Məhkəmə qərarları › İş №2(103)-311/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-311/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-311/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Vahid Nəriman oğlu Sadıqov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(005)-141/2021 saylı qətnaməsindən iddiaçı LPO "xxxx" ASC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun və ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 165.101,46 (bir yüz altmış beş min bir yüz bir manat qırx altı qəpik) manat məbləğində əsas borcun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 oktyabr 2008-ci il tarixli, 073 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 180 (bir yüz səksən) ay müddətinə, illik 15% (on beş faiz) ödənilmək şərtilə 165.600 (bir yüz altmış beş min altı yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 165.101,46 (bir yüz altmış beş min bir yüz bir manat qırx altı qəpik) manat məbləğində əsas borcu mövcuddur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(005)-141/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 16.109,34 (on altı min yüz doqquz manat otuz dörd qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu “kredit borcunun qaytarılması və tutmanın daşınmaz əmlaka yönəldilməsi barədə” tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 165101,46 (yüz altmış beş min yüz bir manat, 46 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi və ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan, Bakı şəhəri,Ə.Quliyev küçəsi, 1130-cu məhəllə 2-ci yaşayış binasının B blokunda, 16-cı mərtəbəsində istifadədə olan 144 kv.m ümumi sahədən ibarət 3 otaqlı, 89 saylı mənzilə tutmanın yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq, Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bu hissədə məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh ilə bank arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrakinə uygun olaraq həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikin (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 44% faizi ödəyir. Cavabdeh tərəfindən imza edilən 03.10.2008-ci il tarixli kredit müqaviləsinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən ekspert rəyini əsas tutaraq haqlı tələbləri olan 165101,46 manat əsas borcunu tam təmin etməmişdir. Göründüyü kimi Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin 65101,46 (yüz altmış beş min yüz bir manat, 46 qəpik) manat kredit borcu mövcuddur. Cavabdeh məxsus olan, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə 2-ci yaşayış binasının B blokunda, 16-cı mərtəbəsində istifadədə olan 144 kv.m ümumi sahədən ibarət 3 otaqlı, 89 saylımənzilə kreditorun tələblərinin ödənilməsi üçün tutmaya əsas yaranmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, üzərinə götürdüyü öhdəliklərə əməl etmiş, götürdüyü kredit və ona hesablanmış faizi vaxtında ödəmişdir. Lakin, onun əsas borc hesabına ödədiyi məbləğlər faktiki olaraq bank tərəfindən faiz və cərimlərin ödənilməsinə yönəlmişdir. Bu hal da müqavilə şərtlərinə uyğun deyildir. Ona görə də, cavabdeh tərəfindən ödənilmiş məbləğlərin düzgün hesablanması üçün təkrar məhkəmə-mühasibat ekspertizası aparılmalıdır. Buna baxmayaraq kredit müqaviləsi ləğv edilmədən 02.11.2012-ci ildə təkrarən X9 ilə eyni mənzillə əlaqədar iddiaçı kredit müqaviləsi bağlanmış və axırıncı 02.12.2012ci ildən qrafik üzrə ödənişlər etmişdir. Birinci instansiya məhkəməsi bu faktı nəzərə almamışdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilsə də borcun müəyyən edilməsi mümkün olmamışdır. Sonradan iddiaçı heç bir əsası olmayan arayış təqdim edərək Cavabdeh 02.11.2012-ci il tarixə (2-ci kredit müqaviləsi bağlanan tarixə kimi) 16.109.34 manat borcu olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsi həmin saxta arayışa əsasən 16.109,34 manatın cavabdehdən tutulması barədə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən iddia müddətinin keçməsinə heç bir hüquqi qiymət verməmişdir. Halbuki, ən azı 2012-ci ildə eyni predmet üzrə yeni kredit müqaviləsi bağlanarkən iddia müddətinin axımı bir ildən çox ola bilməz, qanunvericiliyə görə iddia müddətinin keçməsi, iddianın rədd edilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X8 öz apellyasiya şikayətlərini müdafiə edərək, cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, izahatında əlavə olaraq qeyd etdi ki, cavabdehlə Bank arasında kredit müqaviləsi bağlanmış, bu işin mübahisəsiz halıdır. Kredit mənzilin alınmasına görə verilmişdir. Kredit "xxxx" MTK-ya ayrılmışdır. Təəssüflər olsun ki, Bank ləğv olunduğundan, ödənişlə bağlı sənədləri tapa bilməmişlər. Əgər kredit ayrılmasaydı, mənzil "xxxx" MTK tərəfindən cavabdehə verilərdimi? Cavabdeh özü də etiraf edir ki, mənzil onda olmuş, bir müddət kredit müqaviləsi üzrə borclarını ödəmiş, sonra krediti ödəyə bilmədiyi üçün mənzili qaytarmışdır. Bu barədə cavabdeh Banka heç bir məlumat verməmiş, sübut təqdim edə bilmir. Bank tərəfindən X7 da kredit ayrılmış, sonuncu öz ödənişlərini edir. Xahiş etdi ki, qətnamə ləğv olunaraq, iddia tam olaraq təmin edilsin. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili X3 öz apellyasiya şikayətlərini müdafiə edərək, iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatlarında əlavə olaraq qeyd etmişlər ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilmiş, sonra ödənişlər etməyə cavabdehin maddi imkanı olmadığı üçün, Banka müraciət edərək, evin açarlarını təhvil vermişdir. Ancaq bununla bağlı hər hansı sübutu təqdim edə bilmirlər. Bankdan onlara kredit müqaviləsi üzrə kredit verilməmişdir. Lakin kreditlə alınmalı olan mənzil cavabdehə verilmiş, həmin mənzil cavabdehdə olmuşdur. Bundan sonra həmin mənzil X1. Bank tərəfindən ona da kredit verilməmişdir. Kredit mənzilin alınması üçün "xxxx" MTK-ya verilmişdir. Növbəti məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Vəkil öz apellyasiya şikayətlərini müdafiə edərək, iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, məhkəməyə təqdim etdiyi yazılı izahatda göstərilənlərə uyğun məzmunda izahat verərək, öz apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X9 və və "xxxx" MTK-nın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməklərinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. İş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03.10.2008-ci il tarixli 073 nömrəli kredit müqaviləsinin surətindən və məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 15 faiz ödənilməsi şərti ilə 180 ay müddətinə 165.600 manat məbləğində kredit verilmişdir. Qeyd olunan müqavilənin 1.3 bəndinə əsasən kredit borclana ünvan 1 ünvanında yerləşən B blokunda 89 saylı mənzilinin alınması üçün verilmişdir. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 03.10.2008-ci il tarixli müqaviləyə əsasən icraçı və alıcı tikintisinin razılaşdığı mənzil ünvan 2 ünvanında yerləşən B blokunda 89 saylı mənzilində yerləşməklə ümumi sahəsi 144 kv.m olmaqla 3 otaqdan ibarət olacaq. Mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçün 1.150 manat, cəmi 165.600 manat müəyyən edilir. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 30.01.2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03.10.2008-ci il tarixli 073 nömrəli kredit müqaviləsi üzrə 24 yanvar 2020-ci il tarixə cavabdeh şəxsin banka 165.101,46 (bir yüz altmış beş min bir yüz bir manat qırx altı qəpik) manat ödənilməmiş borcu qalmışdır. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh göndərdiyi 29 yanvar 2020-ci il tarixli bildirişə əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X9 arasında bağlanmış 02.11.2012-ci il tarixli 174 nömrəli kredit müqaviləsinə əsasən ona 94.500 manat kredit ünvan 2 ünvanında yerləşən binanın 89 saylı mənzilinin alınması üçün verilmişdir. Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məlumatına əsasən "xxxx" ASCnin müştərisi Cavabdeh 03.10.2008-ci il tarixində illik 15 (on beş) faiz dərəcəsi ilə 180 ay müddətinə 165600 (bir yüz altmış beş min altı yüz) manat məbləğində kredit verilmişdir. Yuxarda göstərilmiş kredit müqaviləsi üzrə 02.11.2012-ci il tarixinə 165101,46 (bir yüz altmış beş min yüz bir manat, 46 qəpik) AZN məbləğində kredit borcu mövcud olmuşdur. O cümlədən yuxarda göstərilmiş kredit müqaviləsi üzrə 02.11.2012-ci il tarixinə 16109,34 (on altı min yüz doqquz manat, 34 qəpik) AZN məbləğində qrafikdən kənar vaxtı keçmiş əsas borcu mövcud olmuşdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qeyd etmişdir ki, tərəflər arasında müqavilə öhdəlikləri 03.10.2008-ci il tarixdən yaransada həmin evlə bağlı öhdəliklər 02.11.2012-ci il tarixli müqaviləyə əsasən X2. Belə ki, hər iki müqavilələrdən görünür ki, verilmiş kreditlər ünvan 2 ünvanında yerləşən B blokunda 89 saylı mənzilinin alınması olmuşdur. İlk olaraq mənzili Cavabdeh əldə etmiş, 02.11.2012-ci il tarixdən isə mənzil X1. Məhkəmənin sorğusuna əsasən 03.10.2008-ci il tarixdən 02.11.2012-ci il tarixədək Cavabdeh bank qarşısında borcunun 16.109,34 (on altı min yüz doqquz manat otuz dörd qəpik) manat olması göstərilmişdir. Beləliklə məhkəmə hesab edir, iddia qismən təmin olunmalı, Cavabdeh 03.10.2008-ci il tarixdən 02.11.2012-ci il tarixədək olan borcu 16.109,34 (on altı min yüz doqquz manat otuz dörd qəpik) manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, qətnamə ləğv olunmalı, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Belə ki, tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03.10.2008-ci il tarixli 073 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 15 faiz ödənilməsi şərti ilə 180 ay müddətinə 165.600 manat məbləğində kredit verilmiş, kreditin verilməsinə əsas (müqavilənin 1.3 bəndi) ünvan 1 ünvanında yerləşən B blokunda 89 saylı mənzilinin alınması olmuşdur. Həmçinin "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 03.10.2008-ci il tarixli müqaviləyə əsasən icraçı və alıcı tikintisinin razılaşdığı mənzil ünvan 2 ünvanında yerləşən B blokunda 89 saylı mənzilində yerləşməklə ümumi sahəsi 144 kv.m olmaqla, 3 otaqdan ibarət olacaq. Mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçün 1.150 manat, cəmi 165.600 manat müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X9 arasında bağlanmış 02.11.2012-ci il tarixli 174 nömrəli kredit müqaviləsinə əsasən ona 94.500 manat kredit ünvan 2 ünvanında yerləşən binanın 89 saylı mənzilinin alınması üçün verilmişdir. Hazırda iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 165.101,46 (bir yüz altmış beş min bir yüz bir manat qırx altı qəpik) manat pul tələb edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1 maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya ilk olaraq qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsində və apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, Bank tərəfindən kredit ona mənzilin alınması üçün verilmişdir. Onun tərəfindən 2008-ci ilin noyabr, dekabr və 2009-cu ilin yanvar ayında qrafik üzrə hər ay 2317,72 manat, cəmi 6953,16 manat ödənişlər olmuş, borcun düzgün hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Sonradan ödənişləri edə bilmədiyi üçün, Banka və "xxxx" MTK-ya müraciət edərək, maddi imkanının pisləşməsi və ödəmə qabiliyyətinin olmadığını bildirərək, mənzilin açarlarını təhvil vermişdir. Onunla müqavilə ləğv edilmədən, Nisə Əzizova ilə mənzilə görə kredit müqaviləsi bağlanmışdır. İddiaçı apellyasiya mərhələsində kredit müqaviləsi üzrə pul almadığını qeyd etmişdir. Kollegiya cavabdehin bildirdiklərinə münasibətdə qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanması işin mübahisəsiz halıdır. Kredit müqaviləsi mənzilə görə bağlanmış, mənzilin alınması üçün kredit ayrılmışdır. Cavabdehin mənzilin onun sahibliyində və istifadəsində olması, 2008-ci ilin noyabr, dekabr və 2009-cu ilin yanvar ayında qrafik üzrə hər ay 2317,72 manat, cəmi 6953,16 manat ödənişlər etməsini bildirməsi və bununla bağlı real hərəkətlər etməsi bir daha təsdiq edir ki, kredit ayrılmışdır. Əgər kredit ayrılmasaydı, mənzil də iddiaçının sahibliyində və istifadəsində olmazdı. Kreditin cavabdehin özünə və ya "xxxx" MTK-ya ödənilməsi ilə bağlı sənədin Bankın ləğv olunmasına görə tapılmaması, kreditin ayrılmaması qənaətinə gəlməyə əsas vermir. Cavabdeh sonradan ödənişləri edə bilmədiyi üçün, Banka və "xxxx" MTK-ya müraciət edərək, maddi imkanının pisləşməsi və ödəmə qabiliyyətinin olmadığını bildirərək, mənzilin açarlarını təhvil verdiyini bildirsə də, bununla bağlı mötəbər sübutları təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehin mənzil alması üçün ödəmiş, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Kollegiya qeyd edir ki, cavabdehin dəlili əsasında Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08.09.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2022-ci il tarixli, 9/9084 saylı ekspert rəyinə əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03.10.2008-ci il tarixli 073 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh 02.11.2011-ci il tarixə əsas borcu 165101,47 manat, faiz borcu 72163,20 manat təşkil edir. 24.01.2020-ci il tarixə əsas borcu 165101,47 manat, faiz borcu 275925,93 manat təşkil edir. Borclu tərəfindən 03.11.2008-04.12.2008-ci il tarixlərində cəmi 4635,44 manat ödəniş olmuşdur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının ekspert rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Kollegiya hesab edir ki, ekspert rəyi nəzərə alınmaqla iddia əsaslı olduğu üçün təmin edilməlidir. Kollegiya iddiaçı tərəfin ipoteka predmetinə yönəltmə ilə bağlı tələbinə qiymət verilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçının belə bir tələbi olmamışdır. Kollegiya cavabdeh tərəfin iddia müddətinin ötürülməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, tərəflər arasında 03.10.2008-ci il tarixdə 180 ay müddətinə bağlanılmaqla, iddia müddəti ötürülməmiş, bundan əlavə iddiaçı birinci instansiya məhkəməsində iştirak etməklə, iddia müddətinin ötürülməsi ilə bağlı birinci instansiya məhkəməsində ərizə təqdim olunmamışdır. Belə ki, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına əsasən MPM-nin 372.2-ci maddəsinə istinadla və yaxud MPM-nin 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərlən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, iddia təmin olunduğundan, cavabdehdən iddiaçının xeyrinə 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi - yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manat cavabdehdən alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(005)-141/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 165.101,46 (yüz altmış beş min yız bir manat qırx altı qəpik) manat və 30 (otuz ) manat dövlət rüsumu tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat Cavabdeh alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar