Məhkəmə qərarları › İş №2(103)-311/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-311/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-311/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Eyvazov (sədrlik edən və məruzəçi), X4 və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış faiz borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1133/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, iddiaçı) qarşı “kredit müqaviləsi üzrə yaranmış faiz borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə edərək, Cavabdeh xx.xx.2012-ci il tarixli, 50851-001/12 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən – xx.xx.2021-ci il tarixə kimi olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 531225,04 manat məbləğində pulun və 823,23 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2012-ci il tarixli, 50851-001/12 nömrəli kredit xətti müqaviləsi imzalanmış, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən cavabdehə şəxsi istehlak məqsədi üçün illik 18 faiz dərəcəsi ilə 36 ay müddətinə 800000 manat məbləğində kredit xətti ayrılmış və həmin məbləğ cavabdeh tərəfindən götürülmüşdür. Sonradan həmin kredit xətti müqaviləsinə xx.xx.2014-cü il tarixli 1 nömrəli, xx.xx.2014-cü il tarixli 2 nömrəli, xx.xx.2015-ci il tarixli 3 nömrəli, xx.xx.2016-cı il tarixli 4 nömrəli və xx.xx.2016-cı il tarixli 5 nömrəli Əlavə Razılaşmalara əsasən kreditin məbləği ******* manat, kreditin faiz dərəcəsi 20 faiz, müqavilənin müddəti isə 60 ay müəyyən edilmiş, həmin şərtlərlə cavabdehə ******* manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi üçün bank tərəfindən ona qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia verilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-220\2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qeyd olunan qətnamədə iddianın təmin olunmasının əsası kimi bankla cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 50851 - 001/12 nömrəli nömrəli kredit müqaviləsi olmuşdur. Həmin kredit müqaviləsi və ona dair Əlavə Razılaşmalardan görünür ki, bankla cavabdeh arasında kredit müqaviləsi 60 ay müddətinə bağlanmış və kredit müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Cavabdehə qarşı bank tərəfindən verilmiş iddia tələbi üzrə qəbul edilmiş məhkəmə aktında da cavabdehin banka olan borcu xx.xx.2017-ci il tarixə hesablanmış borcdur. Qeyd olunan kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən müqavilə tərəflərin imzaları və möhürü olan tərəfin möhürü ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və Borcalan tərəfindən Əsas borc, faizlər və digər xərclər Banka tam həcmdə ödənildiyi tarixdən qüvvədən düşür. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borda yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlanndan məhrum edir. Kredit borcunu vaxtında ödəməməklə bordu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(005)- 1133/2022 saylı qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova) iddia təmin olunmamışdır. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia ərizəsinin təmin olunması barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, iddia tələbinin təmin olunmalı olmasını, hazırki iddia tələbində cavabdehdən əsas və faiz borcunu deyil, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəliyin icra edilmədiyi, pul məbləğinin ödənilməsinin gecikdirildiyi üçün qanunvericiliyə uyğun olaraq, müqavilənin bitdiyi 24 aprel 2017-ci il tarixdən 08 dekabr 2021-ci il tarixə kimi olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış vəsaitinin tutulmasının tələb olunması, məhkəmənin isə işin bu hallarını hərtərəfli araşdırmaması və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və əvvəllər verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstəmişdir ki, cavabdehdən kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bankın əsas tələbi üzrə yekun məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2022-ci il tarixli qərarı olmuş, bundan sonra, Bakı Apellyasiya Məhkəməsi tərəfindən icra vərəqəsi verilmiş, Nərimanov rayon icra şöbəsinin 06 dekabr 2022-ci il tarixli qərarı ilə icra icraatına başlanılmışdır. Bank ipoteka qoyulmuş əmlaklardan birini, yəni Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində xüsusi mülkiyyətində olan 0,46 ha torpaq sahəsində yerləşən, 428a saylı bağ evini ******* manata əldə etmiş, mülkiyyət hüquqları 29 mart 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qalıq borc isə 179290,28 manat təşkil etmişdir. Cavabdeh hazıradək həmin qalıq borcu ödəməmişdir. Buna baxmayaraq hesab edir ki, cavabdeh öhdəliyini vaxtında icra etmədiyindən gecikdirilmiş müddət üzrə illik 5 faiz olmaqla pul ödəməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini əsassız sayaraq, əvvəllər verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh götürdüyü kredit üzrə təminat vermiş, iki ədəd daşınmaz əmlak bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın iddiası üzrə işə baxan məhkəmələr tərəfindən kredit borcunun məbləği, eləcə də ipoteka predmetlərinin ilkin satış qiymətləri dəqiqləşdirilmiş, mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli qərarı ilə yekunlaşmış, bundan sonra Bakı Apellyasiya Məhkəməsi tərəifndən icra vərəqəsi verilmiş, Bakı şəhəri Nərimanov rayon icra şöbəsi tərəfindən 06 dekabr 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdeh kimi ipoteka predmetinin açıq hərracdan satılması və əldə olunan vəsaitin borca yönəldilməsi istiqamətində heç bir maneə törətməmiş, əksinə bu prosesin tezləşdirilməsi üçün müraciətlər etmiş, bank tərəfindən ipoteka predmeti əldə olunduqdan sonra isə yaşayış sahəsini tez bir zamanda boşaldaraq banka təhvil vermişlər. Bütün bu proseslər qətnamə icraya yönəldikdən sonra qısa müddətdə baş vermişdir. Hazırda borcun çox böyük hissəsi ipoteka hesabına bağlanmış, cüzi hissə qalmışdır ki, onu da yaxın günlərdə ödəyəcəklər. Bütün bu hallar onu göstərir ki, cavabdeh kimi öhdəliyin icrasına maneə törətməmiş, məhkəmə qərarının icrasından yayınmamışlar. Belə olan halda, iddiaçının əlavə olaraq pul tələb etməsi əsassız olmaqla, qanunvericiliyin tələbləri ilə uzlaşmır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin hallarından və qanuni qüvvədə olan məhkəmə qərarlarından görünür ki, tərəflər arasında 24 aprel 2012-ci il tarixdə, 36 ay müddətinə, illik istifadə dərəcəsi 18 faiz olmaqla 800000 manat məbləğində kreditin verilməsi barədə kredit xətti müqaviləsi bağlanmış, kredit xətti müqaviləsi üzrə borclu Cavabdeh öhdəliklərinin təminatı kimi ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 0,0230 ha torpaq sahəsində yerləşən 230,6 kv.metr yaşayış, 246,1 kv.metr köməkçi sahədən ibarət 8 otaqlı, 2 mərtəbəli 24/2 №-li fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və bu barədə tərəflər arasında 24 aprel 2012-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsi üzrə 01 may 2014-cü il tarixli 1 №-li, 30 sentyabr 2014-cü il tarixli 2 №-li, 16 aprel 2015-ci il tarixli 3 №-li, 05 yanvar 2016-cı il tarixli 4 №-li və 27 aprel 2016-cı il tarixli 5 №-li əlavə razılaşmalara əsasən kreditin məbləği ******* manat, illik faiz dərəcəsi 20 faiz, müqavilənin müddəti 60 ay müəyyən edilmiş və həmin şərtlərlə Cavabdeh ******* manat məbləğində kredit verilmişdir. 24 aprel 2012-ci il tarixli kredit xətti müqaviləsinin və həmin müqavilə üzrə əlavə razılaşmaların təminatı kimi X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 0,46 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 944,71 kv.metr ümumi, 230,40 kv.metr yaşayış və 714,31 kv.metr köməkçi sahədən ibarət 9 otaqlı 3 mərtəbəli 428 “a” N-li bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmiş və bununla əlaqədar bankla ipoteka qoyan R.Ş.Əliyeva arasında 01 may 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli, 2(005)- 220/2018 saylı qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X2 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaklara yönəldilməsi” tələbinə dair iddia qismən təmin edilərək, Cavabdeh kredit xətti müqaviləsi üzrə ******* manat məbləğində əsas borc, 192325,28 manat məbləğində faiz borcu olmaqla, cəmi 2512325,28 manat kredit borcunun tutularaq "Expressbank” ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetlərinə yönəldilməsi, onların açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin hesabına kredit borcunun ödənilməsi, artıq qalmış pul vəsaitinin mülkiyyətçilərə qaytarılması, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiymətinin ******* manat, Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 428 “a” saylı bağ evinin ilkin satış qiymətinin ******* manat dəyərində müəyyən olunması, cavabdehlərin ev satıldıqdan sonra ən geci 1 ay ərzində həmin evlərdən çıxarılmaları, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1956/2022 nömrəli, 12 may 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə yoxlanılan hissədə, yəni cavabdehlər Cavabdeh və X2 məxsus ipoteka predmetinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində xüsusi mülkiyyətində olan 0,0230 ha (istifadədə 0,0116 ha) torpaq sahəsində yerləşən 24/2 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti ******* (üç milyon yeddi yüz iyirmi səkkiz min) manat, cavabdeh X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində xüsusi mülkiyyətində olan 0,46 ha torpaq sahəsində yerləşən, 428a saylı bağ evinin ilkin satış qiyməti ******* (üç milyon beş yüz əlli min) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5030/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 12 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsi tərəfindən icra vərəqəsi verilmiş, Nərimanov rayon icra şöbəsinin 06 dekabr 2022-ci il tarixli qərarı ilə icra icraatına başlanılmışdır. Tərəflərin də bildirdiklərindən, eləcə də təqdim olunmuş sənədlərdən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində xüsusi mülkiyyətində olan 0,46 ha torpaq sahəsində yerləşən, 428a saylı bağ evi açıq hərraca çıxarılmış, son nəticədə İddiaçı ASC tərəfindən ******* manata əldə olunmuş, sonuncunun mülkiyyət hüquqları 29 mart 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır (iddiaçının cavabdehə ünvanladığı 03 mart 2023-cü il tarixli məktubdan görünür ki, qeyd edilən ipoteka predmeti olan bağ evinin əldə olunması nəticəsində qalıq borc məbləği 179290,28 manat təşkil etmişdir). Təqdim olunmuş, tərəflər arasında tərtib olunmuş 14 aprel 2023-cü il tarixli təhviltəslim aktının surətindən görünür ki, iddiaçı bank tərəfindən əldə olunmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində xüsusi mülkiyyətində olan 0,46 ha torpaq sahəsində yerləşən, 428a saylı bağ evi, torpaq sahəsində olan əlavə tikili və qurğularla birlikdə iddiaçıya təhvil verilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Belə müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Bu öhdəliklərin icrasının təminatının əsas üsullarından biri kimi MM-in 280-cı maddəsində nəzərdə tutulmuş girov müqaviləsi çıxış edir. MM-in 295-ci maddəsində göstərilmiş əsaslar olduqda, kreditor tələbini girova yönəldə bilər. Girovun xüsusi növlərindən biri kimi isə mülki qanunvericilik ipotekanı nəzərdə tutur. Mülki Məcəllənin girov və ipoteka hüququnun anlayışını müəyyən edən 269-cu maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Qanunun 1.0.7-ci maddəsinə əsasən, ipoteka müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Beləliklə, ipotekanın (girovun) məqsədi əsas öhdəliyin icrasının ipoteka (girov) predmeti hesabına təmin edilməsindən ibarətdir. Məhdud əşya hüququ olaraq ipoteka bu hüquq sahibinə (ipoteka saxlayana) borclu öhdəliyini icra etmədikdə və ya layiqincə icra etmədikdə ipoteka predmeti olan əşyanı satdıraraq əldə olunmuş vəsait hesabına tələbini təmin etmə imkanını verir. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından açıq-aşkar görünür ki, Cavabdeh tərəfindən kredit və ipoteka müqavilələri üzrə öhdəliklərin icrası istiqamətində hər hansı süni maneə törədilməmiş, əksinə məhkəmə qərarı icraya yönəldikdən dərhal sonra, qısa müddət ərzində ipotekanı təqdim etmiş, sonrakı icra hərəkətləri yerinə yetirilmiş, qətnamə ilə müəyyən olunmuş borcun əhəmiyyətli hissəsinin (təqribən 93 faiz hissəsi) icrası təmin olunmuşdur. MM-in 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin yuxarıda da qeyd edildiyi kimi, öhdəlik ipoteka ilə təmin olunduğundan kreditorun hər bir halda öhdəliyin icrasının ipotekaya yönəltməklə vasitəsilə təmin olunması hüququ vardır. Lakin, kreditor bu hüququndan vaxtında, vicdanla istifadə etməli, hüquqdan sui-istifadəyə yol verməməli, zərərin yaranmasına şərait yaratmamalıdır. MM-nin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-nin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. MM-nin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi” barədə 29 mart 2023-cü il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Lakin borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi ilə bağlı mövqeyi – öhdəliyin ipoteka (girov) ilə təmin olunduğu təqdirdə fərqli olmuşdur. Yəni, Konstitusiya Məhkəməsi əvvəlki qərarındakı mövqeyini (baxmayaraq ki, həmin mövqe Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunması ilə bağlı olmuşdur. 2009-cu il 9 iyul tarixli Qərar) bu işdə də təkrarlayaraq, orada göstərilən halları Mülki Məcəllənin 445.7-ci maddəsinə də şamil etmişdir. Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunması” barədə 2009-cu il 9 iyul tarixli Qərarında isə göstərmişdir ki, MM-in 399-cu maddəsi ilə tərəflər arasında müqavilə münasibətlərinə xitam verilməsinin müqavilənin qüvvədə olma müddəti ilə, belə müddət müəyyən edilmədikdə isə, öhdəliyin icrasının başa çatması ilə əlaqələndirilməsini nəzərə alaraq, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tərəflər arasında, həmçinin, yeni - tələbkar-borclu münasibətləri yaranır ki, məhz bu müstəvidə məsələnin həllindən müqavilə münasibətlərinin xitamı məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşür. Öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhz bu mövqedən çıxış edərək, qanunverici MM-in 448.2-ci maddəsində borclunun öz öhdəlikləri üzrə məsuliyyət daşımasını təqsirlə (hərəkət və ya hərəkətsizlik) əlaqələndirməklə, 448.4-cü maddəsində borclunun öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımamasını müəyyən etmişdir ki, o, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olaraq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir (§ 71). Beləliklə, məhkəmə kollegiyası işin faktiki halları, qanunvericiliyin qeyd edilən normalarını və Konstitusiya Məhkəməsinin qərarlarındakı mövqelərini nəzərə alaraq hesab edir ki, hazırki işin halları baxımından iddia tələbi əsaslı sayıla bilməz. İddiaçı tələbinin, həmçinin apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış faiz borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-1133/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 1133/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar