Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-31/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(006)-2893/2018 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli, Ns 486/F-15 saylı kredit müqaviləsi üzrə 56221,77 ABŞ dolları əsas, 12586,35 ABŞ dolları faiz, 11088,18 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 79896,30 ABŞ dolları məbləğində kredit borcunun, eləcə də ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, həmin borc məbləğinin Cavabdeh2 məxsus olan Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsi, 243 saylı evin 23 nömrəli mənzilinə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satışından əldə edilən məbləğ hesabına borcun ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 56221,77 ABŞ dolları əsas borc, 12586,35 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla cəmi 69108,12 ABŞ dolları kredit borcunun ödəniş gününə valyutanın cari kursu ilə Azərbaycan manatı ifadəsində, həmçinin 30 manat məbləğində dövlət rüsumu vəsaitinin tutulması, tələbin ipoteka ilə yüklü edilmiş X1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsi, 243 saylı evin 23 nömrəli mənzilinə yönəldilməsi, həmin ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 85000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılması və mənzilin satışından əldə olunmuş vəsait hesabına qeyd edilən kredit borcunun ödənilməsi, həmin ipoteka predmetinin açıq hərracda satılması nəticəsində əldə edilmiş vəsait qeyd edilən borcun ödənilməsi üçün yetərli olmadığı halda qalan məbləğin Cavabdeh1 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın qismən, yəni məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən ediləcək məbləğ həddində təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, gəlinən nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, məhkəmə mühasibatlıq ekspertizası təyin etmədən iddiaçının iddia ərizəsində qeyd etdiyi şişirdilmiş rəqəmləri əsas götürməklə qətnamə qəbul etmişdir. Halbuki onun tərəfindən banka kifayət qədər kredit borcu ödənilmişdir. Bundan əlavə məhkəmə onun məhkəmə iclasında iştirakını təmin etməməklə çəkişmə prinsipinin də tələblərini pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(006)- 2893/2018 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli 486/F-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 20% ödəmək şərti ilə 60000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 11 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh2 mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu D.Əliyeva küçəsində yerləşən 243 nömrəli evin 23 nömrəli mənzilini həmin kredit müqaviləsi üzrə kreditin təminatı olaraq ipoteka qoymuşdur. Bankın ipoteka hüququ qeydə alınmışdır. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 10 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən, həmin zamin sözügedən kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalan ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə cavabdehə bildiriş göndərilmiş, həmin bildiriş də qeydə alınmışdır. “xxxx” MMC tərəfindən ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi həyata keçirilmiş, evin bazar dəyərinin 85000 manat təşkil etdiyi müəyyən olunmuşdur. İddiaçılar Cavabdeh2 və X2 cavabdehlər İddiaçı ASC və Bakı şəhəri 53 saylı Notariat ofisinə qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmin məhkəmənin 15 yanvar 2020-ci il tarixli 2(004)-299/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmiş və yekun məhkəmə aktı 17 fevral 2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, borclu kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərini yetirməyərək müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, buna görə də iddiaçı iddia tələbini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin rəyinə əsasən, ipoteka predmeti olan mənzilin bazar qiyməti 85000 manat müəyyən edilmiş və iddiaçı bankın nümayəndəsi həmin məbləğin ilkin satış qiyməti kimi müəyyən edilməsinə razı olduqlarını bildirmişdir. Apellyator şikayətində borcun məbləğini mübahisələndirmiş, borcdan ödəniş etdiyini bildirsə də, şikayətinə heç bir sübut əlavə etməmişdir. İş materiallarından görünür ki, iddiaçı bank 56221,77 ABŞ dolları məbləğində əsas borc, 12586,35 ABŞ dolları məbləğində faiz borcu və 11088,18 ABŞ dolları məbləğində cərimənin tutulmasını tələb etmiş, birinci instansiya məhkəməsi iddia tələbini əsas və faiz borcu hissəsində tam təmin etmiş, cərimə borcunu isə azaltmışdır. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 29.08.2019-cu il tarixli 7127 nömrəli rəyinə əsasən, 10 sentyabr 2015-ci il tarixli 486/F-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 banka olan borcu 30.12.2017-ci il tarixə əsas borc üzrə 56229,66 ABŞ dolları, faiz borcu üzrə 23116,64 ABŞ dolları məbləğində və 16.07.2018-ci il tarixə əsas borc üzrə 56229,66 ABŞ dolları, faiz borcu üzrə 29239,42 ABŞ dolları müəyyən olunur. Göründüyü kimi, məhkəmə mühasibatlıq ekspertizasının rəyinə görə Cavabdeh1 banka olan əsas və faiz borcu iddia tələbində göstərilən məbləğlərdən çoxdur. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi kredit borcunun məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir. Cavabdeh1 məhkəmə bildirişlərini almadığını bildirsə də, işdən görünür ki, cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə elektron qaydada məhkəmə bildirişləri göndərilmişdir. (i.v.52) Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin yoxlanılan hissəsində mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385.2, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli 2(006)- 2893/2018 qətnaməsi Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. İş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 100 manat pul cavabdeh-apelyator Cavabdeh1 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-31/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-31/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver