Məhkəmə qərarları › İş №2(103)-3105/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3105/2024

04.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3105/2024 04.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2(006)-375/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 14 dekabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh İddiaçı 14 mart 2023-cü il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq 112000 ABŞ dolları borc almışdır.

2. Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqovun "xxxx" ASCnin 6 saylı şöbəsinə ünvanladığı 14 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, onun tərəfindən təsdiq olunmuş yuxarıda adıçəkilən kredit müqaviləsi üzrə kredit məbləğinin borc alana verilməsi üçün bankda olan müvafiq depozit hesabına qəbul edilməsini xahiş etmişdir.

3. 14 dekabr 2022-ci il tarixli xəzinə mədaxil orderlərindən görünür ki, İddiaçı müqavilə öhdəliklərini icra edərək, 112000 ABŞ dolları pul vəsaitini (1 USD = 1,70 AZN məzənnə üzrə 190400 manat) borc alan Cavabdeh verilməsi üçün bankın Nərimanov filialındakı depozit hesabına ödəmiş, həmçinin, qeyd olunan məbləğin 0,2 % hissəsində 380 manat 80 qəpik məbləğində ödəniş də iddiaçı tərəfindən ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun qarşısında 14 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 112000 ABŞ dolları məbləğində əsas borc, 14 mart 2023-ci il tarixdən 14 sentyabr 2023-cü il tarixə kimi Mülki Məcəllənin 445.7ci maddəsinin tələblərinə uyğun olaraq illik beş faiz dərəcəsi ilə hesablanmış 2800 ABŞ dolları məbləğində faiz olmaqla, cəmi 114800 ABŞ dolları məbləğində vəsaitin Cavabdeh onun xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 500 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə icra etmək üçün borc alana 3 ay müddət verilməsinə baxmayaraq, borc alan hazırki dövrə qədər öhdəliklərini ümumiyyətlə icra etməmişdir. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair 21 avqust 2023-cü il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamış və müxtəlif bəhanələrlə öhdəliklərin icra edilməsindən yayınılmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin ödənilməsini tələb edə bilər. Həmçinin Konstitusiya Məhkəməsi həmin qərarda göstərir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yuxarıda qeyd edilənlərə əsasən diqqətə çatdırılır ki, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətindən 6 ay keçdiyinə görə iddiaçı bu müddət üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu hüquqa əsaslanaraq, iddiaçı kredit müqaviləsi üzrə 6 ay gecikdirilmiş müddət üçün illik beş faiz ödənilməsini tələb edir. 14 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 112000 ABŞ dolları məbləğində olduğuna görə, həmin müqavilə üzrə 6 ay gecikdirilmiş müddət üçün illik beş faiz dərəcəsi ilə ödənilməli olan məbləğ 2800 ABŞ dolları təşkil edir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2(006)- 375/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, 112000 ABŞ dolları əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 % dərəcəsi ilə hesablanmaqla gecikdirilmiş vaxt üçün 2800 ABŞ dolları faiz borcu ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun 485 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi, İddiaçı tərəfindən artıq ödənilmiş 15 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılması qət edilmişdir.

7. Qətnamə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, kreditor və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 442, 445, 448.1, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin edilən hissədə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Şikayətin dəlillərinə görə, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Məhkəmə isə həqiqətin müəyyən edilməsi məqsədilə tərəflərin subyekt tərkibinə dair faktları araşdırmamışdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehlə aralarında olan razılaşmaya uyğun hərəkət etməmişdir. İddiaçı ilə cavabdeh borc müqaviləsini sahibkarlıq fəaliyyəti ilə əlaqədar bağlamışlar. Məhkəmə cavabdehin məhkəmədə göstərdiyi faktlara qiymət verməmişdir. Məhkəmə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə almamışdır. Məhkəmədə iddiaçının 3 ay müddətində külli miqdarda borc verərkən məqsədinin nədən ibarət olmasını müəyyən etməmişdir. Məhkəmə, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsinin başqa əqdi pərdələmək məqsədilə bağlanmasına dair faktları araşdırmadan səhv nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti ilə qətnamə qismən - iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməyən hissələrinə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün iddianın təmin olunan hissəsində və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

18. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında 14 dekabr 2022-ci il tarixli cavabdehin iddiaçıdan faizsiz olaraq aldığı 112000 ABŞ dolları məbləğində pulu 14 mart 2023-cü il tarixədək qaytarmaq şərti ilə kredit müqaviləsi bağlanmış, lakin öhdəlik hələdə icra edilməmişdir.

19. Cavabdehin apellyasiya şikayətinin “məhkəmə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə almamışdır” dəlilinə münasibətdə onu qeyd edir ki, subyektiv tərkib baxımından nə iddiaçının, nə də cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə sübut məhkəməyə təqdim olunmamışdır və elektron məhkəmə informasiya sistemində də bu barədə məlumat yoxdur. Tərəflər arasında bağlanmış müqavilənin məzmununda da müqavilənin sahibkarlıq fəaliyyəti ilə bağlı bağlanması barədə hər hansı bir qeyd mövcud deyildir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, hazırkı mübahisəyə kommersiya mübahisəsi kimi qiymət verilməsi üçün nə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, nə də mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri imkan vermir. Cavabdeh tərəfindən bu dəlili təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim olunmamış və şikayət yalnız formal mülahizələrə əsaslanmışdır.

21. Həmçinin cavabdeh müqavilənin başqa bir müqaviləni pərdələmək üçün bağlandığına istinad etsə də, hansı müqaviləni pərdələmək üçün bağlandığını, əqdin etibarsızlığı üçün hansı əsasların mövcud olduğunu və digər xüsusatları əsaslandırmamış, bu hissədə də formal mülahizələrə əsaslanmışdır.

22. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

23. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2(006)- 375/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 fevral 2024-cü il tarixli, e-2(006)- 375/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar