Məhkəmə qərarları › İş №2(103)-3103/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3103/2023

15.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3103/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-174/2022 saylı, 18 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh1 pensiyasından hər ay 50 faiz tutma haqqında tələbinin qanunsuz olduğuna görə ləğv edilməklə icraya yönəldiyi gündən etibarsız hesab edilməsi, ona dəymiş real zərər olaraq 6098.8 manatın ona ödənilməsi, Mərkəzi filialın xx.xx.2017-ci il tarixinədək icra sənədi üzrə Bakı şəhəri Cavabdeh1 tərəfindən yönəldilən tələblərinin icra etməməsi və geri qaytarması, Bakı şəhəri Cavabdeh1 tərəfindən elektron informasiya resursuna onun haqqında yerləşdirmiş yalan məlumatların silinməsi, ona qarşı törədilən cinayətdə təqsirli şəxslərin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb olunmalarını, xüsusi qərardad çıxarılmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə məlumat verilməsini xahiş etmişdir. İddiaçı tələbində göstərir ki, xx.xx.2020-ci il tarixində pensiyası ona 50% az, 261.40 manat ödənilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialının əməkdaşı telefon vasitəsilə ona bildirmişdir ki, mərkəzə Bakı şəhəri Xəzər rayon İcra və probasiya şöbəsindən hər ay pensiyasından 50% tutulma haqqında tələb daxil olmuş, onlar tələbi yerinə yetirmişlər. O, 2013-cü ildə "xxxx", "xxxx" KB, "xxxx" ASC-dən istehlak krediti almış, Xəzər Rayon Məhkəməsinin müvafiq məhkəmə aktları ilə həmin banklardan istehlak kreditini aldığı və onlara borclu olduğunu müəyyən etmişdir. Lakin məhkəmə, məcburi icra tədbiri olaraq, pensiyasından hər ay tutulma haqqında məhkəmə aktı qəbul etməmişdir. Maddi və prosessual hüquqa görə bunu etmək mümkünsüzdür. Çünki “İcra Haqqında” Qanunun 67-ci maddəsində yazılmışdır ki, “tələb, sosial sığorta üzrə, habelə işsizliyə görə müavinətlərə yalnız məhkəmənin qərarına, alimentlərin ödənilməsi haqqında notariat qaydasında təsdiq edilmiş sazişlərə və ya sağlamlığa vurulmuş ziyanın ödənilməsi haqqında və ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında məhkəmənin qərarına əsasən yönəldilir”. Göründüyü kimi maddədə sadalanan hüquqi predmetə və subyektə onun aidliyi yoxdur. Məhkəmə pensiyasından hər ay tutulma haqqında qərar qəbul etməmiş və qərar qəbul etməyi mümkünsüzdür. Bakı şəhəri Cavabdeh1 məhkəmə qərarı olmadan, icraata başlamaq haqqında qərarı ona təqdim etmədən, vəzifə səlahiyyətlərini aşkar surətdə aşaraq, hüquqlarına mühüm zərər vuraraq, "xxxx", "xxxx" KB, "xxxx" ASC-nin xeyrinə pensiyasından hər ay 30 % tutma haqqında may 2016-cı ildə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra DSMF-nun İdarəsi) tələb yönəltmişdir. Yüksək hakimiyyət instansiyalarına etdiyi şikayətlər nəticəsində Bakı şəhər Cavabdeh1 qanunsuz əməllərini dayandırmağa məcbur olmuş, 26838/7R saylı xx.xx.2017-ci il tarixli inzibati aktla bütün icra sənədlərini DSMF-nin İdarəsindən geri çağırmışdır. Bakı şəhəri Cavabdeh1 pensiyasından hər ay 50 % tutulma haqqında inzibati aktın məzmunu, qəbul olunma tarixi, qeydiyyat nömrəsi barədə ona məlumat verilmədən icraya yönəldilmişdir. 17 ay ərzində qanunsuz etibarsız inzibati akt əsasında pensiyasından 4443 manat 80 qəpik məbləğ tutulmuşdur. O, 1999-cu ildə 44 yaşında olan zaman Daxili İşlər orqanından ağır xəstəliyi ilə əlaqədar pensiyaya çıxmışdır. Hər ay zəruri dərmanların alınmasına 300-320 manat xərcləyir. Pandemiya dövründə xərclərin birə üç artdığı halda pensiyasının 50 % azaldılması, lazımınca qidalanmasını və zəruri dərmanların almasını həddən artıq çətinləşdirmişdir. Məcburiyyət qarşısında qalaraq, X1 xx.xx.2020-ci il tarixində hər ayın 20-də 30% ödəmək şərtilə 250 manat məbləğində borc almışdır. İndiyədək ona 1275 manat ödəmişdir. O, “Azərbaycan Respublikasında fiziki şəxslərin probleml kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Prezident Fərmanının əhatə dairəsindədir. Həmin Fərmana əsasən dövlət büdcəsindən ödənilən kompensasiyanın hesabına "xxxx" ASC-yə qalıq borcu - 647.58 manat təşkil edir. Aprel 2020-ci ildən indiyədək davam edən qanunsuz inzibati aktın icrası nəticəsində 4443.80 manatdan məhrum olunmuşdur. İcra sənədi üzrə icraata iki dəfə xitam verilmişdir. Birinci dəfə xx.xx.2017-ci il tarixində Bakı şəhəri Cavabdeh1 26838/7R nömrəli inzibati aktı ilə, ikinci dəfə Prezident Fərmanının 6.2-ci bəndinin tələbinə görə ən geci xx.xx.2019- cu il tarixində. Hüququndan istifadə edərək məzmunu, qəbul olunma tarixi, qeydiyyat nömrəsi ona məlum olmayan Bakı şəhəri Cavabdeh1 inzibati aktının icrasının dayandırılması haqqında xx.xx.2020-ci il tarixində Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsi MXMT(112)-2/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixində onun Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinə qarşı aktın icrasının dayandırlması barədə müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair ərizəsi mümkün sayılmaması barədə qərardad çıxarılmışdır. Həmin qərardadın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, hazırki tələblə bağlı icra sənədini vermiş ümumi məhkəməyə müraciət etmək hüququ vardır. Həmin qərardaddan Bakı şəhəri Cavabdeh1 inzibati aktının qəbul olunma tarixi və məzmunu ona məlum olmuşdur. xx.xx.2020-ci ildə qəbul olunmuş inzibati akt göstərilir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-2877/2014 saylı xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən ondan "xxxx" KB ASC-nin xeyrinə cəmi 3620.98 ABŞ dolları tutulmalıdır. Bakı şəhəri Cavabdeh1 qanunsuz tələbi həmin tarixdən icraya yönəlmişdir. Bakı şəhəri Cavabdeh1 vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyasının, Mülki Məcəlləsinin, Mülki Prosessual Məcəlləsinin, İnzibati Prosessual Məcəlləsinin, “İnzibati İcraat haqqında” və “İcra haqqında” Qanunların əsas prinsiplərini və müvafiq normlarından, xidməti səlahiyyətlərinin hüdudlarından aşkar surətdə kənara çıxan hərəkətlər etmişlər, onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşlar. Onların əməlləri, Cinayət Məcəlləsinin 309.1-ci maddəsinin əlamətlərini tam əhatə edir. Onun üzərinə təzyiqi artırmaq, əngəl yaratmaq məqsədi ilə onlar tərəfindən vəzifə saxtakarlığına da yol verilmişdir. Belə ki, o, fevral 2006-cı ildən sentyabr 2009-cu ilədək aliment ödəyicisi olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə bu dövr ərzində pensiyasından hər ay 30 % tutulmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 113.2.1-ci maddəsi əsasında xx.xx.2009-cu il tarixində məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilmişdir. 2020-ci ilin ortalarında informasiya resursuna onun aliment ödənişinə görə borclu olduğu haqqında yalan məlumat yerləşdirilmişdir. Bakı şəhəri Cavabdeh1 vəzifəli şəxslərinin əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsinin əlamətlərini tam əhatə edir. Məhkəmə, Bakı şəhəri Cavabdeh1 tərəfindən onun haqqında informasiya resursima yerləşdirilmiş yalan məlumatların silinməsi barədə müvafiq məhkəmə aktı qəbul etməlidir. Əmək və Əhalinin Sosial Müdaiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı (bundan sonra Mərkəzi filial) Bakı şəhəri İcra şöbəsinin qanunsuz tələbini aprel 2020-ci ildən icra edir. 17 ay ərzində hər ay pensiyasından 261 manat 40 qəpik tutulmaqla, 4443 manat 80 qəpik məbləğdən onu məhrum etmişdir. “İcra haqqında” Qanunun 67-ci maddəsinin göstərişinə əsasən pensiyasından tutulma haqqında tələb, yalnız məhkəmə qərarına əsasən irəli sürülə bilər. “Mərkəzi filial” qanunvericinin tələblərinə məhəl qoymadan Bakı şəhəri Cavabdeh1 cinayət xarakterli xx.xx.2020-ci il tarixli tələbini yerinə yetirməklə faktiki olaraq cinayətin iştirakçısına çevrilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cu maddəsinə əsasən “Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir”. Bakı şəhəri Cavabdeh1 qanunsuz xx.xx.2020-ci il tarixli tələbi nəticəsində ona dəymiş real zərərin hesabatını təqdim edir : aprel 2020-ci ildən avqust 2021-ci ilədək pensiyasından tutulmuş 4443.80 manat, həyatda mövcüd olmaq üçün xx.xx.2020-ci il tarixində X1 hər ay 30% ödəmək şərtilə aldığı borc məbləğ-250 manat, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək ödəmiş, cəmi 1525 manat, hüquqi yardıma görə vəkilə ödədiyi 100 manat, dövlət rüsumuna görə 30 manat, ümumilikdə 6098 manat 80 qəpik. İddiaçı daha sonra iddia tələbinin həcmini artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri Cavabdeh1 qanunsuz əməlləri ilə ona vurduğu real zərərin 10953 manat məbləğin əvəzinin ona ödənilməsi, “Mərkəzi filial” pensiyasından tutulma haqqında məhkəmə qərarı olmadığı halda Bakı şəhəri Cavabdeh1 tərəfindən yönəldilən tələbləri icra etməməklə geri qaytarılması, Cinayət Məcəlləsinin 309-cu və 313cü maddələri ilə ona qarşı törədilən cinayətdə təqsirli şəxslərin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb olunmaları məqsədilə xüsusi qərardad çıxarılmaqla Baş Prokuror yanında Korrupsiya qarşı Baş Mübarizə İdarəsinə məlumat verilməsi, Bakı şəhəri Cavabdeh1 tərəfindən elektron resursa onun haqqında yerləşdirilmiş yalan məlumatların silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, may 2016-cı ildən "xxxx" ASC-nin xeyrinə pensiyasından hər ay 30 % tutma haqqında “Mərkəzi filiala” tələb yönəlmişdir. “Mərkəzi filial” qanunsuz tələbi xx.xx.2016-cı ildən xx.xx.2017-ci il tarixinədək icra etmiş, 2111 manat 40 qəpik "xxxx" ASC-nin xeyrinə pensiyasından tutulmuşdur. Etdiyi şikayətlər nəticəsində Bakı şəhəri Cavabdeh1 qanunsuz əməlləri dayandırılmış, 26838/7R nömrəli xx.xx.2017-ci il tarixli inzibati aktla bütün icra sənədləri “Mərkəzi filial”dan geri çağırılmışdır. xx.xx.2020-ci il tarixində Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra sənədi əsasında pensiyasından hər ay 50% tutulma haqqında “Mərkəzi filiala” tələb yönəlmişdir. “Mərkəzi filial” qanunsuz tələbi icra edərək aprel 2020-ci ildən aprel 2022-ci ilədək pensiyasından 6586 manat 60 qəpik tutulmuşdur. X1 xx.xx.2020-ci il tarixində hər ayın 20-də 30 % ödəmək şərtilə 250 mant məbləğində borc almışdır. Ona 75 manat x 24 ay, 1800 manat ödəmişdir. Onun qarşısında xx.xx.2022-ci il tarixində 250 manat + 75 manat, cəmi 325 manat məbləğin ödəməsi öhdəliyi vardır. Cəmi məbləğ 2125 manat təşkil edir. Bakı şəhəri Cavabdeh1 qanunsuz əməllərindən çəkdiyi real maddi zərər 8698 manat + 2125 manat +100 manat (hüquqi yardım) + 30 manat (dövlət rüsumu), ümumilikdə 10953 manat təşkil edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-174/2022 saylı, 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər cavabdeh Bakı şəhəri Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında iştirak etmmr və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən, tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin Qanunun 65.3-cü maddəsinə əsasən, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Həmin Qanunun 65.4-cü maddəsinə əsasən, tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən, tələb sosial sığorta üzrə müavinətlərə və işsizlikdən sığorta ödənişinə yalnız məhkəmənin qərarına, alimentlərin tutulmasına dair məhkəmə əmrinə yaxud alimentlərin ödənilməsi haqqında notariat qaydasında təsdiq edilmiş sazişlərə və ya sağlamlığa vurulmuş ziyanın ödənilməsi haqqında və ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında məhkəmənin qərarına əsasən yönəldilir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair 4 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə, Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati-İqtisadi məhkəmələr isə Azərbatycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli “İcra haqqında” Azsərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlüklə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin qərarda qeyd edilmişdir ki, İcra Haqqında Qanunun 26-cı maddəsinə əsasən icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra Haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra Haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcədə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iddia ərizəsini icraata qəbul edib iddia icraatı qaydasında baxması prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, iddiaçı qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olsa da, birinci instansiya məhkəməsi tərəfindən ona bu hüququndan hansı formada istifadə etmək qaydası izah olunmamış, əksinə işə düzgün olmayan qaydada , yəni iddia icraatı qaydasında baxaraq qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, icra sənədinin icrası zamanı yaranan məsələlərlə bağlı ayrıca məhkəmə qətnaməsinin qəbul edilməsinə ehtiyac olmasada, iddia ərizəsinin məzmununda göstərilən hallar məhkəmə araşdırmasının predmeti ola bilər. Çünki, hazırki iş üzrə iddiaçı da icra sənədinin icrası zamanı icra məmurunun icra sənədinin icrasının təmin edilməsi məqsədilə tələbin onun pensiyasına yönəldilməsi ilə bağlı hərəkətlərini mübahisələndirmişdir. Tələbin digər törəmə hissələri də icra məmurunun məhz bu, yəni icra sənədi üzrə tələbin iddiaçının pensiyasına yönəldilməsi ilə bağlı hərəkətlərinin qanuni olub-olmaması ilə bağlıdır və ondan asılıdır. Lakin hazırki tələbə iddia icraatı yaxud inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmasa da, iddiaçının qətnamənin icrası qaydasında, yəni həmin mülki işin davamı olaraq icra sənədinin qanunsuz icra olunması ilə əlaqədar icra məmurunun hərəkətlərindən yaxud hərəkətsizliyindən, o cümlədən hazırki işin predmeti olan icra sənədinin icrasının təmin edilməsi məqsədilə tələbin onun pensiyasına yönəldilməsindən icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ var və onun bu şikayətinə həmin məhkəmə tərəfindən icra qaydasında baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Məhz bu qayda icra sənədinin düzgün icra olunmasının əlçatanlılığını və səmərələliyini təmin etmiş olur. Demək, yaranmış hazırki mübahisə də icra icraatı çərçivəsində icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilməlidir. Çünki, iddiaçı “İcra haqqında” Qanunun 67-ci maddəsinə istinad edərək icra sənədi üzrə tələbin onun pensiyasına yönəldilməsinin yalnız məhkəmə qərarı əsasında olmalı olduğunu iddia edir. İşdə olan hazırki tələblə bağlı ərizəçi İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri qismində, Bakı şəhəri Cavabdeh1 inzibati aktın icrasının dayandırılması barədə qərardad çıxarılması və icrasının Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına həvalə edlməsi barədə ərizəsi üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 28 iyul 2021-ci il tarixli MXMT(102)-17/2021 nömrəli qərarının(bax.cild 2. i.v.170) 21-ci paraqrafının “b” bəndinin axırıncı üç cümləsində də qeyd olunur ki,... məhkəmə qətnaməsinin məcburi icrasına nəzarət həmin qətnaməni qəbul etmiş məhkəmənin məsuliyyət sferasına aiddir və məcburi icra tədbirləri yalnız müvafiq məhkəmə tərəfindən müəyyən edilə bilər. İcra məmurunun hərəkətinin hüquqlarına və qanunla qorunan marağına toxunduğunu güman etdiyi hallarda, şəxs sözügedən hərəkətdən icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verə bilər. Hazırki iş üzrə ərizəçi bu qaydaya uyğun olaraq , icra sənədini vermiş və icraya nəzarət edən Xəzər Rayon Məhkəməsinə müraciət etməli idi. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 387.2 və 387.2.8-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanılması və ya iş üzrə icraata xitam verilməsi üçün bu Məcəllədə müəyyən edilmiş əsaslar olduğu halda məhkəmə işə mahiyyəti üzrə baxmışsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-174/2022 saylı, 18 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “Bakı şəhəri Cavabdeh1 tərəfindən ona vurulmuş zəzərin əvəzinin ona ödənilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən pensiyasından tutulma haqqında məhkəmə qərarı olmadığı halda Bakı şəhəri Cavabdeh1 tərəfindən yönəldilən tələbləri icra etməməklə geri qaytarılması, Cinayət Məcəlləsinin 309-cu və 313-cü maddələri ilə ona qarşı törədilən cinayətdə təqsirli şəxslərin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb olunmaları məqsədilə xüsusi qərardadın çıxarılması və elektron resursa onun haqqında yerləşdirilmiş yalan məlumatların silinməsi” tələbinə dair mülki işin icraatına xitam verilməli, İddiaçı icra icraatı çərçivəsində icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayət qaydasında icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 259.0.1, 384.0.5, 387.2.8, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya isntansiyası məhkəməsi qərara aldı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-174/2022 saylı, 18 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1nə və Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “Bakı şəhəri Cavabdeh1 tərəfindən ona vurulmuş zəzərin əvəzinin ona ödənilməsi, Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən pensiyasından tutulma haqqında məhkəmə qərarı olmadığı halda Bakı şəhəri Cavabdeh1 tərəfindən yönəldilən tələbləri icra etməməklə geri qaytarılması, Cinayət Məcəlləsinin 309-cu və 313cü maddələri ilə ona qarşı törədilən cinayətdə təqsirli şəxslərin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb olunmaları məqsədilə xüsusi qərardadın çıxarılması və elektron resursa onun haqqında yerləşdirilmiş yalan məlumatların silinməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı icra icraatı çərçivəsində icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) verilmiş şikayət qaydasında icra sənədini vermiş məhkəməyə şikayət vermək hüququ izah edilsin. Qərardaddan, (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar