Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-311/2024 12.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi zərər, tikilmiş hasarın və su çəninin cavabdehin hesabına sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülərək boşaldılması və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh prosessual hüquqi varisi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-59/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən aydın olur ki, Bakı şəhəri Xəzər rayonu, Xaşa Xuna bağ massivində yerləşən, 0,12 ha sahəsi olan 31A saylı bağ xüsusi mülkiyyət hüququ üzrə ½ pay hissəsində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır.
2. İşin halları ilə müəyyən edilir ki, 02 sentyabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.
3. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq iddiaçının X1 yanına yaşamaq üçün getdiyini və 9 avqust 2023-cü il tarixdə vəfat etdiyini bildirmişdir.
4. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr Xidmətinin məktubda qeyd edilir ki, doğumu haqqında akt qeydləri nəzərdən keçiriləkən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı valideynlərinin X7 X18, xx.xx.1960cı il təvəllüdlü mərhum Cavabdeh valideynlərinin isə X12 (xx.xx.1983-cü ildə vəfat etmişdir) ilə X8 (xx.xx.2014-cü ildə vəfat etmişdir) olduğu, İddiaçı xx.xx.1978-ci ildə Səadət sarayında (Bakı nikah evi) X4 nikah bağlamış və bu nikahın pozulması xx.xx.1989-cu ildə Sabunçu rayon qeydiyyat şöbəsində qeydə alınmış,adıçəkilən şəxslərin xx.xx.1978-ci il təvəllüdlü Nüsrətov Vaqif adlı övladının doğumu da həmin qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmış,Cavabdeh xx.xx.1984-cü ildə Suraxanı rayon qeydiyyat şöbəsində xx.xx.1964-cü il təvəllüdlü Farailova (nikaha daxil olduqdan sonrakı soyadı - Xalıqova) Xatirə Əlimərdan qızı ilə nikaha daxil olmuş və bu nikahdan xx.xx.1985- ci il təvəllüdlü Xalıqova Şəhanə, xx.xx.1987-ci il təvəllüdlü Xalıqova Şəlalə, xx.xx.1988-ci il təvəllüdlü Xalıqov Əlimərdan, xx.xx.1990-cı il təvəllüdlü Xalıqov Elvin adlı övladları doğulmuşdur.
5. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı İddiaçı prosessual hüquq varisi qismində X10, Cavabdeh prosessual hüquq varisi qismində X6 məhkəmə icraatına cəlb edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhv edilmiş 300 ədəd ağacın və tikinti materialların əvəzi olaraq 5000 manat pulun Cavabdeh tutulub ona ödənilməsi, ona məxsus torpaq sahəsində tikilmiş hasarın və su çəninin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı 03 dekabr 2011-ci il tarixli çıxarış əsasında Bakı şəhəri Xəzər rayonu, Xaşa Xuna bağ massivində yerləşən, 0,12 ha sahəsi olan 31A saylı bağa mülkiyyət hüququ tanınmışdır. Həmin sahədə iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir, tikinti hələ başa çatdırılmadığından orada müxtəlif tikinti materialları qalmışdır. Bağ sahəsində qonşusu olan Cavabdeh onun icazəsi olmadan torpağının iki metrdən artıq bir hissəsini zəbt edərək, şəhərsalma qaydalarını pozmaqla binanın divarına bitişik kubik daşından hasar çəkmiş, sanitar qovşağı inşa etdirmişdir. Dəfələrlə ondan hasarın sökülərək özünə məxsus torpaq sahəsində inşa etməsini və sanitar qovşağının söküməsini tələb etməyinə baxmayaraq,buna əhəmiyyət verməmiş hasarı və sanitar qovşağını sökməmişdir, əksinə onun razılığını almadan divarına bitişik mətbəx inşa etdirərək üstünə təhlükə yaradan 10-12 tonluq həcmi olan su çəni yerləşdirmiş, çənin altında artezian quyusu qazdırmışdır. Bundan əlavə bağ sahəsində əkilmiş 300 ədəd yaxın müxtəlif meyvə ağacları (üzum tingləri, armud, şaftalı, zeytun, əncir və s. ağaclar) kəsilib məhv edilmiş, bağ sahəsindən 500 ədəd kubik daşları, 2 kub metr həcmində 8 metr uzunluğunda taxta material (laqa) yararsız hala salınmışdır. Qonşunun bu qanunsuz hərəkətləri barədə və oğurluqda ondan şübhələndiyini bildirərək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə rəsmi müraciət etmişdir. Ərizə ətrafında toplanmış material üzrə Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin təhqiqatçısı tərəfindən 18 may 2021-ci il tarixli qərarla Azərbaycan Respublikasının CPM-nin 86, 39.1.2, və 212-ci maddələri əsasında cinayət işinin başlanması rədd edilmiş və pozulmuş huquqlarının bərpası məqsədi ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən mülki qaydada Xəzər rayon Məhkəməsində iddia qaldırılması tövsiyyə edilmişdir.
8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-59/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dair iddiasının rədd edilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 50,0 manat məbləğində pul İddiaçı alınaraq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddia ərizəsində ona maddi zərər vurulduğunu göstərsə də, zərərin bağ sahəsində əkilmiş 300 ədəd yaxın müxtəlif meyvə ağaclarının (üzum tingləri, armud, şaftalı, zeytun, əncir və s. ağaclar) kəsilib məhv edilməsini, bağ sahəsindən 500 ədəd kubik daşları, 2 kub metr həcmində 8 metr uzunluğunda taxta material (laqa) yararsız hala salınmasından ibarət olmasını göstərsə də, zərərin nədə ifadə olunması barəsində hər hansı sübutu məhkəməyə təqdim etməmiş, habelə göstərilən zərərin ona vurulmasını məhkəmənin iclasında işin hər hansı halı ilə sübuta yetirə bilməmişdir. Həmçinin məhkəmənin təşəbbüsü ilə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/775 saylı rəyindən də görünür ki, həmin ünvanda inşa edilmiş mübahisəli hasar və su çəni İddiaçı Adelzyanovanın mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşmir. Bundan başqa məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı ağacların və tikinti materiallarının məhv edilməsinə dair heç bir izə rast gəlinməmiş və yerində də cavabdeh tərəfindən də sübuta yetirilməmişdir. Buna görə də iddia tələbi təmin edilməməlidir
10. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələri, Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 101.3, 103.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 may 2023-ci il tarixli, 2(003)-59/2023 saylı qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv olunmasını və İddiaçı iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, iş materiallarından göründüyü kimi, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı 03 dekabr 2011-ci il tarixli çıxarış əsasında Bakı şəhəri Xəzər rayonu, Xaşa Xuna bağ massivində yerləşən, 0,12 ha sahəsi olan 31A saylı bağa onun mülkiyyət hüququ tanınmışdır. İddiaçı tərəfindən həmin sahədə iki mərtəbəli fərdi yaşayış evi inşa edilmişdir, tikinti hələ başa çatdırılmadığından orada müxtəlif tikinti materialları qalmışdır. Bağ sahəsində qonşusu olan Cavabdeh onun icazəsi olmadan torpağının iki metrdən artıq hissəsini zəbt edərək, şəhərsalma qaydalarını pozmaqla binanın divarına bitişik kubik daşından hasar çəkmiş, sanitar qovşağı inşa etdirmişdir. Dəfələrlə ondan hasarın sökülərək özünə məxsus torpaq sahəsində inşa etməsini və sanitar qovşağının sökməsini tələb etməyinə baxmayaraq, buna əhəmiyyət verməmiş, hasarı və sanitar qovşağını sökməmişdir, əksinə onun razılığını almadan divarına bitişik mətbəx inşa etdirərək üstünə təhlükə yaradan 10-12 tonluq həcmi olan su çəni yerləşdirmiş, çənin altında artezian quyusu qazdırmışdır. Bundan əlavə bağ sahəsində qazdırmışdır. Bundan əlavə bağ sahəsində əkilmiş 300 ədəd yaxın müxtəlif meyvə ağacları (üzüm tingləri, armud, şaftalı, zeytun, əncir və s. ağaclar) kəsilib məhv edilmiş, bağ sahəsindən 500 ədəd kubik daşları, 2 kub metr həcmində 8 metr uzunluğunda taxta material (laqa) yararsız hala salınmışdır. Qonşunun bu qanunsuz hərəkətləri barədə və oğurluqda ondan şübhələndiyini bildirərək Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə rəsmi müraciət etmişdir. Ərizə ətrafında toplanmış material üzrə Bakı şəhəri Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin təhqiqatçısı tərəfindən 18 may 2021-ci il tarixli qərarla Azərbaycan Respublikasının CPM-nin 86, 39.1.2 və 212-ci maddələri əsasında cinayət işinin başlanması rədd edilmiş və pozulmuş hüquqlarının bərpası məqsədi ilə Mülki Prosessual Məcəlləsinin 25-ci maddəsinə əsasən mülki qaydada Xəzər rayon Məhkəməsində iddia qaldırılması tövsiyə edilmişdir. Cavabdeh X17 tərəfindən Azərbaycan Respublikasının Şəhərsalmavə Tikinti Məcəlləsinin müvafiq maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, məlum olduğu kimi İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən ona verilmiş ******* saylı 03 dekabr 2011-ci il tarixli çıxarış əsasında onun Bakı şəhəri, Xəzər rayonu, Xaşa-Xuna bağ massivində yerləşən 012 ha sahəsi olan 31 A saylı bağa mülkiyyət hüququ tanınmışdır. O, həmin sahədə iki mərtəbəli fərdi yaşayış evi inşa etdirmiş və həmin tikinti hələlik başa çatmadığından orada müxtəlif tikinti materialları qalmışdır. Bağ sahəsində qonşusu olan Cavabdeh onun icazəsi olmadan torpağının iki metrdən artıq bir hissəsini zəbt edərək, şəhərsalma qaydalarını pozmaqla binanın divarına bitişik, mişar (kubik) daşından hasar çəkmiş, sanitar qovşağı inşa etdirmişdir. İddiaçı tərəfindən Cavabdeh dəfələrlə hasarın sökülərək özünə məxsus torpaq sahəsində inşa etməsi və sanitar qovşağının sökülməsini tələb edilməsinə baxmayaraq, cavabdeh olan qonşusu Cavabdeh buna əhəmiyyət verməmiş, hasarı və sanitar qovşağını sökməmişdir, əksinə onun razılığı olmadan divarına bitişik mətbəx inşa etdirərək, üstünə təhlükə yaradan 10-12 tonluq həcmi olan su çəni yerləşdirmiş, çənin altında isə artezian quyusu qazdırmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh prosessual hüquqi varisi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçı onlara böhtan atıb. Onlar iddiaçının həyətinə girməyiblər. Onun həyətinə yoldaşı da girməyib. Neçə illər onlardan su aparıblar. Onlar iddiaçıya həmişə yaxşılıq ediblər. Yoldaşı da, iddiaçı da vəfat edib, mülki işin yekunlaşmasını və apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60.1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 71.1. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. İşin halları ilə müəyyən edilir ki, Bakı şəhəri Xəzər rayonu, Xaşa Xuna bağ massivində yerləşən, 0,12 ha sahəsi olan 31A saylı bağ xüsusi mülkiyyət hüququ üzrə ½ pay hissəsində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır.
24. İddiaçı hazırkı iddia tələbi 2 hissədən ibarətdir: 1) məhv edilmiş 300 ədəd ağacın və tikinti materialların əvəzi olaraq 5000 manat pulun tutulması; 2) ona məxsus torpaq sahəsində tikilmiş hasarın və su çəninin cavabdehin hesabına sökülməsi;
25. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş, iddiaçı tərəfindən qətnamə mübahisələndirilmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının məhv edilmiş 300 ədəd ağacın və tikinti materialların əvəzi olaraq 5000 manat pulun tutulması ilə bağlı tələbi ona vurulmuş zərərin ödənilməsi ilə bağlıdır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Həmçinin Məcəllənin 1096.1-ci maddəsində qeyd edilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (Maddə 1096.2.)
29. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı 300 ədəd ağacın və 5000 manat məbləğində tikinti materiallarının ona məxsus olması ilə bağlı, həmçinin bu əmlakların cavabdehin təqsirli hərəkətləri nəticəsində məhv olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilməmiş, ona dəymiş zərərin nədə ifadə olunması göstərilməmişdir.
30. Məhkəmə kollegiyası həmçinin iddiaçının ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən tikilmiş hasarın və su çəninin cavabdehin hesabına sökülməsi tələbinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılması zamanı keçirilmiş ekspertizanın nəticəsi olaraq verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/775 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi X11 istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ massivində yerləşən bağ sahəsi ilə İddiaçı Adelzyanovanın mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Xaşa-xuna bağ massivində yerləşən bağ sahəsinin koordinatları müəyyən edilmişdir. Həmin ünvanda inşa edilmiş mübahisəli hasar və su çəni **********77 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı Adelzyanovanın mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşmir.
31. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
32. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İddiaçı tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qətnaməsi əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
33. Göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən mülkiyyət hüquqlarının pozulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, iddia tələbini əsaslandıra bilməmişdir.
34. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
35. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-59/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov