan borcu ödəməyi ilə bağlı qətnamə qəbul etmişdir. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, sexi atası ona sağlığında vermişdir, atasından ona miras əmlak qalmadığından borcun ondan tutulması düzgün deyil.

7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 bildirdi ki, mərhumun sexi vardı, hazırda işləmir, sexi qızına verib.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi G.Hacıyeva apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Bildirdi ki, miras əmlakın borcdan az olması ilə bağlı sübutetmə yükü cavabdehin üzərindədir. Sübutların tədqiqi:

9. "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 003L**********44 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Rüstəmov Vidadi Novruzəli oğluna 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Rüstəmov Vidadi Novruzəli oğlu "xxxx" QSC ilə bağladığğı xx.xx.2022-ci il tarixli 003R********** saylı krеdit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür.

10. xx.xx.2022-ci il tarixli Uzunmüddətli kredit və təminat müqaviləsi üzrə Rüstəmov Vidadi Novruzəli oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşdür. Cavabdeh1 həmin müqaviləninin 11.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit və təminat müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında məsuliyyət daşıyır və uzunmüddətli kredit və təminat müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir.

11. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Rüstəmov Vidadi Novruzəli oğlunun kredit müqaviləsinə əsasən 25351.65 manat məbləğində krеdit bоrcu, 4237.63 manat məbləğində faiz bоrcu və 2356.78 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 31946,06 (otuz bir min doqquz yüz qırx altı manat altı qəpik) manat borcu vardır.

12. Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinin təqdim etdiyi materiallara əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş mərhum Rüstəmov Vidadi Novruzəli oğlunun övladı Cavabdeh2 mirasın qəbul edilməsi barədə ərizə ilə müraciət etmişdir. Mərhumun arvadı və digər övladı (oğlu) miras əmlakdan imtina etmişlər.

13. "xxxx" QSC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanladığı bildirişdən görünür ki, sonunculara borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

19. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

20. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

21. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

22. MM-in 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

23. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

24. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.

25. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli qərarı: Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

31. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

32. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

33. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

37. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 apellyasiya şikayətinə əsasən iddia tələbinin ona aid təmin edilən hissəsində yoxlayır.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

39. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Cavabdeh2 apellyasiya şikayətinin əsas dəlili o atasının mirasını qəbul etsə də, ona atasından əmlak qalmaması barədədir.

41. Bununla bağlı isə qeyd edilir ki, MM-in 1307-ci maddəsinə görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı məhkəmə təcrübəsi nəzərə alınmaqla Cavabdeh2 miras əmlakının dəyərinin kredit müqaviləsi üzrə müvafiq öhdəlikdən aşağı həddə təşkil etməsi və ya miras qoyanın ümumiyyətlə miras aktivinin olmaması ilə bağlı MM-in 1307-ci maddəsi ilə üzərinə düşən sübutetmə yükünü həyata keçirtməmişdir.

43. Əksinə, məhkəmə araşdırmasında müəyyən edilmişdir ki, G.Rütəmovaya Sumqayıt şəhərində yerləşən yüksək məbləğdə dəyərə (təxminən 200.000 manat) malik olan obyekt də atasından ona qalmışdır, Cavabdeh2 bu faktı təsdiq etmiş, onu atasının sağlığında ona verdiyini bildirmişdir. Nəticə:

44. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-851/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar