Məhkəmə qərarları › İş №2(103)-3113/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3113/2022

20.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3113/2022 20.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(010)-3310/2020 saylı qətnaməsindən iddiaçı tərəfdən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Birliyə vurulmuş 6952,70 manat məbləğində zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 6982,70 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında 11.03.2020ci il tarixdə 03-392 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında sonuncuya məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********03710 nömrəli abonent kodu verilmişdir. Cavabdeh istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində ilk olaraq 26.05.2016-cı il tarixli 080471 saylı akt tərtib edilmiş, tərtib edilmiş aktdan müəyyən olunmuşdur ki, cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış İTRON markalı, G-4 tipli, 1302AZ**********91 zavod nömrəli qaz sayğacında müdaxilə faktı aşkar edilmişdir. Cavabdehin təqsirli hərəkətləri (qaz xəttinə qeyriqanuni qoşulma) nəticəsində Birliyin əməkdaşları tərəfindən: 26.05.2016-cı il tarixli 080471 saylı akt əsasında 226,80 manat (sayğaca müdaxilə); 31.03.2018-ci il tarixli ******* saylı akt əsasında 1767,20 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 853,20 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 486 manat (sayğaca müdaxilə); 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 207 manat; 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 11.03.2020-ci il tarixli ******* saylı akt əsasında 108,20 manat olmaqla, cəmi 3148,90 manat maddi zərərin dəymiş olduğu müəyyən edilmişdir. Abonentin əvvəlki dövrdən istifadə etdiyi təbii qaza görə 3784,20 manat məbləğində borcu olmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 6952,70 manat təşkil etməkdədir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(010)- 3310/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə yaranmış 149.70 manat məbləğində borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, 169.70 cəmi manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı İB-nin nümayəndəsi apelyasiya şikayəti verərək qətnamənin təmin olunmamış hissəsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də aydın şəkildə görünür ki, cavabdehin mənzilində qanunsuz qoşulma var. Cavabdeh 2016-cı ildən etibarən bu günə kimi heç bir ödəniş həyata keçirməyib, istehlakçının altı ilə yaxındır ki, ödəniş etmədən təbii qazdan hansı formada istifadə etdiyi sual yaradır. Məhkəmə tərəfindən yerli baxış keçirmədən, aktlar və digər sənədlər araşdırılmadan mövcud qətnaməni qəbul etməsi mülki işə qeyri-obyektiv baxışının göstəricisidir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2624/2021 saylı 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli 2(010)-3310/2020 saylı qətnaməsi 17 akt üzrə cəmi 3148,9 manat zərərin tutulmasının təmin olunmayan hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbinin həmin hissədə qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 351 manat zərərin tutulması, qətnamənin 169,7 manat cəmi məbləğin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, cəmi məbləğin 520,7 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması və ekspertiza tədqiqatı dəyəri olan 200 manatın 170 manatının Cavabdeh, 30 manatının İddiaçıdən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-317/2022 saylı 24.01.2022-ci il tarixli qərarı ilə İddiaçı İB tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 avqust 2021ci il tarixli, 2(010)-3310/2020 nömrəli qətnaməsi iddianın rədd olunmuş hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apelyasiya qaydasında baxılır və bu zaman apelyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apelyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “İddia ərizəsindən görünür ki, iddiaçı pul tələbini bir neçə əsasla irəli sürmüşdür: cavabdehin qaz sayğacına müdaxilə etməsi (26 may 2016-cı il və 28 fevral 2019-cu il tarixli aktlar), cavabdehin sayğacdan kənar qazdan istifadə etməsi (qalan aktlar), əvvəldən istifadə etdiyi təbii qaza görə borc. Ümumi cavabdeh barəsində tərtib olunmuş aktlara əsasən 3148,90 manat, qalıq borca görə 3784,20 manat məbləğində pul vəsaiti tələb olunmuşdur. İddianı qismən təmin edən apellyasiya instansiyası məhkəməsi yalnız sayğacdan kənar təbii qazdan istifadəyə görə tərtib olunmuş 31 mart 2018-ci il tarixli akt üzrə 30 gün müddətində ziyanı hesablayaraq, həmin məbləğin cavabdehdən tutulmasını əsaslı hesab etmişdir. Lakin apellyasiya məhkəməsi iddia tələbinin digər əsaslarına hüquqi qiymət verməmişdir. Halbuki, iş materiallarında olan Abonentin saldosu adlı sənəddə 2020-ci ilin əvvəlinə cavabdehin 3784,20 manat məbləğində borcun olması qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, həmin borcun yaranmasının vaxtı və əsasları, sonrakı dövrdə ödənilib-ödənilməməsi, o cümlədən həmin borca iddiaçının istinad etdiyi aktlara əsasən hesablanmış ziyanın məbləğinin təkrar daxil edilib-edilməməsi məsələləri araşdırılmadan, iddianın həmin hissəsinə hüquqi qiymət verilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı hesab oluna bilməz. Bundan əlavə apellyasiya instansiyası məhkəməsinin iddianın qaz xəttinə qanunsuz qoşulma nəticəsində vurulmuş ziyanla bağlı nəticəsi ziddiyyətli olmuşdur. Belə ki, məhkəmə ilk olaraq iddiaçının təqdim etdiyi sübutları (aktları, fotoşəkilləri) və iş üzrə keçirilmiş ekspertizanın rəyini qiymətləndirərək, qanunsuz qoşulmanın sübut olunmadığını göstərmişdir. Digər tərəfdən məhkəmə cavabdehin iddiaçının qaz xəttinə 31 mart 2018-ci il tarixli akta əsasən qanunsuz qoşulmanı qəbul edərək, sonrakı qoşulmalara görə məsuliyyəti iddiaçının vəzifəli şəxslərinin üzərinə qoymaqla (kənar qoşulmaların qarşısının alınması istiqamətində hər hansı bir tədbirin görülməsinə dair sübutların təqdim edilməməsi) iddianı yalnız 30 gün müddəti üçün təmin etmişdir. İddiaçının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. ” Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən 2020-ci ilin altı ayı üçün 149,70 manat debitor borc və 20 manat dövlət rüsumu olmaqla, cəmi 169,70 manat, əvvəlki apellyasiya məhkəməsi tərəfindən isə əlavə olaraq 31.03.3018-ci il tarixli akt üzrə 351 manat zərərin tutulması qət edilmiş, həm 31.03.3018-ci il tarixli akt üzrə hesablanmış cərimə məbləğinin qalan hissəsi, yəni 1.415,2 manat (1.767,2-351), həm də digər aktlar üzrə hesablanmış cərimə məbləğlərinin və əvvəlki dövr üçün hesablanmış 3.784,2 manat qalıq borcun tutulması hissəsində iddia rədd olunmuşdur. Kassasiya məhkəməsi tərəfindən də apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmayan hissəsi ləğv edilmişdir. Odur ki, hazırki apellyasiya baxışının predmetini qətnamənin 31.03.3018-ci il tarixli akt üzrə hesablanmış cərimə məbləğinin qalan hissəsi (1.415,2 manat), digər aktlar üzrə hsablanmış cərimə məbləğləri və əvvəlki dövr üçün hesablanmış 3.784,2 manat qalıq borcun tutulması hissəsində yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin olunmayan hisssində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” bağlanmış 11.03.2020-ci il tarixli müqavilədən görünür ki, Suraxanı rayon X1 – “Paylayıcı”, Cavabdeh – “İstehlakçı” olmaqla müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçının keyfiyyətli qazla təmin edilməsi üçün müqavilə bağlanmışdır. İddiaçı Bakı RQSQ-nin nümayəndələri tərəfindən qaz sayğacına müdaxilə və istehlakçı tərəfindən sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edildiyinə görə tərtib edilmiş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında:

1. 26 may 2016-cı il tarixli 080471 saylı akt əsasında 226,80 manat (sayğaca müdaxilə);

2. 31 mart 2018-ci il tarixli ******* saylı akt əsasında 1767,20 manat;

3. 28 fevral 2019-cu il tarixli ******* saylı akt əsasında 853,20 manat;

4. 28 fevral 2019-cu il tarixli ******* saylı akt əsasında 486 manat (sayğaca müdaxilə);

5. 29 mart 2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat;

6. 30 aprel 2019-cu il tarixli ******* saylı akt əsasında 207 manat;

7. 30 may 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat;

8. 28 iyun 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat;

9. 31 iyul 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat;

10. 30 avqust 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat;

11. 30 sentyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat;

12. 30 oktyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat;

13. 29 noyabr 2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat;

14. 30 dekabr 2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat;

15. 30 yanvar 2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat;

16. 28 fevral 2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat;

17. 11 mart 2020-ci il tarixli ******* saylı akt əsasında 108,20 manat məbləğində olmaqla, ümumilikdə 3148,90 manat məbləğində zərər hesablanmışdır. Həmin aktların hər biri istehlakçının adının qarşısında “imtina etdi” qeydi edilmişdir. İddiaçı cavabdehin kənar xəttə qoşulması ilə əlaqədar, eləcə də sayğaca müdaxilə edilməsi ilə bağlı aktlara əsasən yuxarıda qeyd olunan 3148,90 manat borcun hesablandığını iddia edir. Həmçinin abonent saldosu üzrə 3784.20 manat təbii qazdan istifadəsi ilə əlaqədar borcun tutulması barədə tələb irəli sürülmüşdür. Əvvəlki apelyasiya baxışı zamanı keçirilmiş kompleks məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizasının 14 iyun 2021-ci il tarixli, 10/1587 və 9/2388 saylı rəylərinə əsasən ünvan 2 ünvanına baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı aşkar edilməmişdir. Paylayıcı qaz xəttinin üzərində sonluğu qaynaqla bağlanmış vəziyyətdə borucuq aşkar olunmuşdur ki, həmin borucuq vasitəsi ilə də iş materiallarına əlavə edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda göstərilən şəraitdə sayğacdan kənar təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonentin həmin borucuq vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edib-etməməsi, etdiyi halda hansı müddət ərzində etməsi məsələləri məhkəmə tərəfindən araşdırmalarla həll edilə bilər. Mülki iş materiallarına əlavə edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əsasən itirilmiş qazın həcminin müəyyən edilməsi üçün hesabat düzgün aparılmışdır. 01.03.2014-cü il tarixdən 01.05.2020-ci il il tarixə abonent saldo vərəqəsinə əsasən qalıq borcu 3784,20 manat təşkil edir. Hesabatda göstərilən rəqəmlərin düzgünlüyünə məhkəmə tərəfindən qiymət verilə bilər. Həmçinin ekspert rəyinin tədqiqat hissəsində qeyd olunmuşdur ki, aktların bəzilərinə əlavə olaraq sayğacdan kənar qeyri-qanuni istifadəyə görə aktlar tərtib edilmiş, aktlarda təbii qazın qaynaq vasitəsi ilə dayandırıldığı göstərilmişdir. Adıçəkilən hər iki növ aktlar istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların hər birində demək olar ki, hər birində yoxlama zamanı istehlakçının sayğacdan kənar təbii qazdan istifadə etməsi qeyd edilmişdir. Həmçinin aktların bəzilərinə fotoşəkillər əlavə edilmişdir. Həmin aktlar öyrənilərkən görünür ki, fotoşəkillərin hər biri bir-birinə eynilik təşkil edir, yəni eyni vaxtda çəkilmiş fotoşəkillər müxtəlif aktlara əlavə edilmişdir. Həmçinin fotoşəkillər kifayət qədər keyfiyyətli və izahedici deyil. Belə ki, aktlarda sayğacdan kənar qoşulmanın paylayıcı qaz xəttinə birləşmə və yaşayış evinə doğru çəkilmə üsulunu müəyyən etmək olmur. Göründüyü kimi iddiaçı 26 may 2016-cı il və 28 fevral 2019-cu il tarixli aktlar əsasında cavabdehin qaz sayğacına müdaxilə etməsinə görə, qalan aktlar əsasında cavabdehin sayğacdan kənar qazdan istifadə etməsinə və əvvəldən istifadə etdiyi təbii qaza görə borcu tələb edir. İddiaçı sayğaca müdaxilə etməsi səbəbi ilə 26.05.2016-cı il tarixli akt əsasında 226,80 manat və 28.02.2019-cu il tarixli akt əsasında 486 manat zərərin dəymiş olduğunu iddia edir. Bu hissədə iddia tələbinin əsassız olması qənaətinə gələrək Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçıya məxsus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan halda isə həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, küçədə quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Qeyd olunanlara əsasən bu hissədə iddia tələbi rədd edilməlidir. İddiaçı abonentin əvvəlki dövrdən istifadə etdiyi təbii qaza görə 3784,20 manat məbləğində borcu yarandığını iddia edərək, həmin borcu da tələb etmişdir. Kollegiya bu hissədə də iddia tələbinin rədd edilməli olması qənaətinə gələrək, qeyd edir ki, iş materiallarından əvvəlki dövrdən qalıq borc olduğu müəyyən edilmir, iddiaçı bununla bağlı heç bir sübut təqdim etməmişdir. Həmin borc sadəcə cavabdehin adına olan saldoda 2020-ci ilin may ayının «ödəniş» qrafasına salınmışdır, əvvəlki illər üzrə göstəricilərdə isə belə bir borcun olması öz əksini tapmamışdır. Digər tərəfdən isə «Gasper» göstəricilərnə diqqət yetirdikdə, qalıq borc kimi tələb olunan 3784,20 manat məbləğində pulun 16, 17 və 18-ci sıra nömrələrində əksini tapmış məbləğlərin, yəni müvafiq olaraq 2016-ci ildə tərtib olunmuş akt üzrə tələb olunan 226,8 manat, 2018-ci ildə tərtib olunmuş akt üzrə tələb olunan 1.767.2 manat və 2019-cu ildə tərtib olunmuş aktlar üzrə tələb olunan 1.790,2 manatın cəmini təşkil etdiyi müəyyən olunur (226,8+1.767.2+1.790,2=3784,20). Belə olan halda həmin məbləğin əlavə olaraq qalıq borc kimi tələb edilməsi tamamilə əsasızdır və iddia tələbi bu hissədə də rədd olunmalıdır. Sayğacdan kənar istifadə ilə bağlı isə Kollegiya qeyd edir. 2016-cı ildə bu səbəbdən cavabdehə 1767,2 manat cərimə tətbiq olunsa da, əvvəlki apellyasiya məhkəməsi 31 mart 2018-ci il tarixli akt üzrə 30 gün müddətində ziyanı hesablayaraq, cavabdehdən 351 manat ziyan tutulmasını əsaslı hesab etmiş, lakin kassasiya məhkəməsi bu hesabat qaydası ilə razılaşmamışdır. Odur ki, həmin akt üzrə cavabdehdən 1.415,2 manat (1.767,2-351) əvvəlki apellyasiya baxışında nəzərə alınmamış cərimə məbləği də tutulmalıdır. Bundan başqa, 2018 və 2019-cu illər üçün tərtib olunmuş aktlar əsasında cavabdehin sayğacdan kənar qazdan istifadə etməsinə görə dəymiş maddi zərərə aid hissədə iddia tələbi qismən əsaslıdır. Cavabdehin sayğacdan kənar təbii qazdan istifadə etməsi aşkardır. İş materiallarında olan abonent saldosunun “qalıq və aktlar” bölməsindən müəyyən edilir ki, 2019-cu ilin fevral ayı üçün 853,2 manat (1339,2 olmaqla, 486 manat sayğaca müdaxiləyə, 853,2 manat isə sayğacdan kənar qazdan istifadəyə görə hesablanmış, lakin, yuxarıda da qeyd olunduğu kimi, sayğaca müdaxiləyə aid hissəsində iddia tələbi rədd edilmişdir); mart ayı üçün 142,20 manat, aprel ayı üçün 207 manat, may ayı üçün 32,40 manat, iyun ayı üçün 32,40 manat, iyul ayı üçün 32,40 manat, avqust ayı üçün 32,40 manat, sentyabr ayı üçün 32,40 manat, oktyabr ayı üçün 32,40 manat, noyabr ayı üçün 142,20 manat və dekabr ayı üçün 295,20 manat olmaqla, 2019-cu il üçün cəmi 1834,20 manat; 2020-ci ilin yanvar ayı üçün 295,20 manat, fevral ayı üçün 295,20 manat, mart ayı üçün 108,20 manat olmaqla, cəmi 698,60 manat borc yaranmışdır. Beləliklə, cavabdehdən tutulmalı olan məbləğ 2532,8 manat (1834,20+698,60) müəyyən edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə t e t d i:

Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3310/2020 saylı iş üzrə 04 noyabr 2020-ci il tarixli qətnaməsi qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin. Cavabdeh təbii qazdan qanunsuz olaraq sayğacdan kənar istifadəyə görə 31.03.3018-ci il tarixli akt üzrə hesablanmış 1.767,2 manat cərimə məbləğinin qalan hissəsi, yəni 1.415,2 manat (351 manat əvvəlki apellyasiya məhkəməsi tərəfindən tutulmuşdur), 2019-cu il üçün 1834,20 manat və 2020-ci ilin yanvar, fevral və mart ayları üçün 698,60 manat olmaqla, cəmi 3.948,0 manat dəymiş zərər İddiaçı İB-nin xeyrinə tutulsun. İddia mübahisələndirilən qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar