Məhkəmə qərarları › İş №2(103)-3109/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3109/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3109/2021 12.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı «Azərbaycan Sənaye Bankı» açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-3782/2020 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-3782/2020 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli, **********000005 saylı kredit müqaviləsi üzrə 9562.83 manat əsas kredit borcu, 1247.75 manat faiz borcu, 237.86 manat dəbbə pulu, ümumilikdə 11048.44 manat borc və 30 manat dövlət rüsumu iddiaçı «Azərbaycan Sənaye Bankı» açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Sözügedən kredit müqaviləsinə əsasən müqavilə öhdəliyi cavabdehlər tərəfindən vaxtlıvaxtında yerinə yetirilmiş, müqavilə üzrə borcdan çox hissəsi ödənilmiş və nəticədə cavabdehlərin iddiaçıya müəyyən məbləğdə əsas borcu qalmışdır. Birinci instansiaysı məhkəməsi iddiaçı bank cavadehlərin öhdəliyini yerinə yetirmədiyini əsas tutaraq tərəflər arasındakı kredit müqaviləsinin müddəti başa çatmamış, vaxtından əvvəl ləğv edilməsini xahiş etmədən cavabdehlərdən tam borcunu tələb etmişdir. Hazırki tələbində 36 ay müddətinə bağlanmış müqavilə üzrə iddiaçı vaxtından əvvəl borcunu tələb etmişdir. İddiaçı tam borcunu tələb etməklə mahiyyətcə müqaviləni vaxtından əvvəl ləğv etməyi xahiş etmişdir. Lakin iddiaçı müqaviləni vaxtından əvvəl ləğv etmək və ya dəyişdirmək barədə qarşı tərəfə məlumat verməmişdir. İddiaçı tərəfindən borcun vaxtından əvvəl tələb edilməsi barədə qarşı tərəfə bildiriş təqdim edilməsi iş materiallarından görünmür. Beləliklə, müəyyən edilmişdir ki, Qanunda nəzərdə tutulmuş qaydada mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sübut təqdim edilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi bank tərəfindən hesablamaların düzgün aparılıbaparılmadığını araşdırmamış, əsaslandırmamış və məhkəmə mühasibatlıq ekspertizası keçirməmişdir. Sözügedən kredit müqaviləsi üzrə iddia qaldırılanadək cavabdehin nə qədər borcunun qaldığını, o cümlədən nə qədər əsas və nə qədər faiz borcunun yarandığını müəyyən etmək, habelə mübahisənin düzgün və obyektiv həlli məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi məqsədəuyğun olardı. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 20% hesablanmaqla 10000 manat kredit verilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun xx.xx.2020-ci il tarixə Banka 9562.83 manat əsas kredit borcu, 1247.75 manat faiz borcu, 237.86 manat dəbbə pulu, ümumilikdə 11048.44 manat borc yaranmışdır. İddiaçı ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Əvvəla, Cavabdeh3 qətnamənin qanunsuz və əsassız olduğunu bildirsə də qanunsuzluğun nədən ibarət olduğunu və əsassızlığın nədə ifadə olunduğunu açıqlamamışdır. Kredit müqaviləsi üzrə öhdəliyini lazımınca yerinə yetirərək borcun çox hissəsinin ödənildiyini göstərirsə buna dair məhkəməyə sübut təqdim etməli idi. Çünki, bəyan etdiyi bu halı sübut etmək yükü artıq onun üzərinə düşür. Buna görə də birinci instansiaysı məhkəməsi cavadehlərin öhdəliyini yerinə yetirmədiyini əsas tutaraq tərəflər arasındakı kredit müqaviləsinin müddəti başa çatmamış, vaxtından əvvəl ləğv edilməsini xahiş etmədən cavabdehlərdən tam borcunu tələb etməkdə haqlı olmuşdur. İddiaçı tərəfindən borcun vaxtından əvvəl tələb edilməsi barədə qarşı tərəfə bildiriş təqdim edilməsi də iş materiallarından (bax.i.v.23-25 açıq-aşkar görünür. Buna görə də mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sübut işdə mövcuddur. İkincisi, Cavabdeh3 iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilmədiyini, eləcə də borcun hesablanmasının düzgün aparılıb-aparılmadığını araşdırılmadığını göstərsə də bunlar şəxsi mülahizələrə əsaslanan ümumi sözlər olmaqla, avtomatik olaraq ekspertizanın təyin edilməsi üçün əsas ola bilməz. Çünki, məhkəmə təcrübəsi göstərir ki, əksər hallarda analoji işlərdə olduğu kimi bank krediti alan şəxslər bu vasitələrdən istifadə etməklə işlərə baxılmasının lüzumsuz olaraq uzadılmasına nail olmağa çalışırlar. Əks halda, hazırki işdə olduğu kimi kredit müqaviləsinin şərtləri və ödədiyi məbləğlər cavabdehlərə məlum olduğu halda o, iddiaçı tərəfindən tələb edilən borcun düzgün hesablanıb-hesablanmadığını bilməli idi. Əgər cavabdeh bununla bağlı əsaslı şübhələr olduğunu bəyan edirsə, buna dair yəni müqavilə şərtləri üzrə öhdəliklərini lazımınca icra etməsi ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməli və ekspertizanın keçirilməsinin zəruriliyini mötəbər dəlillərlə əsaslandırmalıdır. Əks halda eyni xarakterli bütün işlər üzrə avtomatik olaraq məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməli olardı ki, bu da mülki prosessual qanunvericiliyin tələbləri ilə uzlaşmır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh3 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(008)-3782/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar