Məhkəmə qərarları › İş №2(103)-3108/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3108/2021

16.03.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3108/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1898/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “cavabdehə aid əşyaların ona məxsus evdən çıxarılması, evin boşaldılması və maneələrin aradan qaldırılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu Zabrat qəsəbəsi R.Göyüşov küçəsində yerləşən evdə olan, Cavabdeh qızma məxsus əşyaların evdən çıxarılması, cavabdehin evi boşaltması və cavabdeh tərəfindən ona məxsus həmin evdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ilin iyul ayının 23-də Cavabdeh ilə qeyri-rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan uşaqları olmamışdır. O, Günəşli qəsəbəsində olan evini 68.000 manata satdıqdan sonra 8.000 manata ünvan 2ndə torpaq sahəsi almışdır. 2018-ci ilin yayında isə evin təməlini tökmüşdür. Həmin vaxt o, Cavabdeh ilə qeyri-rəsmi münasibətdə olmuşdur. Həmin torpağın pulunun 4.000 manatını özü vermiş, qalan 4.000 manatını isə bacısı vermişdir. Həmin ev rəsmi dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Lakin ev ona məxsusdur. O, Cavabdeh ilə həmin evdə bir müddət bir yerdə ailə kimi yaşamışdır və birgə təsərrüfat aparmışlar. Lakin bir müddətdən sonra aralarında problemlər yaranmış, nəticədə cavabdeh yaşadıqları evdən çıxıb getmişdir. Lakin Cavabdehin cehizləri ona məxsus həmin evdə qalmışdır. Cavabdeh daha sonra ona qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2(008)-5449/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh ona qarşı qaldırdığı mənzilə köçürülmə tələbinə dair iddiası təmin edilməmişdir. Həmin işə baxılan zaman Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, onun mənzilində olan ona məxsus cehiz əşyalarının- sandığın, jurnal stolunun, çay servisinin, ağ mebel yataq dəstinin, paltartikən maşının, çörəkbişirənin, paxlava bişirənin, samovarın, şirəçəkənin, ətçəkənin, kofe çəkənin, salat doğrayanın, 2 ədəd termusun, 2 ədəd Tefal çaydanının, 3-4 ədəd xalçanın, 2 ədəd kreslonun, kofe servisinin, baqemanın, dəmir (hind) qabın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin ərizəsini təmin edərək, həmin əşyaların üzərinə həbs qoymuş və qərardadın icrası Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri ona məxsus ünvan 2ndə yerləşən evə gələrək, cavabdehə məxsus əşyaları orada aşkar etmişlər və əşyaları siyahıya alaraq, bu barədə akt tərtib etmişlər. Bu qədər vaxt keçməsinə baxmayaraq, eyni zamanda həmin işə baxılıb yekunlaşdırılmasına baxmayaraq, Cavabdeh ona məxsus evdən öz əşyalarını aparmamışdır. Bu hal isə ona öz evindən sərbəst, öz istədiyi kimi istifadə etməsinə maneələr, çətinliklər yaradır. Həmçinin, həmin əşyalar istifadəsiz qaldığı müddətdə yararsız hala düşə bilər və bunun məsuliyyətini daşımaq istəmir. Bugünə qədər cavabdeh özü könüllü gəlib əşyalarına sahib çıxmamış, onları aparmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1898/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh qızna məxsus olan sandığın, jurnal stolunun, çay stolunun, ağ mebel yataq dəstinin, paltartikən maşının, çörəkbişirənin, paxlava bişirənin, samovarın, şirəçəkənin, ətçəkənin, kofe çəkənin, salat doğrayanın, 1 ədəd termosun, 2 ədəd Tefal çaydanın, 2 ədəd xalçanın, 2 ədəd kreslonun, kofe servisin, baqemanın, dəmir (hind) qabının ünvan 2ndə yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin Cavabdeh tərəfindən boşaldılması, Cavabdeh tərəfindən İddiaçı ünvan 2ndə yerləşən fərdi yaşayış evindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən qətnaməsindən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyil, buna əsasən də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1898/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilməlidir. Cavabdeh İddiaçılə 2012-ci ilin 23 iyul tarixində qeyri rəsmi nikaha girərək ailə qurmuş, birgə yaşadıqları müddətdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, R.Göyüşov küçəsində torpaq sahəsi almış, birgə vəsaitləri ilə (qızılların satılması və digər maddi imkanlarla) həmin torpaq sahəsi üzərində 110 kv.m-dən ibarət 3 otaqlı ev tikmişlər. 2019cu ilin iyul ayında cavabdeh bir daha evə gəlməməsini bildirmişdir.Cavabdehə qarşı istifadə hüququnun tanınması evə köçürülmə tələbinə dair iddia ərizəsi mövcuddur. Həmin iddia ərizəsi Sabunçu Rayon Məhkəməsinin müvafiq qətnaməsilə rədd edilmişdir. Həmin qətnamədən tərəfindən apelyasiya şikayəti verilmişdir. Hesab edir ki, həmin işə baxılıb qurtarana qədər bu işə baxılması qanunamüvafiq deyildir. Apelyasiya şikayətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1898/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərdiklərinə uyğun izahat verdi və apelyasiya şikayətinin təmin edilməməsini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1898/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin ünvan 2ndə yerləşən evdən istifadə hüququnun olmamasına baxmayaraq sonuncuya məxsus, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş aktda göstərilən əşyaların fərdi yaşayış evinin otaqlarında yerləşdirməsi bu sahələrin tutulmasına səbəb olur və iddiaçının həmin sahələrdən istifadə etməsinə mane yaradır və məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5449/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “ünvan 1 ünvanında yerləşən evə köçürülməsi və mənzilə dair istifadə hüququnun tanınması” barədə iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin əməkdaşları tərəfindən xx xxxx 2019-cu il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5449/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadına əsasən İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evdə Cavabdeh qızna məxsus cehiz əşyalarının-sandığın, jurnal stolunun, çay stolunun, ağ mebel yataq dəstinin, paltartikən maşının, çörəkbişirənin, paxlava bişirənin, samovarın, şirəçəkənin, ətçəkənin, kofe çəkənin, salat doğrayanın, 2 ədəd termosun, 2 ədəd Tefal çaydanının, 3-4 ədəd xalçanın, 2 ədəd kreslonun, kofe servisinin, baqemanın, dəmir (hind) qabın üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardadın icrası Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmiş, icra sənədinin icrasının təmin etmək məqsədi ilə icra məmurları Daşqın Həsənəliyev və Rəşad Mustafayev tərəfindən qeyd olunan mənzilə baxış keçirilmiş, icra sənədində göstərilən əmlaklardan 3-4 xalçadan 2 ədədi, 2 ədəd termosdan 1 ədədi aşkar edilmiş, digər sadalanan bütün əmlaklar isə yerində aşkar edilmişdir. Həmin əşyalar İddiaçı təhvil verilərək üzərinə həbs qoyulmuşdur. Məkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdeh apelyasiya şikayətində qeyd etdikləri hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və məhkəmə iclasında iştirak edərək apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası Cavabdeh apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1898/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə Cavabdeh apеlyasiya şikayəti təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1898/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər İkram Şirinov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar