Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-312/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh, X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddiasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e- 2(003)-160/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona ödənilməmiş qalan 5700 (beş min yeddi yüz) manat məbləğində borcunun və məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə dostluq münasibətində olmuşdur. Vacib ehtiyacı olduğu üçün 2020-ci ilin mart ayında ondan 5000 (beş min) manat məbləğində borc verməsini xahiş etdi və bildirdi ki, iyun ayına kimi şəxsi avtomobilini sataraq qaytaracaq. Cavabdeh daha əvvəllər də ondan borc almış və həmin borcları əvvəlki avtomobilini satan zaman (2020-ci ilin mart ayının əvvəllərində) qaytarmış, sadəcə 700 (yeddi yüz) manat məbləğində borcu qalmışdır. O da bu etibara və dostluğa dayanaraq ona 5000 manat borcu vermiş və bildirmişdir ki, bu pul onun müştərilərinin puludur, qısa vaxtda qaytarmasa böyük sıxıntıya məruz qalar. Cavabdeh borcu vaxtında ödəyəcəyinə söz versə də, sözünə əməl etmir və onu ciddi sıxıntılara məruz qoyur. Bununla bağlı aralarında dəfələrələ telefon danışıqları və yazışmaları mövcuddur. Tərəfindən bu barədə cavabdehə edilmiş yazılı müraciət də cavabsız qalmışdır. Artıq cavabdehlə mövcud münasibətlərinin qarşılıqlı razılıqla həll üsülu mümkünsüz olduğu üçün, hazırkı vəziyyətin ədalətli və alternativsiz həlli yolunun yalnız məhkəmə olduğu qənaətinə gəlməkdədir və hesab edir ki, həm yuxarıda qeyd etdiyi faktiki hallara, həm də iddia ərizəsində göstərdiyi hüquqi əsaslara görə iddiası tam təmin olunmalıdır. Birinci instansiya məhkəməsi baxışı zamanı Seyid X2 Nərmin İlham qızına qarşı maddi ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 28550 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk idda üzrə iddiaçı, qarşılıqlı iddia ilə cavabdeh İddiaçı iddiası aralarında olan mülki hüquq münasibətlərini təhrif etməklə, əslində cavabdehin ona vurduğu maddi ziyana görə məsuliyyətdən yayınmaq motivi ilə yazılmışdır. Belə ki, nəinki o Nərmindən borc almışdır, əkisinə o, özünü ona təcrübəli prorab (iş icraçısı) kimi təqdim edərək, ona məxsus C.Həsənov 49 ünvanlı mənzildə tam təmir işləri aparmağı öhdəsinə götürmüş, bu barədə fevral ayında razılığa gəlmişlər. Təmirin qiyməti aralarında 8100 manata razılaşdırılmış, tərəfindən ona 19537 manat ödənilmişdir. Bir neçə ay evində işlər görülsə də, tam keyfiyyətsizliyinə görə irad bilmiş, lakin onun və işçiləri tərəfindən düzəlişlər də yararsız olmuş, nəticədə o, işi dayandırmağa məcbur olmuşdur. Hazırda cavabdehin hərəkətləri nəticəsində ona 28550 manat ziyan dəymişdir. Cavabdehin ona qarşı iddiasından xeyli əvvəl o, cavabdehin onun barəsində polisə şikayət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-160/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 10680 manat məbləğində pulun tutularaq Cavabdeh ödənilməsi və qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, ilkin iddia tələbinin təmin qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilkin iddia tələbinin dəlilləri ilə əsaslandırılmaqla yanaşı göstərilmişdir ki, birinci instansiya məhkəməsi sübutlara qiymət verməməklə, gəldiyi qənaətləri əsaslandırmamaqla cavabdehin məhkəmə müdafiəsi hüququnu pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6763/2021 saylı, 06 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy alınanadək işin icraatı dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-312/2022 saylı, 09 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığından iş üzrə icraat təzələnmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, cavabdeh tərəflə olan yazışmalarda cavabdehin 5000 manat borc alması öz təsdiqini tapmışdır. Bundan başqa cavabdeh iddiaçıdan mənzili təhvil götürərək avtomobilini satıb onun təmir xərcini verməklə göstərilmiş xidmətlə razılaşdığını ifadə etmişdir. Həmçinin İddiaçı tərəfindən Cavabdeh verdiyi 700 manat pul vəsaiti təmirə görə ödənilməli olan pul olmuşdur, 5000 manat isə Cavabdeh verilmiş borc olmuşdur. Məhkəmə iclasında iştirak edən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, ilkin iddia tələbinin təmin qarşılıqlı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, qətnamə qarşılıqlı iddianın təmin olunmayan hissəsində mübahisələndirilməmişdir. Buna görə də hazırki apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın rədd edilən və qarşılıqlı iddianın təmin edilən hissəsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi hazırki apellyasiya baxışında yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ilk iddiaçı tələbini ilk iddia üzrə cavabdehə bir dəfəsində 700 manat, digərində 5000 manat pulu borc verməsi ilə əsaslandırsa da, borcun verməsi halının təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya baxışı zamanı izahatında bildirmişdir ki, tələb edilən 700 manatın təmirdən qalan borc olmuşdur. Halbuki işin birinci instansiya məhkəməsi baxışı ərəfəsində ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tələb edilən 700 manatın da borc kimi verildiyini bildirmişdir. Göründüyü kimi ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh tərəfin bildirdikləri arasında ziddiyyət olmuşdur. Bundan başqa 700 manatın təmirə görə ödənilməli məbləğ olması qeyd edilsə belə təmirin qüsurlu olması işin mübahisəsiz halları ilə öz təsdiqini tapmışdır. Bununla belə ilk iddiaçı həmçinin 5000 manat pulu borc verməsi barədə iddiasının əsası kimi istinad etdiyi halın təsdiqi üçün müvafiq sübut etmə vasitəsi olan yazılı müqaviləni də təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Əksinə ilk iddiaçının dəlilləri ilə müəyyən edilmişdir ki, ilk iddia üzrə cavabdeh ilk iddiaçının özünə bir dəfə 3680 manat və bir dəfə 12000 manat olmaqla, təmir xərci üzrə cəmi 15680 manat pul vermiş, 12000 manatı verdikdən 10-15 gün sonra verdiyi pulun 5000 manatını geri almışdır. Qeyd edilən hal sifarişçinin podratçıya verdiyi vəsaitin geri alması xarakteri daşımaqla, icraçının podratçıya borc verməsi olaraq dəyərləndirilə bilməz. Beləliklə iş üzrə olan sübutlarla müəyyən edildi ki, tərəflər arasındakı podrat müqaviləsinə əsasən qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddiaçının evində təmir işlərini həyata keçirməyi öhdəsinə götürsə də, işlərin keyfiyyətsiz aparılması ilə bağlı evdə eyni işlərin təkrar icra edilməsi zərurəti mövcuddur. Apellyasiya baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/5008 saylı, 17 may 2022-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, Tədqiq olunan yaşayış evi üzrə yerinə yetirilmiş təmir işlərinə dair smeta sənədləri. 2 saylı ira aktları və s.. tərtib edilmədiyindən, eləcə də həmin üşlərin üzərindən yenidən təmir işləri aparıldığından, həmin ev üzrə 2020-ci ilin mart ayından sonra hansı təmir işlərinin aparılmasını və həmin işlərin həcmini müəyyən etmək mümkün olmamışdır. Lakin rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi sahə 535 R ünvanda yerləşən fərdi yaşayış evi üzrə faktiki vəziyyətinə görə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri təqribən 17280,0 manat məbləğində müəyyən edilir. Təqdim olunmuş videogörüntülüər əsasında tədqiq olunan yaşayış evində ilkin vaxtda hansı tikintiquraşdırma işlərinin aparıldığının, onların həcminin, həmçinin ilkintəmir işləri ilə hazırki təmir işləri arasında dəyişiklik olub-olmamasının müəyyəm edilməsi üzrə tədqiqat aparılmır. Lakin baxış zamanı tərəflərin şifahi ifadələrinə əsasən, sanitar qovşağında metlaq plitələrin və su krantlarının dəyişdirildiyi, yaşayış evinin daxilindən həyətə lahiyədən kənar qapı açıldığı, yaşayış otaqlarında divarlara alçipan vurulduğu, divar kağızlarının emulsiya ilə əvəz edildiyi və istilik sisteminin döşəmənin altı ilə çəkildiyi göstərilmişdir. Göründüyü kimi təqdim edilmiş ekspert rəyi ilə də tədqiq olunan yaşayış evində 2020-ci ilin mart ayından sonra hansı təmir işlərinin aparılmasını və həmin işlərin həcmini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ilk iddiaçı “Whatsapp” yazışmalarına istinad etsə də, həmin yazışmalarda Nərminin Alinaya bildirdiyi “5000 manat şəxsi borcundu” ifadəsinə Alinanın heç bir reaksiya verməməsi onun Nərminə borclu olması anlamına gəlmir, çünki bununla bağlı tərəflər arasında yazılı müqavilə yoxdur, Alinanın təmirə görə ödədiyi puldan 5000 manatının geri alınması Nərmindən borc alması kimi deyil, təmir xərcinə ödənilməli olan qalıq borcu kimi qəbul edilməlidir. Yəni təmir prosesində hər hansı problem çıxmasaydı, evin təmiri keyfiyyətli həyata keçirilsəydi əvvəlcədən danışılan 15680 manat pulun üzərindən qaytarılan 5000 manatı da Nərminə ödənilməli idi. “5000 manat şəxsi borcundu” ifadəsi aldadıcı təsəvvür yaratsa da, əslində Nərminin istinad etdiyi 5000 manat təmirə görə ödənilməli qalıq borcdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 760.1-ci maddəsinə görə Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə görə Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bundan başqa qarşılıqlı iddia üzrə cavabdeh özü də izahatında qüsurların mövcudluğunu qismən etiraf edərək, bəzi hissələrdə divarlarda qüsurların mövcud olduğunu qeyd etmiş, lakin bu qüsurların qarşılıqlı iddiaçının istəyi üzrə mayakın atılmaması ilə əsaslandırmış, eyni zamanda aralarında döşəmənin təmirinin mövcud köhnə döşəmənin üzərindən laminat vurulması yolu aparılması barədə razılığın olması ilə əsaslandırmış, lakin etirazının əsası kimi istinad etdiyi həmin halın təsdiqi üçün hər hansı sübutu təqdim etməmişdir. Təmirin qüsurlu olmasını iş materiallarına əlavə edilmiş video diskdən də müşahidə etmək olur. Belə ki, video çəklişdən görünür ki, İddiaçı ustaları tərəfindən görülən təmir işləri qüsurlu olmuş və bundan sonra Cavabdeh ustaları tərəfindən evin təmiri yenidən aparılmış, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən görülmüş işdən bəhrələnməsi müşahidə olunmamışdır. Belə ki, sonuncu təmir zamanı evin kombi və kombi sistemi yenidən quraşdırılmış, divar kağızları sökülərək yenidən boyalanmış, tavan hissəsi yenidən düzəldilərək boyanmış, döşəmə taxtalar sökülərək yenisi ilə əvəz olunmuş, hamam otağında döşəmə yenilənmişdir. Qarşılıqlı iddiaçı isə təmirin mayaksız və köhnə döşəmənin sökülmədən aparılması barədə razılıqlarının olması halını təsdiq etməmişdir. Qeyd edilməlidir ki, evinin təmiri üçün yüksək məbləğdə pul vəsaiti xərcləyən qarşılıqlı iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin bildirdikləri barədə istək və razılıq bildirməsi ağlabatan deyil. Göründüyü kimi qarşılıqlı iddia üzrə cavabdehin işin qarşılıqlı iddiaçının istəyi ilə qüsurlu icra edilməsinə dair bildirdikləri işin hallarına uyğun olmamışdır. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə evində təmir işləri aparması üçün ümumilikdə 19537 manat pul ödədiyini iddia etsə də, həmin halın təsdiqi üçün hər hansı sübut təqdim etməmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh qarşılıqlı iddiaçının ona yalnız bir dəfə 3680 manat və bir dəfə isə 12000 manat olmaqla cəmi 15680 manat pul verdiyini, 12000 manatı verdikdən 10-15 gün sonra 5000 manat pulu ondan aldığını bildirmişdir. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq qarşılıqlı iddiaçının müvafiq sübut təqdim edə bilmədiyini nəzərə almaqla evində təmir işlərinin aparılması üçün ona cəmi 15680 manat pul verildiyinə, həmin vəsaitin də 5000 manatının sonradan geri alındığına dair qarşılıqlı iddia üzrə cavabdehin bildirdiklərini işin hallarına uyğun saymışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, qarşılıqlı iddiaçı evində təmir işlərinin aparılması üçün qarşılıqlı iddia üzrə cavabdehə 15680 manat pul vermiş, sonradan həmin vəsaitin 5000 manatını geri almışdır. İşlərin icrası üçün 10680 manat pulu əldə etmiş qarşılıqlı iddia üzrə cavabdehin qarşılıqlı iddiaçının sifarişini keyfiyyətsiz icra etməsi ilə bağlı evdə eyni işlərin təkrar icra edilməsi zərurəti yaranmış, lakin qüsurlar aradan qaldırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddiaçının ilk iddia üzrə cavabdehə 5700 manat borc pul verməsi halı təsdiq edilmədiyindən ilk iddia tələbinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin işi keyfiyyətsiz icra etmiş qarşılıqlı iddia üzrə cavabdeh qüsuru aradan qaldırılmadığından qarşılıqlı iddiaçının müqavilədən imtina etmək hüququ, qarşılıqlı iddia üzrə cavabdehin isə müqavilə ilə bağlı xərclərin əvəzini iddiaçıya ödəmək öhdəliyi yaranmışdır. Odur ki, xərc üzrə aldığı 10680 manat qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya verilməsi barədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin baxılan hissədə ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi baxılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə ilk iddia üzrə İddiaçı özünə aid edilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri 100 manat ilk iddia üzrə İddiaçı tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-160/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ilk iddia üzrə İddiaçı özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat ilk iddia üzrə İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xəyal Sarıyev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-312/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-312/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver