Məhkəmə qərarları › İş №2(103)-3116/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3116/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3116/2025 30.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-1087/2025 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı (kredit verən) ilə cavabdehin (kredit alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli GTKR6832213B299 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 4.268,99 manat, faiz borcu kimi 283,42 manat, cəmi 4.552,41 manat, dövlət rüsumunun əvəzi kimi 65,52 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, əsas borc kimi 4.268,99 manat, faiz borcu kimi 283,42 manat, cəmi 4.552,41 manat, dövlət rüsumunun əvəzi kimi 65,52 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı şağıdakıları qeyd edir. İddiaçı (kredit verən) ilə cavabdehin (kredit alan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli GTKR6832213B299 nömrəli kredit müqaviləsinə görə, iddiaçı cavabdehə 35 ay müddətinə, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 20,2 faiz olmaqla 4.670 manat kredit verməyi, cavabdeh isə krediti müəyyən olunmuş qrafik üzrə qaytarmağı və kreditdən istifadəyə görə faizləri ödəməyi öhdəsinə götürüb. İddiaçı öhdəliyini icra edib, yəni krediti cavabdehə verib, lakin cavabdeh öhdəliyini lazımi qaydada icra etməyib, yəni krediti müəyyən olunmuş qrafik üzrə qaytarmayıb və kreditdən istifadəyə görə faizləri ödəməyib. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə görə, cavabdehin xx.xx.2025-ci il tarixə əsas borc kimi 4.268,99 manat, faiz borcu kimi 283,42 manat, cəmi 4.552,41 manat icra ödənilməmiş pul öhdəliyi var. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırıb ki, həmin məbləği birdəfəyə öədəməyə imkanı yoxdur, hissə-hissə ödənişlər edə bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi hal borcun tutulması barədə qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsindən görünür ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlıdır. Əgər cavabdeh əmlak vəziyyətinə və digər hallara görə qətnaməni birdəfəyə icra edə bilmirsə, belə halda o, müvafiq sübutlar təqdim etməklə qətnamənin hissə-hissə icrası barədə qərardad qəbul edilməsi üçün ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-1087/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar